Məhkəmə qərarları › İş №2-1(103)-2129/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2129/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2129/2024 18.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «arayışın verilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1650/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzilinin üzərində xüsusi mülkiyyət hüququnun mərhum X5 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 iddiaçının atasıdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 savlı evin 2 saylı mənzil 11 oktyabr 1954-cü il tarixdə 177 saylı orderlə iddiaçının atasına verilmiş, iddiaçının atasının həmin mənzilin özəlləşdirmək hüququ olmuş, lakin öldükdən sonra bu hüquq iddiaçıya keçmişdir. iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək həmin mənzilin özəlləşdirilib Dövlət Reyestrində qeydə alınmasını xahiş etmişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 1 saylı Bakı Ərazi İdarəsinin məktubu ilə ona cavab verilərək, mənzilin adına özəlləşdirilməsindən imtina edilmiş, əsas kimi isə mənzilə dair Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi göstərilmişdir. Bununla əlaqədar iddiaçı bildirmişdir ki, həmin mənzil qanuni əsaslarla atasına verilmiş və atası 1954-cü ildən öz ailəsi ilə həmin mənzildə yaşamış, iddiaçı da mənzilin atasına verilməsi barədə 11 oktyabr 1954-cü il tarixdə 177 saylı orderi cavabdehə təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şənlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsin də göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşın çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinəverilə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründyü kimi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanına dair Order həmin mənzilin üzərində iddiaçının hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 15-ci bəndinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Lakin iddiaçının Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətimdən imtina üçün belə bir əsaslar olmamış, cavabdeh Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 15-ci bəndində göstərilməyən əsaslarla iddiaçının müraciətinə imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1650/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin etməyərək qərarını onunla əsaslandırılmışdır ki, “....iddiaçı 2009-cu il tarixinədək, yəni 2022-ci il tarixindən sonra müvafiq mənzil münasibətlərində olduğundan, həmçinin iddiaçının atası və qardaşı ilə həmin mənzilə dair qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən müvafiq kirayə müqaviləsi bağlanılmadığı üçün həmin şəxslər mənzilə dair mülkiyyət hüquqlarını əldə etmədiyindən iddiaçının qüvvədə olan Mənzil Məcəlləsinin 146-cı maddəsinə və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununa əsasən iddia tələbi əsaslı və qanuni hesab edilə bilməz.” Məhkəmə kollegiyası aşağıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya bildirir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. İş materiallarında olan: Ordjonikidze Trestinin Mənzil Kommunal Kontorunun 11 oktyabr 1954-cü il tarixli 177 saylı Orderinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzili X4 adına verilmişdir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim etdiyi “Əzizbəyovneft” NQCİ-nin xx.xx.1988-ci il tarixli 50 saylı rəyindən görünür ki, X9 öldükdən sonra həmin mənzilin kirayə müqaviləsi vətəndaş X6 adına dəyişdirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsində yerləşən 9 saylı evin 2 otaqlı 2 saylı mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli 10 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzilinin kirayə müqaviləsi İddiaçı adına dəyişdirilərək, o həmin mənzilin kirayəçisi hesab edilmişdir. Göründüyü kimi, 11 oktyabr 1954-cü il tarixli 177 saylı Orderinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzili X4 adına verilmiş, daha sonra isə xx.xx.2023-cü il tarixli 10 nömrəli Sərəncam əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzilin kirayə müqaviləsi İddiaçı adına dəyişdirilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının nail olmaq istədiyi məqsəd Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzilinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasıdır. Hazırkı işdən görünür ki, iddiaçı yuxarda qeyd edilən order əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzilin özəlləşdirilməsi üçün cavabdehə müraciət etmək əvəzinə, həmin mənzil üzərində xüsusi mülkiyyət hüququnun mərhum X5 məxsus olmasına dair arayış verilməsini xahiş etmiş, imtina aldıqda isə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Halbuki, iş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri X3 tərəfindən təsdiq edilmiş 4-Ə-1/122 reyestr nömrəli xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4-Ə-4/1514 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, ev 9, 4 saylı mənzil X12 Məhəmmədovnanın adına qeydiyyatdan keçmişdir. Eyni zamanda həmin məktuba qoşma olaraq sözügedən mənzillərin özəlləşdirilməsinə əsas olmuş sənədlər əlavə edilmişdir. Həmin sənədlərə baxış keçirən və məhkəmə kollegiyasının iclasında iştirak edən tərəfin izahatını dinləyən Kollegiya tərəfindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsində yerləşən 9 saylı binanın yuxarda qeyd edilən mənzilləri Ordjonikidze Trestinin Mənzil Kommunal Kontoru tərəfindən verilmiş orderlər əsasında özəlləşdirilmişdir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddia tələbi onun arzuladığı məqsədə çatmaq üçün əlverişli tələb hesab olunmadığından iddia mümkün sayılmamalıdır. Həmçinin Kollegiya iddiaçı tərəfindən cavabdehə özəlləşmə ilə bağlı müraciət olunmadığını nəzərə alaraq, iddiaçıya iddia tələbinin dəyişdirilməsi ilə bağlı hüquqi yardım göstərilməsinə zərurət görmür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1650/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar