Məhkəmə qərarları › İş №2-1(103)-2130/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2130/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2130/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqənin göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4060/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2019-cu il tarixli 1000/964Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir.

2. Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış məlumat vərəqəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdehə müraciət edərək onun barəsində tərtib edilmiş məlumat vərəqəsinin düzgün tərtib edilmədiyini bildirərək, yeni məlumat vərəqəsinin verilməsini xahiş etmişdir.

3. Cavabdeh müraciəti təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsinə dəyişiklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bu Qanun xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Həmin Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1,0.3cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,04.2022-ci il tarixli 170 nömrəli Qərarına əsasən (qüvvəyə mindiyi tarix) xx.xx.2022-ci il tarixdən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Qeyd olunanlardan müəyyən edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5-ci maddəsinə xx.xx.2018-ci il tarixdə edilmiş dəyişiklik xx.xx.2019-cu il tarixdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli Qərarına edilmiş dəyişikliyinin qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixədək İddiaçı 5 avqust 2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Göründüyü kimi müraciət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalan”na və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış məlumat vərəqəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir”.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək əmək haqqı ilə birlikdə digər növ 60% vasaitdən (X2 xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60 (altmış) faiz vəsaitin) DSMF-yə bütün tələb olan (22%+3%=25%) məcburi dövlət siğorta haqqın ödənilməsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 21 iyun 2022-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, 149 maddəsinin Vİİ bəndinə, həmçinin Azərbaycan Respublikası Sosial Sığorta Haqqında Qanununa əsasən, əmək pensiyasının yenidən hesablanması üçün ona aid məlumat vərəqində əmək haqqı qrafasında 60% aldığı məbləği şəxsi vərəqdə göstərilməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, DGK tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqində işlədiyi illər boyu və aldığı vəzifə ştatına uyğun aylıq məvacibinə əlavə olunan 60% mavacibi məlumat vərəqində göstərilmədən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. DGK məlumat vərəqəsini düzgün tərtib etməyərək onun konstitusion hüquqlarını pozmuşdur. 30 noyabr 2018-ci il № 1362-VQD “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunun 1.0.5 maddəsində dəyişikliyə əsasən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) sözləri əlavə edildi. Qanun xx.xx.2019 ildə qanuni qüvvəyə mindi. Qanun qüvvəyə mindiyi günə görə qanunla tələb edilən 20 təqvim ilindən artıq iş stajı olduğu üçün, artıq onun təqaüdə çıxmaq hüququ yaranmışdır və qeyd edilən qanunda dəyişiklik, onun illər boyu aldığı aylıq məvacib və əlavələr (yəni 60%) və onlardan ödədiyi məcburi sosial sığorta haqqına baxmayaraq, onun konstitusion və sair aidiyyəti hüquqları pozulmuş oldu. Daha sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qararı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası"nda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının 1-ci hissəsində “Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir” dəyişilik edərək və həmin qərarın 2-ci hissəsinə əsasən “2023 yanvarın “1” sözləri “Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir" sözləri ilə əvəz edildi. Bu dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan ona aid məlumat vərəqində “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən (01 Yanvar 2023-cü ilə qədər qüvvədə olan sözlər (sonrakı artımlar da nəzərə alınmaqla) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən vəzifə maaşında yenidən hesablama apararaq məlumat vərəqəsinidə düzəliş edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndrilməsi xahiş etmişdim, müraciətlərimə baxmayaraq məsələ öz həllini tapmadı.

6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz imtina məktubları ilə eyni məzmunda əsaslandırılmışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4060/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 2019-cu ilə qədər və 2019-cu ildən sonra da iddiaçının aldığı məvacibdən məcburi dövlət sosial sığorta haqqının ödədiyinə dair heç bir hüquqi qiymət verməyərək, pensiya təyin edilərkən bir-birini tamamlayan Azərbaycan Respublikası Konstitusiyasının 12 maddəsinin l-ci hissəsi, 16-cı maddəsinin l-ci hissəsi, 25-ci maddəsi, Azərbaycan Respublikasının Sosial Sığorta Haqqında Qanunun maddələrinə və xüsusən 3-cü maddəsini, Azərbaycan Respublikası Konstitusia Məhkəməsinin 15 May 2020-ci il və sair Qanunlara zidd olaraq Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndini tədbiq etməməklə bu cür qeyri obyektiv əsaslar gətirərək iddianı təmin etməmişdir. İddia ərizəsində iddiaçının 20 ildən artıq ümumi iş stajına əsasən 2019-cu ildə pensiya çıxmaq hüququnun yaranmasını nəzərə almayaraq, şəxsin hüquqi vəziyyətini pisləşdirən yeni norma, onun əvvələr əldə etdiyi hüquqlara təsir edə bilməz” prizmasını pozmuş olur. Göründüyü kimi, imperativ xarakterli konstitusion hüquq normasının mövcud olmasına baxmayaraq, məhkəmə, iddiaçıya münasibətdə illər boyu aldığı aylıq məvacibinə olan əlavəni (60%) və ondan DSMF-yə ödədiyi məcburi sosial sığorta haqqını nəzərə almayaraq, iddia tələbini qeyri-qanuni və əsassız rədd etmişdir. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

11. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilərək iddianın təmin edilməsini, cavabdehin nümayəndəsi izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;-xx.xx.2018-ci ildə edilmiş və hazırda qüvvədə olan redaksiya (1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;-xx.xx.2022-ci il tarixli Qanuna əsasən sonrakı artımlar da nəzərə alınmaqla anlayışı çılxarılmışdır)

14. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasına əsasən: 1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra - vəsait) istifadə qaydasını müəyyən edir. 1.2. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir.-əvvəlki redaksiya 1.3. Vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.-iddiaçı pensiyaya çıxdığı zaman qüvvədə olan redaksiya (1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.-xx.xx.2022-ci il tarixli Qərarla edilmiş dəyişiklikdən sonrakı redaksiya) 1.4. Vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur və Komitənin sərəncamındadır. Vəsaitin sərəncamçısı dəyişdirilə bilməz. 1.5. Vəsaitdən kommersiya fəaliyyətinə sərmayələr qoyulmur və kreditlər verilmir. 1.6. Vəsaitin xərclənməsinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) nəzarət edir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)

19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

20. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında edilmiş dəyişikliyin ona münasibətdə nəzərə alnıraq yeni məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini tələb edir.

21. İş materiallarından göründüyü kimi iddiaçının gömrük orqanlarında xidmətinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş, xx.xx.2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarı ilə Dövlət Gömrük Komitəsinin məlumat vərəqəsi əsasında pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq təminat xərcliyinə büdcədənkənar vəsaiti hesabına hesablanan əlavələr və digər ödənişlər daxil edilməmişdir.

22. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müvafiq sorğu göndərilmiş, sorğuya cavab olaraq bildirmişdir ki, xx.xx.2019-cu il tarixədək və xx.xx.2022-ci il tarixdən sonra Dövlət Gömrük Komitəsində inspektor vəzifəsində (xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) xidmət etmiş gömrük orqanının əməkdaşlarına əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması zamanı həmin şəxslərin xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlar nəzərə alınmışdır.

23. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında müvafiq dəyişiklik edilmişdir. Qeyd edilən dəyişikliklə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edildiyi nəzərdə tutulmuşdur. Bu dəyişikliklə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavə təminat xərcliyinə daxil edilmişdir. Qeyd edilən dəyişiklik 1 iyul 2022-ci il tarixdə qüvvəyə minmiş və həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir.

24. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli Qərarla edilmiş dəyişikliyin ona da şamil edilməli olduğu qənaətindədir və bunu onun vəziyyətini yaxşılaşdıran hüquqi aktın qüvvəsinin geriyə şamil edilməli olması ilə əsaslandırır.

25. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi Qərar 1 iyul 2022ci il tarixdən qüvvəyə minmiş və yalnız qüvvəyə mindikdən sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir. Qanunda edilmiş dəyişikliyə əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilməsi nəzərə tutulmuşdur. Başqa sözlə desək iddiaçı 01 iyul 2022-ci ildə gömrük orqanlarında işləyərək təzə qaydalara uyğun olaraq əmək haqqı almış olsaydı o halda ona yaşa görə əmək pensiyası təyin edilərkən aldığı yeni əmək haqqının nisbətində əmək pensiyası hesablana bilərdi. Yəni iddiaçıya 01 iyul 2022-ci ildən sonra əmək haqqının və ona edilmiş yeni artımların verilməməsi səbəbindən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndini tətbiq edilməsi mümkün deyil.

26. Odur ki, həmin tarixədək ödənilən əmək haqqına əlavənin mənbəyi “büdcədənkənar” hesab edilmiş, qeyd edilən tarixdən sonra isə müvafiq ödənişlər dövlət büdcəsinə köçürüldüyündən “dövlət büdcəsi” vəsaiti hesabına aparılan ödəmələr hesab edilir.

27. İddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır.

28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

29. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4060/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4060/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar