Məhkəmə qərarları › İş №2-1(103)-2128/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2128/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2128/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı X4, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi X8 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP (British Petroleum) Exploration Xəzər LTD Şirkəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işlə təmin edilmə, kompensasiyanın ödənilməsi və s.” barədə iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6401/2021 saylı 02 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X4 cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Exploration Xəzər LTD Şirkəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, BP (British Petroleum) və ARDNŞ-nın (SOCAR) Birgə layihəsində kadr hazırlığı üzrə iş təcrübəsi, X1 üzrə (X7ması üzrə) keçdikləri sahə üzrə onu və qardaşını və ya onların qruplarının hamısını BP (British Petroleum-Britania Petrolu) Şirkətinə, memarondom və birgə sazişlərinə əsasən işlə təmin etməyi və ya SOCAR-da (ARDNŞ) işlə təmin olunması, ona təqdim etdiyi Ədliyyə Nazirliyinin (2016-cı ildə təqdim etdiyi) və son şəxsiyyət vəsiqəsindəki kimi X5 adı ilə də sertifikat verilməsi barədə və bununla yanaşı bütün layihə iştirakçılarına, layihəni uğurla başa vursalar da verilməyən, amma vəd olunmuş ikinci sertifikatın da verilməsi barədə, bütün iş təcrübələrini e-sosial.az və ya elektron hökumət portalına vurulmasının cavabdehlərin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə, ARDNŞ-nın idarəsi üçün “Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis” vakansiyasının müsahibə mərhələsini kamera çəkilişi ilə yenidən keçirilməsi, qanunların tələb və qaydalarının yaxşı tərəflərinin ona və bütün qrupa təyin olunması haqqında və bu zamana kimi 4 il məcbur işsiz buraxıldıqları üçün işsizlik, əməyin təhlükəsizliyi və sağlamlığı haqqında qanunun norma və qaydalarına uyğun kompensasiyanın işi vəd verən sifarişçi BP Şirkətindən və SOCAR-dan müştərək qaydada tutaraq ona və digər qrup iştirakçılarına ödənilməsi barədə və iddia tələbindəki bəndlərin hər birinin cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6401/2021 saylı 02 iyun 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılamamışdır. (hakim: A.Əhədova) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə əsassız çıxarmış qərardadında bildirir ki, iddia tələbi ilə əlaqədar ilk öncə cavabdehlərə müraciət olunmalıdır, qərardad əsassızdır çünki, ilk öncə cavabdeh orqanlara müraciət olunmuşdur, BP-Şirkətinin öhdəliyini üzərinə götürmüş ARDNŞ-də (SOCAR) yazılı qaydada iddia ərizəsinə yəni öhdəliyin icrası ilə əlaqədar və stajların daxil olunması kimi iddia tələblərinə əlaqədar ərizələrə baxmadan geri qaytarmışdır. Məhkəməyə müraciət edərək bildirmişdir ki, ARDNŞ və BP-Şirkətinə iddia tələbi ilə əlaqədar və hətta qrupun bir illik stajını Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Əməyin Mühafizəsi (SƏTƏM) norma və qaydalarına riayət olunmadan və E-sosial.az və Elektron hökumət portalına daxil olunmadan işlədilmişlər və cavabdehlərə də müraciət etmişlər. Azərbaycan Respublikasının qanunvericiliyində bildirilir ki, cavabdehlərdən birinin hüququ ünvanı üzrə işlərə aidiyyəti üzrə müraciət olunmuş işlərə birgə məhkəmələrdə baxıla bilər. Hazırda bu iddia ərizələrindən sonra SOCAR, yəni Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti adını daşısa da, guya İnzibati Orqanlıqdan çıxıbsa da, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi İnzibati orqandır və cavabdehlərdən iddia tələbi birgə inzibati məhkəmədə baxılmalı idi. BP-Şirkətinin sifarişini qəbul edərək onlar bir illik kadr kimi hazırlaşdırmaq və işlətmək öhdəliyini üzərinə ARDNŞ (SOCAR)götürsə də, sonda stajını daxil etməməsi və sairə iddia tələbi kimi tələb olunsa da hakim qərardadda yazır və bildirir ki, birinci cavabdehlərə müraciət olunmalıdır ona görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cavabdeh ola bilməz kimi ifadələr bildirir. Hakim iddia ərizələrini məhkəmə zalında ona göstərərək bildirdi ki, tərəflərə göndərməmişdir. Özbaşınalıq edərək tərəfləri məhkəmədə tələb etməyərək məhkəmə prosesini bilərəkdən saxtalaşdırmağa çalışmışdır. 16 sentyabr 2020-ci il tarixində məhkəməyə bu işlə əlaqədar müraciət olunsa da və dəqiqləşmə verərək 19 noyabr 2020-ci il tarixində yenidən iddia ərizəsinə əlavə olunsa da hakim Fərid Mədətli hakimlik və katiblik qayda və normalarına riayət etmədən 16 sentyabr tarixli ərizəyə qərar çıxarmışdır. Qeyd edir ki, hakim işə baxa bilməli olmadığı ilə əlaqədar vəsatət verilmişdir. Hakim isə hakimlik norma və qaydalarına riayət etmədən işə baxmışdır. Dəqiqləşmə verərək və əlavə sübutları təqdim edərək 03.05.2021-ci il tarixində BP (Britiş Petrolium) və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin) memorondom, saziş öhdəliyinin icrası ilə əlaqədar məhkəməyə tam iddia irəli sürmüşdür. 02.06.2021-ci il tarixində əsassız qərardad çıxarıldı. Yenə də, hakim məhkəmə qayda və normalarına riayət etmədən və öz peşəsinə hörmət etmədən, ayağa qalxmadan əsassız qərardadı elan etdi. Əsaslandırdığı faktların heç birinə diqqət yetirmədən və ya hakimlik qayda və normalarını bilmədən və ya bilərəkdən bildiyi halda qərəzli mövqe daşıyaraq cavabdeh orqanların sifarişlərini qəbul edirdi. Hesab edir ki, məhkəmə hətta Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin məşğulluq haqqında qanunun qayda və tələbləri ilə əlaqədar iddia tələbində əsaslandırdığı ilə əlaqədar məhkəməyə dəvət etməli idi. Konstitusiya Məhkəməsi məşğulluq haqqında qanunun müdafiə etməli idi. İddia ərizəsindəki faktlar və tələblər tam əsaslandırılmalı idi. Hakim isə inzibati məhkəməyə aid olan hissələrə də toxunmadan əsasız qərardad çıxartmışdır. Sonradan iddiaçı apelyasiya şikayətinə eyni məzmunlu əlavə verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı X4 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi X8 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X9 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbayca BP (British Petroleum) Exploration Xəzər LTD Şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan cavabdehin nünayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı BP Şirkətində və SOCAR (ARDNŞ)-da işlə təmin edilməsini, son şəxsiyyət vəsiqəsindəki adıyla sertifikatın verilməsi, ikinci sertifikatın verilməsini, iş təcrübələrinin əmək kitabçası, e-sosial.az və ya elektron hökumət portalında qeyd olunmasını, müsahibə mərhələsinin kamera çəkilişi ilə yenidən keçirilməsini, məcbur işsiz buraxıldığı üçün kompensasiyanın işi vəd edən BP Şirkətindən və SOCAR-dan müştərək qaydada tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iddiaçının tələbinin yönəldiyi cavabdehlərdən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və BP (British Petroleum) Exploration Xəzər LTD Şirkəti inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan və ya Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs kimi nəzərdə tutulmamışdır. Qeyd edilən qurumlar inzibati məhkəmə icraatında cavabdeh qismində çıxış edə biləcək subyekt ola bilmədiklərindən onlara qarşı tələblərlə bağlı (işlə təmin edilmə, sertifikatın verilməsi, iş təcrübələrinin əmək kitabçası və ya e-sosial.az və ya elektron hökumət portalında sistemə vurulması, müsahibənin keçirilməsi, məcburən işsiz buraxıldığı üçün kompensasiyanın ödənilməsi) mübahisələr də inzibati mübahisə hesab edilə bilməz. Qeyd edilən tələblər mülki xarakterli olmaqla inzibati məhkəmə icraatının predmetinə aid deyildir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının eyni cavabdehlər Dövlət Neft Şirkəti (SOCAR) və BP Exploration Xəzər LTD Şirkətinə qarşı eyni tələblə bağlı iddiası əvvəllər də məhkəmə icraatının predmeti olmuşdur. Belə ki, Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-6576/2020 nömrəli qərardadı ilə iddiaçı X2 cavabdehlər X3 Şirkəti (Caspian Sea) LTD, Azərbaycan Dövlət Neft Şirkətinə qarşı “işlə təmin edilmə, yenidən müsahibə keçirilmə, iş təcrübələrinin iş stajı kimi əmək kitabçası, e-sosial.az və ya elektron hökumət portalında vurulması, kompensasiyanın ödənilməsi və s.” barədə tələbinə dair iddiası mümkün sayılmamışdır. Sözügedən qərardadla məhkəmə iddianın mümkün sayılmaması əsası kimi hesab etmişdir ki, iddiaçı tərəfindən inzibati prosessual qanunvericiliyin tələbinə zidd olaraq inzibati orqan olmayan hüquqi şəxslər cavabdehlər kimi seçilərək onlara qarşı iddia qaldırılmışdır. Həmçinin iddia tələbi inzibati mübahisəni (publik hüquq sahəsini) təşkil edən mübahisə deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (8.3-cü bənd). Göründüyü kimi iddiaçının eyni tələblə bağlı eyni cavabdehlərə (BP və SOCAR) qarşı iddiası inzibati məhkəmədə baxılaraq mümkün sayılmamışdır. İddiaçının eyni əsaslarla qaldırdığı hazırki tələbi yenidən mümkünlük şərtlərinə cavab vermir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının inzibati orqan olmayan hüquqi şəxslərə qarşı iddiası ilə bağlı mübahisəyə inzibati məhkəmə icraatında baxılmasının mümkünsüzlüyü nəticəsi ilə yanaşı izah etmişdir ki, iddiaçının hüquqi şəxslərə yönəlmiş tələblər ilə bağlı mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. İddiaçının cavabdeh qismində qoyduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ona qarşı yönəlmiş tələbə gəlincə isə məhkəmə hesab etmişdir ki, adıçəkilən nazirlik statusca inzibati orqan olsa da ona qarşı yönəlmiş hazırki tələb üzrə qanunla cavabdehliyi müəyyən olunmamışdır. Belə ki, hazırki işdən görünür ki, iddiaçı SOCAR-ın Qaz emalı zavodunda və Neft emalı zavodunda keçdiyi 1 illik iş təcrübələrinin, eləcə də iddia ərizəsinə əlavə etdiyi əmək müqavilələri üzrə son iş təcrübələrinin əmək kitabçası, e-sosial.az və ya elektron hökumət portalında qeyd olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələb irəli sürmüşdür. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydalarına əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilir. İşçinin əmək fəaliyyəti haqqında müvafiq qeydlərin də (işə qəbul, işdən çıxma və s.) əmək kitabçasına, elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işçi ilə əmək müqaviləsi bağlamış işəgötürənin səlahiyyətinə aiddir. Hazırki iş üzrə iddiaçı iş təcrübələrinin əmək kitabçası, e-sosial.az və ya elektron hökumət portalında qeyd olunması tələblərini bilavasitə işləmiş olduğu müəssisə və ya qurumdan tələb etməli olduğu halda qeyd olunan məsələ ilə bağlı tələbini qanunla üzərinə hər hansı vəzifə qoyulmamış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yönəltmişdir. İddiaçının məcburi işsiz buraxıldığı üçün işsizlik haqqında və əməyin təhlükəsizliyi və sağlamlığı haqqında qanunun norma və qaydalarına uyğun kompensasiyanın hesablanması ilə bağlı tələbi isə bilavasitə iddiaçının təcrübə keçdiyi hüquqi şəxslər BP (British Petroleum) Exploration Xəzər LTD Şirkəti və Dövlət Neft Şirkəti ilə bağlı olub onlara qarşı yönəlmiş tələb olduğundan eyni zamanda cavabdeh qismində qoyulmuş inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tələb edilə bilməz. Beləliklə, hazırki halda cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının tələbi ilə bağlı cavabdehliyi olmadığından və sonuncunun inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır........Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Həmin Qərarın 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehlərdən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və BP (British Petroleum) Exploration Xəzər LTD Şirkəti inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bu tələb həmin orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati aktı və ya inzibati xarakterli hərəkətləri (və ya hərəkətsizliyi) ilə bağlı deyil, mübahisə əmək münasibətlərindən irəli gələn mülki hüquq xarakterli olduğundan iddia tələbinə inzibati mübahisə kimi inzibati məhkəməsində baxıla bilməz. Həmçinin məhkəmə kollegiyası iddiaçıya izah edir ki, onun hüquqi şəxslərə yönəlmiş tələbləri ilə bağlı mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüquqları saxlanılır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan işin hallarına və qanunvericiliyin normalarına əsasən hazırki mübahisə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçıların nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X2 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6401/2021 saylı 02 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar