Məhkəmə qərarları › İş №2-1(103)-2132/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2132/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2132/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, üçüncü şəxsin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi, X3 və X6) “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair” inzibati mübahisə üzrə iddiaçının Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 554/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə və onun apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 785/1 saylı 16 fevral 2004-cü il tarixli sərəncamı ilə onun mülkiyyətinə ayrılaraq, adına rəsmiləşdirilmiş 2,0 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 554/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbləri qaydasında iş materialları apellyasiya qaydasında araşdırılarkən müəyyən olunmuşdur ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi ilə verilmişdir. Ona görə də bu barədə iddiaçıya məhkəmə bildirişi ünvanlanaraq, hazırkı xx.xx.2024-cü il tarixinə apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üzrə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından buraxılmış şikayət vermə müddətinin bərpa edilməsini və məhkəməyə verdiyi izahatında apellyasiyanın mümkün sayılaraq işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi N.Kazımov müddətin bərpa edilməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin edilməsindən imtina olunmalı və apellyasiya şikayəti mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İş materiallarından (i.v.155) görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 554/2023 nömrəli xx.xx.2024-cü il tarixli qərarının surəti iddiaçıya poçt vasitəsilə məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır (ştrix kod: SX009390590AZ). Belə olan halda,qərarın xx.xx.2024-cü il tarixidə təqdim etmə anından, İPM-in 85.1ci maddəsinə əsasən müəyyən edilən 30 günlük şikayət vermə müddətinin son günü xx.xx.2024-cü il tarixinə düşür. Həmin tarix qeyri-iş gününə təsadüf etdiyindən iddiaçı şikayəti növbəti iş günü, yəni xx.xx.2024-cü il tarixdə verməli olduğu halda, onun işə əlavə olunmuş apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş, bununla da İPM-in 85.1-ci maddəsi ilə müəyyən olunan 30 günlük şikayət vermə müddəti 14 gün ötürülmüşdür. Hazırkı məhkəmə iclasında iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etsə də, müddəti üzürlü səbələrdən ötürdüyünü əsaslandırmamış, onun təqsiri olmadan müddətin buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinin tələbinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Prosessual qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, buraxılmış prosessual müddət o halda bərpa oluna bilər ki, müddətin buraxılması proses iştirakçısının təqsiri olmadan buraxılsın və bu sübutlarla əsaslandırılmış olsun. «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Beləliklə də, qeyd olunanlar baxımından, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin olunması və onun apellyasiya şikayətinin mümkün sayılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Bu baxımdan, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin edilməsindən imtina olunması və onun apellyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması, onu vermiş tərəfə qaytarılması barədə qərardad çıxarılmalıdır. İPM-in 1.2-ci maddəsi baxımından, MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Belə olan halda apellyasiyanın mükünlüyü də istisna olunur. Həmin Məcəllənin 87.3-cü maddəsi isə nəzərədə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-554/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar