Məhkəmə qərarları › İş №2-1(103)-2127/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2127/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2127/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı Məmmədov Nəcmüddin Xametoviçin, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2583/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. İddiaçı xx.xx.1950-ci il tarixdə anadan olmuş, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən hüququnun yarandığı xx.xx.2013-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış və pensiya məbləği 475,06 manatdan 446,92 manata azaldılmışdır. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına əmək pensiyasının azaldılması ilə bağlı ərizə ilə cavabdehə müraciət etsə də, müraciətinə cavab verilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, həmin qərardan sonra əskik ödənilmiş pensiya məbləğinin aylıq pensiya ödənişlərinə əlavə edilərək ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1967-ci il tarixdən xx.xx.2014-cü il tarixə kimi Dövlət Neft Şirkətində (“Socar”da) avtonəqliyat şirkətində sürücü işləmiş, xx.xx.2014-cü il tarixə yaşa görə pensiyaya çıxmışdır. Pensiyaya çıxdığı vaxt 500 manat pensiya alırdı, bir müddət sonra isə nəməlum səbəblərdən ona məlumat verilmədən yaşa görə əmək pensiysından ona məlum olmayan ünvanlardan çıxmalar baş verir, pensiyasında hər ay 100 manat nəməlum səbəblərdən çıxılır. 1967-2014-cü il tarixə kimi işlədiyi SOCAR-a (Dövlət Neft Şirkəti) müraciətlər etməyinə baxmayaraq onun pensiyasından qanunsuz çıxmalar barədə heç bir məlumat verilmir.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının xx.xx.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 01.01,2006-cı tarixədək 37 il 03 ay 28 gün sığorta stajı, 01.01,2006-cı tarixdən xx.xx.2013-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 10519,78 manat (2013-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2014-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 574,70 manat (2014-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixli müraciətə 3 il əvvəl) 422,90 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 437,28 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 453,94 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 520,67 manata, xx.xx.2024-cü il tarixdən 578,99 manata çatdırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, ona hesablanmış məcburi dövlət sosial sığorta haqları ilə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış (ödənilmiş) məcburi dövlət sosial sığorta haqları arasında uyğunsuzluq yaranmışdır. Bu səbəbdən əmək pensiyanın məbləğində xx.xx.2020-ci il tarixdən (artıqödəmə barədə qərarın qəbul edildiyi tarixdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixədək artıq ödəmə müəyyən olunmuşdur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-ci bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır ve bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik va artıq ödəmələr müəyyən edildikdə həmin ödəmələr Qanunun 32.1-1-ci ve 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. İddiaçı əmək pensiyası üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş vəsaitin bir hissəsi Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi nəticəsində ötən dövr üzrə (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) yaranmış fərq məbləği ilə əvəzləşdirilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2583/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməsi, həmin qərardan sonra X1 əskik ödənilmiş pensiya məbləğinin aylıq pensiya ödənişlərinə əlavə edilərək ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, xidməti araşdırma zamanı iddiaçıya hesablanmış məcburi dövlət sosial sığorta haqları ilə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış məcburi dövlət sosial sığorta haqları arasında uyğunsuzluq olduğu aşkarlanmışdır. Belə ki, İddiaçı xx.xx.2007-xx.xx.2008-ci illər üzrə ARDNŞ Neft Qaz Tikinti Trestində işlədiyi dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesab məlumatlarında öz əksini tapmamışdır. Bu səbəbdən əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıqödəmə (961,37 manat) müəyyən olunmuşdur. İddiaçı barəsində artıqödəmə müəyyən edilməsinə baxmayaraq onun əmək pensiyasından hər hansı tutulmalar aparılmamışdır. Odur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

11. “Əmək pensiyaları haqqında” Qanununun: 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.

12.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3.Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4.Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

13.“İnzibati icraat haqqında” Azərbaycan Respublika Qanununun: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1 və 3.1-ci maddələrinə əsasən) 18.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 10-14-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

19. Belə ki, hazırki işin hallarından göründüyü kimi, iddiaçıya xx.xx.2013-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış və pensiya məbləği 475,06 manatdan 446,92 manata azaldılmışdır.

20. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçının əmək pensiyası yenidən hesablanarkən onun xx.xx.2007-xx.xx.2008-ci illərdə ARDNŞ X7 Trestində işlədiyi dövr nəzərə alınmamışdır. Cavabdeh bunu X3 Sistemində sığortaolunanın xx.xx.2007xx.xx.2008-ci illər üzrə ARDNŞ Neft Qaz Tikinti Trestində işlədiyi dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesab məlumatlarında öz əksini tapmaması ilə əsaslandırmışdır.

21. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına sorğu verilmiş, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 2023-cü il üzrə əmək pensiyaları Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli 3749 nömrəli sərəncamı ilə indeksləşdirilmişdir. Bu səbəbdən İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2023-cü il tarixli qərar qəbul edilərkən onun 2023-cü il üzrə əmək pensiyası indeksləşdirilməmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarında isə adıçəkilən şəxsin aylıq əmək pensiyasının 2023-cü il üzrə indeksləşdirilmiş (14,7%) məbləği qeyd olunmuşdur. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialından daxil olmuş məlumata əsasən, İddiaçı əmək pensiyasında xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 279,86 manat əskik ödənilmiş məbləğ müəyyən edilmişdir. İddiaçının pensiyasında sözügedən əskik ödəmə məbləği müəyyən edildiyi tarixdə ona artıq ödənilmiş vəsait mövcud olduğu üçün əskik ödənilmiş məbləğ artıq ödənilmiş məbləğlə əvəzləşdirilmişdir (903,66 manat artıq ödənilmiş vəsaitdən çıxılmışdır).

22. Kollegiya cavabdeh orqanın iddiaçı tərəfindən xx.xx.2007-xx.xx.2008-ci illər üzrə ARDNŞ Neft Qaz Tikinti Trestində işlədiyi dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesab məlumatlarında öz əksini tapmaması dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan “məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” dan görünür ki, 2007-ci ilin 6 ayı və 2008-ci il üzrə bütövlükdə iddiaçının əmək haqqından 2007-ci il üzrə ümumilikdə 1295,03 manat və 2008-ci il üzrə ümumilikdə 2102,69 manat MDSS tutulmuşdur.

23. Belə olan halda kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan 5 fevral 2023-cü il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında hansı hallara görə 2023-cü ilin fevral ayında qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz 5 fevral 2023-cü il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasına dair dəlillərini, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini qərarda bildirməmişdir.

24. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır.

25. Pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. İnzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz.

26. Eyni zamanda kollegiya cavabdehin qeyd olunan əvəzləşdirmə ilə bağlı hərəkətlərinə münasibətdə hesab edir ki, qanunvericiliyin nəzərdə tutduğu imperativ normaları baxımından qiymət verildikdə, müəyyən olunur ki, tamamilə əsassız və qanunsuzdur.

27. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

28. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, cavabdeh orqan artıq ödənilmiş hesab etdiyi mübahisələndirilən məbləği son üç ilə görə iki əsasla pensiyadan tutmaq hüququna malikdir: 1. Pensiyaçının razılığına aldıqda qəbul etdiyi müvafiq qərarı əsasında; 2.Əgər belə razılıq yoxdursa yalnız məhkəmə qərarı əsasında. Cavabdeh orqan isə Qanunun qeyd olunan imperativ tələblərinə riayət etməyi özünə rəva bilməmiş, özbaşınalıq nümayiş etdirməyi üstün tutmuşdur.

29. İş materiallarına əsasən iddiaçının müvafiq razılığının alındığına dair sənəd-sübut mövcud deyil. Ən azından, əmək pensiyasında baş verən azalmalardan narazı qalan iddiaçı cavabdehə müraciət edərək, azalmanın səbəbləri, artıqödəmə və iddiaçının alacağı pensiya məbləği barədə ətraflı məlumat verilməsini tələb etsə də, cavabdeh orqan tərəfindən heç bir cavab verilməmişdir. Bütün bunlar onun Qanunun qeyd olunan 39.1-ci maddəsində nəzərədə tutulan razılığının mövcud olmadığını sübuta yetirir.

30. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

31. Ən azından, qeyd olunan Qanunun 67.6-cı maddəsi nəzərdə tutur ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

32. İddiaçı tərəfindən sadalanan hallardan hər hansı birinə yol verilməmiş və bu barədə cavabdehin apellyasiya şikayətində heç bir əsaslandırma da mövcud deyildir. Ümumiyyətlə, cavabdehin də bununla bağlı heç bir mötəbər dəlil-sübutu məhkəməyə təqdim olunmamışdır.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 34.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2583/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2583/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar