Məhkəmə qərarları › İş №2-1(103)-2133/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2133/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2133/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qаrşı “sərəncamın ləğvi, yenidən mənzil növbəsinə qəbul edilmə və mənzil kirayəsi üçün haqqın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(112)-1322/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısına yenidən daxil edilərək, kirayə pulunun bərpa olunması və 2020-ci ilin yanvar ayından hazırkı vaxtadək ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 12 iyun 2020-ci il tarixli 70 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısına yenidən daxil edilməsi, kirayə pulunun bərpa olunması və 2020-ci ilin yanvar ayından hazırkı vaxtadək ödənilməmiş məbləğin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-5659/2020 saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hərbi xidmət dövrünün 2-ci qrup əlili kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra hakimiyyətinə illər öncə mənzil növbəsinə götürülməsi barədə müraciət etmişdir. Binəqədi Rayon İcra hakimiyyətinin başçısının 07 may 2008-ci il tarixli Sərəncamına əsasən, onun ailə tərkibi 1 nəfərlə (özü) yaşayış yeri üzrə Binəqədi Rayon İcra hakimiyyətində hərbi xidmət dövrünün 2-ci qrup əlili kimi mənzil növbəsinə götürülməsi və hərbi xidmət dövrünün 2-ci qrup əlili olmağı nəzərə alınaraq, mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi barədə sərəncam verilmişdir. Ona mənzil verilmədiyinə görə 2013-cü ildən kirayə haqqı ödənilmişdir. Lakin 2020-ci ilin 01 yanvar tarixindən ona verilən kirayə pulu dayandırılmışdır. Səbəb isə DƏDRX-nin sənədinə əsasən onun adına 3 əmlak olduğu qeyd olunmuşdur. Halbuki, qeyd edilən əmlaklardan biri 2014-cü ildə satılmışdır. Təbii ki, qeyd edilən müddətdən artıq 6 il keçdiyi üçün heç bir əhəmiyyəti qalmamışdır. İkinci əmlak isə dövlət tərəfindən verilmiş pay torpağıdır və 2017-ci il tarixdə də torpaq onun tərəfindən bağışlanılıb. Üçüncü əmlak isə atasından vərəsəlik yolu ilə övladlarının adına torpaq sahəsi keçib və həmin sənəd paylı mülkiyyətdə olmuş və həmin sənəddə onun adı payçı kimi yazılsa da, cəmi 7 (yeddi) gün sonra həmin payı bacısına bağışlamışdır. Qeyd edilənlərə əsasən, hesab edir ki, ona verilən kirayə pulu əsassız və qanunsuz olaraq dayandırılmışdır. Bu səbəbdən də, kirayə pulunun yenidən bərpa olunması və 2020-ci ilin yanvar ayından bu vaxtadək ödənilməmiş məbləğin ödənilməsi barədə göstəriş verilməsi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, cavabdeh orqan tərəfindən verilmiş 15 iyul 2020-ci il tarixli, 02/09-11-1 l/İ-71-108 saylı cavab məktubunda DƏDRX tərəfindən verilmiş 05.02.2020-ci il tarixli arayışa əsasən adına fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin olduğu əsas gətirilərək 16.03.2020-ci il tarixli protokol ilə mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Lakin qeyd etdiyi kimi həmin əmlaklar alqı-satqı və bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Buna görə də, əsassız olaraq mənzil növbəsindən çıxarıldığından və kirayə pulunun ödənilməsi dayandırıldığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə qarşı etirazda göstərmişdir ki, vətəndaş İbadov X6 Rayon İcra Hakimiyyəti başçısının 07.05.2008-ci il tarixli 128 saylı sərəncamı ilə ailə tərkibi 1 nəfərlə (özü) hərbi xidmət dövrünün İİB qrup əlili kimi mənzil növbəsinə götürülmüş və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 16.07.2013-cü il tarixli 230 saylı sərəncamı ilə 07.05.2008-ci il tarixdən ehtiyatda olan zabit kimi mənzil növbəsində hesab edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən hər il vətəndaşların mənzil-uçot siyahılarının dəqiqləşdirilməsi (Binəqədi Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil uçotunda olan vətəndaşların yaşayış yerlərinin dəyişməsi, vəfat etmələri, torpaq sahəsi ilə təmin olunub-olunmamaları, yaşayış sahəsi əldə edib-etməmələri və s.) aparılır. Belə dəqiqləşmələrin aparılması nəticəsində müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı adına 23.05.2014-cü il tarixdə fərdi yaşayış evi olmuş və 04.06.2014-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, 12.01.2017-ci il tarixdə isə 0.45 ha həyətyanı torpaq sahəsi mövcud olmuş və 17.01.2017- ci il tarixdə bağışlama müqaviləsinə əsasən bacısı X7 adına keçirilmişdir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05.02.2020-ci il tarixli **********44 saylı arayış). Beləliklə, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı mənzil növbəsində olarkən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi əldə etmiş, lakin qısa müddət ərzində qeyd olunan daşınmaz əmlakları özgəninkiləşdirmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, aşkar olunmuş hallara hüquqi qiymət verilməsi üçün məsələ Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların işləri üzrə Komissiyanın müzakirəsinə çıxarılmış və komissiya iclasının 6 nömrəli 16.03.2020-ci il tarixli protokolu ilə onun mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Komissiyanın qeyd olunan protokolu əsasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə vətəndaş İddiaçı yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılmışdır. Cavabdeh iddia ərizəsinin əsassız hesab olunmasını və İddiaçı irəli sürdüyü iddia tələbi əsassız olduğu üçün iddia tələbinin qeyrimümkün sayılmaqla rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(112)-1322/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar çıxarılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota götürülmüş şəxslər siyahısından çıxarılmağı qanunsuzdur və ona verilən kirayə haqqı əsassız olaraq dayandırılmışdır. AR Mənzil Məcəlləsinin 55-ci maddəsində nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyil. DƏDRX-in arayışı 05.02.2020-ci il tarixdə verilməsinə baxmayaraq mənzil növbəsindən çıxarılma barədə sərəncam 4 ay sonra 12.06.2020-ci il tarixdə verilmişdir. Digər tərəfdən sərəncamda Mənzil Məcəlləsinin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad olunmamışdır. İşə məhkəmədə baxılarkən cavabdeh inzibati orqan tərəfindən sərəncama dəyişiklik edilmiş və mənzil növbəsindən çıxarılmasının əsası kimi Mənzil Məcəlləsinin 55.1.5-ci maddəsi göstərilmişdir. Halbuki həmin maddədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Lakin ona belə bir torpaq sahəsinin verilməsi iş materialları ilə müəyyən olunmur. Bundan əlavə, o yaşayış sahəsinə ehtiyacı olan kimi deyil, ehtiyatda olan zabit kimi mənzil növbəsinə durmuşdur. Qanunvericilikdə isə hərbi qulluqçuların mənzil növbəsindən çıxarılmasının əsasları müəyyən edilməmişdir. Bu baxımdan hazırkı mübahisə ilə bağlı Mənzil Məcəlləsinin 55.1 və 52-ci maddələri düzgün tətbiq edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(112)-1322/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1981-cı ildə Cəlilabad rayonu, Mollalı kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 07.05.2008-ci il tarixli 128 saylı sərəncamı ilə vətəndaş İddiaçı ailə tərkibi 1 nəfərlə (özü) hərbi xidmət dövrünün İİB qrup əlili kimi mənzil növbəsinə götürülmüş və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 16.07.2013-cü il tarixli 230 saylı sərəncamı ilə 07.05.2008-ci il tarixdən ehtiyatda olan zabit kimi mənzil növbəsində hesab edilmiş, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci və 55-ci maddələrinin tələblərinə görə 70 saylı 12.06.2020-ci il tarixli sərəncama əsasən mənzil növbəsindən çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 02.05.2018-ci il tarixli 870 №-li qərarından müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi RHK tərəfindən 1998-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən 2003-cü ilin oktyabr ayında aldığı və 27.02.2018ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol gicgah nahiyəsində bir ədəd köhnə çapıq toxuma” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Binəqədi rayon idarəsinin 26.04.2018-ci tarixli 11 nömrəli göndərişi, 26.04.2018-ci il tarixli 142 nömrəli arayışı Müdafiə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilmiş 27.02.2018-ci il tarixli 205 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, Sumqayıt Şəhər Məhkəməsinin 13.04.2018-ci il tarixli 2(060)-2562 nömrəli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidməti Vəzifələri) X4. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi Həkim ekspertizası haqqında Əsasnamənin 7.2 bəndinin c) yarımbəndi. MN MHHKnın 812 saylı 02.05.2018-ci il tarixli protokolu. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 07 may 2008-ci il tarixli 128 №-li sərəncamından çıxarışdan müəyyən olunur ki, Binəqədi Rayon İcra Hakimiyyətinə vətəndaş İddiaçı ərizə ilə müraciət edərək, hərbi xidmət dövrünün İİB qrup əlil kimi yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Araşdırmadan məlum olmuşdur ki, vətəndaş İddiaçı ailə tərkibi nəfərlə (özü və 5 qohumu) 2008-ci ildən Biləcəri qəsəbəsi Hərbi şəhərcik 15 saylı binanın 1 otaqlı, yaşayış sahəsi 14,2 kv. metr olan 3-cü mənzilində pasport qeydiyyatında olaraq yaşayır. Vətəndaş İddiaçı hərbi xidmət dövrünün İİB qrup əlilidir (xəstəlik haqqında şəhadətnamə 23 saylı, 12.11.2007-ci il tarixli). Vətəndaş İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi Mənzil Qaydalarının tələblərinə tam cavab verir. Belə ki, hərbi şəhərcikdə pasport qeydiyyatında olaraq yaşayır və yaşadığı mənzildə ailə üzvünə düşən yaşayış sahəsi 9 kv. metrdən azdır. Yuxarıda qeyd olunanlara və Mənzil Qaydalarına əsaslanaraq aşağıdakılar qərara alınmışdır: 1.2. Vətəndaş İddiaçı ailə tərkibi 1 nəfərlə (özü) yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində hərbi xidmət dövrünün İİB qrup əlili kimi mənzil növbəsinə götürülsün. 2. Vətəndaş İddiaçı hərbi xidmət dövrünün İİB qrup əlil olmasını nəzərə alaraq, mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilsin. 3 Sərəncam icrasına nəzarət Aparatın Hüquq şöbəsinə həvalə edilsin. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 16 iyul 2013-cü il tarixli 230 №-li Sərəncamından müəyyən olunur ki, Binəqədi Rayon İcra Hakimiyyətinə vətəndaş İddiaçı ərizə ilə müraciət edərək, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 07.05.2008-ci il tarixli 12 saylı sərəncamında dəyişiklik edilməsini, qərar hissəsində ehtiyatda olan zabit, hərbi xidmət dövrü ilə əlaqədar İİB qrup əlil kimi sözlərini əlavə edərək, güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsini xahiş etmişdir. Araşdırmadan məlum olmuşdur ki, vətəndaş İddiaçı zabit kimi 01.03.2020-ci ildən 22.12.2007-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etmişdir (Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin 31.10.2012-ci il tarixli 51 saylı Arayışı). Qeyd olunanlara, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddələrinə, “Hərbi Qulluqçuların Statusu haqqında” Qanununun 12-ci maddəsinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı, 6.8-ci bəndlərinə əsaslanaraq aşağıdakılar qərara alınmışdır: 1. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 07.05.2008- ci il tarixli 128 saylı sərəncamında dəyişiklik edilərək, vətəndaş İddiaçı yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində ehtiyatda olan zabit, hərbi xidmət dövrü ilə əlaqədar İİB qrup əlil kimi güzəştli əsaslarla 07.05.2008-ci ildən mənzil növbəsində hesab edilsin. 2. Vətəndaş İddiaçı “Hərbi Qulluqçuların Statusu haqqında” Qanuna əsasən mənzil sahəsilə təmin olunanadək, kirayə haqqının ödənilməsi ilə əlaqədar müraciət etdiyi tarixdən mənzil kirayə haqqı ödənilsin. 4.Sərəncamın surəti məlumat üçün vətəndaş İddiaçı göndərilsin. 4. Sərəncamın icrasına nəzarət Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı aparatın hüquq şöbəsinə həvalə edilsin. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 26 may 2017-ci il tarixli 121 №-li Sərəncamından müəyyən olunur ki, Binəqədi Rayon İcra Hakimiyyətinə vətəndaş İddiaçı ərizə ilə müraciət edərək, ailə tərkibinin dəyişdirilməsi ilə əlaqədar mənzil-uçot sənədlərində dəyişkilik edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 07.05.2008 il il tarixli 128 saylı sərəncamı ilə ailə tərkibi 1 nəfərlə (özü) yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürülmüşdür. Vətəndaş İddiaçı sonradan Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək yuxarıda göstərilən sərəncama əlavə edilərək, 16.07.2013-cü il tarixli 230 saylı sərancamla ehtiyatda olan zabit sözləri əlavə edilmişdir. Vətəndaş İddiaçı oğlu X2 məxsus 01.03.2017ci il tarixli AZ №-li 920094 seriyalı doğum haqqında şəhadətnamənin surətini təqdim edərək ailə tərkibinin sayının artdığını bildirmişdir. Hal-hazırda vətəndaş İddiaçı ailə tərkibi 5 nələrlə (özü, arvadı, 3 oğlu və qızı) 2008-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik, 15 saylı binanın 1 otaqlı yaşayış sahəsi 14.2 kv. metr olan 3-cü mənzilində pasport qeydiyyatında olaraq yaşayır. Qeyd olunanlara, “Əlilliyin qarşısının alınması, Əlillərin reabilitasiyası və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddələrinə, “Hərbi Qulluqçuların Statusu haqqında” Qanununun 12-ci maddəsinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı, 6.8-ci bəndlərinə əsaslanaraq aşağıdakılar qərara alınmışdır: 1. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 16.07.2013cü il tarixli 230 saylı sərəncamında dəyişiklik edilərək, vətəndaş İddiaçı ailə tərkibi 5 nəfərlə (özü, arvadı, 2 oğlu və qızı) yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində güzəştli əsaslarla 07.05.2008-ci ildən hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlil kimi 16.07.2013-cü il tarixdən ehtiyatda olan zabit kimi mənzil növbəsində hesab edilsin. 2. Vətəndaş İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Qanuna əsasən mənzil sahəsilə təmin olunanadək mənzil kirayə haqqı ödənilsin. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 12 iyun 2020-ci il tarixli 70 nömrəli Sərəncamından müəyyən olunur ki, Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinə mühasibatlıq sektorundan vətəndaş İddiaçı müvəqqəti kirayə xərclərinin ödənilməsi məsələsinə baxılması barədə Xidməti məruzə daxil olmuşdur. Xidməti məruzədə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05.02.2020-ci il tarixli **********44 saylı arayışına əsasən 23.05.2014-cü il tarixdə adına fərdi yaşayış evi, 12.01.2017-ci il tarixdə isə həyətyanı torpaq sahəsinin mövcud olduğu bildirlir. Vətəndaş İddiaçı müvəqqəti kirayə xərclərinin ödənilməsi məsələsinə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 04.03.2020-ci il tarixli 52 saylı sərəncamı ilə Binəqədi RİH başçısı Aparatı yanında yaradılmış komissiya iclasında baxılmış və komissiya iclasının 6 nömrəli 16.03.2020-ci il tarixli protokolu ilə onun mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Qeyd olunanlara, Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların işləri üzrə komissiya iclasının 6 nömrəli 16.03.2020-ci il tarixli protokoluna və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı və 6.8-ci bəndlərinə əsaslanaraq aşağıdakılar qərara alınmışdır; 1. vətəndaş İddiaçı yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılsın. 2. Sərəncamdan hüquqi qüvvəyə mindiyi andan (rəsmi qaydada verildiyi gündən) 30 gün müddətində subordinasiya baxımından yuxarı inzibati orqana və ya məhkəməyə şikayət verilə bilər. 3. Sərəncamın surəti məlumat üçün vətəndaş İddiaçı göndərilsin. 4. Sərəncamın icrasına nəzarət Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova tapşırılsın. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 08 may 2021-ci il tarixli 91 nömrəli Sərəncamından müəyyən olunur ki, Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinə mühasibatlıq sektorundan vətəndaş İddiaçı müvəqqəti kirayə xərclərinin ödənilməsi məsələsinə baxılması barədə daxil olmuş 28.02.2021-ci il tarixli Xidməti məruzənin araşdırılması zamanı İddiaçı adına torpaq sahəsinin olması müəyyən edildiyindən 70 saylı 12.06.2020-ci il tarixli sərəncamına əsasən mənzil növbəsindən çıxarılmışdır. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 07.05.2008-ci il tarixli 128 saylı sərəncamı ilə vətəndaş İddiaçı ailə tərkibi 1 nəfərlə (özü) hərbi xidmət dövrünün İİB qrup əlili kimi mənzil növbəsinə götürülmüş və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 16.07.2013-cü il tarixli 230 saylı sərəncamı ilə 07.05.2008-ci il tarixdən ehtiyatda olan zabit kimi mənzil növbəsində hesab edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05.02.2020-ci il tarixli **********44 saylı arayışda vətəndaş İddiaçı adına 23.05.2014- cü il tarixdə fərdi yaşayış evi məxsus olmuş və 04.06.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, 12.01.2017-ci il tarixdə isə 0,45 ha həyətyanı torpaq sahəsi mövcud olmuş və 17.01.2017-ci il tarixdə bağışlama müqaviləsinə əsasən bacısı X7 adına keçirilmişdir. Vətəndaş İddiaçı mənzil növbəsində olarkən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi əldə etmiş, lakin qısa müddət ərzində qeyd olunan daşınmaz əmlakları özgəninkiləşdirmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Vətəndaş İddiaçı mənzil növbəsində olarkən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi əldə edərək qısa müddət ərzində qeyd olunan daşınmaz əmlakları özgəninkiləşdirdiyindən və 0.45 ha həyətyanı torpaq sahəsinin özgəninkiləşdirmə tarixindən 5 il keçmədiyindən ehtiyatda olan zabit kimi mənzil növbəsindən çıxarılmalıdır. Qeyd olunan halların ətraflı təhlilini göstərmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 70 saylı 12.06.2020-ci il tarixli sərəncamına əlavə və düzəlişlər edilməlidir. Qeyd olunanlara, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun, Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların işləri üzrə komissiya iclasının 6 nömrəli 16.03.2020ci il tarixli protokoluna və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı və 6.8.ci bəndlərinə əsaslanaraq aşağıdakılar qərara alınmışdır; 1. Vətəndaş İddiaçı yaşayış yeri üzrə Binəqədi Rayonu İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində “uçota götürülmüş şəxslərin siyahısından çıxarılsın” sözləri “mənzil növbəsindən çıxarılsın” kimi oxunsun. 2. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci və 55-ci maddələri mənzil növbəsindən çıxarılma əsasları kimi qeyd olunsun. 3. Sərəncamın surəti vətəndaş İddiaçı və Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sektor müdiri-baş mühasib Hicran Dadaşovaya təqdim edilməsi Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sabir Əliyevə həvalə edilsin. 4. Sərəncamdan 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə şikayət verilə bilər. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 15 iyul 2020-ci il tarixli 02/09-11-11/İ-71-108 №-li məktubda qeyd olunmuşdur ki, müvəqqəti mənzil xərclərinin ödənilməsinin bərpa olunmasına köməklik göstərilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış 24.06.2020-ci il tarixli 1-71-108 saylı müraciətinə tərəflərindən baxılmışdır. Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinə muhasibatlıq sektorundan müvəqqəti kirayə xərclərinin ödənilməsi məsələsinə baxılması barədə Xidməti məruzə daxil olmuşdur. Xidməti məruzədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05.02.2020-ci il tarixli **********44 saylı arayışında 23.05.2014cü il tarixdə onun adına fərdi yaşayış evinin, 12.01.2017-ci il tarixdə isə həyətyanı torpaq sahəsinin mövcud olduğu bildirilir. Müvəqqəti kirayə xərclərinin ödənilməsi məsələsinə Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 04.03.2020-ci il tarixli 32 saylı sərəncamı ilə Binəqədi RİHB yanında yaradılmış komissiya iclasında baxılmış və komissiya iclasının 6 nömrəli 16.03.2020-ci il tarixli protokolu ilə mənzil növbəsindən çıxarılmağı qərara alınmışdır. Qeyd olunan protokol əsasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə mənzil növbəsindən çıxarılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Binəqədi Rayon İcra hakimiyyətinə verilmiş 05.02.2020-ci il tarixli **********44 №-li 05.02.2020-ci il tarixli “Daşınmaz Əmlakın Dövlət Reyestrindən Arayış”dan müəyyən olunur ki, İddiaçı adına Azərbaycan Respublikası üzrə Milli Qeydiyyat Sistemində aşağıdakı daşınmaz əmlaklar qeydiyyata alınmışdır: 1) Cəlilabad rayonu, Mollalı kəndi ərazisində 4,26 ha kənd təsərrüfatı təyinatlı torpaqlar-ümumbirgə mülkiyyət-12.01.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 17.01.2017-ci il tarixdə bağışlama müqaviləsi əsasında X7 adına özgəninkiləşdirilmişdir. 2) Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 2, 11 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,2 ha torpaq sahəsi-mülkiyyət-23.05.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 04.06.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında X1 adına özgəninkiləşdirilmişdir. 3) Cəlilabad rayonu, Mollalı kəndi ərazisində 0,45 ha həyətyanı torpaq sahəsi-ümumbirgə mülkiyyət 12.01.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 17.01.2017-ci il tarixdə bağışlama müqaviləsi əsasında X7 adına özgəninkiləşdirilmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə müvafiq sorğularına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 24.12.2020-ci il tarixli **********88 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30.12.2020-ci il tarixli **********14 saylı cavab məktubundan müəyyən edilir ki, İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alınanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli qərarından müəyyən edilir ki, 1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində –75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq üçün mənzil növbəsinə qəbul edilməsi və mənzillə təmin olunana qədər müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsi üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsində göstərilən əsaslar mövcud deyil. Belə ki, iş materiallarından da göründüyü kimi, Cəlilabad rayonu, Mollalı kəndi ərazisində 4,26 ha kənd təsərrüfatı təyinatlı torpaqlar-ümumbirgə mülkiyyət hüququ ilə 12.01.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına qeydiyyata alınmış, 17.01.2017-ci il tarixdə isə həmin torpaq sahəsi bağışlama müqaviləsi əsasında X7 adına özgəninkiləşdirilmişdi. Cəlilabad rayonu, Mollalı kəndi ərazisində 0,45 ha həyətyanı torpaq sahəsi-ümumbirgə mülkiyyət hüququ ilə 12.01.2017ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına qeydiyyata alınmış, 17.01.2017-ci il tarixdə isə bağışlama müqaviləsi əsasında X7 adına özgəninkiləşdirilmişdir. Odur ki, iddia tələbinin təmin olunması üçün qanuni əsaslar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(112)-1322/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar