Məhkəmə qərarları › İş №2-1(103)-2124/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2124/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2124/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1237/2025 saylı, 05 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1995-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Ailə tərkibi o, anası- Nuriyeva Cəmilə Vəkil qızı və qardaşı X5 ibarətdir. X1 xx.xx.1999-cu il tarixində ölmüşdür. Əlillik vəziyyətinin qiymətləndirilməsi üçün onlayn qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmış və xx.xx.2014-cü il tarixində əlillik vəziyyəti qiymətləndirilərək ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Əlilliyi xx.xx.2014-cü il tarixində təyin edilsə də, əlilliyinin təyini üçün əsas olan xəstəliyi 2003-cü ildən meydana gəlmişdir. Yəni 18 yaşı tamam olana kimi əlilliyin təyini üçün əsas olan xəstəliyi yaranmışdır. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq üçün müraciət etsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətinə mənfi cavab verilmişdir. Səbəb olaraq isə o göstərilmişdir ki, əlilliyinin mövcudluğu 18 yaşından sonra təsdiq olunmuşdur. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, əlillik şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Hazırki iş üzrə xx.xx.1995-ci il təvəllüdlü iddiaçının əlillik dərəcəsi xx.xx.2014-cü il tarixdə, yəni iddiaçının 18 yaşından sonra qiymətləndirilmiş və ona müddətsiz olaraq üçüncü qrup əlillik təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladları; 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək); həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına çatmış (hazırda qadınlar üçün 63 il 6 ay), yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş atası, anası, əri (arvadı); vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Qeyd olunanlardan müəyyən olunduğu kimi iddiaçıya ilkin olaraq xx.xx.2014-cü il tarixdən (ilkin əlillik təyin edildiyi günə 19 yaş) uşaqlıqdan əlillik təyin edilmişdir. Göründüyü kimi, İddiaçı əlillik 18 yaşına çatanadək deyil, 18 yaşından sonra təyin edilməsi səbəbindən iddiaçıya münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1237/2025 saylı, 05 fevral 2025-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1237/2025 saylı, 05 fevral 2025-ci il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; İddiaçı xx xxxxxx 1995—ci ildə Bakı şəhərində doğulmuşdur, X1, anası Nuriyeva Cəmilə Vəkil qızıdır. xx.xx.1999-cu il tarixli, AZ №005747 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1999-cu il tarixdə ölmüşdür. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə bir il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində yenidən qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əlavə edilmiş tibbi-sosial ekspertiza sənədlərindən görünür ki, əlilliyin təyin edilməsi üçün göndərişin tarixi xx.xx.2013-cü il, tibbi nəzarətə götürülmə tarixi xx.xx.2013-cü ildir. Əlilliyinə əsas verən diaqnoz: Başbeynin travmatik xəstəliyi. Sağ alın nahiyyənin travmadan sonra sümük defekti. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2013-cü ildə Bakı şəhər Uşaq Ruhi-Əsəb Dispanserinin göndərişi əsasında “Posttravmatik ensefalopatiya, qıcolma, astenik sindrom və əqli inkişafın geriliyi” diaqnozu ilə həmin xəstəxanaya stasionar müalicəyə daxil olub. xx.xx.2013-cü il tarixdə həkim-psixiatr tərəfindən müayinə edilərək “Baş beynin travmatik xəstəliyi, ağıl zəifliyi və tez-tez baş verən qıcolma tutmaları ilə“ diaqnozu müəyyən edilib. Xəstəlik tarixində olan X11 Xəstəxanası tərəfindən verilmiş sənəddən görünür ki, İddiaçı 8 yaşında olarkən kəllə-beyin travması alıb və həmin xəstəxananın neyrocərrahiyyə şöbəsində müalicə olunub. Respublika Psixiatriya Xəstəxanasında aparılmış müalicədən sonra xəstənin vəziyyətində yaxşılaşma qeyd edilib və xx.xx.2013-cü il tarixdə anasının müşayiəti ilə evə yazılıb. Əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2013-cü il tarixədək dəfələrlə ambulator və stasionar müalicə almış, 2003-cü ildə kəllə-beyin travması almışdır; 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı xx.xx.2013-cü il tarixdən F06.8 “Baş-beynin travmatik xəstəliyi, tez-tez baş verən qıcolma tutmaları ilə. Sağ alın nahiyyəsinin travmadan sonra geniş sümük defekti” diaqnozu ilə 7 nömrəli Şəhər Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda olmuşdur. İİİ qrup müddətsiz əlildir. Anamnezinə əsasən 2003-cü ildə ağır beyin zədəsi alıb. Uşaq RƏXD qeydiyyatında olub. Dz:Baş beyin travması xəstəliyi, ağıl zəifliyi və tez-tez baş verən qıcolma tutmaları ilə”. xx.xx.2003-xx.xx.2003-cü il tarixlərində RƏXD-in stasionarında olub. xx.xx.2013- xx.xx.2013-cü il tarixlərində 1 saylı RPX stasionar müalicə alıb. İddiaçı xx.xx.2024-cü il tarixdə ruhi əsəb kabinetinə müraciət edərək Nizami rayonu, Cəmşid ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində faktiki olaraq yaşadığı barədə ərizə təqdim etmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixində ümumi xəstəlik səbəbilə bir il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı aparılmış və xx.xx.2014-cü il tarixində yenidən qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə təkrar əlillik təyin edilmişdir. İddiaçı əlilliyinin təyini üçün əsas olan xəstəliyi 2003-cü ildən - 18 yaşı tamam olana kimi meydana gəlməsinə istinad edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə əsasən ərizə ilə cavabdehə müraciət edərək, ona ailə başçısını itirməyə görə pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, əlilliyinin mövcudluğu 18 yaşından sonra təsdiq olunduğu üçün ərizənin təmin edilməsi mümkün deyil. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 8 yaşında olarkən kəllə-beyin travması alması və müalicə alması iş materillarında olan sənədlərlə təsdiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2.-ci maddəsinin təhlili onu göstərir ki, 18 yaşından yuxarı əlilliyi olan şəxs kimi iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün onun 18 yaşına çatanadək əlilliyi müəyyən olunmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na Əlavə - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının Qərarında əlilliyin ilkin və ya təkrar olmasının qeyd olunması nəzərdə tutulmuşdur (bənd 4.2). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Əmək pensiyası təminatı hüququ. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4. Əmək pensiyasının növləri və tərkibi. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: ... 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəb və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. Əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi. 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İddiaçı hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən, onun əlilliyi 18 yaşına çatanadək yaranmış, lakin 18 yaşından sonra təsdiq edilmişdir. Bu səbəbdən onun “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinad edərək vəfat etmiş ailə başçısının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə iddiaçı 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamışdır. Nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir. Əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan mövcud olur, digər halda isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olsunlar. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatanadək əlilliyin müəyyən edilməsidir. Kollegiya qeyd edir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsini təsdiq edən hər hansı sübut iş materiallarında yoxdur. 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın (arayışın) olmamasına baxmayaraq, iddiaçının 8 yaşında kəllə-beyin travması alması əlilliyin qiymətləndirilməsi üzrə müstəsna səlahiyyətli inzibati orqanın sənədləri ilə təsdiq olunur, bu səbəbdən o, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmuşdur. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, qanunvericiliyin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə təcrübəsini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1237/2025 saylı, 05 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1237/2025 saylı, 05 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar