Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2125/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(112)-3039/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5952 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 №-li sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5952 nömrəli torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Nəzərə alınmalıdır ki, həmin sərəncam hüquqmüəyyənedici sənəd qismində çıxış etməklə iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas qismində çıxış edir. Belə ki, torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirilməyib. Ümumiyyətlə həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Başqa sözlə desək, öz hüquqi qüvvəsini saxlamışdır. İddiaçı torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. İddiaçının bağ sahəsi ilə bağlı qanunda nəzərdə tutulan sənədə, daha dəqiq desək sərəncam və bağçılıq-yoldaşlıq üzvlərinin siyahısına malik olması və həmin sənədlərin hal-hazırda qüvvədə olması təkzibolunmaz haldır. Yəni, hər bir halda iddiaçının torpaq sahəsinə münasibətdə qüvvədə olmuş sərəncama malik olması birmənalı şəkildə onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsasdır. Cavabdeh imtina əsası kimi siyahıda iddiaçıya ayrılan torpaq sahəsinin nömrəsinin və ölçüsünün qeyd edilmədiyini bildirsə də, nəzərə almamışdır ki, ümumiyyətlə siyahıda nəzərdə tutulan ilk 7 nəfərin mülkiyyət hüquqları qeydiyyata alınmış və qeydiyyata alınan zaman torpaq sahəsinin ölçüsü kimi 0,12 ha kimi götürülmüşdür. Eyni zamanda, siyahının özündə belə iddiaçıya ayrılan bağ sahəsinin nömrəsi kimi 5952 göstərilmişdir. Göstərilən bütün halları məcmu şəkildə qiymətləndirərək hesab olunur ki, cavabdeh iddiaçının müraciətinin təmin etməməklə yalnız formal əsaslara dayanan dəlillər gətirmişdir. Belə olan halda, cavabdehin imtinası əsassızdır. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin digər fiziki şəxs tərəfindən hasarlandığı, bağ evinin inşa edildiyi, həmçinin sahənin faktiki ölçüsünun 0.1260 ha olduğu məlum olmuşdur. Bakı İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(112)-3039/2025 saylı qərarı ilə (hakim B.Calalov) iddianın təmin olunması, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5952 nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli, 3-52/2-Ə-115-112/2023 nömrəli arxiv çıxarışında, həmçinin İdarənin arxivində olan 248 nömrəli Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında İddiaçı ayrılması nəzərdə tutulan torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Həmçinin, İddiaçı eyni Bağ Tikinti Kooperativi nəzdində digər torpaq sahəsinə (5974 nömrəli) dair İdarəyə xx.xx.2023-cü il tarixli müraciəti zamanı da eyni sərəncam təqdim olunmuşdur. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin digər fiziki şəhs tərəfindən hasarlandığı, bağ evinin inşa edildiyi, həmçinin sahənin faktiki ölçüsünün 0,1260 ha olması müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır. İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; -Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 №-li sərəncamına əsasən Ləhiş bağ massivində 248 № li BTK yaradılmış və iddiaçı həmin bağçılığa üzv qəbul edilərək ona həmin BTK-dan bağ sahəsi ayrılmışdır. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5952 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı, o, cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “...iddiaçı tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli, 3-52/2-Ə-115-112/2023 nömrəli arxiv çıxarışında, həmçinin İdarənin arxivində olan 248 nömrəli Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Həmçinin, iddiçının eyni Bağ Tikinti Kooperativi nəzdində digər torpaq sahəsinə (5974 nömrəli) dair İdarəyə xx.xx.2023-cü il tarixli müraciəti zamanı da eyni sərəncam təqdim olunmuşdur.” Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mübahisələndirilən qərarında qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş 248 № li BTK-nın arxiv sənədlərində BTK-nın üzvlərinin siyahısında iddiaçının adı qeyd edilmiş, adının qarşısında 5952 nömrəli bağ qeydi aparılmışdır. İddiaçı da hazırda həmin Sərəncama və bağçılığın üzvlərinin siyahısına istinad edərək həmin 5952 № li bağ sahəsinə iddia edir. Həmin Sərəncamda ayrılmış bağ sahəsinin nömrəsinin və ölçüsünün qeyd edilməməsi, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. İddiaçı ilk növbədə eyni Sərəncama istinad edərək 5974 № li bağ sahəsi ilə bağlı cavabdehə müraciət etmiş və məhkəmədə həmin bağa dair iddia qaldırmışdır. Lakin bağçılığın arxiv qovluğunda iddiaçının adının qarşısında 5952 № li bağ sahəsi qeyd edildiyindən məhkəmə tərəfindən ona 5952 № li bağ sahəsi ilə müraciət etməsi izah olunmuş və iddiaçı 5974 saylı bağa dair iddia tələbi üzrə iddia ərizəsini geri götürmüş və həmin iş üzrə icraata xitam verilmişdir (İş № 2-1(112)- 3039/2025, xx.xx.2025-ci il tarixli qərardad). Həmin torpaq sahəsində bağ evi inşa etmiş C.Səfərli hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və sonuncu izahatında iddiaçı ilə razılığa gəldiyini, bağı özəlləşdirəndən sonra iddiaçı tərəfindən ona satılacağını bildirdi və iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 2.2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər sırasında aşağıdakı sənəd nəzərdə tutulmuşdur: – şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, o cümlədən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısını konkret müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 №-li sərəncamı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5952 nömrəli torpaq sahəsinin İddiaçı ayrılmasını təsdiqləyən inzibati aktdır. Həmin qərar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətəuyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 3-52/2-Ə-115-112/2023 saylı, 07 mart 2023-cü il tarixli, 3-52/2-889/2024 saylı, 29 mart 2024-cü il tarixli, B-203-112 saylı, 06 yanvar 2026-cı il tarixli arxiv arayışları ilə də təsdiq edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 №-li sərəncamı ilə Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il tarixli 195 nömrəli qətnaməsinə əsasən Ləhiş bağ massivində 248 № li BTK yaradılmış və siyahısı təsdiq edilmişdir, siyahıda İddiaçı adı qeyd edilmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd olunan dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla oxşar məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(112)-3039/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2125/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2125/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver