Məhkəmə qərarları › İş №2-1(103)-2123/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2123/2022

11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2123/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6560/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onların tələbləri ilə əlaqədar hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və onların faktiki yaşayış yeri üzrə, yəni ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyata alınması üçün müvafiq işlərin görülməsinin cavabdehə həvalə edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar uzun illərdir ki, faktiki olaraq onlara məxsus, ünvan 4 ünvanında yerləşən, tam kommunal şəraitli olan, həmin kommunal xidmətlərdən istifadəyə görə müqavilələri onlar ilə bağlanmış fərdi evdə bir ailə olaraq yaşayırlar. Qeydiyyatda olduqları ünvan isə Bakı şəhəri, Binəqədi Polis İdarəsinin (bundan sonra cavabdeh) inzibati binasıdır. Onlar cavabdeh inzibati orqana müraciət edərək faktiki yaşayış yerləri üzrə qeydiyyata alınmaqları üçün müvafiq işlərin görülməsini xahiş etmişlər. Lakin onların tələbləri təmin olunmayıb və imtinaya səbəb kimi qeydiyyata alınmaq istədikləri fərdi evin hüquqmüəyyənedən sənədinin olmadığı göstərilmişdir. Halbuki pasport qeydiyyatı əmlaka hər hansı pay hüququ vermir və bu yalnız dövlət, cəmiyyət və sair qarşısında onların vəzifələrinin icra olunması, hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaradılmasıdır. Bundan başqa tikilidə kommunal xətlər çəkilirsə və bunun üçün müvafiq müqavilələr bağlanırsa, tikilidə yaşayış mümkündürsə həmin tikiliyə heç bir pay hüququ verməyən pasport qeydiyyatına alınmadan imtina edilməsi əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6560/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarı (hakim Ş.Həsənova) ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni əsaslandırılmışdır. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, pasport qeydiyyatı əmlaka hər hansı pay hüququ vermir və bu yalnız dövlət, cəmiyyət və sair qarşısında onların vəzifələrinin icra olunması, hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaradılmasıdır. Bundan başqa tikilidə kommunal xətlər çəkilirsə və bunun üçün müvafiq müqavilələr bağlanırsa, tikilidə yaşayış mümkündürsə həmin tikiliyə heç bir pay hüququ verməyən pasport qeydiyyatına alınmadan imtina edilməsi əsassızdır. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Binəqədi rayon Polis İdarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə daxil olmuş məktubda məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsi və qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə İddiaçı2 və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddiaçıları dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Həmin ünvan üzrə ev özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçılar sözügedən evə qeydiyyata alınmaları ilə bağlı cavabdehə müraciət etmiş, yaşadıqları həmin yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etmədiklərindən cavabdeh inzibati orqan onları yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Hazırda iddiaçılar cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati orqanın imtinasının əsaslı hesab edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaa üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb oluna bilməz. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. Qeyd edilən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Məhkəmə kollegiyasının iclasında iddiaçıların verdiyi izahatlardan da aydın olur ki, qeydiyyata alınmaqlarını tələb etdikləri ev özbaşına tikilidir, həmin evə və onun altında yerləşən torpaq sahəsinə dair hər hansı bir sənədləri yoxdur. Həmçinin, sözegedən evə ünvan verilməmişdir. Nə inzibati icraat zamanı nə də ki, məhkəmə araşdırmaları zamanı iddiaçıların daimi yaşamaq məqsədilə qanuni əsaslarla qeydiyyata alınmaq istədikləri yaşayış evinə köçüb yaşamalarına hüquq verən sənədlərin mövcudluğu müəyyən edilməmişdir. İddiaçıların yaşayış sahəsinə faktiki sahiblik etmələri, kommunal xidmətlərdən istifadə ilə bağlı müvafiq sənədlərə malik olmaları ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilənlər iddiaçıların yaşayış sahəsinə mülkiyyət sənədlərinə malik olmaları mənasını kəsb etmir. Həmin sənədlər «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində sadalanan sənədlərin tələb edilməməsinə əsas vermir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6560/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar