Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2124/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X5, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X7) «bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-827/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X9 Massivində yerləşən, sahəsi 0,12 ha olan bağ sahəsinə dair X2 adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçıya Bakı şəhər İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı sərəncamına əsasən 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində 0,12 ha bağ torpaq sahəsi ayrılmış, həmin vaxtdan onlar bağ sahəsindən mütəmadi istifadə edirlər. Həmin bağ sahəsinin orderi itirilmişdir. İddiaçı cavabdehə həmin bağ sahəsinin özəlləşdirilməsi üçün müraciət etmiş, lakin sonuncu ona ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda Bakı şəhər İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı sərəncamına əsasən 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsi ayrılmasına dair məlumat mövcud olduğunu bildirsə də, onun adına idarənin arxivin məlumat olmadığını, daha sonra isə ona ünvanladığı xx.xx.2021-ci il tarixli növbəti məktubunda bağ sahəsinin bağların bölgüsünə dair sxematik xərtiyə əsasən 120b və 120 q saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyini, 120q saylı bağı sahəsinə isə digər fiziki şəxsin adına qeydiyyata alındığını bildirərək, qeydiyyatdan imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçıya ünvanladığı imtina məktublarında göstərilən əsaslarla iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-827/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan bağ sahəsi onun mülkiyyətindədir və həmin bağ sahəsinə dair hüquqlarının onun adına qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə ziddir. Birinci instansiya məhkəməsi formal mülahizələrə əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmə maddi hüquq normalarının tətbiq olunmasında səhvə yol vermiş habelə prosessual hüquq normaları kobud surətdə pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək torpaq sahəsi sərəncama əsasən ayrıldığı vaxtdan iddiaçının istifadəsində olduğunu, qanşu torpaq sahələri, o cümlədən, üçüncü şəxslə aralarında heç bir mübahisə olmadığını bildirərək, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi, imtina məktubunda və iddia ərizəsinə etirazında göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi O.Cəfərbəyli üçüncü şəxsin adına mülkiyyət hüququ ilə qeydə alınmış 0,12 ha torpaq sahəsinin iddiaçının qonşuluğunda yerləşdiyini və onlar arasında bağ sahəsi ilə bağlı heç bir mübahisə olmadığını, hər kəsin öz torpaq sahəsində yerləşdiyini bildirərək, mübahisənin qanuni həllini məhkəmənin səlahiyyətlərinə buraxmışdır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X9 massivində yerləşən, 0,12 ha bağ sahəsinə dair iddiaçı X2 adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, onun iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarında iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı iddialı olduğu bağ sahəsinin qanuni əsaslarla ona ayrılmasını təsdiq edən sübut (hüquqmüəyyənedici sənəd) təqdim edə bilməmişdir. İddiaçının dəlilləri məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncamlar da həmçinin bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya mübahisəli bağ sahəsi Bakı şəhər X6 İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarı əsasında ayrılmışdır. Belə ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 aprel 2021-ci il tarixli BA-01620-2021 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş arxiv arayışndan görünür ki, Bakı şəhər X6 İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarı ilə - Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 2 iyun 1988-ci il tarixli qərarına və Bakı Şəhər İK-nın 6/333 saylı 14 iyun 1988-ci il tarixli sərəncamına müvafiq olaraq X3, 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan bağ massivində bağ sahəsi ayrılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 2 iyun 1988-ci il tarixli qərarı və Bakı Şəhər İK-nın 6/333 saylı 14 iyun 1988-ci il tarixli sərəncamı isə onu nəzərdə tuturdu ki, 1988-ci ildən sonra vətəndaşlara verilən bağ sahələrinin ölçüsü 0,12 ha ölçüdə olmalıdır. İş materiallarının 52-ci vərəqindən də görünür ki, üçüncü şəxsə bağışlama əsasında keçən torpaq sahəsinə dair X4 adına olan orderdən də məhz görünür ki, ona da 204 No-li BTK nəzdində Köçəri Mərdakan bağ massivində 0,12 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunmalıdır ki, cavabdeh idarə işə əlavə olunmuş iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda da bildirmişdir ki, iddiaçıya Bakı şəhər İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı sərəncamına əsasən 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsi ayrılmasına dair məlumat mövcuddur. Belə olan halda, Bakı şəhər İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 saylı sərəncamı -«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinin tələbinə nəzərə alınmaqla, iddiaçının qanuni istifadəsində olan 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan bağ massivində yerləşən bağ sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas hesab edilməlidir. Avropa İnsan hüquqları Məhkəməsi “Əliyeva və digərləri Azərbaycana qarşı” işdə öz qərarında qeyd etmişdir ki, mülkiyyət hüququ yalnız qeydiyyata alınmış mülkiyyət hüququ deyil, eyni zamanda, gözlənilən mülkiyyət hüququnu da əhatə edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin mübahisəli bağ sahəsinə dair orderin və siyahıda adının olmadığını əsas gətirərək, mübahisəli bağ sahəsinin iddiaçının adına qeydiyyata alınmasından imtina etməsi əsassızdır. Onun imtina məktubunda bağ sahəsinin başqa şəxsə (o cümlədən, üçüncü şəxsə) məxsus bağ sahəsi ilə üst-üstə düşdüyünü mübahisələndirən dələllərinin də əsassız olduğu həm iş materiallarında olan sənədlərlə, həm də işə cəlb olunmuş üçüncü şəxsin hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsinin izahatı ilə təkzib olunur. “İnzibati icraat haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş,“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 2.0-cı maddəsinə əsasən DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq...; 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, cavabdeh iddiaçının xeyrinə olan halların nəzərə alınmasından imtina edə bilməz, iddiaçının torpaq istifadəçiliyində mövcud uyğunsuzluqları aradan qaldırmaqla, həmin torpağın mülkiyyətə verilməsini onun adına rəsmiləşdirmək Nizamnamə ilə onun üzərinə düşən öhdəliyidir. Beləliklə də qeyd olunanlarla sübuta yetirilir ki, mübahisəli bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsaslar mövcud olduğu halda, cavabdeh orqan qanunvericiliyin qeyd olunan tələblərindən irəli gələn öhdəliyini yerinə yetirməmiş, iddiaçının qanun qorunan hüquqların pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun olmayan nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, bağ sahəsinin iddiaçının adına qeydiyyata alınmasından imtina olunması qananunvericiliyə zidd olduğunu və birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşaraq yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-827/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmalı və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X9 massivində yerləşən, sahəsi 0,12 ha olan bağ sahəsinə dair iddiaçının adına plan və ölçünün tərtib olunması və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-827/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X9 massivində yerləşən, sahəsi 0,12 ha olan bağ sahəsinə dair iddiaçı X2 adına plan-ölçünün tərtib olunması və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona bu barədə reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2124/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2124/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver