Məhkəmə qərarları › İş №2-1(103)-2131/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2131/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2131/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1556/2024 nömrəli, 30 yanvar 2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 2022-ci il Gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********330500 saylı və 2023-cü il Gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********920000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə xx.xx.2023-cü il tarixli qərardad ilə iddia tələbi “İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********313700 saylı qərarın və cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 2022-ci il gəlir vergisi üzrə 06 iyun 2023-cü il tarixli **********330500 saylı və 2023-cü il gəlir vergisi üzrə xx.xx.2023- cü il tarixli **********920000 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X4 üzrə Baş İdarəsi olaraq bildirilmişdir ki, 2022-ci il Gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********330500 saylı və 2023-cü il Gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********920000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış gəlir vergisi məbləğləri əsassız və qanunsuz olaraq hesablanmışdır. Göstərilən qərarın qəbul edilməsində əsas kimi qeyd edilmişdir ki, guya aparılan araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Qaydaları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yəni göstərilənlərdən belə aydın olur ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarların əsası olaraq fiziki şəxsin riskli vergi ödəyiciləri siyahısında olması əsas götürülmüşdür. Lakin qeyd edilmişdir ki, iddiaçı tərəfindən məktub ilə ilk öncə xx.xx.2023-cü il tarixində müraciət edilmiş və qeyd edilmişdir ki, fərdi sahibkar İddiaçı ******* (Məişət metal təsərrüfat təyinatlı əşyaların istehsalı fəaliyyəti ilə məşğuldur. Eyni zamanda, fərdi sahibkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 2022-ci il müxtəlif tarixlər üzrə metal vərəqələr və qutu profillərin alışını həyata keçirmişdir. Risklilik barədə məktubda qeyd olunan Dajdavik, aliminium uqolniklər e-qaimə əsasında alman metal vərəqələrdən əldə edilmişdir. Fərdi sahibkar fəaliyyətinə uyğun olaraq alış və satış həyata keçirmişdir. Risklilik yaradacaq heç bir qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə, bu problemlə bağlı fərdi sahibkar Nağıyev X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə yaxınlaşıb ərizə ilə müraciət etsə də, qarşı tərəfdən bir nəticə əldə edə bilməmişdir. Bildirilmişdir ki, eyni məzmunlu məktublar bir neçə dəfə tərəfindən vergi orqanına ünvanlanmışdır. Vergi orqanı tərəfindən göstərilənlər nəzərə alınmamış və Riskli vergi ödəyicisi siyahısından çıxarılmaması barədə məktub ünvanlanmışdır. Yuxarıda göstərilənlərdən də aydın olur ki, tərəfindən riskli vergi ödəyicisi siyahısına daxil edilməyin əsassız olması barədə vergi orqanına məlumat verilməsinə baxmayaraq, bu hallar nəzərə alınmamışdır. Bu isə fiziki şəxsin fəaliyyətinin davam etdirilməsinə çətinliklər yaratmışdır. Hesab edilmişdir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarlar tamamilə əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli etirazda qeyd edilmişdir ki, ilk növbədə kameral vergi yoxlamasından öncə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə məsələyə münasibət bildirilməlidir. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarların 2.1.1 və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab olunmuşdur. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində cəmi 21.2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda "polikarbonat (6*2.1m) qalın, dajdavik, aliminium uqolniklər, su ötürücüləri və s.” qeyd olunmasına baxmayaraq, elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Bununla əlaqədar iddiaçı barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********313700 nömrəli Qərar qəbul edilmişdir. İnzibati aktın məzmunundan göründüyü kimi, iddiaçının ərizəsində qeyd etdiyinin əksinə, vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qanunamüvafiq qaydada həyata keçirilmişdir. Bununla belə, iddiaçı riskli vergi ödəyicisi hesab olunmasına baxmayaraq, gəlir vergisi bəyannamələrini təqdim edərkən 75 faiz güzəşt hüququnu tətbiq etmişdir. Belə ki, qeyd olunanlarla əlaqədar qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Bildirilmişdir ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, İddiaçı Məmmədsən oğlu riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Kameral vergi yoxlamasına münasibətdə bildirilmişdir ki, aparılan araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 saylı qərarının 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə baxmayaraq, təqdim edilmiş 2022-ci və 2023-cü illərin gəlir vergisi bəyannamələrində 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi" haqqında xx.xx.2023-cü il tarixli **********949600 nömrəli və xx.xx.2023-cü il tarixli **********615400 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2022-ci ilin gəlir vergisi üzrə 4223,44 manat (((52300,18-23539,88)*20%)- 1528,62), 2023-cü ilin gəlir vergisi üzrə 1649,73 manat (((16000,00-5201,81 )*20%)- 509,91) əlavə vergi məbləğləri hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********330500 nömrəli və xx.xx.2023-cü il tarixli **********920000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarları göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. İddiaçı Məmmədsən oğlunun iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli etirazda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. İddiaçı öz ərizəsində fərdi sahibkar fəaliyyətinə uyğun olaraq alış və satış həyata keçirdiyini, risklilik yaradacaq heç bir qanun pozuntusuna yol verilmədiyini bildirərək vergi orqanı tərəfindən qəbul edilən qərarın tamamilə əsassız olduğunu hesab etmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Həmin “Meyarlar”ın müddəalarına əsasən İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023cü il tarixlərində cəmi 21.2 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda "polikarbonat (6*2.1 m) qalın, dajdavik, aliminium uqolniklər, su ötürücüləri və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********856600 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə" bildiriş göndərilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş e-qaimə fakturalar üzrə "polikarbonat (6*2.1 m) qalın, dajdavik, aliminium uqolniklər, su ötürücüləri və s.” satışı üzrə fəaliyyət göstərildiyi qeyd olunsa da, malların hansı mənbələrdən əldə olunduğu barədə heç bir məlumat verilməmişdir. Bu hal isə “Meyar”ların 3.1.1-ci bəndinin pozuntusu kimi qiymətləndirilir və vergi ödəyicisinin əmtəəsiz əməliyyat həyata keçirməsi ilə bağlı əsaslı şübhələr yaradır. Araşdırma zamanı 11 riskli elektron qaimə-fakturanın dəyişdirilmədiyi və ya ləğv edilmədiyi, həmçinin təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə görə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Həmin Məcəllənin 13.2.70-ci maddəsinə görə vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən İddiaçı Məmmədsən oğlu riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********313700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilərək vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. İddiaçı həmçinin ərizəsində bildirmişdir ki, uyğunsuzluq təşkil edən məhsullar - dajdavik, aliminium uqolniklər elektron qaimə-fakturalarda öz əksini tapmış metal vərəqələrdən əldə edilmişdir. Bildirilmişdir ki, elektron-uçot məlumat bazasına əsasən, iddiaçının fəaliyyət növü “hazır metal məmulatlarının istehsalı” olaraq qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı faktiki olaraq istehsal fəaliyyəti ilə məşğuldur. İstehsal fəaliyyətinin həyata keçirilməsi üçün işçi qüvvəsi, istehsal üçün müvafiq avadanlıqlar və s. tələb olunur. Bu halda vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yer olmalıdır. Riskli hesab edilən vergi ödəyiciləri barədə istənilən vergi yoxlaması və ya nəzarət tədbiri həyata keçirilərkən uçotda olan obyektin mövcud olması böyük əhəmiyyət kəsb edir. İddiaçının fəaliyyəti təhlil edilərkən istehsal edilmiş məhsulun həcminin onun obyektində yerləşdirilən avadanlıqlarının sayına və ya işçi sayının obyektin sahəsinə uyğunluğunu müəyyənləşdirmək zərurət yaranacağı təqdirdə təsərrüfat subyektinə yerində baxış keçirmək imkanı olmalıdır. Vergi ödəyicisi riskli hesab edildikdə Vergi Məcəlləsinin 38.3.8-1-ci maddəsinə görə növbədənkənar səyyar vergi yoxlaması, o cümlədən həmin Məcəllənin 50.2.5-ci maddəsinə görə operativ vergi nəzarəti həyata keçirilə bilər. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydalarının 2.2-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Qaydaların 3-cü bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləh istehsal ehtiyatlarını aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Təhtəlhesab şəxsin istehsal ehtiyatlarını anbara və ya istehsal sahəsinə təhvil verməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. İstehsal fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, topdan və ya pərakəndə satış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların (hazır məhsulların) istehsal fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Vergi ödəyicisinə məxsus anbarlar və ya obyektlər (təsərrüfat subyektləri) məhsul istehsalı fəaliyyəti üzrə obyektin (təsərrüfat subyektinin) hüdudlarından kənarda yerləşdikdə və hazır məhsulların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsi üçün əlavə olaraq “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” tərtib edilir. İstehsalı başa çatmış hazır məhsullar bu məhsullar üçün nəzərdə tutulmuş anbarlara təhvil verilir. Bu zaman istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən istehsal olunmuş hazır məhsullar “Hazır məhsulların təhvilqəbul aktı” ilə anbarın məsul şəxsinə təhvil verilir. İstehsalçı istehsal etdiyi hazır məhsulların özünə məxsus təsərrüfat subyektləri (obyektlər) vasitəsilə satışını həyata keçirdikdə, həmin məhsulların bu təsərrüfat subyektlərinə (obyektlərə) göndərilməsi “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Yuxarıda qeyd olunan məsələlərin araşdırılması ilə əlaqədar iddiaçıya xx.xx.2023-cü il tarixli **********856600 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmiş və qısa müddət sonra - xx.xx.2023-cü il tarixdə (barəsində müvafiq qərar qəbul edilməmişdən əvvəl) iddiaçı tərəfindən adına olan obyektin qeydiyyatı ləğv edilmişdir. Bununla da iddiaçının fəaliyyətinin araşdırılması baxımından vergi orqanının imkanları məhdudlaşdırılmışdır. Hətta məhkəmə prosesi zamanı obyektə yerində baxış keçirilməsi ilə əlaqədar istər vergi orqanının vəsatəti, istərsə də məhkəmənin öz təşəbbüsü olduqda belə, obyektin uçotu ləğv edildiyindən bunu həyata keçirmək mümkün olmayacaqdır. Qeyd edilmişdir ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi üçün araşdırılmalı ən vacib məqamlardan biri işçi qüvvəsindən istifadə edilməsi ilə bağlıdır. ƏƏSMN-in elektron bazasından əldə olunmuş məlumata görə, iddiaçı ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən hər hansı işçi aşkar olunmamışdır. Beləliklə, qeyd olunan halları nəzərə almaqla vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün deyildir. Kameral vergi yoxlamasına münasibətdə isə bildirilmişdir ki, iddiaçı riskli vergi ödəyicisi hesab olunmasına baxmayaraq, gəlir vergisi bəyannamələrini təqdim edərkən 75 faiz güzəşt hüququnu tətbiq etmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Bildirilmişdir ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, İddiaçı Məmmədsən oğlu riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə baxmayaraq, təqdim edilmiş 2022-ci və 2023-cü illərin gəlir vergisi bəyannamələrində 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi" haqqında xx.xx.2023-cü il tarixli **********949600 nömrəli və xx.xx.2023-cü il tarixli **********615400 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2022-ci ilin gəlir vergisi üzrə 4223,44 manat (((52300,18-23539,88)*20%)-1528,62), 2023-cü ilin gəlir vergisi üzrə 1649,73 manat (((16000,00-5201,81 )*20%)-509,91) əlavə vergi məbləğləri hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********330500 nömrəli və xx.xx.2023-cü il tarixli **********920000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarları göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Göstərilənlərə əsasən İddiaçı Məmmədsən oğlunun iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1556/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********313700 saylı qərarı və 2022-ci il gəlir vergisi üzrə 06 iyun 2023-cü il tarixli **********330500 saylı və 2023-cü il gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********920000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********313700 nömrəli xx.xx.2023-cü il tarixli qərar ilə vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********330500 nömrəli xx.xx.2023-cü il tarixli qərara əsasən kameral yoxlama nəticəsində 4 223,44 manat əlavə vergi hesablanmışdır. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********920000 nömrəli xx.xx.2023-cü il tarixli qərara əsasən kameral yoxlama nəticəsində 1,649,73 manat əlavə vergi hesablanmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdən müəyyən olunur ki, mübahisənin yaranmasının səbəbi vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində cəmi 21.2 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda "polikarbonat (6*2.1m) qalın, dajdavik, aliminium uqolniklər, su ötürücüləri və s.” qeyd olunmasına baxmayaraq, elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) müəyyən edilməməsidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********330500 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən iddiaçıya kameral vergi yoxlaması nəticəsində 4.223,44 manat məbləğində əlavə gəlir vergisi, xx.xx.2023-cü il tarixli **********920000 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən kameral vergi yoxlaması nəticəsində 1.649,73 manat məbləğində əlavə gəlir vergisi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 102.1.30-cu maddəyə “mikro” sözündən əvvəl “bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan” sözləri əlavə edilmişdir. 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 102.1.30-cu maddə aşağıdakı yeni redaksiyada verilmişdir. 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir; əvvəlki redaksiyada deyilirdi: 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi; Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məişət metal təsərrüfat təyinatlı əşyaların istehsalı fəaliyyəti ilə məşğuldur. Müxtəlif tarixlər üzrə (e-qaimə əsasında) metal vərəqələr və qutu profillərin alışını həyata keçirmiş və bildirir ki, təqdim etdiyi malları (Dajdavik, aliminium uqolniklər) e-qaimə əsasında alınan metal vərəqələrdən əldə edilmişdir. İddiaçının qeyd etdiyi dəlillər ağlabatandır və cavabdeh tərəfindən həmin halları təkzib edən tutarlı arqument məhkəməyə bildirilməmişdir. Eyni zamanda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən qapı üzərilərində metal asmaların (3x0.35m) quraşdırılması – 1 ədəd vahidin qiyməti 750 manat; qapı üzərilərində asmaların (3x0.35m) quraşdırılması – 3 ədəd vahidin qiyməti 220 manat; mövcud qapıların sökülməsi, yeni qapıların (termo-aralıq/germetik) təmin olunması – 2 ədəd vahidin qiyməti 540 manat; mövcud qapıların sökülməsi, yeni qapıların (termoaralıq/germetik) təmin olunması – 3 ədəd vahidin qiyməti 990 manat, ümumilikdə 5460 manat məbləğində xidmət göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilən elektron qaimələrə əsasən iddiaçı tərəfindən məhz xidmət göstərilmişdir, digər tərəfdən təqdim edilən malların xüsusiyyəti nəzərə alınaraq əldə edilmiş xammal əsasında hazırlanıb təhvil verilməsinin mümkünlüyü cavabdeh tərəfindən nəzərə alınmamışdır. Qeyd edilən Qaydaların 3.1.1-ci bəndinə əsasən alınan və təqdim edilən mal çeşidləri əlaqəsiz olduqda, əvvəlkinin emalının nəticəsi olmadıqda və ya vergi ödəyicisi qeyd edilən halı ağlabatan şəkildə əsaslandıra bilmədikdə vergi ödəyicisi üçün məsuliyyət yarada bilər. Vergi məsuliyyəti müəyyən edən qərarlara münasibətdə cavabdehin dəlilləri ondan ibarətdir ki, iddaçı gəlirlərin və xərclərin uçotunu aparmadığı üçün mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faiz güzəşt hüququndan istifadə edə bilməz. Belə ki, bu (avtomatik olaraq) onunla şərtlənir ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuşdur. Cavabdeh bildirir ki, mikro sahibkarlıq subyekti olan fərdi sahibkara münasibətdə müvafiq güzəşt hüququndan məhrum olma riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın nəticəsidir. Normaların təhlilinə əsasən riskli vergi ödəyicisi hesab olunma birmənalı olaraq ödəyicinin gəlirlərin və xərclərin uçotunu aparmadığını şərtləndirmir. Odur ki, həmin qərarın nəticəsində əlavə araşdırma aparmadan (avtomatik olaraq) ödəyicisinin qeyd edilən güzəşt hüququndan məhrum edilməsi qanuni hesab edilə bilməz. İşdən müəyyən olunur ki, cavabdeh qurum iddiaçının gəlir və xərclərinin uçotunun aparılmamasını sübut edən hər hansı dəlil təqdim etməmişdir. Əksinə, iddiaçı e-qaimə əsasında mal alaraq (emala məruz qoyaraq) e-qaimə əsasında iş və xidmət təqdim edir, vergi orqanına hesabatlarını verir. Digər tərəfdən, mikro sahibkarın riskli hesab olunması nəticəsində avtomatik olaraq onun vergi güzəştlərindən məhrum edilmiş hesab edilməsinə dair hər hansı müddəa yoxdur. Təsadüfi deyildir ki, həmin maddəyə (102.1.30) edilmiş dəyişiklik nəticəsində də maddənin tətbiqi şərtləri konkretləşdirilmiş, vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda həmin maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmədiyi qeyd edilmişdir. Belə olan halda iddiaçının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparmayan mikro sahibkar olması cavabdeh tərəfindən sübut edilməli olan haldır və məhkəmə kollegiyası iddiaçının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparmayan mikro sahibkar olduğu qənaətinə gəlmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********313700 saylı qərarı və 2022-ci il gəlir vergisi üzrə 06 iyun 2023-cü il tarixli **********330500 saylı və 2023-cü il gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********920000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi ilə bağlı gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1556/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar