Məhkəmə qərarları › İş №2-1(103)-2132/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2132/2022

11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2132/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbayxcan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3568/2022 saylı, 14 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməs) barədə ərizə təqdim edərək, ona 62 yaşdan yəni, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 noyabr 1976-ci il tarixindən 25 yanvar 2015-ci il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə müvafiq orqana müraciət etmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından imtina məktubu verilmişdir. İmtina məktubunda ümumi sığorta stajının 21 il 2 ay müəyyən edildiyi qeyd edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Çünki sosial sığorta stajında olan bəzi müddətlər nəzərə alınmamışdır. İddia ərizəsinə əlavə edimiş arayışlara nəzər salınarsa 2002-ci ilin sentyabr ayınadək əmək haqqı ödənilmişdir. Əmək peniyası hesablanarkən cavabdeh orqan tərəfindən iş yerinə-yəni H.Z.Tağıyev adına TTSK-ya və digər aidiyyəti orqanlara sorğu verilməmişdir. İnzibati icraat haqqında qanunun tələbləri pozulmuşdur. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. İmtina verərkən bu norma da nəzərə alınmamışdır. Cavabdehin təqdim etdiyi iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələb olunan sığorta stajı və pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin olunmaqdan imtina edilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş iddiaçının xx.xx.1976-cı il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən sığorta stajı 21 il 2 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 16.130,50 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı üzrə Monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş 1976-cı il tarixindən 2015-ci il tarixinədək H.Z.Tağıyev adına TTSK-dakı əmək fəaliyyəti araşdırılmışdır. Məlum olmuşdur ki, xx.xx.1976-cı il tarixində V.İ.Lenin adına Toxuculuq Kombinatına işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixində işdən azad edilmişdir. Sözügedən dövrdə xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək əmək haqqı qismən ödənilməklə analıq məzuniyyətində, xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. xx.xx.1999-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək əmək haqqı ödənişi olmamışdır. xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək qismən ödənilən analıq məzuniyyətində olmuşdur. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Həmin Məcəllənin 132-ci maddəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Bundan başqa iddiaçının işlədiyini iddia etdiyi H.Z.Tağıyev adına TTSK-də qarşlıqlı yoxlama keçirilmişdir. Həmin yoxlama nəticəsində xx.xx.2021-ci il tarixli aktdan da göründüyü kimi iddiaçı xx.xx.1999-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək əmək haqqı almamışdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsində əmək pensiyası anlayışına görə əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Tərtib olunmuş qarşılıqlı yoxlama aktında iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr ərzində əmək haqqı almadığı göstərilmişdir. Ümumilikdə, yuxarıda qeyd edilən qanunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, İddiaçı Əliyasər qızına yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3568/2022 saylı, 14 mart 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti imtinaya, iddiaya dair yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, iddiaçının xx.xx.1976-cı il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən sığorta stajı 21 il 2 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 16130,50 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan başqa, iddiaçının işlədiyini iddia etdiyi H.Z.Tağıyev adına TTSK-də qarşlıqlı yoxlama keçirilmişdir. Həmin yoxlama nəticəsində xx.xx.2021-ci il tarixli aktdan da göründüyü kimi iddiaçı xx.xx.1999-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək əmək haqqı almamışdır. Həmçinin, iddaçı xx.xx.1994cü il tarixindən xx.xx.1995-ci il tarixinədək əmək haqqı qismən ödənilməklə analıq məzuniyyətində, xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək xx.xx.1998ci il tarixindən xx.xx.1998-ci il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuş, xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək qismən ödənilən analıq məzuniyyətində olmuşdur. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına edilməsi qanunauyğun hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisələndirilməyən halıdır. xx.xx.1959-cu il təvəllüdlü iddiaçıya münasibətdə xx.xx.2021-ci ildə yaş həddi 62 yaşdır. Mübahisələndirilən hal ikinci şərtin ödənilməməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İşin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla iddiaçının 25 ildən artıq stajı mövcuddur. İşin mübahisələndirilməyən halı iddiaçının 21 il 2 ay ümumi sığorta stajının mövcud olmasıdır. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən halı iddiaçının işlədiyini iddia etdiyi H.Z.Tağıyev adına TTSK-da xx.xx.1999-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək əmək haqqı almaması və bu səbəbdən həmin dövrlərin həmçinin, analıq məzuniyyətində olduğu və öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrlərin ümumi sığorta stajına daxil edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X9) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* №-li nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən (tərcümə) müəyyən olunur ki, X1 V.İ.Lenin adına Toxuculuq sənayesi kombinatına işə qəbul olunana qədər əmək stajı olmamışdır. xx.xx.1976-cı ildə V.İ.Lenin adına Toxuculuq sənayesi kombinatı- Boyaqbəzək fabrikasının keyfiyyət nəzarətçisi şagirdi kimi qəbul edilmişdir (246 №-li Əmr, xx.xx.1976-cı il), xx.xx.1977-ci il tarixdə hazır parçanın keyfiyyətinə 3-dərəcəli nəzarətçi vəzifəsinə keçirilmişdir (64 №-li Əmr, xx.xx.1977-cı il), xx.xx.1983-cü ildə hazır parçanın keyfiyyətinə 4-cü dərəcəli nəzarətçi vəzifəsinə keçirilmişdir (132 №-li Əmr, xx.xx.1983-cü il); xx.xx.1991-ci il tarixdə V.İ.Lenin adına Toxuculuq kombinatı H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi adlandırılmışdır (350 №-li Əmr, xx.xx.1991-cı il); xx.xx.1997-ci il tarixdə Texniki nəzarət şöbəsinə nəzarətçi keçirilmişdir (08 №-li Əmr, xx.xx.1997-cı il), xx.xx.2002-ci il tarixdə H.Z.Tağıyev adına BTTB-nin bazası əsasənda H.Z.Tağıyev adına TTSK ASC yaradılmışdır (03 №-li Əmr, xx.xx.2002-cı il), xx.xx.2015-ci il tarixdə ərizəsi əsasında işdən azad edilmişdir ( 01 №-li Əmr, xx.xx.2015-cı il). Göründüyü kimi, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. İş materiallarında olan: - H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinin xx.xx.1999-cu il tarixli 1 nömrəli əmrin surətindən müəyyən olunur ki, Texniki nəzarət şöbəsinin nəzarətçisi Quliyeva Sara 05.07.99-xx.xx.2002-ci ilədək ə/h qismən ödənişli, uşağın 3 yaşı tamam olanadək analıq məzuniyyətinə buraxılmışdır. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti Kadrlar şöbəsi tərəfindən verilmiş 168 saylı arayışda qeyd olunmuşdur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1976-cı ildə Boyaqbəzək fabrikasının hazırmallar sexinə keyfiyyət nəzarətçisi şagirdi işinə qəbul edilmişdir; xx.xx.1977-ci ildə 3-cü dərəcə keyfiyyət nəzarətçisi keçirilmişdir; xx.xx.1983-cü ildə 4-cü dərəcə keyfiyyət nəzarətçisi keçirilmişdir; xx.xx.1997-ci ildə texniki nəzarət şöbəsinin keyfiyət nəzarətçisi keçirilmişdir; xx.xx.2015-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. (Əsas şəxsi iş №11547). - "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 06 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Əliyeva (Quliyeva) Sara Əliyəsər qızı; xx.xx.1976-cı ildə Boyaq-bəzək istehsalatı anbarına keyfiyyət nəzarətçisi şagirdi işinə qəbul edilmişdir (Əmr № 246, xx.xx.1976-cı il). xx.xx.2015-ci ildə işdən azad edilib (Əmr № 1, xx.xx.2015-ci il). - birinci uşağa görə analıq məzuniyyətinə, xx.xx.1995-ci il tarixli 06 №-li əmrdə göstərilir ki, texniki nəzarət şöbəsinin nəzarətçisi-xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək 1,6 ay əmək haqqı qismən ödənilməklə xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilədək 1,6 ay əmək haqqı ödənilməmək şərti ilə uşağın 3 yaşı tamam olanadək əlavə məzuniyyət verilsin. Əmək haqqı cədvəllərindən görünür ki, İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq işə vaxtından əvvəl çıxmışdır. xx.xx.1995-ci il tarixli 43 №-li əmrdən görünür ki, texniki nəzarət şöbəsinin nəzarətçisi X2-xx.xx.1995-ci ildən analıq məzuniyyəti bitməmiş, işə çıxmağa icazə verilmişdir. - ikinci uşağa görə xx.xx.1999-xx.xx.2002-ci ilədək əmək haqqı qismən ödənilməklə uşağın 3 yaşı tamam olunanadək məzuniyyətə buraxılmışdır. Əmək haqqı cədvəlindən görünür ki, 3 illik qulluq məzuniyəti tam ödənilmişdir. "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 06 saylı məktuba əlavə olunmuş: - 08 saylı xx.xx.2022-ci tarixli arayışdan müəyyən olunur ki, X2 1992-ci il üzrə 67104-93, 1993-cü il üzrə 369666,66, 1994-cü il üzrə 161904, 1995ci il üzrə 351274, 1996-cı il üzrə 1360553, 1997-ci il üzrə 864842 manat əmək haqqı almışdır. - 07 saylı xx.xx.2022-ci tarixli arayışdan müəyyən olunur ki, X4 1998-ci ilin aprel ayından dekabr ayınadək 876291, 1999-cu il üzrə 522005, 2000-ci il üzrə 132000, 2001-ci il üzrə 77000, 2002-ci ilin yanvar ayından sentyabr ayınadək 122500 manat əmək haqqı almışdır. Beləliklə, iş materiallarından məlum olur ki, iddiaçıya birinci uşağa görə analıq məzuniyyəti xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək 1,6 ay əmək haqqı qismən ödənilməklə xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilədək 1,6 ay əmək haqqı ödənilməmək şərti ilə uşağın 3 yaşı tamam olanadək əlavə məzuniyyət verilmiş, ona ailə vəziyyəti ilə əlaqədar olaraq xx.xx.1995-ci ildən analıq məzuniyyəti bitməmiş, işə çıxmağa icazə verilmişdir. İddiaçı ikinci uşağa görə xx.xx.1999-xx.xx.2002-ci ilədək əmək haqqı qismən ödənilməklə uşağın 3 yaşı tamam olunanadək məzuniyyətə buraxılmış və ona 3 illik qulluq məzuniyyəti tam ödənilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxildir. Göründüyü kimi, iddiaçının analıq məzuniyyətində olduğu dövr ümumi stajına daxil edilməlidir. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu və əmək haqqı ödənişi olmadığından sözügedən dövrlərin sığorta stajına daxil edilməsinin mümkün olmadığını qeyd edir. Bununla bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin həmin dövrdə qüvvədə olan redaksiyada 111-ci maddəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə mövcuddur və onun həmin müəssisədə 1976-cı ildən 2015-ci ilədək işləməsi (fasilələrlə) əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunur. Cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçı yaşa görə pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübut edilmiş, cavabdeh isə konkret halda pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, belə şərtlərin mövcudluğunu sübut etməmişdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbayxcan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3568/2022 saylı, 14 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar