Məhkəmə qərarları › İş №2-1(103)-213/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-213/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-213/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin **********755400 saylı 29 aprel 2019-cu qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-146/2021 saylı 08 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı tərəfindən 3 may 2019-cu il tarixində vergi orqanına təqdim edilmiş 2018- ci il üzrə mənfəət vergisinin dəqiqləşdirilmiş bəyannaməsinə əsasən ümumi gəlirlər 632.621,88 manat, gəlirdən çıxılan xərclər 394.127,58 manat, vergiyə cəlb olunan mənfəət 238.494,30 manat, keçmiş illərin çıxılası zərəri 238.494,30 manat (2015-ci il üzrə 119.993,42 manat, 2016-cı il üzrə 61.604,47 manat, 2017-ci il üzrə 56.896,41 manat) göstərilməklə, keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəət 0 manat göstərilmişdir. Cavabdeh vergi orqanı tərəfindən aparılan araşdırmalar zamanı mənfəət vergisi bəyannaməsinin 239-cu (keçmiş illərin çıxılası zərəri) sətrindəki 238.494,30 manat məbləğin (uyğun olaraq 2015-ci il 119.993,42 manat, 2016-cı il 61.604,47 manat, 2017-ci il 56.896,41 manat) iddiaçının əvvəlki illərdə təqdim etdiyi bəyannamələrə və səyyar vergi yoxlama aktlarının nəticələri ilə (uyğun olaraq 2015-ci il 0,00 manat, 2016-cı il 0,00 manat, 2017-ci il 0,00 manat) fərqli olduğu müəyyən edilmiş və bununla əlaqədar iddiaçıya 6 may 2019-cu il tarixli **********151700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə 2018-ci il üzrə dəqiqləşmiş mənfəət vergisi bəyannaməsini təqdim etmişdir. Cavabdeh vergi orqanı 2018-ci il hesabat dövrü üzrə apardığı kameral vergi yoxlamasının nəticəsi olaraq 21 iyun 2019-cu il tarixli **********491500 nömrəli qərarı əsasında İddiaçınə 47.698,86 manat məbləğində mənfəət vergisi hesablamışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi **********755400 saylı 29 aprel 2019-cu qərarının ləğv edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisənin zərəri 1 yanvar 2015-ci il tarixə 73730,24 manat, 1 yanvar 2016-cı il tarixə 304.185,73 manat, 1 yanvar 2017-ci il tarixə 264.276,35 manat, 1 yanvar 2018-ci il tarixə 181.597,89 manat təşkil etmişdir. İddiaçı illər üzrə zərəri müvafiq bəyananmələrdə əks etdirmiş, növbəti illərin mənfəəti hesabına kompensasiya etmiş, həmin bəyannamələr də cavabdeh vergi orqanı tərəfindən qəbul edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı və 2017-ci ilin bəyannaməsinin 238-ci sətrində (zərər) heç bir məbləğ qeyd edilməmişdir. Yəni, iddiaçının mənfəət vergisinin ödəyicisi olduğu 2016-cı və 2017-ci illərdə zərəri mövcud olduğu halda, bu, bəyannamənin 238-ci sətrində öz əksini tapmalı idi. Belə ki, cari ilin zərəri bəyannamələrin qeyd edilən sətrində qeyd olunduğu halda, təsdiq oluna və növbəti illərin mənfəəti hesabına kompensasiya edilə bilər. Lakin iddiaçının özü tərəfindən təqdim edilən bəyannamələrdə zərərin qeyd edilməməsi həmin illərdə vergi ödəyicisinin zərəri olmadığı anlamına gəlir. Odur ki, iddiaçı bəyan etmədiyi, öz təsdiqini tapmayan, dolayısı ilə mövcud olmayan zərəri kompensasiya edə bilməz. Bundan əlavə, Vergi Məcəlləsinə edilmiş 30 noyabr 2018-ci il tarixli dəyişikliklə Vergi Məcəlləsinin 106.1.7-ci maddəsinə əsasən təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti (mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla) mənfəət vergisindən azaddır. Qeyd edilən maddə dərc olunduğu gündən, yəni 22 dekabr 2018-ci il tarixdən qüvvəyə minir və qüvvəyə mindikdən sonrakı münasibətlərə şamil olunur. Lakin iddiaçının mənfəət vergisi üzrə öhdəliyi 2018-ci ili əhatə edir. Yəni, qanun qüvvəyə minənədək iddiaçının vergi öhdəliyi artıq yaranmışdır. Cavabdehin yazılı etirazına dair iddiaçının mülahizəsi: Cavabdeh işin mahiyyətinə istinad edərək 2018-ci ilin X3ndə 2015, 2016, 2017-ci illər üzrə zərər məbləğlərinin düzgün qeyd edilməməsini əsas gətirmiş və bununla bağlı bildirmişdir ki, iddiaçı tərəfindən 2018-ci ilin mənfəət vergisi bəyannaməsində, 2015-ci il üzrə zərər məbləğinin qeyd edilərək cari ilin mənfəəti hesabına kompensasiya edilməsi qanuni deyildir. Vergi orqanı iddiaçı tərəfindən 2016-cı ilin mənfəət vergisi bəyannaməsi təqdim olunan zaman həmin bəyannamənin əlavəsində göstərilmiş 01 yanvar 2016-cı il tarixə gəlirdən artıq olan xərclərini (zərərini) 304185,73 (üç yüz dörd min yüz səksən beş) manat məbləğində kameral yoxlayaraq qəbul etmiş və 2016-cı ilin X3ndə həmin zərərin 101513,85 (yüz bir min beş yüz on üç) manatını, o cümlədən 73740,24 manat məbləğində 2014-cü ilin zərəri tam və 27773,61 manat məbləğində 2015-ci ilin zərəri üzrə bir hissəsi (mənfəətin qalan hissəsi) qismən Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən kompensasiya edilərək 2016-cı ilin mənfəəti vergiyə cəlb edilməmişdir. 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə isə 82678,46 manat mənfəətin keçmiş illərin (2015-ci ilin) zərəri hesabına kompensasiya edilməsindən vergi orqanı tərəfindən əsassız imtina edilmiş və əlavə vergi hesablanmışdır. Cavabdehin qərarından 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə şikayət verilmiş və məhkəmənin 20 fevral 2019-cu il tarixli 2-1(82)-160/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və vergi orqanının vergilərin hesablanması barədə qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyul 2019-cu il tarixli 2-1(103)-1493/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə bir qərar qəbul edilərkən kollegiya nəzərə almışdır ki, cavabdehin etirazında və apellyasiya şikayətində göstərdiyi maddələr üzrə kompensasiyanın qadağan edilməsini nəzərdə tutan bir müddəa (mübahisələndirilən dövrdə) mövcud deyildir. Bundan əlavə, 2017-ci ildə 2016cı il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsində keçmiş illərin zərəri əldə olunmuş mənfəət hesabına kompensasiya edildiyi və cavabdeh vergi orqanı tərəfindən həmin bəyannamə qəbul olunduğu halda, sonuncunun əvvəlki praktikasına zidd şəkildə 2017-ci il üçün mənfəət vergisi bəyannaməsi qəbul edilərkən, onun 239-cu sətrində əks olunan göstəriciyə irad tutulması əsassız hesab olunmuşdur. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə alınmış məhkəmə ekspertizasının rəyində iddiaçı tərəfindən vergidən yayınma halının müəyyən edilmədiyinin qiymətləndirilməsi işin hallarına uyğun nəticə hesab edilmişdir. Cavabdehin 2016-cı və 2017-ci illər üzrə təqdim edilmiş bəyannamələrdə həmin illərin zərərinin göstərilməməsi ilə bağlı bildirir ki, mərkəz mənfəətdən vergi ödəyicisi kimi vergi orqanında 01 iyul 2016-cı il tarixdən qeydiyyata alındığından 2016-cı ilin bəyannamə məlumatları özündə 2016-cı ilin 2-ci yarımilliyinin gəlir və xərclərini özündə əks etdirmiş və bu dövr üzrə X3 vergi orqanına təqdim edilmiş, həmin bəyannamənin əlavəsi isə illik dövr üzrə vergi orqanına təqdim edilmiş, hər iki bəyannamə vergi orqanı tərəfindən kameral yoxlanılaraq qəbul edilmişdir. 2016-cı ilin 1-ci yarımilliyində mərkəzin zərəri 61604,47 manat təşkil etmiş və həmin məbləğ X3nin əlavəsində əks etdirilmişdir. Buna görə də, həmin məbləğ 2016-cı il üzrə 2018-ci ilin X3nin 239-cu sətrində əks etdirilmişdir. 2017-ci ilin zərərinə gəldikdə isə həmin məbləğ mövcud olmamışdır. Belə ki, 2018-ci ilin Mənfəətdən vergi bəyənnaməsinin tərtibatında Vergi Məcələsinin 106-cı maddənin (Azadolmalar və güzəştlər) 106.1.7. təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti - mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla bəndində qeyd edilən güzəşt nəzərə alınmadığı üçün bu güzəşt bəyannamənin 239-cu bəndində 2017-ci il üçün öz əksini tapmışdır. Cavabdehin etirazda qeyd etdiyi Vergi Məcəlləsinin 121.3-cü maddəsi Vergi Məcəlləsinə 30 noyabr 2018-ci il tarixli 1356- VQD nömrəli Azərbaycan Respublikası qanunu ilə əlavə edilmiş və həmin qanun 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. Cavabdehin Vergi Məcəlləsinin 121.3-cü maddəsini etiraza daxil etməsi ilə əlaqədar bildirir ki, bu Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll-ci bəndinə ziddir. Həmin bəndə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan cavabdehin özünə sərfəli, lakin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə zidd olan Vergi Məcəlləsinin 121.3-cü maddəsini ağırlaşdırıcı halda geriyə şamil etməklə etiraza daxil etdiyi halda, iddiaçıya münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll-ci bəndinin tələblərini nəzərə almır, hətta bu normanı nəzərə almadan etirazda öz hüquq və səlahiyyətlərini aşaraq onların əsassız izahatına geniş yer ayırır. Bildirir ki, Vergi orqanının vergi öhdəliklərinin mövcud olması ilə əlaqədar etirazda qeyd etdiyi dəlliləri əsassızdır. Belə ki, 2018-ci il ərzində mənfəətdən vergi öhdəlikləri hal-hazırda məhkəmə mübahisəsi aparılan 16535.69 manat məbləğində şəxsi vərəqədə mövcud olmuşdur. Məhkəmə prosesi başa çatmadığından və qanuni qüvəsini almış məhkəmə qərarı olmadığından (işin Ali Məhkəmədə baxılması xx/xx/2019 tarixinə təyin edilmişdir) həmin məsələ hələlik mübahisəlidir. Bundan başqa 2018-ci ilin X3 vergi orqanına 2019-cu ilin mart ayının 31-dək təqdim edilmişdir. Vergi Məcəlləsinin 106.1.7 maddəsi 01 yanvar 2019-cu il tarixindən qüvvəyə minməsinə baxmayaraq, cavabdeh tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin tələbləri nəzərə alınmamış və bu norma hüquqi şəxsin hüquqi vəziyyətini ağırlaşdıran halda geriyə şamil edilərək mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 3.3-cü maddəsinin tələbinə əsasən heç kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneəçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Vergi Məcəlləsinin 6.1.2-ci maddəsində hüquqi şəxslərin mənfəət vergisi dövlət vergilərinə aid edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunan qanunvericilik aktı ilə 01 yanvar 2019-cu il tarixdən təhsil müəssisələrinin mənfəəti mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla mənfəət vergisindən azad edilmişdir. Belə bir normativ hüquqi aktın qəbulu ilə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin hüquqi vəziyyəti yaxşılaşdığından və hüquqi məsuliyyəti aradan qalxdığından Vergi Məcəlləsinin 106.1.7-ci maddəsinin qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məhkəmədə bu hüquq norması nəzərə alınmalı və tətbiq edilməlidir. İddiaçının yazılı mülahizəsinə dair cavabdeh orqanın münasibəti: İddiaçının qeyd etdiyi 304185,73 manat mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin “Digər aktivlər” adlanan 1.10-cu sətrində qeyd edilmişdir. Əlavənin sözügedən sətrində qeyd edilən məbləğ vergi ödəyicisinin bəyannamə təqdim edilən dövrə zərərini ifadə etməməklə, müəssisənin həmin dövrə sahib olduğu bütün maddi varlıqları əhatə edən göstəricisidir. Yəni, iddiaçının 2016- cı ilin zərəri kimi bəyannamədə qeyd etdiyini iddia etdiyi məbləğ əslində zərərin qeyd edilməli olduğu sətirdən tamamilə fərqli sətirdə əks etdirilmiş, hüquqi şəxsin zərərlə heç bir əlaqəsi olmayan fərqli göstəricisidir. Odur ki, iddiaçının heç bir əsas olmadan 2016-cı ilin mənfəət vergisi bəyannaməsinin əlavəsində zərəri göstərməsi ilə bağlı mövqeyi həqiqəti əks etdirmir və tam əsassızdır. Belə ki, cavabdeh tərəfindən iddia ərizəsinə təqdim edilmiş etirazda da qeyd edildiyi kimi, 2016-cı il üzrə zərər mövcud olduğu təqdirdə, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı ilin mənfəət vergisi bəyannaməsinin 238-ci sətrində (“Zərər”) qeyd edilməli idi. Zərərin həmin sətirdə qeyd edilməməsi vergi ödəyicisinin 2016- cı il üzrə zərərinin mövcud olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Digər tərəfdən iddiaçı mülahizədə bildirir ki, onun tərəfindən təqdim edilən 2016-cı ilin mənfəət vergisi bəyannaməsində 2016-cı il üzrə zərərin 101513,85 manat hissəsini, o cümlədən 2014-cü il üzrə zərərin tam məbləğini, yəni, 73740,24 manat məbləği və 2015-ci il üzrə zərərin 27773,61 manat hissəsini kompensasiya etmişdir. İddiaçının qeyd edilən arqumenti ilə bağlı bildirir ki, təqdim edilən 2016-cı il mənfəət vergisi bəyannaməsinə əsasən iddiaçı 2014-cu il üzrə 73740,24 manat və 2015-ci il üzrə 27773,61 manat olmaqla, cəmi 101513,85 manat zərərini kompensasiya etmişdir. Yəni, həmin bəyannamə üzrə iddiaçı 2014-cü və 2015-ci illərin zərərini kompensasiya etmişdir. Vergi ödəyicisinin təqdim etdiyi 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsinə əsasən iddiaçının həmin dövr üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur: X7 274,763.20 Xərc 173,249.35 Vergiyə cəlb edilən mənfəət 101,513.85 keçmiş illərin çıxılası zərəri 101,513.85 2014-cü il üzrə 73,740.24 2015-ci il üzrə 27,773.24. Qeyd edilən cədvəldən göründüyü kimi, iddiaçının 2016-cı il üzrə vergiyə cəlb olunan mənfəəti 101,513.85 manat olmuş və 2014-cü və 2015-ci illər üzrə zərər məhz həmin məbləğ hesabına kompensasiya edilmişdir. Belə olan halda iddiaçının 2016-cı il üzrə zərərinin mövcud olmasına və həmin zərərin növbəti illərin gəliri hesabına kompensasiya edilməli olmasına dair iddiası tamamilə absurddur və iddiaçının özünün bəyan etdiyi bəyannamədəki göstəricilərə uyğun gəlmir. Qeyd edilməlidir ki, zərər dedikdə, xərclərin gəlirdən artıq olan hissəsi nəzərdə tutulur. Lakin iddiaçının özü tərəfindən təqdim edilən bəyannaməyə əsasən onun 2016-cı il üzrə vergiyə cəlb olunan gəliri mövcud olmuş və həmin gəlir hesabına da keçmiş illərin zərəri kompensasiya edilmişdir. Belə olan halda iddiaçının 2016-cı il üzrə hansı zərərdən bəhs etdiyi aydın deyildir. Həmçinin iddiaçının təqdim etdiyi 2017-cı il üzrə mənfəət vergisi bəyannaməsinin göstəricilərinə də nəzər saldıqda müəyyən olunur ki, iddiaçının 2017-ci il üzrə də zərəri mövcud olmamış, əksinə 82,678.46 manat vergiyə cəlb edilən mənfəəti olmuş və 2015-ci il üzrə mövcud olmuş zərər həmin gəlir hesabına kompensasiya edilmişdir: X7 406,653.71 Xərc 323,975.25 Vergiyə cəlb olunan mənfəət 82678.46 keçmiş illərin çıxılası zərəri 82,678.46 2015-ci il üzrə zərərin məbləği 82,678.46. Odur ki, vergi ödəyicisinin özünün bəyan etdiyi məlumatlara əsasən vergi ödəyicisinin 2016-cı və 2017-ci illər üzrə zərəri mövcud olmadığından 2018-ci ilin mənfəəti hesabına mövcud olmayan zərərin kompensasiya edilməsi də absurddur. İddiaçı həmçinin mülahizədə 2016-ci ilin İ yarımilliyində mərkəzin zərərinin 61604,47 manat təşkil etməsi və həmin məbləğin mənfəət vergisi bəyannaməsinin əlavəsində əks etdirildiyini qeyd etməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir. Belə ki, mülahizədə əvvəlcə vergi ödəyicisinin 2016-cı il üzrə zərərinin 304185,73 manat olduğu bildirilmiş, həmin məbləğin bəyannamədə əks etdirildiyi qeyd edilmişdir. Bildiririk ki, 2016-cı ilin bəyannaməsi üzrə iddiaçının qeyd etdiyi nə 304185,73 manat, nə də 61604,47 manat onun zərərini ifadə etmir. Bəyannamənin 1 nömrəli Əlavəsinin digər aktivlər bölməsində əks etdirilən fərqli məbləğlərə zərər kimi istinad etməklə iddiaçı öz mövqeyinin əsassızlığını bir daha təsdiq edir. Mülahizədə həmçinin Vergi Məcəlləsinə sonuncu redaksiyada edilmiş 30 noyabr 2018-ci il tarixli dəyişiklik və əlavələrə əsasən cavabdehin mənafeyinə uyğun olan maddələrə istinad edildiyi iddiaçının xeyrinə olan halların isə nəzərə alınmadığı bildirilmişdir. Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən Bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir. Vergi Məcəlləsinə sonuncu redaksiyada əlavə edilmiş 121.3-cü maddəyə istinad etməklə, cavabdeh heç bir şəkildə qanunvericiliyin tələblərini pozmamışdır. Belə ki, vergi qanunvericiliyinin tələbinə əsasən mənfəət vergisi üzrə vergi öhdəliyinin yerinə yetirilməsi və bəyannamənin təqdim edilməsi öhdəliyi növbəti ilin mart ayının 31-dək müəyyən edilmişdir. Yəni, vergi qanunvericiliyinə edilən sonuncu dəyişikliklər qüvvəyə mindikdən 3 ay müddət ərzində vergi ödəyiciləri mənfəət vergisi üzrə öhdəliklərini yerinə yetirməli və bəyannaməni vergi orqanına təqdim etməlidirlər. Odur ki, 2018-ci ilin mənfəət vergisinə münasibətdə Vergi Məcəlləsinin 121.3-cü maddəsinə istinad edilməsi heç bir ziddiyyət doğurmur, belə ki, qanun qüvvəyə mindikdən sonra yaranan münasibətlərə şamil olunur. Bunun əksinə iddiaçının iddia etdiyi kimi vergi qanunvericiliyinə edilən sonuncu dəyişikliklə mənfəət vergisindən azadolmanın ona şamil olunmasını tələb etmək vergi qanunvericiliyinin geriyə şamil olunması halına aid olur. Belə ki, qanunvericilik 1 yanvar 2019- cu il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən mənfəət vergisi ilə bağlı azadolmanı nəzərdə tutursa, sözügedən azadolma vergi ödəyicisinin 2019-cu ildən etibarən mənfəət vergisi üzrə vergi öhdəliyinə şamil olunur (əgər qanunun özündə bu barədə fərqli göstəriş nəzərdə tutulmamışdırsa). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-146/2021 saylı 08 fevral 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh vergi orqanı tərəfindən İddiaçı barəsində qəbul edilmiş **********491500 saylı 21 iyun 2019-cu il tarixli vergilərin hesablanması barədə qərarın 11.379,28 manat hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, ekspert rəyi əsaslı olmadığından və ziddiyyətli mövqelər əks etdirdiyindən mötəbər sübut kimi qəbul olunmamalıdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1533/2021 saylı 29 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-146/2021 saylı 8 fevral 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının s2- 1(102)-703/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1533/2021 saylı 29 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının qismən, iddianın təmin edildiyi hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 24 yanvar 2023-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə vaxtında xx.xx.2019-cu il tarixdə müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı Profi-Resurs” peşə tədris mərkəzinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdehin **********755400 saylı 29 aprel 2019-cu qərarının ləğv edilməsi” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən inzibati aktın aid olduğu dövr üzrə qanunvericilikdə yaranan və növbəti illərə keçirilən məbləğlərin növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsinə dair qadağanedici normalar mövcud olmadığından, iddiaçı tərəfindən təqdim edilmiş 2016-cı ilin mənfəət vergisi bəyannaməsində də keçmiş illərin zərərinin əldə olunmuş mənfəətin hesabına kompensasiya edilməsi və vergi orqanı tərəfindən həmin bəyannamənin qəbul olunması məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin ekspert rəyinə əsasən hazırki tədqiqatla 2018-ci il üzrə “ProfiResurs” X8 47.698,86 manat məbləğində mənfəətdən verginin düzgünlüyü müəyyən edilmədiyindən və hesablanmalı olan verginin məbləği 11.379,28 manat məbləğində təşkil etməli olduğundan iddia qismən təmin edilməlidir. Bundan əlavə, 2017-ci ilin mənfəət vergisi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olduğu və həmin qərarda da keçmiş illərin zərərinin əldə olunmuş mənfəətin hesabına kompensasiya edilməli olduğu bildirildiyi halda, vergi orqanı tərəfindən təkrar olaraq eyni məsələ üzrə əvvəlki praktikalara zidd şəkildə qərar qəbul edilməsi əsassız hesab olunmalıdır. İddianın qismən təmin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, işə kassasiya qaydasında baxmış məhkəmə əvvəlki məhkəmələrin mövqeyi ilə razılaşmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kollegiya ilk öncə onu qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarından yalnız cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilmişdir. Belə ki, qərarın “iddianın təmin edilməyən” hissəsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyi üçün qərarın həmin hissəsi qanuni qüvvəsini almışdır. Qərarın “iddianın təmin edilən” hissəsi isə cavabdeh tərəfindən mübahisələndirildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı məhz “iddianın təmin edildiyi” hissədə yoxlanılır. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçı müəssisə 7 fevral 2014-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş (sadələşdirilmiş verginin ödəyicisi kimi) və 30 iyun 2016-cı il tarixədək sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. İddiaçı 2014, 2015 və 2016-cı ilin İ və İİ rübü üzrə müvafiq bəyannamələrini vermiş, dövriyyəsini bəyan etmiş və ona uyğun sadələşdirilmiş vergisini hesablamışdır. İddiaçının müraciəti əsasında o, 1 iyul 2016-cı il tarixdən mənfəət vergisinin ödəyicisi olmuş, 2016, 2017 və 2018-ci illər üzrə müvafiq bəyannamələrini vermişdir. Qeyd olunan bu hallar həm iş materialları, həm də tərəflərin özü tərəfindən təsdiq olunur. İşin mübahisələndirilən yeganə halı iddiaçı tərəfindən verilmiş bəyannamələrdə (2016, 2017 və 2018-ci illər üzrə mənfəət vergisi ilə bağlı) hesablanmış mənfəətdə keçmiş illərin zərərinin nəzərə alınması ilə bağlı olmuşdur. Belə ki, iddiaçı 2016-cı ilin mənfəət vergisi bəyannaməsində 274.763,20 manat gəlir, 173.249,35 manat xərc, 101.513,85 manat mənfəət bəyan etməklə yanaşı, 101.513,85 manat əvvəlki illərin zərərini bəyan etmişdir. Bundan əlavə, iddiaçı 2017-ci ilin mənfəət vergisi bəyannaməsində 406.653,71 manat gəlir, 323.975,25 manat xərc, 82.678,46 manat mənfəət bəyan etməklə yanaşı, 82.678,46 manat əvvəlki illərin zərərini bəyan etmişdir. Bundan əlavə, iddiaçı 2018-ci ilin mənfəət vergisi bəyannaməsində 632.621,88 manat gəlir, 394.127,58 manat xərc, 238.494,30 manat mənfəət bəyan etməklə yanaşı, 238.494,30 manat əvvəlki illərin zərərini bəyan etmişdir. Hər üç il üzrə 0 manat mənfəət vergisi hesablamışdır. Eyni zamanda, iddiaçı 2018-ci ilin mənfəət vergisi bəyannaməsində əks etdirdiyi 238.494,30 manat zərərin 2015-2017-ci illərə aid olduğunu göstərmişdir (2015-ci il üzrə 119.993,42 manat; 2016-cı il üzrə 61.604,47 manat; 2017-ci il üzrə 56.898,41 manat). Məhkəmə kollegiyası qeyd edir ki, vergi qanunvericiliyində vergitutma məqsədləri baxımından gəlirlər və xərclər, o cümlədən onların fərqi nəticəsində yaranan mənfəət və ya zərər anlayışları yalnız mənfəət vergisi ödəyiciləri üçün nəzərdə tutulmuşdur (Vergi Məcəlləsinin İX və X fəsilləri). Vergi qanunvericiliyinin sadələşdirilmiş vergi və mənfəət vergisi ilə bağlı müddəalarının təhlili onu deməyə əsas verir ki, sadələşdirilmiş verginin ödəyiciləri ümumi dövriyyədən (xərclər nəzərə alınmadan) qanunla müəyyən edilmiş qaydada vergi ödəməli, mənfəət vergisi ödəyiciləri isə gəlir və xərclərinin yaranmış fərqindən, yəni əldə etdikləri mənfəətdən vergi ödəməlidirlər. Hazırkı iş üzrə iddiaçının 2016-cı ilin İİ rübünə qədər sadələşdirilmiş verginin ödəyicisi olması tərəflər arasında mübahisələndirilmir. Belə olan halda, iddiaçı 2015-ci il üzrə, yəni sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrlə bağlı daxili mühasibatlıq aparmaqla hesabladığı və yaranmış zərər kimi iddia etdiyi məbləğləri 2018-ci ilin mənfəət vergisi bəyannaməsində zərər kimi əks etdirməsi qanunauyğun sayıla bilməz. Belə ki, Vergi Məcəlləsinin müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Bu müddəa isə birbaşa mənfəət vergisi ödəyicilərinə aiddir. Eyni zamanda, Vergi Məcəlləsinə 30 noyabr 2018-ci il tarixli 1356 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 121.3- cü maddə də bir daha təsdiq etdi ki, vergi ödəyicisinin mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərləri növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir. Qeyd edilən normanın 30 noyabr 2018-ci il tarixli Qanunla Məcəlləyə əlavə edilməsi, həmin Qanun qüvvəyə minənədək vergi ödəyicisinin mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlərinin növbəti ilin gəlirləri hesabına kompensasiya edilə bilməsi kimi başa düşülməməlidir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, vergi qanunvericiliyində vergitutma məqsədləri baxımından gəlirlər və xərclər, o cümlədən onların fərqi nəticəsində yaranan mənfəət və ya zərər anlayışları yalnız mənfəət vergisi ödəyiciləri üçün nəzərdə tutulmuşdur. Təsadüfi deyil ki, 121-ci maddə də Vergi Məcəlləsinin 10-cu fəslinə - “ Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr” adlanan fəsilə aiddir. Beləliklə, iddiaçının 2018-ci ilin mənfəət vergisi bəyannaməsində 2015-ci ilin, yəni sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrün zərərini əks etdirməsi qanunauyğun deyildir. Məhkəmə kollegiyası 2018-ci ilin mənfəət vergisi bəyannaməsində öz əksini tapmış 2016 və 2017-ci illərin zərəri ilə bağlı isə aşağıdakıları qeyd edir. Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilmiş 2016-cı ilin mənfəət vergisi bəyannaməsində 274.763,20 manat gəlir, 173.249,35 manat xərc, 101.513,85 manat mənfəət bəyan edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən verilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsində isə 406.653.,71 manat gəlir, 323.975,25 manat xərc, 82.678,46 manat mənfəət bəyan edilmişdir. Göründüyü kimi, iddiaçı 2016 və 2017-ci illəri zərərlə yox, mənfəətlə başa vurmuşdur. Buna baxmayaraq, iddiaçı tərəfindən verilmiş 2018-ci ilin mənfəət vergisi bəyannaməsində 632.621,88 manat gəlir, 394.127,58 manat xərc, 238.494,30 manat mənfəət bəyan etməklə yanaşı, 238.494,30 manat əvvəlki illərin zərəri bəyan edilmiş və həmin zərərin 61.604,47 manat hissəsinin 2016-cı ilə, 56.898,41 manat hissəsinin isə 2017-ci ilə aid olduğu göstərilmişdir. Nəzərə alınmalıdır ki, gəlir və mənfəət vergisi ödəyicilərindən fərqli olaraq vergi qanunvericiliyində sadələşdirilmiş vergi ödəyicisinə münasibətdə gəlirlərin əldə edilməsi ilə bağlı “xərc”, eyni zamanda “zərər” anlayışı nəzərdə tutulmamışdur. Təsadüfi deyil ki, vergi ödəyicisinin sadələşdirilmiş vergi öhdəliyi onun hesabat dövrü ərzində ümumi hasilatından heç bir xərc nəzərə alınmadan hesablanır. Beləliklə, vergitutma məqsədləri üçün sadələşdirilmiş vergi ödəyicilərinin xərcləri Vergi Məcəlləsinə əsasən nəzərə alınmadığından, bu növ vergi ödəyicilərində vergitutma baxımından zərərin yaranması da qeyri-mümkündür. Digər tərəfdən, qeyd olunmalıdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı və 2017-ci ilin bəyannaməsinin 238-ci sətrində (zərər) heç bir məbləğ qeyd edilməmişdir. Başqa sözlə, iddiaçının mənfəət vergisinin ödəyicisi olduğu 2016-cı və 2017-ci illərdə zərəri mövcud olduğu halda, bu bəyannamənin 238-ci sətrində öz əksini tapmalı idi. Belə ki, cari ilin zərəri bəyannamələrin qeyd edilən sətrində əks olunduğu halda, təsdiq oluna və növbəti illərin mənfəəti hesabına kompensasiya edilə bilər. Lakin iddiaçının özü tərəfindən əvvəlki dövrlərdə təqdim edilən bəyannamələrdə zərər qeyd edilmədiyindən öz təsdiqini tapmayan, dolayısı ilə mövcud olmayan zərərin cari ildə kompensasiya edilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsinin vergi ödəyicisi tərəfindən mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlərin növbəti illərin gəliri hesabına kompensasiya edilməsini qadağan edən maddənin Vergi Məcəlləsinə 30 noyabr 2018-ci il tarixli 1356 nömrəli Azərbaycan Respublikası Qanunu ilə salınması halına istinad etməsi ilə bağlı Kollegiya qeyd edir ki, vergi qanunverciliyi 121.3-ci maddə Vergi Məcəlləsinə daxil edilənədək də vergi ödəyicisinə sadələşdirilmiş verginin tədiyyəçisi olduğu dövrdəki zərəri kompensasiya etmək imkanını nəzərdə tutmamışdır. Vergi Məcəlləsinin 121.3-cü maddəsində bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Beləliklə, iddiaçı 2016 və 2017-ci illər üzrə ili zərərlə başa vurmadığı halda 2018-ci ili bəyannaməsində həmin illər üzrə zərər göstərmiş, işə baxmış birinci instansiya məhkəməsi isə bu hallara qiymət vermədən mübahisələndirilən hissələrdə iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini mübahisələndirilən hissələrdə bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan qismən təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edildiyi hissələrdə düzgün nəticəyə gəlmədiyi üçün cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-146/2021 saylı 08 fevral 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissələrdə ləğv edilməli və həmin hissələrdə iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-146/2021 saylı 08 fevral 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissələrdə ləğv edilsin. Həmin hissələrdə iddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar