Məhkəmə qərarları › İş №2-1(103)-2127/2017

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2127/2017

21.09.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2127/2017 21.09.2017 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplomun tanınması» iddia tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2071/2017 saylı 23 iyun 2017-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Rusiya Federasiyası «X1 Cihazqayırma Universiteti» tərəfindən onun adına verilmiş 10 iyul 2014-cü il tarixli 107814 002115 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması və ona müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarına əsasən iddiaçı 10 iyun 2014-cü il tarixdə Rusiya Federasiyası X1 Cihazqayırma Universitetində tam təhsil kursunu bitirmiş və 10 iyul 2014-cü il tarixdə ona «hüquqşünaslıq» ixtisası üzrə 107814 002115 nömrəli diplom verilmiş və 31.07.2014-cü il tarixində həmin diplom Apostil ilə təsdiq olunmuşdur. Həmin diplomun ölkə ərazisində tanınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 07.03.2016-cı il tarixli Q-20291/03- 24 saylı məktubu ilə imtina cavabı verərək bildirmişdir ki, araşdırma zamanı iddiaçının ixtisas üzrə (mütəxəssis diplomu üzrə) və hazırlıq səviyyəsinin Azərbaycan Respublikasının təhsil standartlarına uyğun gəlmədiyi, eyni zamanda həmin universitetin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (əyani-4, qiyabi 1 il artıq) iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğu müəyyən edilmişdir ki, həmin müddət ərzində də diploma əlavədə qeyd edilmiş tədris yükünü mənimsəmək qeyri-mümkündür. Ona görə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın (bundan sonra «Qaydalar») 3.6 və 3.7-ci bəndlərinə əsasən diplomun ölkə ərazisində tanınması mümkün hesab edilmir. Həmin imtina ilə razılaşmayan iddiaçı məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2071/2017 saylı 23 iyun 2017-ci tarixli qərarı ilə onun iddia tələbi təmin edilmişdir. Cavabdeh Təhsil Nazirliyi apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya ilə əlaqədar AR Prezidentinin 06.03.2000-ci il 346 saylı sərəncamına uyğun olaraq AR Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 №-li qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları təsdiq edilmişdir. Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Komissiya sözügedən Qaydaları və sözügedən Konvensiya Komitəsi tərəfindən qəbul olunmuş «Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr»in V hissəsini və «İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq onun ixtisas biliklərinin dövlət standartlarına cavab vermədiyi müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, ərizəçinin biliyinin qiymətləndirilməsi «Qaydalar»da nəzərdə tutulmasa da ərizəçinin bilik və bacarıqlarının qiymətləndirilməsi mexanizmi Konvensiyada təsilatı ilə qeyd edilmiş, lakin işə baxan məhkəmə tərəfindən Konvensiyanın və «Qaydalar»ın tələbləri nəzərə alınmayaraq qərar onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması haqqında» Sazişə əsasən ekspertiza keçirilmədən müraciət təmin edilməlidir. Məhkəmə tərəfindən həmçinin İPM-in 73.2-ci maddəsinin tələbləri də nəzərə alınmamışdır. Beləliklə, İPM-in 87.6-cı maddələrinə istinadən cavabdeh hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 avqust 2017-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti mümkün sayılaraq cavabdehin şikayəti üzrə işə baxılması 07.09.2017-ci il tarixə təyin olunmuş, lakin həmin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər (və ya səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, iş baxılması 21.09.2017-ci il tarixə (hazırkı günə) təxirə salınmış, lakin həmin məhkəmə iclasının da vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər (və ya səlahiyyətli nümayəndələri) bu dəfə də məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məcəllənin qeyd olunan normasını və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə tam həcmdə baxılmalıdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdehin iddiaçıya Rusiya Federasiyası X1 Cihazqayırma Universiteti tərəfindən verilmiş mütəxəssis diplomunun ölkə ərazisində tanınmasından imtinası ilə razılaşır. Belə ki, cavabdeh nazirliyin qeyd olunan imtina cavabının məzmunundan, habelə, iş materiallarına əlavə edilmiş iddia ərizəsinə etirazından və ona əlavə olunmuş digər sənədlərdən (ekspert qrupunun rəyindən, iddiaçının təhsil müddət ərzində ölkə sərhədini keçməsinə dair məlumat cədvəlindən və i.a.), apellyasiya şikayətinin dəlillərindən, habelə iddiaçının iş materiallarında olan diplomundan və ona əlavədən (surətlərindən), təhsil aldığı universitetin akademik arayışından görünür ki, Təhsil Nazirliyinin ekspert qrupu tərəfindən aparılan araşdırma nəticəsində onun Rusiya Federasiyasının X1 Cihazqayırma Universitetində əyani təhsil formasında aldığı təhsil müddəti həmin universitetin normativi üzrə mütəxəssis diplomu üçün 5 il təşkil etməli olduğu halda, faktiki olaraq onun əyani təhsil müddəti 1 il az, yəni 4 il təşkil etmişdir. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş onun «sərhədkeçmə hesabatı» ilə müəyyən olunur ki, təhsil müddəti ərzində 2008- 2009-ci tədris ilində iddiaçı ümumiyyətlə ölkə sərhəddini keçməmiş, bundan sonra 2009-2010-cu tədris ilində, cəmi, 3 ay 15 gün, 2010-2011-ci tədris ilində isə, cəmi, 5 ay 8 gün ölkə sərhəddindən kənarda olduğu qeydə alınmışdır. Halbuki, diploma əlavədən görünür ki, onun aldığı «hüquqşünaslıq» ixtisası üzrə təhsil proqramının 7004 (o cümlədən 3527 auditoriya) saat həcmində mənimsənilməsi tələb olunurdu. «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş»in 7-ci maddəsində də məhz mütəxəssis kvalifikasiyası üçün 5 illik təhsil müddəti yalnız əyani təhsil forması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, ikitərəfli Sazişdə Tərəflərin razılığa gəldiyi faktiki şərt iddiaçı tərəfindən ödənilmir. Belə olan halda, «Qaydalar»ın 3.2-ci bəndinə əsasən ekspertiza qaydasında ali təhsil sahəsində ixtisasların ekvivalentliyi müəyyən edilməsi cavabdehin qanuna zidd hərəkətləri kimi qəbul oluna bilməz. Belə olan halda, həmin «Qaydaları»ın isə 3.6-cı bəndinin tələbində isə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmunun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən təhsilin dövlət standartları isə aşağıdakı kimidir: «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinə əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Həmin Qanunun tətbiq edilməsinə dair AR Prezidentinin Fərmanına (sentyabr 2009-cu il, № 156) əsasən müvafiq icra hakimiyyəti səlahiyyətini Nazirlər Kabineti həyata keçirir.) Müvafiq icra hakimiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.5-ci bəndi ilə müəyyən edilmişdir ki, əyani forma üzrə təhsil müddəti 4-5 il, qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Beləliklə qeyd olunanlara əsasən iddiaçının mübahisəli universitetdə əyani formada mütəxəssis diplomuna yiyələnmək üçün həmin universitetin normativinə uyğun olaraq iddiaçının təhsil müddəti 5 il deyil, bundan daha qısa müddət təşkil etdiyi sübuta yetirilir. Bu isə onu deməyə əsas verir ki, onun xarici ölkədə ali təhsil alması Azərbaycan Respublikasının təhsilə olan dövlət standartlarının yuxarıda qeyd olunan tələblərinə uyğun gəlmir, əhəmiyyətli dərəcədə fərqlənir. Belə olan halda, Azərbaycan Respublikasının 30.09.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsində də razılığa gələn Tərəfə belə bir diskresion səlahiyyət verilir ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. Qeyd olunan «Qaydalar»ın da 3.6-cı bəndi ilə də məhz müəyyən olunmuşdur ki, ekvivalentlik haqqında təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy olduqda verilir. Həmin «Qaydalar»ın 3.7-ci bəndinin birinci hissəsindən isə görünür ki, mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsasdır. Həmin bəndin 2-ci hissəsində isə göstərilir ki, xarici dövlətdə ali təhsil almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan 1 il az olması mənfi rəyin verilməsinə əsas olan hallardan biridir. Beləliklə də cavabdehin ekspert qrupunun rəyi əsasında iddiaçının diplomunun tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğu müəyyən edilir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddia tələbinin əsaslı olduğunu təkzib edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, onun diplomun tanınmasından imtinası iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməsi istisna edilir. İPM-in 73.1-ci maddəsinin mənasından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Lakin birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, iddia təmin edilərkən, məhkəmə kollegiyasının yuxarıda qeyd etdiyi hallara diqqət yetirilməmiş, iş materialları hərtərəfli tədqiq edilməmiş, bütün faktiki hallar aydınlaşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, səhv təfsir olunmuş, bütün bunların nəticəsi olaraq da mahiyyəti üzrə səhv nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qərarın, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini vurğulamaqla, qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2071/2017 saylı 23 iyun 2017-ci il qərarı ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını tam ləğv edərək yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən və İPM-in 14, 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2071/2017 saylı 23 iyun 2017-ci tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar