Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2125/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh AR Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(112)-2629/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, Dövlət Təhlükəsizliyi Xidmətinin 07.07.2018-ci il tarixli 1094 şh nömrəli əmrinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) aid hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(112)-2629/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(112)-2629/2021 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2018-ci ilin avqust ayında həbs olunmuş və uzun müddət keçirdiyi psixoloji sarsıntıdan müalicə almışdır. 04.06.2019-cu ildə azadlığa buraxıldıqdan sonra atasının ağır xəstə olduğunu öyrənməsi psixoloji vəziyyətinə mənfi təsir göstərmişdir. İddiaçının atasına 16.11.2019-cu il tarixdə 4-cü dərəcəli beyin xərçəngi diaqnozu qoyulmuş və O, 15.06.2020-ci il tarixdə ölmüşdür. Bundan əlavə cavabdeh orqan həmin əmrin iddiaçıya rəsmi qaydada elan olunması və ya təqdim edilməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(112)-2629/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: - 1094 şh saylı, 07 iyul 2018-ci il tarixli Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əmrin surətindən görünür ki, “Hərbi xidmətçəkmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Lerik rayon şöbəsinin baş əməliyyat müvəkkili kapitan İddiaçı DTX-nın ehtiyatına buraxılması və cari ildə nəzərdə tutulmuş məzuniyyətin istifadə olunmamış hissəsi (17 gün) eləcə də öhdəsində olan işlərin təhvil verilməsi vaxtı (02 gün) nəzərə alınmaqla 26 iyul 2018-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılması həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr edilmişdir. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İddiaçı ünvanlanmış 31 iyul 2019-cu il tarixli 12-Ə-3170 saylı məktubunun surətindən görünür ki, T.X1 Xidmətinin 07.07.2018-ci il tarixli, 1094 şh nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq görə) əsasən ehtiyata buraxılmışdır. Onun 18.07.2019-cu il tarixli müraciətinə müvafiq qaydada baxılmış və barəsində qəbul edilmiş qərarın dəyişdirilməsi üçün əsas tapılmamışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 07.07.2018-ci il tarixli əmrini 12.11.2020-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qəbul edilən əmr 2018-ci il tarixə aiddir. Həmin əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamamasına baxmayaraq iddiaçının mübahisələndirilən əmrin mövcudluğundan ən geci 18 iyul 2019-cu il tarixdən, yəni onun Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdiyi vaxtdan xəbərdar olmuşdur. İddiaçı həmin əmri mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən əmrin iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Çünki, iş materiallarına əsasən iddiaçının həmin əmr barədə hələ 2018-ci ildən məlumatlı olması təsdiq olunur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq Məhkəmə kollegiyası hesab edir ki, işin halları iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. İPM-nin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdükdən sonra da qanunda nəzərdə tutulmuş bir il ərzində məhkəməyə müraciət etməmiş, bu əsasdan iddiaçının iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququ da aradan qalxmışdır. İddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququnu da itirdiyindən, iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. Beləliklə, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia üçün müəyyən olunan xüsusi mümkünlük şərtlərinə əməl edilməmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(112)-2629/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2125/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2125/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver