Məhkəmə qərarları › İş №2-1(103)-2129/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2129/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2129/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işsiz kimi qeydiyyatda olduğu vaxtdan “Veteranlar haqqında” AR Qanununa müvafiq olaraq aylıq əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağın, yəni 3722 manat təmin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(112)-2151/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qаrşı məhkəmədə iddia qaldıraraq “vətəndaşın müraciətinə cavab verilməməsi kimi hərəkətsizliyin qanunsuz hesab edilməsi, işsiz kimi qeydiyyatda olduğu vaxtdan “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aylıq əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacagın, yəni 3722 manat təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, xx xxxxxx 1962-ci il təvəllüdlü ehtiyyatda olan zabitdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək yaralanmışdır. Qarabağ müharibə veteranıdır. xx.xx.2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, aylıq əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağı təmin edilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh 28 iyun 2021-ci il tarixli şikayət ərzəsini cavablandırmamışdır. Bununla da Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsini və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu pozmuşdur. İddiaçı hesab edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aylıq əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacığı təşkil edən 3722,00 manat məbləği ona ödənilməlidir: xx.xx.2020-ci il tarixdən 01 yanvar 2021-ci ilədək hər ay minimum əmək haqqı 190 manatdan cəmi 950 manat, xx.xx.2021 –ci il tarixdən xx.xx.2022-ci ilədək hər ay 196 manat, cəmi 2352 manat, xx.xx.2022-ci il tarixdən işsiz olduğu müddət ərzində hər ay 210 manat, cəmi 420 manat. . İşin birinci instansiya icraatı zamanı cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddianın mümkünsüz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması və s. (Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il 5 saylı Qərarı). Subyektiv hüququn olub-olmaması dedikdə iddiaçının tələbinə əsas verən hal, yəni cavabdehin hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması faktı mövcud olmalı və iddiaçı bu faktı sübut etməlidir. Digər tərəfdən, iddianın mümkün sayılması üçün iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən cavabdeh tərəfindən imtina olunması faktı mövcud olmalıdır. İddianın mümkün sayılması əsasları inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması; inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasıdır. Belə ki, iddiaçının tələb etdiyi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə işsiz olduğu müddətədək hər ay 196 manat məbləğində müavinət ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov RHK tərəfindən rəsmi olaraq veteran adı verilmiş və MA/ seriyalı 018160 nömrəli vəsiqə təqdim edilmişdir.“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019- cu il tarixli 641 nömrəli Fərman ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Beləliklə, xx.xx.2019-cu il tarixdən qüvvəyə minən qanunvericilikdəki sözügedən tənzimləmələrə müvafiq olaraq müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə AR Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd edilən tarixdən etibarən müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət deyil, təqaüd verilməyə başlanılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixədək “Sosial müavinətlər haqqında” Qanunun tələbinə uyqun olaraq sosial müavinət ödənmişdir. Qeyd olunan müavinət xx.xx.2019-cu il tarixdən etibarən 80 manat məbləğində prezident təqaüdü ilə əvəz olunmuşdur. AR İPM 35-ci maddəsində nəzərdə tutulmuş normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraatt qaydasında baxılan istənilən iddia – inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qanunvericilik normasından göründüyü kimi veteran statusu olan şəxslərə işsiz olduğu müddətədək hər hansı müavinətin ödənilməsi nəzərdə tutulmamışdır Bakı İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(112)-2151/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işsiz kimi qeydiyyatda olduğu vaxtdan “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aylıq əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacagın, yəni 3722 manat təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissədə iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş və əlavə olaraq bildirilmisdir ki,əmək haqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat verilməsi dedikdə, müharibə veteranının dolanacağa ehtiyacı oldugu halda əmək haqqının minimum səviyyəsindən az olmayan məbləğdə vəsaitə dövlət tərəfindən təminat verilməsi nəzərdə tutulur. Həmcinin, hər bir veterana zəruri təlabatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlərin göstərilməsi Əmək və Əhaliin sosial Müdafiəsi Nazirliyinin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı işsiz kimi qeydiyyatda olduğu vaxtdan “Veteranlar haqqında” AR Qanununa müvafiq olaraq aylıq əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağın, yəni 3722 manat təmin edilməsini xahiş etsə də, işin faktiki hallarına əsasən cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı subyektiv hüququnun pozulması müəyyən edilmir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mövcud olan qanunvericilik normalarında müharibə veteranlarına işsiz olduqları müddətdə hər hansı təzminatın ödənilməsi nəzərdə tutulmamışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(112)- 2151/2022 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar