Məhkəmə qərarları › İş №2-1(103)-2129/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2129/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2129/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “poçt şöbəsinin açılması” barədə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5633/2021 saylı 21 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ən çox əhalisi olan Afurca kəndində yeni poçt şöbəsinin açılmasının cavabdehin üzərinə vəzifə olaraq qoyulması, rayon daxilindəki ünvanlara gedən məktubların X2 göndərilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiya-Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin 28.08.2016 tarixli 141 saylı əmrinə əsasən Afurca kəndi daxil olmaqla 10 kəndə xidmət göstərən Kunxırt poçt şöbəsi yalan məlumatlara əsaslanaraq bağlanmışdır. 5 ildir bu 10 kənddə yaşayan 10 şəhid, yüzlərlə qazi, veteran, zabit, əsgər ailələri daxil olmaqla 2976 nəfər - 500 dən çox ailə elektrik, qaz, internet, telefon, pul köçürmələri, məktub, teleqram, bağlama, hədiyyə göndərmək və almaq üçün hər ay 35-40 km məsafədəki Quba şəhərindəki poçt şöbəsinə gəlmək üçün əziyyət çəkir, vaxt xərcləyir. Kunxırt poçt şöbəsinin yerləşdiyi binada o vaxt və indi Güləzi kənd i.ə.d. üzrə icra nümayəndəliyi, Güləzi kənd bələdiyyəsi və yeni yaradılmış 11 saylı xüsusi təyinatlı yol istismar idarəsi yan-yana fəaliyyət göstərir. Quba-Qonaqkənd asfalt yolu və qaz xətti həmin binanın 10-15 metrliyindən keçir. Son 200 ildə Kunxırtda sürüşmə yoxdur. 2010-cu ildə Güləzi kəndində 5-6 evin dağılması ilə nəticələnən sürüşməyə görə kənddən 169 ailə qismən köçüb, təxminən 650-700 nəfər. Köçən ailələrin də 15-20%-i hal-hazırda Güləzi kəndində qalıb, yaşayır. Kənddə l-İX siniflərin oxuduğu 9 illik məktəb var, qalan əhali ətraf 10 kəndlə birlikdə cəmi 2976 nəfərdir. Kunxırt poçtu 2012-ci ildə poçt müdiri Yeni Güləziyə köçdüyü üçün 4 il 50 km məsafədən "idarə olunub". Bu zaman poçtun rentabelli işləməsi mümkün deyil ki, bunun da günahkarı Quba poçt filialının rəhbərliyi və “Azərpoçt" MMC-dir. Afurca kəndi daxil olmaqla ətraf 10 kəndə guya poçt xidməti göstərir. Qonaqkənd poçt şöbəsi kənddən 15-20 km, Qubadan 50 km məsafədə olduğuna görə yalnız gecikmiş məktubları gətirə bilir. Digər poçt xidmətlərindən 5 ildir məhrumdurlar. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5633/2021 saylı 21 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Əhədova) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işə yenidən baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Azərpoçt MMC-nin 28.08.2016 tarixli 141 saylı əmrinə əsasən Afurca kəndi daxil olmaqla 10 kənddə yaşayan 2976 nəfərə xidmət göstərən Kunxırt poçt şöbəsi yalan məlumatlara əsaslanaraq bağlanmışdır. 5 ildir bu 10 kənddə yaşayan 10 şəhid,100-lərlə əsgər, zabit, veteran, qazi ailələri daxil olmaqla faktiki yaşayan 2976 nəfər-500-dən çox ailə elektrik, qaz, internet, telefon, puköçürmələri, məktub, teleqram bağlama, hədiyyə göndərmək və ya almaq üçün hər ay 35-40 km məsafəyə-Quba poçt şöbələrinə getmək üçün əziyyət çəkir, vaxt və pul itirir. Çoxsaylı müraciətlərinə nazir müavinləri və s. verdiyi cavablarda doğru olmayan "faktları" sadalayır: (Kunxırt poçt şöbəsi sürüşmə zonası, əhalinin böyük bir qismi Yeni Güləzi massivinə köçürüldüyü, poçt şöbəsi zərərlə işlədiyi,...üçün qalan əhaliyə 15 km məsafədən Qonaqkənd poçt şöbəsi xidmət göstərir). 21.05.2021 tarixdə Bakı inzibati Məhkəməsinin iclasında Kunxırt poçtunun, Güləzi i.ə.d.-nin, Güləzi bələdiyyəsinin, 11 saylı xüsusi təyinatlı yol idarəsinin, Quba-Qonaqkənd asfalt yolunun və qaz xəttinin poçt binası qarşısından keçən hissəsinin 18.05.2021 tarixdə çəkilmiş fotosunu təqdim edərək poçt binasının və Kunxırt kəndinin sürüşmə zonası olması "faktının" yalan olduğunu, Yeni Güləzidə tikilən 169 mənzilə Güləzidən 169 ailənin (600-700 nəfərin köçməsi nəzərdə tutulsa da bunların 20-25%-nin faktiki olaraq köçmədiyini, Güləzi kəndində hal-hazırda 9 illik məktəbin, Afurca kəndində 11 illik məktəbin, Kunxırt kəndində ibtidai məktəbin, Xırt kəndində ibtidai məktəbin olduğunu qeyd etmişdir. Quba rayonunun Güləzi kənd i.ə.d.-dəki 10 kənddə 01.01.2019 tarixdə Quba rayon statistika idarəsinin məlumatında 2700 nəfərdən çox əhalinin yaşadığı qeyd olunan sənəd işdə var. Nazirliyin 17.05.2021-ci il tarixli 1-3-17/3368-21 saylı "Etiraz" məktubunda (ona heç vaxt bildirmədikləri) "poçt şöbəsinin açılması üçün Rabitə və informasiya Texnalogiya Nazirliyinin 15.01.2008-ci il tarixli 02 saylı əmrinin 1.2.2-ci bəndinə əsasən dağlıq və dağətəyi ərazilərdəki kəndlərdə əhalinin sayı 1000 nəfərdən yuxarı olmalıdır" yazılır. Kunxırt kəndində əvvəllər 50 il ərzində poçt şöbəsinin olduğu illərdə cəmi 200-300 nəfərin yaşadığı məlumdur. Bu poçt şöbəsi təkcə Kunxırt əhalisinə yox, ətraf 10 kəndin əhalisinə xidmət göstərirdi. Quba RİHB-nin Güləzi kənd i.ə.d üzrə nümayəndəsi S.Cəfərovun 21.04.2021 tarixli №20 saylı məktubunda Güləzi kəndində qalıb, yaşayan əhalinin sayı qəsdən gizlədilib. Həmin məktubun sonunda mənə də Yeni Güləzi massivində 4 otaqlı yaşayış mənzili verildiyi qeyd olunub. Onun kimi Yeni Güləzi massivinə köçməyən ailələrin sayı onlarladır. O, xx.xx.1955 tarixdən bu günədək Quba rayonunun Afurca kəndində yaşayır. Son 11 ildə Güləzi kənd ümumi orta məktəbində müəllim işləmişdir. Quba rayonunun Güləzi kənd i.ə.d-dəki 10 kənddə yaşayan 2976 nəfərin poçt xidmətlərindən məhrum olunması bu şəxslərin "hüquq və azadlıqlarının bərabərliyinin təminatını" pozmuşdur. Hal-hazırda Quba rayonunda poçtu olmayan tək Güləzi kənd i.ə.d-dəki əhalinin sayında 3-4 dəfə az əhalinin yaşadığı Xınalıq, Söhüb, Yerfi və s. poçtlarının xidmət göstərdiyi əhalinin ayrılıqda sayı 600- 700 nəfərdir. Hazırda poçt xidmətindən məcburi məhrum olunan 10 kənddə 2976 nəfərin (1000 nəfərdən 3 dəfə çox) yaşadığını, respublikada olan kənd poçtlarının böyük əksəriyyətinin ziyanla işlədiyini, 2010-2016-cı illərdə Kunxırt poçtunun işinə nəzarətin olmamasını, Qonaqkənd poçtunun onlardan 15-20 km məsafədə olmasını, bu poçtun onlara yalnız gecikmiş məktublar gətirdiyini, son 30 ildə Güləzi kənd i.ə.d.-dəki 10 kənddə yaşayan şəxslərin Qonaqkəndə gediş-gəlişinin mümkün olmamasını, islahat adı ilə rayon daxilinə yazılan məktubların nahaq yerə X5 filialına göndərilməsini, ümumilikdə onlara (2976 nəfərə) göstərilən poçt xidmətinin sıfır səviyyəsində olmasını, ən əsası Kunxırt poçt şöbəsinin şəxsi arzulara görə bağlanmasını və işə aid təqdim olunan sənədləri nəzərə alaraq apelyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətinə yazılı etiraz təqdim etmiş və etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən Quba rayonunun Afurca kəndində poçt şöbəsinin açılması məqsədilə dəfələrlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilmiş və həmin müraciətlər tərəflərindən cavablandırılmışdır. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə uyğun olaraq poçt rabitəsinin milli operatoru Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən universal poçt rabitəsi və poçt-maliyyə xidmətləri göstərilməsi üçün təyin olunmuş poçt operatorudur. Ölkənin milli poçt operatoru olaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhaliyə və eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçtmaliyyə xidmətlərinin göstərilməsini həyata keçirir. İddia tələbi ilə əlaqədar bildirilir ki, yeni poçt şöbəsinin açılması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 12.04.2006cı il tarixli 77 saylı əmrinin 1.2.3-cü bəndinə əsasən kənd və qəsəbələrdə əhalinin sayı 2000 nəfərdən yuxarı və həmin əmrin 1-ci bölməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 15.01.2008-ci il tarixli 02 saylı əmrinin 1.2.2-ci bəndinə əsasən isə dağlıq və dağətəyi ərazilərdəki kəndlərdə əhalinin sayı isə 1000 nəfərdən yuxarı olmalıdır. Quba rayonunun Güləzi kənd İƏD üzrə nümayəndəliyinin rəsmi məlumatına əsasən Afurca kəndində əhalinin sayı 790 nəfərdir, bu da yeni poçt şöbəsinin açılması üçün mövcud normativlərin tələblərinə uyğun deyildir. Qeyd olunur ki, Quba poçt filialının rəsmi məlumatına əsasən Güləzi icra nümayəndəliyinin köhnə binasında, icarə yolu ilə sahəsi 9 m2 olan bir otaqda, həmçinin 2012-ci ildə torpaq sürüşməsinin baş verdiyi ərazidə fəaliyyət göstərən Kunxırt poçt şöbəsi son 2013-2015-ci illər və 2016-cı ilin İ yarımilliyi ərzində zərərlə işləmişdir. Belə ki, 2013-cü il üzrə faktiki tarif gəliri (ƏDV ilə) 199,2 manat, istismar xərci 2272,0 manat, zərəri 2002,0 manat, 2014-cü il üzrə faktiki tarif gəliri (ƏDV ilə) 130,62 manat, istismar xərci 2272,0 manat, zərəri 2100 manat, 2015-ci il üzrə faktiki tarif gəliri (ƏDV ilə) 85,43 manat, istismar xərci 2272,0 manat, zərəri 2151,0 manat, 2016-cı ilin İ yarımilliyində faktiki tarif gəliri (ƏDV ilə) 29,22 manat, istismar xərci 1136,0 manat zərəri isə 1106,0 manat olmuşdur. Eyni zamanda Güləzi və Kunxırt kəndlərində yaşayan əhalinin çox hissəsi yeni Güləzi kəndinə köçürüldüyünə və Kunxırt poçt şöbəsinin həm zərərlə, həm də sürüşmə zonasında yerləşdiyinə görə sözügedən poçt şöbəsinin fəaliyyətinə xitam verilməsi haqqında Quba poçt filialının rəhbərliyi tərəfindən 03.08.2016-cı il tarixli 389 saylı məktubla "xxxx" MMC-yə rəsmi müraciət olunmuşdur. Bu baxımdan "xxxx" MMC tərəfindən müvafiq araşdırmalar aparılmış və 30.08.2016-cı il tarixli ***-**** saylı məktubla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rəsmi müraciət olunmuş və RYTN-nin 09.09.2016-cı il tarixli 3-14/10688 saylı məktubuna uyğun olaraq "Azərpoçt” MMC-nin 28.09.2016-cı il tarixli 141 saylı əmrinə əsasən 03.10.2016-cı il tarixindən Quba poçt filialının Kunxırt poçt şöbəsinin fəaliyyətinə xitam verilmişdir. Bu səbəbdən Kunxırt poçt şöbəsinin xidmət ərazisində olan yeni Güləzi kəndi Aşağı Atuc poçt şöbəsinin xidmət ərazisinə, Dalaqo, Xanagahyolu, Xırt, Aydınkənd, Afurca, Firiq, Ruçuq və Atuc kəndləri isə Qonaqkənd poçt şöbəsinin xidmət ərazisinə verilmişdir. Hal-hazırda Afurca kənd əhalisinə Quba poçt filialının tabeliyində olan Qonaqkənd poçt şöbəsi tərəfindən poçt rabitəsi xidmətləri göstərilir. Eyni zamanda bildirilir ki, Qonaqkənd poçt şöbəsi 2020-ci il üzrə zərərlə işləmişdir. Belə ki, həmin il üzrə faktiki tarif gəliri (ƏDV ilə) 3490,0 manat, istismar xərci 7900,0 manat, zərəri isə 4820,0 manat olmuşdur. Həmçinin 2020-ci il ərzində Afurca kəndinə 139 ədəd sifarişli-xəbərnaməli məktub daxil olmuşdur ki, onlardan 47 ədədi iddiaçıya, 2021-ci ilin İ rübü ərzində isə həmin kəndə 26 ədəd sifarişli-xəbərnaməli məktub daxil olmuşdur ki, onlardan 11 ədədi iddiaçıya təqdim olunmuşdur. Əlavə olaraq bildirilik ki, Güləzi kənd İƏD üzrə nümayəndəliyinin rəsmi məlumatına əsasən 1-ci Qarabağ müharibəsi dövründə Afurca kəndinin 8 nəfər şəhidi və 3 nəfər qazisi, 2-ci Qarabağ müharibəsi dövründə isə nümayəndəliyin Xırt kəndinin 1 nəfər şəhidi olmuşdur və həmin şəhidin ailəsi yeni Güləzi yaşayış massivində yaşayır. Həmçinin İddiaçı Afurca kəndində yaşadığı ev qəzalı vəziyyətdə olduğundan yeni Güləzi yaşayış massivində müvafiq qaydada mənzillə təmin edilmişdir. Beləliklə qeyd olunanlardan və işin hallarından məlum olur ki, Quba rayonunun Afurca kəndində yeni poçt şöbəsinin açılması məqsədəuyğun hesab edilmədiyindən iddia tələbini qanunsuz və əsassız hesab edirlər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ən çox əhalisi olan Afurca kəndində yeni poçt şöbəsinin açılmasının cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını və rayon daxilindəki ünvanlara gedən məktubların X2 göndərilməməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iddiaçının cavabdehdən tələb etdiyi poçt şöbəsinin açılması tələbi hər hansı maddi hüquq normalarında ifadə olunmadığından publik hüquq kimi qiymətləndirilə bilməz. İddiaçının poçt xidməti ilə bağlı poçt göndərişi göndərmək, qəbul etmək, müvafiq ünvana çatdırılmasını tələb etmək, çatdırılmadığı, vaxtında çatdırılmadığı, itirildiyi və ya zədələndiyi hallarda poçt operatoruna qarşı müvafiq zərərin ödənilməsi tələbi ilə çıxış etmək və s. kimi qanundan irəli gələn hüquqları mövcuddur. Bu hüquqlarla bağlı poçt rabitəsini idarə edən cavabdeh inzibati orqanla mübahisə isə o zaman yarana və məhkəmə icraatının predmetinə çevrilə bilər ki, inzibati orqan bilavasitə iddiaçının poçt göndərişləri və ya poçt xidməti ilə bağlı inzibati akt qəbul etmiş və ya faktiki xarakterli hərəkətə (hərəkətsizliyə) yol vermiş olsun. İddiaçının tələb etdiyi yeni poçt şöbəsinin açılması bilavasitə inzibati orqanın təşkilatistruktur, yerləşmə, ümumən cari idarəçilik fəaliyyəti ilə əlaqədardır ki, bununla bağlı fəaliyyət inzibati proses hesab olunmur və inzibati icraatla tənzimlənmir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, müvafiq icra hakimiyyəti orqanının təşkilati struktur vahidlərinin (bölmə, filial, şöbə, nümayəndəlik və s. qurumlarının) yaradılması və ya fəaliyyətinə xitam verilməsi ilə bağlı təşkilati məsələlər məhkəmənin nəzarət səlahiyyətinə aid olmamaqla yanaşı, hakimiyyətlər bölgüsünün məğzini təşkil edən hakimiyyət qollarının bir-birilərinin səlahiyyətlərinə müdaxilə etməmək, çəkindirmə və tarazlaşdırma prinsiplərinə də ziddir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Hazırki iddia tələbi cavabdehin inzibati hüquq sahəsindəki fəaliyyəti- inzibati aktı və ya inzibati xarakterli hərəkətləri (və ya hərəkətsizliyi) ilə bağlı deyil. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5633/2021 saylı 21 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar