Məhkəmə qərarları › İş №2-1(103)-2127/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2127/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2127/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7086/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının «Əmək pensiyasının dayandırılması haqqında» xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X6 pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərarının ləğv edilməsi və həmin qərara əsasən dayandırılmış ona təyin olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilmiş və təyin edilmiş pensiya üzrə ödənişlər həyata keçirilmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən pensiya ödənişinin dayandırılması haqqında ona xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Həmin məktubda qeyd edilmişdir ki, «Fondun aidiyyəti mütəxəssisləri tərəfindən araşdırma zamanı vaxtilə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan xx.xx.1987-xx.xx.1998-ci il tarixləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın yüngül sənaye (26) bölməsinin toxuculuq sənayesi bəndində (26.1) nəzərdə tutulmadığı müəyyən edilmişdir. Göstərilən uyğunsuzluqlara baxmayaraq, xx.xx.2013-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2013-xx.xx.2021- ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15952,67 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır». Bununla əlaqədar olaraq artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması xahiş olunmuşdur. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında Qərarı ilə ondan xx.xx.2013-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 15952,67 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayonu, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. Həmin qərarın ləğv edilməsi ilə əlaqədar olaraq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə icraatı zamanı cavabdeh tərəfindən pensiyanın dayandırılması barədə qərarın qəbul edilməsi ona məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının "Əmək pensiyasının dayandırılması haqqında" xx.xx.2021-ci il tarixli, **********1 nömrəli qərarı ilə xx.xx.2013-cü il tarixdə təyin edilmiş pensiya dayandırılmışdır. Həmin qərar qanunsuz və əsassız olduğundan, qanunvericiliyin maddi və prosessual tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, o, cavabdeh tərəfindən həmin inzibati icraata cəlb olunmamış, dinlənilmə hüququ təmin olunmamış, cavabdeh ümumiyyətlə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarla bağlı inzibati icraat aparmamış, qərarda gəldiyi nəticənin əsası kimi hər hansı maddi hüquq normasına istinad etməmişdir. Qərar barəsində ona heç bir məlumat verməmişdir. Cavabdeh həmçinin maddi hüquq normalarının tələblərini pozmaqla qərar qəbul etmişdir. Belə ki, xx.xx.1987-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "H.Zeynalabdin adına X3"nda Ağardıcı sexində 3- cü dərəcəli laborant vəzifəsində işlədiyinə görə onun güzəştli iş stajı vardır. Həmin vəzifədə işləməyi həm Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 12 nömrəli Qərarına, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan-lara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"na əsasən ona güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. Ona görə ki, onun çalışdığı müəssisə yüngül sənaye kateqoriyasına aid edilsə də ona çalışdığı "H.Zeynalabdin adına X3" tərəfindən verilən izahlı arayışda yerinə yetirdiyi əmək funksiyalarının təsvirindən də göründüyü kimi o, kimyəvi analizlərin aparılmasında laborant funksiyasını icra etmiş və onun işlədiyi vəzifə yuxarıda qeyd edilən qərarın 18.8-ci bəndində qeyd edilən "bütün adlarda laborantlar, o cümlədən sex laborantları" kateqoriyasına uyğun gəlməklə ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Cavabdehin pensiyanın dayandırılması ilə bağlı qərarı qanunsuz olmaqla ləğv edilməldir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Fondun aidiyyəti üzrə mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən onun təqdim olunan sənədlərində xx.xx.1987-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “H.Zeynalabdin adına X3” ASC-də laborant vəzifəsində işlədiyinin qeyd olunduğu müəyyən edilmişdir. Adıçəkilən müəssisədə yuxarıda qeyd olunan dövr üzrə adıçəkilən şəxsin işlədiyi laborant vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın yüngül sənaye (26) bölməsinin toxuculuq sənayesi bəndində (26.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona xx.xx.2013-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2013- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15952,67 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və 16 iyun 2021-ci il tarixli **********8 nömrəli məktubla həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə onun yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından “Əmək pensiyanın dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərar qəbul olunmuş və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş xx.xx.2021-ci il tarixli **********3 nömrəli “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərar iddiaçının ünvanına göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7086/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr müvafiq Siyahıya uyğundur və məhkəməyə təqdim edilmiş iddiaçıya güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Ona görə də qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı kimi nəzərə alınmalıdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, əmək pensiyasının qanunauyğun təyin edilməsi və hesablanması pensiya sisteminin əsas təməl prinsipləridir, məhkəmənin pensiyanı bərpa etməsi qeyd olunan pensiya sisteminin təməl prinsiplərinə ziddir və qanunçuluq prinsipinə uyğun olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə verilmiş iddia İPMnin 2.2.1- ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İddiaçının mübahisələndirdiyi “əmək pensiyasının dayandırılması haqqında qərar” xx.xx.2021-ci il tarixli olsa da, iddiaçıya həmin qərarın cavabdeh tərəfindən təqdim edilməsi iş materialları ilə sübut olunmur. Həmçinin cavabdeh inzibati orqan da iddiaçıya mübahisələndirilən qərarın nə vaxt təqdim edilməsini sübut edə bilməmişdir. Əksinə iddiaçı qeyd edilən qərar barədə məlumatın digər inzibati iş üzrə -artıq ödənilmiş əmək pensiyasının qaytarılması barədə qərarın ləğvi ilə bağlı inzibati işə baxılan zamanı əldə edildiyini və dərhal iddia qaldırdığını bildirmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün hesab edərək, mahiyyəti üzrə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini aşağıdakı şəkildə bildirir. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: İşdə olan iddiaçıya aid 064839 saylı pensiya işinin materiallarından, həmçinin inzibati işin araşdırılmış hallarından müəyyən olunur ki, ona 52 yaşının tamam olduğu xx.xx.2013cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin Əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2013-cü ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması qərara alınmışdır. Həmçinin, xx.xx.2021-ci il artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərar qəbul edilmiş, həmin qərar məhkəmə qaydasında mübahisələndirilmiş yekun olaraq xx.xx.2021-ci il artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərar ləğv edilmişdir. Hazırda iddiaçı Əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərarın ləğv edilməsi və pensiyanın dayandırıldığı tarixdən bərpasını tələb edir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan başqa, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın təqdim etdiyi iddiaçı barəsində olan X8 Sistemindən çıxarışdan məlum olur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2013-cü il tarixdən təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Cavabdeh ilk olaraq DSMF-nin Aparatının daxili nəzarət departamentindən daxil olmuş **********1 nömrəli məktubunu əsas götürərək, iddiaçının əmək pensiyasını xx.xx.2021-ci il tarixdən dayandırmış, əmək pensiyasının dayandırılması haqqında qərarı isə xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı qanunvericilik normaları diqqətə çatdırır: “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırki işdə iddiaçıya pensiya ödənişinin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6.2-ci maddəsinə görə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. - 67.7-ci maddəsinə görə bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. İşin araşdırılmış hallarından göründüyü kimi, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı barəsində əlverişli inzibati akt qüvvədə olduğu halda, iddiaçı pensiyanın dayandırılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq əmək pensiyası dayandırılmışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı “pensiyanın bərpa tarixi xx.xx.2021-ci il” qeyd edilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7086/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qərarı “pensiyanın bərpa tarixi xx.xx.2021-ci il” qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar