Məhkəmə qərarları › İş №2-1(103)-2126/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2126/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2126/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cahangir Yusifov Afər oğlu qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2152/2021 saylı, 08 may 2021ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2152/2021 saylı, 08 may 2021-ci il tarixli qərarı ilə İddiaçı 57 yaşı tamam olduğu 15.08.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26989,21 manat təşkil edir. Həmçinin bildirirlər ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin X2 işi üzrə 2-1 (112)-5359/2020 saylı, 02.12.2020- ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmin qərara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər ediməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Məhkəmə kollegiyasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Kollegiya işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmiş və imtina onunla əsaslandırılmışdır ki, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26989,21 manat təşkil edir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı 26 il 04 ay olmaqla, onun 12 il 6 aydan çoxu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajıdır və bu da iş materialları ilə sübut olunur. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarına görə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququ olan şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən peşə üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə stajı 2006cı ilin yanvarın 1-dək 12 il 06 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 57 yaşını 15.08.2019-cu il tarixdə tamamlamışdır. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı 25.09.1977-ci ildən 14.11.1980-ci il tarixədək elektrik qaynaqçısı işləmişdir. 14.11.1980-ci ildən 10.12.1982-ci ilədək Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 10.12.1982-ci il tarixdən 10.04.2003-cü il tarixədək yenidən Azərbaycan Dəmiryolu 9 saylı Minçivan dəmir yolu distansiyasına 3-cü dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Göstərilən dövr üzrə 01.01.2006-cı il tarixədək ümumi iş stajı 26 il 04 ay 05 gün təşkil edir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon Bölməsi tərəfindən verilmiş 20 avqust 2020-ci il tarixli, 338 saylı arayışdan görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı 14.11.1980-ci il tarixdən 24.12.1982-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 30.12.1982ci il tarixdə Zəngilan rayon hərbi komissarlığında hərbi qeydiyyata alınmışdır. Azərbaycan Dəmir yolu 9 saylı Mincivan yol distansiyası NK № 196 saylı, 27.12.1993-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 25.09.1977-ci il tarixindən Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasında əl ilə elektrik qaynaqçısı vəzifəsində işləyir. Torpaqların işğalı ilə əlaqədar 1993-cü ilə qədər bütün sənədlər, o cümlədən maliyə sənədləri işğal ərazisində qalmışdır. Azərbaycan Dövlət Dəmir yolu QSC 9 saylı Mincivan yol distansiyası Kadrlar şöbəsi tərəfindən verilmiş NK № 416 saylı, 09.09.2017-ci il tarixli Əmək haqqı arayışdan görünür ki, İddiaçı həqiqətən 25.09.1977-ci il tarixindən 10.04.2003-ci il tarixədək 9 saylı Mincivan yol distansiyasında əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İşlədiyi müddətdə 10 illik orta əmək haqqı yeni Azərbaycan manatı ilə cəmi 52543 (on altı min dörd yüz qırx iki) manat əmək haqqı almışdır. Azərbaycan Dövlət Dəmir yolu QSC 9 saylı Mincivan yol distansiyası Kadrlar şöbəsi tərəfindən verilmiş NK 476 saylı, 08.10.2017-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən 25.09.1977-ci il tarixindən 10.04.2003-ci il tarixədək Azərbaycan Dövlət Dəmir yolu 9 saylı yol distansiyasında əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Bu vəzifədə güzəştli ümumi iş stajı 12 il 6 ay təsdiq edir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.03.2007-ci il tarixli 12 saylı nəqliyyat bölməsinin 35-ci bəndinə əsasən güzəştli pensiya hüququna malikdirlər. Azərbaycan Dəmir Yolu QSC İnfrastruktur Departamentinin 9 saylı X4 Sahəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış NK 468 saylı, 04.05.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı 10.12.1982-ci il tarixindən 10.04.2003-ci il tarixədək Azərbaycan Dəmir yolu 9 saylı X4u distansiyasında 3-cü dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndinə əsasən (Əl ilə qaynaq aparan elektrik qaynaqçıları) güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə hesab olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.9-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixl, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cavabdehin apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıya pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan pensiya kapitalı mövcud olmadığından iddia təmin edilə bilməz. Apelyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Hazırki iş üzrə iddiaçının 01.01.2006-cı il tarixədək Azərbaycan Dəmiryolu 9 saylı Minçivan dəmir yolu distansiyasında işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının 23200000-19906 kod nömrəli güzəştli iş stajı verən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 12 il 06 aydan artıqdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “a” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (57 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin müddəalarına uyğun hüquqi qiymətləndirmə aparmışdır. Belə olan halda hazırki iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğundur və cavabdehin imtinası iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin iş üzrə qəbul etdiyi 08 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2152/2021 saylı, 08 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Cahangir Yusifov Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar