Məhkəmə qərarları › İş №2-1(103)-2124/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2124/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2124/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə X5 qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5816/2021 saylı iş üzrə qəbul etdiyi 07 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5816/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı 52 yaşının tamam olduğu 04 dekabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinin tələblərinə əsasən, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 54600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29826,29 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf şikayəti müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 1984-1989-cu illərdə Sumqayıt şəhər Kimya-Texnologiya texnikumunda təhsil alıb. Diplom 24.04.1989-cu il tarixdə verilib. Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecin tərəfindən verilmiş 18.02.2021-ci il tarixli arxiv arayışına əsasən, İddiaçı 16.08.1984-cü il tairxdən 113-ст nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumunun gündüz şöbəsinə tam orta (10 illik) bazasından “Elektrokimyəvi istehsalın texnologiyası” ixtisasına (qrup – 116) daxil olmuşdur. Həqiqi hərbi xidmətə çağırıldığı üçün 30.03.1985-ci il tarixli əmrlə akademik məzuniyyət verilmiş, hərbi xidmətdən tərxis olunduqdan sonra 30.05.1987-ci il tarixdə 116-ct nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumunun gündüz şöbəsinin “Elektrokimyəvi istehsalın texnologiyası” ixtisasına (qrup -149) bərpa edilmişdir, 24.04.1989-cu ildə diplom almışdır. İddiaçı 15.04.1985-12.05.1987-ci il tarixlərdə həqiqi hərbi xidmətdə olmuşdur "xxxx" İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu kadrlar şöbəsi tərəfindən verilmiş 25.06.2018-ci il tarixli arayışa əsasən İddiaçı 05.07.1989-cu ildən 31.12.2005-ci ilə kimi tam iş günü "xxxx" İstehsalat Birliyinin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun civə üsulu ilə xlor və kaustik soda istehsalatının elektroliz sexində xlor turbokompressorun maşinisti, aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan xlor, kaustik soda istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçı 05.07.1989- 20.02.2012-ci illərdə “SAM” zavodunda işlədiyi müddətdə 01.02.1999- 07.02.1999 və 20.02.1999-01.03.1999-cu il tarixlərində ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçı aid əmək kitabçasından görünür ki, xx.xx.1966- cı il təvəllüdlü İddiaçı 01.09.1984-24.04.1989-cu illərdə Sumqayıt şəhər Kimya-Texnologiya texnikumunda təhsil alıb; M.Əzizbəyov adına “Kimyasənaye” İstehsalat Birliyində 05.07.1989-cu il il tarixdə civə üsulu maye xlor istehsalatının 116-cı şöbəsinə 4-cü dərəcəli XTK maşinisti təyin edilmiş; 11.05.1992-ci il tarixdə Sumqayıt “Kimyasənaye” istehsalat birliyi Sumqayıt Səthi Aktiv maddələr istehsalat birliyi elmi istehsalat kommersiya firması adlanır; Azərbaycan Respublikası Prezidentinin 02.04.2010-cu il tarixli 829 nömrəli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22.04.2010-cu tarixli 258 nömrəli Fərmanı ilə "xxxx" Dövlət Şirkəti "xxxx" İstehsalat Birliyi kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil edilmişdir; 20.02.2012-ci ildə başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsinə xitam verilmişdir; 21.02.2012-ci ildə "xxxx" X4- Polietilen zavodu Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanması sexinə 4-cü dərəcəli xammalın hazırlanması və yarımfabrikat hazır məhsulun buraxılması aparatçısı vəzifəsinə qəbul edilmişdir; 04.03.2014-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir; 31.03.2014-cü il tarixdə 02 saylı Təmir-tikinti və və korroziyadan mühafizə sahəsinə işə qəbul edilmiş, 08.04.2014-cü il tarixdə xitam verilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş güzəştli şərtlərlə pensiya təyinatından imtina barədə 30.03.2021-ci il tarixli məktub iddiaçının fərdi hesabın yığım hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə əsaslandırılmışdır. Fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 54600 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cəmi 29826,29 manat olduğundan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyinatı qanunvericilik baxımından mümkün hesab edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 04.12.2018-ci il tarixdən - 52 yaşı tamam olandan, güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. 01.01.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1- dək hər il altı ay artırılmaqla; 01.08.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 50) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Göründüyü kimi, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı 01.01.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), 01.01.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). Cavabdehin apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıya pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan pensiya kapitalı mövcud olmadığından iddia təmin edilə bilməz. Apelyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.1966-cı ildə anadan olub və 52 yaşının tamam olduğu 04.12.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi 23.02.2021-ci il tarixdə isə 52 yaşı tamam olmuşdur. 01.01.2006-cı il tarixədək iddiaçının 21 il 1 ay 21 gün sığorta stajı (04 il 7 ay 24 gün təhsil aldığı və həqiqi hərbi xidmətdə olduğu müddət müddət + 16 il 5 ay 27 gün "xxxx" İstehsalat Birliyinin keçmiş “Səthi Aktiv Maddələr” zavodunda işlədiyi müddət) mövcud olmaqla ondan 16 il 5 ay 12 gününü (15 gün ödənişsiz məzuniyyətdə olduğu müddət çıxılmaqla) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 nömrəli koda uyğun olmaqla əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir, yəni tam əmək stajı həmin tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “a” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (20 il iş stajı, bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (52 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin müddəalarına uyğun hüquqi qiymətləndirmə aparmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 07 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5816/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar