Məhkəmə qərarları › İş №2-1(103)-213/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-213/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-213/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibiQasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinə qarşı “2017-ci ilin 23 sentyabrından 2018-ci ilin 1 fevral tarixinədək işsiz olduğu müddətdə sığorta ödənişinin iddiaçıya ödənilməsi, “Vətəndaşların müraciətləri” haqqında Azərbaycan Respublikasının qanununun tələblərinin hər bir şəxsə münasibətdə olduğu kimi, iddiaçıya münasibətdə icra edilməsi, sığorta ödənişinin ödənilməməsinə görə əlavə kompensasiyanın ödənilməsinin təmin edilməsi, himayəsində olan 5 yaşlı uşağa görə sığorta ödənişinə əlavə vəsait hesablanması” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3109/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2017-ci ilin 23 sentyabrından 2018-ci ilin 1 fevral tarixinədək işsiz olduğu müddətdə sığorta ödənişinin iddiaçıya ödənilməsi, “Vətəndaşların müraciətləri” haqqında Azərbaycan Respublikasının qanununun tələbləri hər bir şəxsə münasibətdə olduğu kimi, iddiaçıya münasibətdə icra edilməsi, sığorta ödənişinin ödənilməməsinə görə əlavə kompensasiyanın ödənilməsinin təmin edilməsi, himayəsində olan 5 yaşlı uşağa görə sığorta ödənişinə əlavə vəsait hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2001-ci ildən Təhsil Nazirliyinin 23 saylı yeniyetmələrin yaradıcılıq mərkəzində dərnək rəhbəri vəzifəsində çalışmışdır. 2017-ci ilin sentyabrında Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisə ləğv edildiyinə görə əmək müqaviləsi ləğv edilmişdir. Bununla əlaqədar, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinə əsasən sığorta ödənişi almaq hüququ yaranmış və bu barədə ona Xətai rayon məşğulluq mərkəzindən xx.xx.2018-ci il tarixli 109 nömrəli məktub daxil olmuşdur. Xətai rayon Məşğulluq Mərkəzinin ona ünvanladığı xx.xx.2018-ci il tarixli məktubla əlaqədar xx.xx.2019-cu il tarixində Xətai rayon Məşğulluq Mərkəzində olanda, Mərkəzin əməkdaşı Qədirov İbrahim ona (o cümlədən həyat yoldaşı Rahim Axundova) bildirmişdir ki, sığorta ödənişinin alınması üçün müvafiq icra hakimiyyəti orqanlarından bəzi sənədləri toplayıb Mərkəzə təqdim etməlidir. Həmin sənədləri təqdim edən gün müraciəti əsassız olaraq rədd edilmişdir. Qədirov İbrahim bildirmişdir ki, sığorta ödənişini ödəmək mümkün olmayacaqdır. Bu zaman onun tərəfindən heç bir yazılı və şifahi izahat verilməmişdir. Buna görə də iddiaçı Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə xx.xx.2019-cu il tarixli məktubla müraciət etmiş, həmin məktub baxılmaq üçün Xətai rayon Məşğulluq Mərkəzinə göndərilmişdir. Buna görə də Xətai rayon Məşğulluq Mərkəzinə dəvət olunmuş, Xətai rayon X4 adında əməkdaşı (soyadını bildirmədi) onu (o cümlədən həyat yoldaşı Rahim Axundovu) qəbul edərək iddiaçını işsiz kimi qeydiyyata almış və əmək bazarında olan bir vakansiya barədə iddiaçıya məlumat vermişdir. Lakin əməkdaş Elnur onun məktubda qaldırdığı sualların heç birinə cavab verməmiş və bildirmişdir ki, həmin məsələlərə dair Mərkəzin mövqeyini əks etdirən cavab məktubunu qeydiyyatda olduğu ünvana göndərəcəkdir. Lakin Xətai rayonu Məşğulluq Mərkəzi yuxarıda qeyd olunan xx.xx.2019-cu il tarixli məktubuna poçt xidməti vasitəsilə heç bir cavab vermədiyindən həyat yoldaşı Rahim Axundov xx.xx.2019-cu il tarixində şəxsən Mərkəzə getmiş və cavab məktubunun daxil olmadığını əməkdaş Elnurun diqqqətinə çatdırmışdır. Əməkdaş Elnur isə belə bir məktubun poçt xidməti vasitəsilə göndərildiyini iddia etsə də, xx.xx.2019-cu il tarixində Rahim Axundov 149 saylı poçtda olmuş, Xətai rayonu X1 Mələk Maqsud qızının adına heç bir məktubun daxil olmadığı barədə poçtun əməkdaşı Sara xanım məlumat vermişdir. Bu da “Vətəndaşların müraciətləri” haqqında Azərbaycan Respublikasının qanununun tələblərinin pozulması deməkdir. Həyat yoldaşı Rahim Axundov məcburən Xətai rayon Məşğulluq Mərkəzinin inzibati binasına şəxsən gedərək xx.xx.2019-cu il tarixində poçt xidmətində tapılmayan xx.xx.2019-cu il tarixli **********5 nömrəli cavab məktubunun bir nüsxəsini əldə etmişdir. Xətai rayonu Məşğulluq Mərkəzinin yuxarıda qeyd edilən **********5 nömrəli cavab məktubuna görə guya axırıncı iş yeri “Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi” olmuş və iddiaçıya məlum olmayan bu “müəmmalı mərkəzdən” xx.xx.2019-cu il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən işdən azad olunmuşdur. “Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi” adlı iş yeri olmamışdır. 2018-ci ilin fevralından Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinə 3 aylıq sınaq müddəti ilə yenidən işə düzələnə qədər, qanunvericiliyə görə, 2017-ci ilin 23 sentyabrından 2018-ci ilin 1 fevral tarixinə qədər işsiz olduğu müddətə görə onun həmin sığorta ödənişini almaq hüququ yaranmışdır. Bu hüququnu Xətai rayon Məşğulluq Mərkəzi də iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli 109 nömrəli məktubla təsdiq etmiş və onu sığorta ödənişi almağa dəvət etmişdir. Yəni bu təsdiq etmə və sığorta ödənişini almağa dəvət məktubu sınaq müddəti ilə işdə olduğu vaxtda baş vermişdir. Himayəsində də 5 yaşlı uşağı vardır, həyat yoldaşı Rahim Axundov da Nizami rayonu Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdadır. Lakin bütün bunlara baxmayaraq, Xətai rayonu Məşğulluq Mərkəzi əsassız olaraq dövlətin qanunla iddiaçı üçün müəyyən etdiyi sığorta ödənişini ona ödəməkdən imtina etmiş, bununla da iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli 109 nömrəli məktubuna zidd hərəkət etmiş, yəni Məşğulluq Mərkəzi öz-özünü inkar etmiş, sığorta ödənişi almaq barədə Azərbaycan Republikasının birinci vitseprezidentinə ünvanladığı yazılı müraciətinə doğru cavab verməmiş və əksinə qeyriadekvat cavab vermiş, yəni sığorta ödənişini ödəməməyi son iş yerindən azad olunmağı barədə əmr ilə əlaqələndirmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3109/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı1 apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3109/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinə əsasən sığorta ödənişi almaq hüququ yaransa da, Xətai rayon Məşğulluq Mərkəzi tərəfindən əsassız olaraq ona sığorta ödənişi ödənilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi isə heç bir əsas olmadan iddiaçının iddia tələbini təmin etməmiş və bu qərarının onun vaxtında məsğulluq mərkəzinə müraciət edib işsiz şəxs kimi qeydə alınmadığı və sonuncu iş yerindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən işdən çıxması ilə əlaqələndirmişdir. Qeyd olunan qərarın əsassız hesab edilərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi və iddia tələbinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddia tələbini qəbul etmədiyini, ixtisara düşmüş iddiaçı işsiz kimi qeydə alınmadığı və alınmadan da yeni işə düzəlməsi səbəbindən sözügedən sığorta ödənişinin ona şamil edilmədiyini bildirib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının və cavabdhein nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı1 xx xxxxxxx 1999-xx.xx.2001-ci illərdə Nizami rayonu 61 saylı məktəbdə, xx.xx.2001-xx.xx.2017-ci illərdə Bakı şəhəri Yeniyetmələrin 23 nömrəli yaradıcılıq mərkəzində (Xətai rayonu 2 nömrəli Yeniyetmələrin Yaradıcılıq mərkəzi), xx.xx.2018-xx.xx.2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli X7 Mərkəzində çalışmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzi tərəfindən İddiaçı1 xx xxxxxx 2018-ci il tarixli, 109 saylı məktub ünvanlanaraq Bakı Şəhər Təhsil İdarəsi tərəfindən Azərbaycan Respublikasının əmək məcəlləsinin 70-ci maddəsinin a-bəndinə (müəssisə ləğv edildikdə) əsasən işdən azad edildiyindən, "İşsizlikdən siğorta haqqında" Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinə (Siğorta ödənişinin təyin edilməsi şərtləri və müddəti) əsasən ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərin siğorta ödənişini almaq hüququ olduğu bildirilmiş, qanunun maddəsini nəzərə alaraq, ən azı 3 il siğorta stajı varsa siğorta ödənişinin təyin olunması və ətraflı məlumat almaq üçün mərkəzə dəvət olunmuşdur. Daha sonra İddiaçı1 xx.xx.2019-cu il tarixdə müraciəti ilə əlaqədar Mərkəzdə olmuş, sonuncu dəfə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzində dərnək rəhbəri olmuş və xx.xx.2019cu il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən işdən azad olunduğundan ona “Məşğulluq” haqqında Azərbaycan Respublikasının Qanunu və “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikasının Qanunu barədəətraflı məlumat verilmiş və onun “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikasının Qanununun 1.2 (bu Qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir) və 13.1 (sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqişəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək müasibətlərinə xitam verilmiş və “Məşğulluq” haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər) maddələrinə əsasən işsizlikdən sığorta ödənişi almaq hüququnun olmadığı nəzərinə çatdırılmış, mərkəzdə olarkən ona özünüməşğulluq proqramı haqqında məlumat verilib əmək bazarında olan vakansiyalarla tanış edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2017-ci ilin 23 sentyabrından 2018-ci ilin 1 fevral tarixinədək işsiz olduğu müddət üçün sığorta ödənişinin ödənildiyini tələb etdiyi üçün hazırkı iş üzrə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun həmin vaxt qüvvədə olan normaları tətbiq edilməlidir. Belə ki, həmin vaxt qüvvədə olan “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən işsiz statusunun verilməsi qaydaları aşağıdakılardır: 4.1. İşi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar işsiz statusu almaq hüququna malikdirlər. 4.2. Vətəndaş yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası (yaxud onu əvəz edən sənəd), peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda) təqdim edərək işaxtaran kimi qeydə alınır. İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər. 4.3. İşaxtaran kimi qeydiyyata alınmış vətəndaş müvafiq sənədləri təqdim etdiyi andan, ona münasib iş təklif olunmadığı halda, müvafiq icra hakimiyyəti orqanı 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir. 4.4. İşsizlərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 4.5. İşsiz statusu almaq hüququ olmayan vətəndaşlar aşağıdakılardır: 4.5.1. 15 yaşına çatmayanlar; 4.5.2. pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar ; 4.5.3. qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzürsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz); 4.5.4. ilk dəfə işaxtaranlar; 4.5.5. azadlıqdan məhrum etmə cəzasını çəkənlər. 4.6. İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun biraydan sonra təkrarən işsiz statusu almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. 13.2. Bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: 13.2.1. işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada; 13.2.2. işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində.13.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən müəssisədə işin dayandırılması ilə əlaqədar qrup halında məzuniyyətə buraxılmış bu Qanunun 13.2.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər üçün sığorta ödənişinə 1,2 əmsal tətbiq olunur. 13.4. Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) bu Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əsas sığorta ödənişinə bu Qanunla müəyyən olunmuş əlavə almaq hüququ vardır. 13.5. İlk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan şəxsin bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ vardır. 13.6. Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. 13.7. Bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz. 13.8. Sığorta ödənişi almış şəxsə bu Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay sığorta stajı tələb olunur. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri Yeniyetmələrin 23 nömrəli yaradıcılıq mərkəzində tutduğu vəzifədən xx xxxxxxxx 2017-ci il tarixdə azad olsa da, o işdən azad olduğu vaxtdan xx.xx.2018-ci il tarixədək, yəni yeni işə başladığı vaxtadək işsizliyə görə sığorta ödənişinin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinə müraciət etməmişdir, odur ki, işaxtaran kimi qeydiyyata alınmamışdır. Belə olan təqdirdə məhkəmənin qənaətinə görə iddiaçının işsizliyə görə sığorta ödənişi almaq hüququ yaranmamışdır. Bundan əlavə istinad edilən qanunvericiliyin normalarından göründüyü kimi iş axtaran kimi qeydə alınmış şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən iş təklifi edilir. Belə ki, iddiaçı iş axtaran kimi qeydə alınmadığından o həmin hüququndan da məhrum olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işsizliyə görə sığorta ödənişi almaq hüququ yaranmadığından, onun sığorta ödənişinin ödənilməsi ilə bağlı tələbi haqlı olaraq məhkəmə tərəfindən təmin edilməmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, digər tələblər, yəni “Vətəndaşların müraciətləri” haqqında Azərbaycan Respublikasının qanununun tələblərinin hər bir şəxsə münasibətdə olduğu kimi, iddiaçıya münasibətdə icra edilməsi, sığorta ödənişinin ödənilməməsinə görə əlavə kompensasiyanın ödənilməsinin təmin edilməsi, himayəsində olan 5 yaşlı uşağa görə sığorta ödənişinə əlavə vəsait hesablanması barədə tələbi ilkin tələblə bağlı olduğundan iddiaçının bu tələbləri də rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Buna görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3109/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar