Məhkəmə qərarları › İş №2-1(103)-2130/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2130/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2130/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı şirkətinin cavabdeh Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı (üçüncü şəxs X6) “qərarın qanunsuzluğunun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-519/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı şirkəti cavabdeh Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı (üçüncü şəxs X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu Xocasən X1 istifadəsinə 500 kv.m torpaq sahəsinin ayrılması haqqında 20/06 saylı, 24 avqust 2007-ci il tarixli qərarının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-519/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Hazırda iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 519/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılmaqla işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadında mülki prosessual qanunvericiliyin tamamilə yanlış və hazırki iddiaya aidiyyəti olmayan normasına istinad etmişdir ki, həmin qanunvericilik normasının tətbiqi isə Şirkətin müəyyənetmə və tanınma növündə olan iddiasının mümkünsüz hesab olunmasına əsas vermir. Məhkəmə qərardadında Şirkətin iddia tələbinin mahiyyətinin inzibati aktın ləğvi ilə bağlı olduğunu bildirsə də, iddianın mahiyyətindən də görünür ki, iddia Şirkət tərəfindən tanınma haqqında iddia növündə qaldırılmışdır, lakin birinci instansiya məhkəməsi yanlış olaraq Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş müddəasına istinad edərək iddianı mümkün hesab etməmişdir. Yəni, məhkəmə işə baxarkən kobud pozuntuya yol verməklə İPM-nin qüvvədə olan müddəalarına yox, MPM-nin qüvvədən düşmüş maddəsinə əsaslanmışdır. Yəni, birinci instansiya məhkəməsi hazırki iş üzrə qüvvədə olan prosessual hüquq normalarına (yəni İnzibati Prosessual Məcəllənin müddəalarına) istinad etməli olduğu halda, Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş maddəsinin tələbinə əsaslanaraq qərardad qəbul etmişdir. Lakin əslində isə iddianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmə hazırda qüvvədə olan İPM-nin və “İnzibati İcraat haqqında” Qanunun tələbinə istinad etməli idi. İnzibati qanunvericiliyin tələbinə görə isə müəyyənetmə və tanınma növündə olan iddia tələblərinə prosessual müddətlər şamil edilmir. Göründüyü kimi, məhkəmə qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla, qanunsuz qərardad qəbul etmişdir. Buradan da belə qənaətə gəlmək olar ki, birinci instansiya məhkəməsi nə MPM-nin qüvvədən düşmüş müvafiq maddəsinə, nə də İPM-nin müddətlə bağlı qüvvədə olan müvafiq müddəasına istinad edə bilməzdi. Yəni iddia tələbi tanınma və müəyyənetmə barədə iddia növündə olduğuna görə, nə MPM-nin, nə də İPM-nin prosessual müddətlərlə bağlı müddəaları Şirkətin hazırki iddia tələbinə tətbiq edilə bilməz. Göstərilənlərdən əlavə, birinci instansiya məhkəməsi həmçinin Bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinin kobud surətdə pozularaq cavabdehin özbaşınalıq etməsinə, səlahiyyət hədlərini aşaraq, özünə aid olmayan, Şirkətin Saziş ərazisinin hüdudları daxilində (Sazişdən öncə ARDNŞnin və hazırda Şirkətin istifadəsində olan) müvafiq qərarlarla iş üzrə üçüncü şəxslərin istifadəsinə torpaq sahəsini ayırmasına göz yummuş, Şirkətin iddiasına mahiyyəti üzrə baxmamış, əksinə olaraq, iddiaya prosessual müddət tətbiq etməklə iddia tələbinin mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir. Qeyd edilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-519/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı qanunsuzdur və kobud prosessual pozuntulara yol verilməklə qəbul edilmişdir. Ona görə də qərardad ləğv edilməli və iddia icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixi 1708-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2019-cu iltarixli Sərəncamına əsasən, 01 mart 2020ci il tarixdən qüvvəyə minmiş Qanunun tələblərinə görə, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təmin edilməsini nəzərdə tutur. Lakin göründüyü kimi, Şirkətin analoji iddia tələbləri üzrə yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlarda məhkəmələrin (məhkəmə tərkiblərinin) mövqeyi, habelə Şirkətin iddialarının təmin edilməsi və ya iddia ərizələrinin hansı əsaslarla qeyri-mümkün hesab edilməsi ilə bağlı məhkəmə təcrübələri birinci instansiya məhkəmələri tərəfindən nəzərə alınmır, həmin məhkəmələr istədikləri kimi, müxtəlif əsaslarla Şirkətin iddialarını qeyri-mümkün hesab edirlər. Halbuki, həm apellyasiya instansiyası məhkəməsi, həm də kassasiya instansiyası məhkəməsi Şirkətin iddialarını mümküsüz hesab edərkən belə, onlar Qanun statusu almış 29 sentyabr 2004cü il tarixli Sazişin (Qanunun) 4 və 5-ci bəndinə əsaslanaraq müvafiq qərar qəbul edirlər (2-1(102)-1233/15 saylı, xx.xx.2015-ci il tarixli qərarın surəti əlavə olunur). Hazırki iş üzrə də Bakı İnzibati Məhkəməsi qərardad qəbul edərkən, Qanunun 4 və 5-ci bəndlərinin tələbinə deyil, iddia tələbinə aidiyyəti olmayan İPM-nin və MPM-nin qüvvədən düşmüş müddəalarına istinad edərək Şirkətin iddiasını mümkünsüz saymışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-519/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadını ləğv edərək, iddianın mümkün sayılmaqla işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndəsinin) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin №20/06 saylı, 24 avqust 2007-ci il tarixli qərarının surətindən görünür ki, alqı-satqı yolu ilə 500 kv.m torpaq sahəsinin X5 mülkiyyətinə verilməsi haqqında Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 4/17 saylı qərarının ləğv edilməsi, bələdiyyənin ərazisində yerləşən 500 kv.m torpaq sahəsinin təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X4 mülkiyyətinə verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı cavabdehin xx.xx.2007-ci il tarixli qərarının qanunsuzluğunun tanınmasını tələb etsə də, əslində, iddiaçının məqsədi həmin qərarın ləğvinə nail olmaqdır. Bu baxımdan, hazırkı iddia faktiki olaraq, mübahisələndirmə haqqında iddiaya uyğun gəlir. Belə olan halda, İnzibati Prosessual Məcəllənin 36.1-cı maddəsinə müvafiq, həmin qərarın qanunsuzluğunun tanınması barədə iddia kimi qaldırılsa da, sözügedən Məcəllənin 36.4-cü maddəsinin tələbi baxımından, hazırkı tələbi mübahisələndirmə haqqında iddia tələbinə münasibətdə subsidiar xarakter daşıyır. Subsidiarliq tələbinə əsasən müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən yayınmağa xidmət edə bilməz. Bu, hüquqi müdafiəyə olan maraq barəsində olan ümumi tələbdir. Mübahisələndirmə haqqında iddia üzrə iddia müddəti ötürülmüşsə, onda eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldırıla bilməz. İddiaçı cavabdehin 2007-ci il tarixdə qəbul edilmiş qərarının ləğv edilməsi ilə bağlı 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in “Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə MPM-dən çıxarılmışdır). Bundan başqa, 01 yanvar 2011-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllənin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. İddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. İddiaçı tərəfindən həm cavabdehin mübahisələndirilən qərarı qəbul edilərkən qüvvədə olmuş, həm da hazırda qüvvədə olan inzibati hüquq normalarının tələbləri baxımından iddia müddət buraxılmışdır. Başqa sözlə, iddianın mümkünlük şərti yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Qeyd edilməlidir ki, artıq formalaşmış məhkəmə təcrübəsində eyni hallara dair iddialar mümkün sayılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-519/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar