Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2123/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndələri X5 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik maddi yardımın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(112)-2106/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə, yəni aprel, may, iyun, iyul və avqust ayları üçün hər ay 190 (yüz doxsan) manat, cəmi 950 manat məbləğində birdəfəlik ödəmənin ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat birdəfəlik ödənilməsi qərar alınmışdır. Bundan sonra, işsiz olmağı ilə əlaqədar 06 aprel 2020-ci il tarixdə E-sosial səhifəsindən qeydiyyatdan keçmişdir. 25 aprel 2020-ci il tarixdə telefonuna E-sosialdan mesaj gəlmişdir. Mesajda “İddiaçı “Məşğulluq haqqında” Qanunun 4.1.3-cü maddəsinə əsasən işsiz kimi qeydiyyata alınmaqdan imtina edilmişdir”. Daha sonra 26 aprel 2020-ci il tarixdə E-sosial saytına girdikdə ona işsizlik statusu verildiyini görmüşdür. Azərbaycan Respublikası “Məşğulluq haqqında” Qanununun 4.1.3-cü bəndinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxs sayılırlar. İmtina mesajının yanlış gəldiyi barədə qeydiyyatda olduğu Sabunçu rayon məşğulluq idarəsinə bildirmişdir. Orada isə məlumatlarına baxıldıqdan sonra texniki səhv olduğunu yenidən mesaj gələcəyi, əks təqdirdə şikayət ərizəsi yazmağı bildirmişdir. May aynın 4-ü vətəndaş qəbulunda olmuş və Sabunçu rayon məşğulluq idarəsindəki şəxs ona şikayət ərizəsi yazdırmışdır. Ancaq bir müddət sonra şəxsi e-sosial kabinetində şikayətin sorğu olduğunu və cavablandırıldığı barədə məlumatı görmüşdür. 142 qaynar xəttlə əlaqə saxladıqdan sonra şikayət baxılması üçün müvafiq orqanlara göndərildi və minimum 15, maksimum 33 iş günü ərzində rəsmi cavab veriləcəyi bildirilmişdir. Həmin müddət ərzində zəng gələrək müəyyən sənədlər istənilmiş və bütün sənədlər təmin olunmuşdur. Verilən vaxtdan artıq keçməsinə baxmayaraq heç bir rəsmi cavab verilməmişdir. Bundan sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tabeliyində X1 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialına gedərək ona verilmiş arayışı təqdim edərək “nə səbəbə heç bir araşdırma aparmadan qanunsuz olaraq 190 manat məbləğində birdəfəlik ödənilmədən imtina edirsiniz” bildirdi və onları məhkəməyə verəcəyini qeyd edərək imtina məktubu verilməsini xahiş etmişdir. Cavabında isə ona hüquqlarını araşdırılarkən məlumatları müxtəlif informasiya bazalarından əldə edilməsi bildirilmişdir. Bundan başqa, şikayət ərizəsinə əlaqədar mərkəzdə guya ona qanun ətraflı izah olunmuş və “X10” (ə/h 250 manat), "xxxx" MMC-də elektrik (650-700 manat) və "xxxx" MMC-də elektrik mantyoru (250-350 manat) boş (vakant) iş yerləri təklif olunmuşdur. Guya o, boş (vakant) iş yerlərindən imtina etmişdir və ərizə yazmaq istəməmişdir. Bir ildən artıqdır ki, işsizdir, səhhəti ilə bağlı iş fəaliyyətini qismən itirmişdir, heç bir gəlir yeri yoxdur. Ailəsində də heç kim işləmir, yalnız valideyinlərindən atası 285 manat əlillik təqaüdü alır. Bakıda anadan olmuşdur, Bakıda yaşayır, heç bir kənd təsərrüfatına yararlı pay torpaq sahəsi yoxdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan aşağıdakı səbəblərə görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin sözügedən Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili işlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı kənd təsərrüfatına yararlı pay torpaq mülkiyyətçisi olduğundan birdəfəlik (190 manat) ödəmənin verilməsindən imtina olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli, 135s nömrəli Sərəncamı ilə “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makro iqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli, 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planının ll-ci hissəsinin (işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi istiqaməti) 4-cü hissəsində Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alman şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Tədbirlər Planının ll-ci hissəsinin 4-cü hissəsinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası”na uyğun olaraq birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Həmin Qaydaya əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan aşağıdakı şəxslərə ödənilir: 2020-ci il 1 aprel tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MASda) işsiz kimi qeydiyyata alınmış şəxslərə; pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Eyni zamanda, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. İddiaçı “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Belə ki, şəxsin sonuncu əmək müqaviləsinin xitamından uzun müddət keçməsinə baxmayaraq, MAS-da yalnız pandemiya dövründə (06.04.2020-ci il tarixində) qeydiyyata alınmışdır. Onun müraciət etməkdə məqsədi yalnız ödəmə ilə bağlı olmuşdur. Hərçənd ki, İddiaçı MAS-da bir il müddətində qeydiyyatdadır, o yalnız passiv məşğulluq tədbiri üçün müraciət etmiş, X4 tərəfindən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsiz və işaxtaran şəxslər üçün təklif edilən bir sıra aktiv məşğulluq tədbirlərinə (özünüməşğulluq, peşə hazırlığı, sosial iş yerləri və d.) müraciət etməmişdir. Eyni zamanda iddiaçı iddiasında səhhəti ilə bağlı iş fəaliyyətinin qismən itirdiyini, ailəsində heç kimin işləmədiyini, valideyinlərindən birinin əlil olduğunu, bu səbəbdən həmçinin ailəsinin gəlirinin az olduğunu qeyd etmişdir. “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər. Beləliklə birdəfəlik ödəmənin verilməsinin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunmasının təsiri ilə bağlı işindən məhrum olmuş şəxslərə həmin müddət ərzində maddi dəstək göstərilməsindən ibarət olmuşdur. Birdəfəlik ödəmə ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər, yəni xüsusi karantin rejiminin tətbiq olunmasının təsiri ilə bağlı işindən məhrum olmuş şəxslərə, həmçinin 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış və məşğulluq tədbirlərinə cəlb olunmuş, lakin xüsusi karantin rejiminin tətbiq olunduğuna görə tədbirlərin dayandırılması ilə bağlı zərərçəkən şəxslərə verilir. Lakin iddiaçı pandemiya dövründən də uzun müddət öncədən faktiki olaraq işsiz olması, hər hansı bir aktiv məşğulluq tədbiri üçün həmin müddət ərzində müraciət etməməsi, səhhəti ilə bağlı iş fəaliyyətinin qismən itirdiyi, habelə kənd təsərrüfatına yararlı pay torpaq mülkiyyətçisi olması onun birdəfəlik ödəmə alınması hüququ olan subyekt dairəsinə daxil olmadığını əks etdirir. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Göründüyü kimi, iddiaçı Qanunla müəyyən edilmiş işsiz şəxs meyarına uyğun gəlmir. Bundan əlavə hüquqi mübahisəni barışıq yolu ilə nizama salınması üçün iddiaçı 08.04.2021-ci il tarixində X1 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialına dəvət edilmiş, onunla ətraflı söhbət aparılmış və "xxxx" MMC-də əmək haqqısı 350-400 manat olan operator vəzifəsinə iş təklif olundu. İddiaçı bu təklifi qəbul edəcəyini bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(112)-2106/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2- 1(112)-2106/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırki işdən müəyyən olunur ki, İddiaçı Cavabdehnə qarşı tələbi “xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə, yəni aprel, may, iyun, iyul və avqust ayları üçün hər ay 190 (yüz doxsan) manat, cəmi 950 manat məbləğində birdəfəlik ödəmənin verilməsi” ilə bağlı olmuşdur. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs-işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. “Məşğul haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.3-ci maddəsinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslərə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Cavabdeh tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə (2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara (2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Sonradan “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara (2.3.14); Cavabdeh tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı sahibkar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan, ailə kəndli təsərrüfatının üzvü olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Belə olan halda, İddiaçı işsiz statusuna malik olan şəxs kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə birdəfəlik ödəmə verilməli idi. Cavabdeh inzibati orqanın bundan imtinası qanunun tələblərinə zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. İş materiallarından görünür ki, iddiaçıya verilmiş imtinanın əsasını təşkil edən məlumatlar real vaxt rejimində «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası»nın 3.8-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur İddiaçıya göndərilmiş SMS ismarıcında imtinanın əsası kimi “torpaq mülkiyyətçisi olduğuna görə” səbəbi qeyd olunmuşdur. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.3-cü maddəsinə əsasən iddiaçının mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olması birdəfəlik bu kateqoriya şəxslərə birdəfəlik ödəmənin həyata keçirilməsini istisna edir. Göründüyü kimi, iddiaçıya imtinanın verilməsinə əsas olmuş məlumatlar (iddiaçının torpaq mülkiyyətçisi olması) real vaxt rejimində “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası”nın 3.8-ci bəndinə müvafiq olaraq dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. Bununla əlaqədar, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq mülkiyyətçisi olmaması barədə məlumatın müvafiq dövlət orqanı tərəfindən sistemdə vaxtında aparılmaması hazırkı halda cavabdeh inzibati orqanın təqsirliliyi kimi qəbul edilə və cavabdehin üzərinə iddiaçının tələbinin təmin olunması barədə müvafiq öhdəliyin qoyulması üçün əsas ola bilməz. Qeyd olunan səbəblərdən iddiaçının birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə iddiaçının həyat yoldaşının adına əmək müqaviləsi olduğuna görə cavadehin birdəfəlik ödəmənin verilməsindən imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(112)-2106/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(112)-2106/2021 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2123/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2123/2021
26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver