Məhkəmə qərarları › İş №2-1(103)-2125/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2125/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2125/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(112)-3500/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Pirşağı-Sumqayıt sərnişin mənzili 38 km pk 8-də yerləşən torpaq sahəsi üzərində mülkiyyətçi hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini” xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçının mərhum atası X7 X1 maşinisti vəzifəsində işlədiyinə görə Azərbaycan Dəmir yolu Yol xidmətinin P-232 nömrəli, xx.xx.1988-ci il tarixli məktubu ilə Pirşağı-Sumqayıt sərnişin mənzili 38 km pk 8-də dəmir yolunun təhkim zolağında əsaslı tikinti işləri aparmamaq şərtilə bostan və tərəvəz bitkilərinin əkilib-becərilməsi üçün 12,5 sot torpaq sahəsi ayrılmışdır. Həmin dövrdən atası qeyd edilən daşınmaz əmlaka faktiki sahiblik etmişdir. Atasının ölümündən sonra onun hüquqi varisi olaraq iddiaçı digər birinci dərəcəli vərəsələr - anası X2 və bacısı X3 şifahi razılığı ilə həmin torpaq sahəsinə sahiblik etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehə ərizə ilə müraciət edərək qeyd edilən torpaq sahəsinə əvvəlcə atası tərəfindən və sonradan isə onun tərəfindən 30 ildən artıq fasiləsiz və etirazsız sahiblik edildiyindən həmin daşınmaz əmlak üzərində mülkiyyətçi hüququnun qeydə alınmasını xahiş etmişdir. Lakin ərizəyə cavab verilməmiş, faktiki olaraq cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və ********** il tarixli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim olunmamışdır. Həmçinin bildirilir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi Abşeron rayon ərazi hüdudları daxilində yerləşir. Novxanı bağ massivinin sxematik xəritədə nömrə qeyd olunmayan ərazilərinə düşür. Şərti göstərilən torpaq sahəsinin bir hissəsi dəmiryolu xəttinin mühafizəsində yerləşir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin 1 saylı Bakı Ərazi İdarəsinə münasibətdə mümkün sayılmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(112)-3500/2024 saylı qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(112)-3500/2024 saylı qərardadının ləğv edilərək işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında qeyd edilib ki, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya İPM-in 13cü maddəsinə əsasən hüquqi yardım göstərilmiş, hazırki iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququnu təsdiq edən sənədin (vərəsə olması barədə vərəsəlik haqqında şəhadətnamə, notariusun arayışı və s. sənədlərin), habelə cavabdeh inzibati orqana müvafiq tələblə müraciətini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən qeyd edilən sənədlər təqdim edilmədiyindən iclasda iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Lakin məhkəmənin bu qənaəti reallığı əks etdirmir. Belə ki, məhkəmə iclas protokollarından da müəyyən edildiyi kimi iddiaçı məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Ona telefon vasitəsilə zəng edilərək qeyrimüəyyən şəkildə hansısa sənədlərin gətirilməsi bildirilsə də, heç bir ətraflı izahat verilməmişdir. Telefon vasitəsilə məhkəmənin İPM-in 13-cü maddəsilə onun üzərinə qoyduğu vəzifəni icra etməsi dərhal həmin hüquqi yardımın effektivliyi ilə bağlı haqlı narahatlıqlar yaratmış olur. Faktiki olaraq iddiaçının ona məhz hansı sənədləri təqdim etməli olması yalnız hazırkı şikayətlə mübahisələndirilən qərardad təqdim edildikdən sonra aydın olmuşdur. İddiaçı hüquqi yardımın alınmasından ötrü “Qanunçuluq” Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə imzalayıb ona notarial qaydada təsdiq edilmiş etibarnamə ilə nümayəndəsi kimi müvafiq səlahiyyətlər versə də, məhkəmə onun da məhkəmə iclasında iştirakını təmin etmədən mübahisələndirilən qərardadı çıxarmışdır. İclas protokollarından və iş materiallarından görünür ki, vəkilin sənədləri elektron məhkəmə sistemi vasitəsilə məhkəmə təqdim olunsa da, o iclasda iştirak etmədiyindən sənədlərin əsillərini məhkəməyə təqdim edə bilməmişdir. Vəkil xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında obyektiv səbəblərdən iştirak edə bilmədiyinə görə müvafiq ərizə ilə məhkəməyə müraciət edərək iclasın təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə faktiki olaraq iddiaçı tərəfi dinləmədən, onun mövqeyini bilmədən və ən əsası mümkünsüzlük üçün qeyd edilən əsaslar barədə effektiv şəkildə məlumatlandırılmadan iddianın mümkünsüzlüyü ilə bağlı qərardad çıxarılmışdır. Digər tərəfdən, əgər məhkəmə iddianın mümkünsüzlüyü ilə bağlı ilkin mövqedə olsaydı da belə, bu məsələni iddiaçı tərəflə mütləq müzakirə etməli idi. Eyni zamanda məhkəmə çıxardığı qərardadda bir tərəfdən vurğulayır ki, iddiaçı cavabdeh inzibati orqana müraciət etməmişdir. Lakin eyni zamanda məhkəmə müvafiq sərəncam verməklə cavabdeh inzibati orqanının mövqeyini istəmiş, cavabdeh də müvafiq etirazını məhkəmə təqdim etmişdir. Başqa sözlə, cavabdehə iddiaçı tərəfindən müraciət edilməməsi əsası məhkəmənin öz qərardadı ilə təkzib olunur. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda da qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş və ona ********** il tarixli məktubla cavab verilmişdir. Vərəsəliyə dair şəhadətnamənin olmamasına dair isə bir daha qeyd edir ki, bu səbəbə görə mümkünsüzlük məsələsi ona məhkəmə tərəfindən izah edilməyib, müqavilə əsasında tutulmuş vəkil də iclası yalnız bir dəfə təxirə salmaqla müraciət etsə də, məhkəmə onun iştirakını təmin etmədən faktiki olaraq nə iddiaçıya, nə də vəkilinə məlum olmayan, izah edilməyən əsasa görə iddianı mümkünsüz saymışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İşin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı mərhum atasına ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşdə olan: -İddiaçıya məxsus XİV-ЖГ seriyalı, 485669 nömrəli, 16 fevral 1991-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən o, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, atası – X9, anası isə X5r. - X10 məxsus AZ-İ seriyalı, 894164 nömrəli, xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən o, xx.xx.2017-ci ildə Bakı şəhərində ölmüşdür - "xxxx" QSC İnfrastruktur Departamenti tərəfindən verilmiş İ.D. 159/1 nömrəli xx.xx.2014-cü il tarixli arayışa əsasən X1 maşinisti X7 Azərbaycan Dəmir yolu Yol xidmətinin P-232 nömrəli, xx.xx.1988-ci il tarixli məktubu ilə Pirşağı-Sumqayıt sərnişin mənzili 38 km pk 8-də dəmir yolunun təhkim zolağında əsaslı tikinti işləri aparmamaq şərti ilə bostan və tərəvəz bitkilərinin əkilib-becərilməsi üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı apelyasiya şikayətində ona hüquqi yardım göstərilməməsini qeyd etsə də, faktiki olaraq onun məhkəmənin qərardadı ilə vərəsə olmasına dair sübut təqdim etməli olduğunu bildiyi halda, apelyasiya baxışına kimi kifayət qədər vaxtı olmasına baxmayaraq, belə bir sübut təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında düzgün olaraq qeyd etmişdir ki, iddiaçı belə bir iddianı irəli sürməyə subyektiv hüquq daşıyıcısı deyildir. Belə ki, iddiaçı vərəsə olmasını təsdiq edən hər hansı sənədi təqdim etməmişdir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(112)-3500/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar