Məhkəmə qərarları › İş №2-1(103)-213/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-213/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-213/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-423/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək pensiya ödənişinin bərpa olunmasından ötrü ona yenidən əlillik qrupunun təyin edilməsi və həmin pensiya ödənişinin 2021-ci ilin mart ayından bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…2 iyun 1973-cü il tarixdə Goranboy rayonunun Qızılhacılı kəndində doğulmuş və 1998ci ilin mart ayından başlayaraq 17 fevral 2009-cu il tarixədək Azərbaycan Respublikası DİN-nin Goranboy RPŞ-də polis nəfəri kimi işləmişdir. 1991 – 1996-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 17 fevral 2009-cu il tarixdə onurğa sütununda kəskin ağrılar (xəstəliklə əlaqədar) səbəbindən polis orqanlarından işdən azad olunmuş və həmin gündən ona İİ qrup əlillik dərəcəsi təyin olunmaqla hər ay əvvəlcə 210 manat, sonradan isə hər il artımla 2021-ci ilin fevral ayınadək hər ay 355 manat 2-ci qrup əlilliyə görə pensiya kimi almışdır. Lakin 2021-ci ilin fevral ayının 15-də iddiaçı son pensiya məbləğini almış və ona Tibbi- Sosial Ekspert Komissiyasından bildirilmişdir ki, o, təkrar müayinədən keçərək, xəstəxanada yataraq (stasionar) müalicədən sonra yenidən TSEK-dan müayinədən keçdikdən sonra onun əlilliyi təsdiq olunmalıdır. Məhz buna görə iddiaçı 2021-ci ilin iyun ayında əvvəlcə Goranboy Rayon Mərkəzi Xəstəxanasında, sonra isə Bakı şəhərindəki Neyrocərrahiyyə Xəstəxanasında 10 gün stasionarda, 5 gün isə ambulator şəraitdə müalicə olunmuşdur. Bütün bunlara baxmayaraq, iddiaçı özünü narahat və xəstə hiss etdiyi halda, TSEK-dən ona sağlam olduğunu bildirilmişdir. Rəydə diaqnoz bölməsində “Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər” göstərilmişdir. İddiaçı hesab edir ki, onun barəsində aparılmış qiymətləndirmə düzgün olmamış, əlilliyinin, ürəyinin xəstəliyinin nəzərə alınmaması və pensiyasının dayandırılması tam ədalətsiz və qanunsuzdur. Ona görə də iddiaçı İİ qrup əlillik dərəcəsinin bərpa olunması üçün ƏƏSMN TSEK-dən keçirilməli və ona ödənilməli olan 355 manat məbləğində pensiyanın ödənişinin dayandırıldığı vaxtdan, yəni 2021-ci ilin mart ayından başlayaraq ödənilməsi bərpa olunmalı və bunun öhdəlik olaraq ƏƏSM Nazirliyinin üzərinə qoyulması zərurəti yaranmışdır…» Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «...İddiaçıya, sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər stasionar müalicənin yetərli deyil və əlavə müalicəyə ehtiyacı var. Onun Nerocərahiyyə xəstəxanasında ixtisaslaşmiş müayinə və reabilitasiya müalicəsi məsləhət görülür..” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-423/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Çünki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə aə ya hərəkətsizliyə yol verilmədiyinə və Qanunun tələblərinin pozulmadığına baxmayaraq məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən qərar ləğv edilməlidir...» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.İsmayılova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş və məhkəmənin aralıq qərardadı əsasında da iddiaçının əyani müayinə olunarkən onda olan xəstəliyin əlilik əlamətin müəyyən etmədiyini bildirərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil Komissiyanın qərarı ilə razılaşmamış, iddiaçının 10 ildən də çox əlilliyi müəyyən olunduğu halda ona sonuncu göndərişə əsasən əsassız olaraq əlillik dərəcəsi verilməsindən imtina olunmasının qanunvericiliyə zidd oluduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarnın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarından görünür ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasının 19 fevral 2021-ci il tarixli 0278003AAHT1 saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyəti aşağıdakı kimi qiymətləndirilərək əlillik dərəcsi verilməsindən imtina olunmuşdur: -“X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Əsas diaqnoz Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması cərrahi ə/s vəziyyət (xx.xx.2008).L5-S1 fəqərəarası residiv disk yırtığı (3,5 mm). L4-L5 fəqərəarası diskin arxa median sağ lateral protruziyası (3,0mm).L5 fəqərəsinin retrolistezi (3,0mm). Ağırlaşma G55.1* Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və, kələflərinin zədələnməsi.L1-S1 səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri və protruziyaları.C6-C7 sol uncovertebral birləşməsinin artrozu. Ağırlaşma G83 Digər paralitik sindromlar, Sağ aşağı ətrafın funksiya pozğunluğu.Sağ pəncənin parezi.Yerişin pozulması.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər stasionar müalicə yetərli deyil NeroCərahiyyə xəstəxanasında ixtisaslaşmiş müayinə və reabilitasiya müalicəsi məsləhət görülür.” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 1.2-ci maddəsinin tələbi baxımından, Mülki Prosesual Məcəllənin (“MPM”) 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı, imtinanın əsaslılığının yoxlanılması məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən T483/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyi verilmişdir. Ekspertlər tərəfindən qarşısılarında həll edilməsi üçün qoyulan suallar üzrə aşağıdakı rəyə gəlinmişdir: -vətəndaş İddiaçı iş materiallarında əlillik vəziyyətinin TSEK tərəfindən qiymətləndirilməsi üçün Goranboy Rayon Mərkəzi Xəstəxanasında 0278003AAJVU saylı göndəriş (Forma 088-də) tam doldurulmuş və göndərişdə qeyd edilən “Z98.8-digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması cərrahi əməliyyatdan sonrakı vəziyyət (xx.xx.2008), L5-S1 fəqərəarası residiv disk yırtığı (3,5mm), L4-L5 fəqərəarası diskin arxa median sağ lateral protruziyası (3,0mm), bu səviyyədə hemilaminoektomiya defekti, L5 fəqərəsinin retrolistezi (3,0mm), diskogen radikulopatiya” diaqnoz şəxsin stasionarda ixtisaslaşmış, tam müayinə və müalicəri zamanı müəyyən edilmiş və təyin edilmiş diaqnoza uyğun düzgün müalicələr aparıldığından vəziyyəti qənaətbəxş olmuşdur. O, hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1-ci bəndinə görə Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEKin səlahiyyətlərinə aiddir. -İddiaçı düçar olduğu yuxarıda qeyd edilən xəstəliklər kəskinləşərkən vəziyyətinin ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb edilə bilər. Tədqiq olunan rəydən göründüyü kimi, Goranboy Rayon Mərkəzi Xəstəxanasının 19 fevral 2021-ci il tarixli 0278003AAHT1 saylı sonuncu göndərişində təsbit olunan xəstəlik diaqnozu iddiaçının ekspert tədqiqatı zamanı əyani müəyyənə olunarkən tam təsdiqini tapmamış, müalicələr nəticəsində onun vəziyyətiin qənaətbəxş olduğu müəyyən olunmuşdur. Bundan əlavə, işin hazırkı apellyasiya mərhələsində məhkəmənin 19 oktyabr 2023cü il tarixli qərarı ilə aralıq qərardad qəbuledilməklə iddiaçının əlillik vəziyyətinin 30 gün müddətində TSEK tərəfindən əyani müayinə olunmaqla, AR Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq yenidən qiymətləndirilməsi aparılması və nəticəsi barədə məhkəməyə məlumat verilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Agentliyin məhkəməyə təqdim olunmuş Tibbi-Sosial Ekspert Komissiyasının 19 dekabr 2023-cü il tarixli qərarında aşağıdakılar təsbit olunmuşdur: -«Vətəndaşın məhkəmə qərarı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı AR DİN Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 30 №-li xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə «Bel-oma fəqərələrinin osteoxondrozu L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyytından sonrakı vəziyyət, kökcük ağrı sindromu ilə.Neyrosirkulyator distropiya.Asteno-nevrotik vəziyyət» diaqnozlu xəstəliyin səbəb əlaqəsi «Xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır» kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sağ aşağı ətrafda, bel nahiyəsində olan ağrılardan,hərəkət məhdudluğundan, sinir sıxılması səbəbindən, bəzən yıxılmasından şikayət etmişdir. Müayinə zamanı 2 tərəfli qasıq yırtığının ləğvindən sonrakı çapıqlar və onurğanın bel hissəsində, təxminən 4 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, dəri örtüyü adi rəngli olmuş, tük örtüyü saxlanılmışdır Nevroloji statusda simulyativ davranış nümayiş etdirsə də, əlillik təyinatına əsas verə biləcək defisit aşkarlanmamış, reflekslər canlı və bərabər alınmış, parez, hipotrofiya müəyyən edilməmişdir. Vətəndaş ekspertiza üçün əhəmiyyətli son illərə dair heç bir instrumental müayinə və müalicə sənədlərini təqdim etməmişdir. Nəticədə, AR Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.” Göründüyü kimi, TSEK tərəfindən də iddiaçının canlı müayinəsi zamanı onda əlillik təyinatına əsas verə biləcək defisit aşkarlanmamış, reflekslər canlı və bərabər alınmış, parez, hipotrofiya müəyyən edilməmiş, son nəticədə qərar verilmişdir ki, onun xəstəlik diaqnozu Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik əlaməti təyin etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5-ci bəndi isə nəzərədə tutur ki, göndəriş aşağıdakı hallarda verilə bilər: - 1.5.1. şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; - 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; - 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Konkret halda işin halları onu göstərir ki sözügedən «Qayda»da nəzərdə tutulan əlillik təyinatına əsas olan hallar tamlığı ilə iddiaçıda aşkar olunmamışdır ki, belə olan halda da ona əlillik təyinatı aparılması mümkünsüzdür. İPM-in 14.3-cü maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş üzrə müəyyən edilən hallardan isə göründüyü kimi, iddiaçı tərəfindən ona əlillik dərəcəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Əksinə, belə şərtləri istisna edən halların mövcudluğu təsdiqlənir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Agentliyin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya əlillik təyin olunmasından imtina olunması əsaslıdır. Əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin məzmunundan isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanlar baxımından, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi - işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunvericiliyin tələblərinə zidd olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-423/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-423/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar