Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2133/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X2, üçüncü şəxslər "xxxx" MMC-nin nümayəndəsi X4 və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-2180/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18-25 oktyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra Dövlət Xidməti) xx.xx.2021-ci il tarixli “Antiinhisar qanuvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” qərar qəbul etməklə müəssisəyə “Haqsız rəqabət haqqında” AR Qanununun 4-cü maddəsinin 4-cü abzasının tələbini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin 2-ci cümləsinin tələbinə əsasən "xxxx" MMC-nin adından qanunsuz istifadə etməklə əldə etdiyi gəlirin 1 misli həcmində, yəni 141.230,07 manat maliyyə sanksiyasının, adıçəkilən Qanunun 9-cu maddəsinin 2-ci abzasının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1ci hissəsinin 3-cü abzasının tələbinə əsasən qablaşdırılmasının üzərində “Energy” sözü yazılmış alkoqolsuz içkilərin satışından bu Qərarın 2-ci bəndində göstərilmiş gəlir çıxılmaqla əldə etdiyi 375.005,39 manat gəlirin 2 %-i miqdarında, yəni 7.500,11 manat maliyyə sanksiyasının təsdiq edilməsi və xx.xx.2021-ci il tarixinə qədər yuxarıda qeyd olunan pozuntu hallarının aradan qaldırılması və nəticəsi haqqında Dövlət Xidmətinə məlumat verilməsi haqqında göstəriş verilməsi qərara alınmışdır. Aşağıdakı hüquqi əsaslara görə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli “Antiinhisar qanuvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməlidir. “Haqsız rəqabət haqqında” AR Qanununun 4-cü maddəsinin 4-cü abzasının tələbini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin 2-ci cümləsinin tələbinə əsasən "xxxx" MMC-nin adından qanunsuz istifadə etməklə əldə etdiyi gəlirin 1 misli həcmində, yəni 141.230,07 manat maliyyə sanksiyası ilə bağlı qeyd edilməlidir ki, İddiaçı MMC tərəfindən istinad olunan Qanunun göstərilən maddələrinin tələbləri pozulmamışdır. Belə ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 77AZ saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə məxsus mallar "xxxx" MMC-yə satılır və "xxxx" MMC distrübütorluq hüququ əsasında həmin malları yeganə satısıcısıdır (təchizatçısıdır). Həmin müqavilənin 3.4-cü bəndinin tələblərinə görə həmin bənddə göstərilən məlumatlar (istehsalçının adı, VÖEN-i, ünvanı, malların istehsal tarixi, malın tərkibi və s.) "xxxx" ММС-yə satılacaq malların üzərində olmalıdır. Eyni zamanda, həmin bəndin son cümləsinin tələbinə görə isə “Qanunvericiliklə nəzərdə tutulan digər məlumatlar” da olmalıdır. Həm bu bəndin tələbini, həm "xxxx" MMC-nin tələbini nəzərə alaraq, "xxxx" MMC-yə satılmış məhsulların üzərinə həmin müəssisənin adı distrübütor kimi qeyd edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 77AZ saylı alqı-satqı müqaviləsinin 9.1-ci bəndinin tələbinə görə müqavilə xx.xx.2020-ci il tarixinə qədər qüvvədə qalacaqdır. Tərəflərdən hər hansı biri müqavilənin müddətinin bitməsinə 15 gün qalana (xx.xx.2020-ci il nəzərdə tutulur) kimi müqaviləni ləğv etmək barəsində müraciət etməzsə müqavilə hər dəfə 1 il müddətinə uzadılmış hesab ediləcək. "xxxx" MMC tərəfindən müqavilənin 9.1-ci bəndinin tələbinə uyğun olaraq müqavilənin müddətinin bitməsinə 15 gün qalana (xx.xx.2020-ci il nəzərdə tutulur) kimi müqaviləni ləğv etmək barəsində müraciət etmədiyindən müqavilə həmin şərtə uyğun olaraq, xx.xx.2021-ci il tarixinə qədər uzadılmışdır. Qeyd olunan müqavilə xx.xx.2021-ci il tarixinə qədər uzadıldığı üçün "xxxx" MMC müqavilənin ləğv edilməsi ilə bağlı istəyini yalnız həmin Müqavilənin 9.2-ci bəndinin tələbinə uyğun olaraq tələb edə bilər. Həmin bəndin tələbinə görə tərəflərdən biri müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda digər tərəf 10 gün əvvəlcədən məlumat verməklə müqaviləyə xitam verə bilər. Eləcə də, hər hansı səbəb göstərməməklə 60 gün qabaqcadan məlumat verməklə istənilən tərəf müqaviləyə xitam verə bilər. Lakin, hazırki iş üzrə "xxxx" MMC tərəfindən müqavilənin 9.2-ci bəndinin tələbinə uyğun olaraq müqaviləyə xitam verilməsi ilə bağlı heç bir müraciət daxil olmamışdır. "xxxx" MMC mübahisələndirilən qərar qəbul edilən iclasda bildirmişdir ki, guya elektron poçt (email) vasitəsi ilə müqaviləyə xitam verilməsi ilə bağlı müraciət etmişdir. Lakin, bu məlumat həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2021-ci il tarixdə elektron poçt vasitəsi ilə edilmiş müraciətdə müqaviləyə xitam verilməsi ilə bağlı heç bir şərt qeyd edilməmişdir və üstəlik 9.2-ci bəndin tələbinə riayət olunmamışdır, yəni hansı əsasla və hansı tarixdən müqaviləyə xitam veriləcəyi qeyd edilməmişdir. Həmin müraciətdə yalnız pərakəndə satış sahəsində əməkdaşlığın dayandırılması, topdan satış sahəsində əməkdaşlıq istisna edilməyib və ətraflı müzakirə olanacağı qeyd edilmişdir. Eyni zamanda, həmin müraciətdə "xxxx" MMC-nin adının çıxarılması və satışın dayandırılması ilə bağlı hərhansı tələb irəli sürülməmişdir. "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 77AZ saylı Alqı-satqı müqaviləsinin qüvvədə olmasının təsdiqləyən digər bir hal ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşı olan və Yasm.EElektron ünvan adlı korporativ elektron poçtdan istifadə edən Yasin Ələkbərov tərəfindən yeni elektron poçt göndərilmiş və həmin poçtda yuxarıda qeyd olunan müqaviləyə xitam verilməsi ilə bağlı Razılaşma təqdim edilmişdir. Lakin, həmin Razılaşmanın tarixi xx.xx.2021-ci il tarix göstərilmişdir. Razılaşmanın tarixi geri tarixə yazıldığı üçün cəmiyyət tərəfindən təsdiqlənməmişdir və qarşı tərəfə bu barədə mövqe bildirilmişdir. Əgər tərəflər arasında müqavilə "xxxx" MMC-nin bildirdiyi kimi xx.xx.2021-ci il tarixli elektron poçt müraciəti ilə ləğv edilmişdirsə, o zaman yenidən xitam barəsində Razılaşma göndərməyə hansı zərurət yaranmışdır? Zərurət ondan ibarət idi ki, "xxxx" MMC maliyyə sanksiyasına məruz qalmamaq üçün mübahisə predmeti qəbul olunan iclasda belə bir əsassız və həqiqəti əks etdirməyən məlumatlar (izahatlar) vermişdir. Dövlət Xidməti isə cəmiyyət tərəfindən təqdim edilmiş sənədlər və məlumatlarla əlaqədar düzgün araşdırma aparmadığından həmin sənədlərə və məlumatlara yanlış qiymət vermişdir. Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” qərarının “Haqsız rəqabət haqqında” AR Qanununun 9-cu maddəsinin 2-ci abzasının tələblərini pozduğuna görə, həmin 12-ci maddəsinin 1-ci hissəsinin 3-cü abzasının tələbinə əsasən qablaşdırılmasının üzərində “Energy” sözü yazılmış alkoqolsuz içkilərin satışından bu qərarın 2-ci bəndində göstərilmiş gəlir çıxılmaqla əldə etdiyi 375005,39 manat gəlirin 2 %-i miqdarında, yəni 7500,11 manat maliyyə sanksiyasının təsdiq edilməsi ilə bağlı qeyd edilməlidir ki, qərar bu hissədə də, əsassız və qanunsuzdur. Belə ki, Dövlət Xidməti 375005,39 manat gəlirin 2 %-i miqdarında, yəni 7500,11 manat maliyyə sanksiyasının təsdiq edilməsini Cəmiyyət tərəfindən məhsulların üzərində “Energy” sözü istifadə etmələri və “Haqsız rəqabət haqqında” AR Qanunun 9-cu maddəsinin 2-ci bazasının tələblərini pozmağı ilə əsaslandırmışdır. Yəni cəmiyyət tərəfindən guya əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi. Dövlət xidmətlərinin bu mövqeyi razılaşmayaraq, qeyd olunur ki, məhsulların üzərində “Energy” sözü energetik içki təəssüratı yaratmaq üçün qeyd edilməmişdir. Həmin söz satışa çıxarılan və cəmiyyətə məxsus məhsulun qanuni əsaslarla qeydiyyatdan keçirilmiş Əmtəə nişanın adının tərkib hissəsidir. Belə ki, AR Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2021-ci il tarixli, 16 №-li Protokolu ilə təsdiq edilmiş “Əmtəə nişanının qeydiyyata alınması haqqında” Qərarı ilə “Pit Bull energy” əmtəə nişanı qeydiyyata alınmışdır. Həmin əmtəə nişanı ilə bağlı müraciət xx.xx.2020-ci il tarixdə edilmişdir. Həmin əmtəə nişanın tərcümə edilmiş mənası “Pit bulun enerji” deməkdir. Bu isə istehlakçıda hər hansı yanılma və çaşma halına səbəb ola bilməz. Eyni zamanda, qeyd edilməlidir ki, həmin məhsulun üzərində məhsulun istehsalı və tərkibi barədə ətraflı məlumat verilmişdir. Həmin məhsulun tərkibi ilə bağlı məlumatlar müəyyən edilir ki, hazırki alkoqolsuz qazlı vitaminli içki enerji içkisi deyil. Belə ki, AR X3 tərəfindən təsdiqlənmiş “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydalarının 1.4-cü bəndində göstərilən qaydalar cəmiyyət tərəfindən pozulmamış və məhsulun tərkibi həmin qaydalara uyğun müəyyən edilmişdir. Misal üçün qeyd etmək olar ki, məhsulun tərkibində kofein 15mg/100mg əmsalından azdır. Lakin, məhsulun üzərində istehlakçı üçün bütün zəruri, məlumatların yazılmasını diqqətə almadan yalnız “Energy” sözünün istifadə edilməsini əsas götürmək əsassız və qanunsuzdur. “Energy” sözü əmtəə nişanı olaraq qeydə alınmış və cəmiyyətə məxsus olan əmtəənin nişanın adının tərkib hissəsidir və məhsulun üzərində “Pit bull Vitamin C + Energy” ifadəsinin yazılması əmtəə nişanın adı ilə bərabər reseptinin də qeyd edilməsi mənasını verir. Əmtəə nişanı olaraq digər bir əmtəə qeydiyyatdan keçmişdir. AR Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2021-ci il tarixli, 15 №-li Protokolu ilə təsdiq edilmiş “Əmtəə nişanının qeydiyyata alınması haqqında” Qərarı ilə “X13 The Energy” əmtəə nişanı qeydiyyata alınmışdır. Həmin əmtəə nişanı ilə bağlı müraciət xx.xx.2020-ci il tarixdə edilmişdir. Qanuni əsaslarla əmtəə nişanın qeydiyyatdan keçirilməsi cəmiyyətə həmin adın istifadə edilməsi ilə müstəsna hüquq verməsinə baxmayaraq Dövlət Xidməti bunu nəzərə almamış və yuxarıda qeyd olunan qanunsuz qərarı qəbul etmişdir. Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” Qərarının 1-ci hissəsi ilə bağlı qeyd edilməlidir ki, Qərar həmin hissədə də, əsassız və qanunsuzdur. Belə ki, cəmiyyət tərəfindən hər hansı pozuntu hallarına yol verilmədiyi üçün həmin “pozuntu hallarının” aradan qaldırılması üçün zərurət yaranmamışdır. Lakin, qeyd edilməlidir ki, "xxxx" MMC tərəfindən cəmiyyətə qarşı nümayiş etdirilən haqsız və etibarsız mövqe nəzərə alınaraq növbəti istehsal olunmuş məhsullarda artıq "xxxx" MMC-nin distributor kimi adının qeyd edilməsi istisna ediləcəkdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-9853/2021 nömrəli qərardadı ilə "xxxx" MMC, xx.xx.2022-ci il tarixli 2-1(112)-2180/2022 nömrəli qərardadı ilə isə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2180/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 77AZ saylı alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixdən xitam verilmə ilə məktub ünvanlanmışdır. İddiaçı MMC isə xitam məktubunun köhnə tarixə 6 ay öncəyə lakin xx.xx.2021-ci ildə göndərildiyini əsas gətirərək qəbul etməmişdir. Qeyd olunanlara baxmayaraq məhkəmə qərar çıxararkən tərəflər arasında müqavilənin ləğv olunubolunmamasını, tərəflər arasında alqı-satqı münasibətlərinin olması halını müəyyənləşdirməmişdir. "xxxx" MMC bildirmişdir ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 77AZ saylı alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdən ləğv olunmuşdur. Lakin xitam məktubunun nə səbəbdən xx.xx.2021-ci il tarixdə göndərdiklərinə dair heç bir əsaslandırıcı məlumat verməmiş, məhkəmə də bununla bağlı hüquqi münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. xx.xx.2020-ci il tarixli, 77AZ saylı alqı-satqı müqaviləsinin 9.2-ci maddəsinə əsasən tərəflərdən biri digər tərəfə 60 gün əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə xitam verə bilər. Göründüyü kimi müqavilənin ləğvi ilə bağlı bildiriş iddiaçıya xx.xx.2021-ci il tarixdə gəldiyindən müqavilənin də ləğvi 60 gün sonra mümkündür. Cavabdeh 05 avqust 2021-ci il tarixli qərarı ilə hesab etmişdir ki, tərəflər arasındakı müqavilə ləğv olunub və iddiaçıya "xxxx" MMC-nin adından qanunsuz istifadə etdiyinə görə əldə etdiyi gəlirin 1 misli həcmində, yəni 141.230,07 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxanda qeyd olunanlardan məlum olur ki, iddiaçı "xxxx" MMC-nin adından qanunsuz istifadə etməmiş, tərəflər arasında 2021-ci ilin yanvar ayından avqust ayına kimi müqavilə münasibətləri mövcud olmuşdur. Bu səbəbdən hesab edirlər ki, cavabdehin müvafiq qərarı tamamilə qanunsuzdur və qeyd oluna qərarı qanuni hesab etdiyinə görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2180/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməlidir. Bildirmək istəyirlər ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli, 77AZ saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC-yə məxsus mallar "xxxx" MMC-yə satılır və "xxxx" MMC distributorluq hüququ əsasında həmin malların yeganə satısıcısıdır (təchizatçısıdır). Həmin müqavilənin 3.4-cü bəndinin tələblərinə görə həmin bənddə göstərilən məlumatlar (istehsalçının adı, VÖEN-i, ünvanı, malların istehsal tarixi, malın tərkibi və s.) "xxxx" MMC-yə satılacaq malların üzərində olmalıdır. Bundan başqa Eyni zamanda, hamin bəndin son cümləsinin tələbinə görə isə “Qanunvericiliklə nəzərdə tutulan digər məlumatlar” da olmalıdır. Həm bu bəndin tələbini, həm "xxxx" MMC-nin tələbini nəzərə alaraq, "xxxx" MMC-yə satılmış məhsulların üzərinə həmin müəssisənin adı distributor kimi qeyd edilmişdir. Müqavilənin 9.1-ci bəndinin tələbinə görə müqavilə xx.xx.2020-ci il tarixinə qədər qüvvədə qalacaqdır. Tərəflərdən hər hansı biri müqavilənin müddətinin bitməsinə 15 gün qalana (xx.xx.2020-ci il nəzərdə tutulur) kimi müqaviləni ləğv etmək barəsində müraciət etməzsə müqavilə hər dəfə 1 il müddətinə uzadılmış hesab ediləcək. Ləğv ilə bağlı tərəflərdən heç biri müraciət etmədiyindən müqavilənin müddəti 2021-ci ilin dekabr ayına kimi uzadılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2180/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da göründüyü kimi "xxxx" MMC “NPG Azerbaijan" MMC-yə (direktor Ayaz Aşırov) xx.xx.2021-ci il tarixdə ünvanladığı məktubda göstərmişdir ki, şirkət rəhbərliyinin qərarı ilə 2021-ci ilin yanvar ayından etibarən məhsullarının pərakəndə satışı sahəsində onlarla əməkdaşlığı dayandırmaq məcburiyyətindədirlər. İşin topdan satış kanalı və ya şəbəkə vasitəsi ilə satışa davam etməsi mümkündür. Bu seçim daha da ətraflı müzakirə olunacaq. Ümid edirlər ki, qarşılıqlı öhdəlikləri yerinə yetirilməsi müsbət cəhətdən həli ediləcək. Xüsusən də bu gün yüz (bir yüz) min ədəd məhsul sataraq, 2020-ci ildə marketinq fəaliyyətinə görə borclarının ödənilməsi məsələsini həll etmişlər və 2020-ci ilin yekunlarına görə heç bir bordan yoxdur. Bundan əlavə, soyuducu və digər avadanlıqlarının köçürülməsi məsələsini qısa müddət ərzində həll edəcəklər. Göründüyü kimi məktubda xx.xx.2020-ci il tarixli, 77AZ saylı alqısatqı müqaviləsinin ləğvi barədə heç bir məlumat verilməmiş, sadəcə topdan satışla bağlı əməkdaşlıq edəcəklərini bildirmişlər. Bundan sonra "xxxx" MMC İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdə ünvanladığı məktub ilə, xx.xx.2020-d il tarixli 77AZ saylı alqı-satqı müqaviləsinin ləğvinə dair xx.xx.2021-ci il tarixli razılaşma göndərmişdir. Razılaşmanın birinci bəndində göstərilmişdir ki, hazırkı razılaşmanın imzalanması ilə tərəflər arasında bağlanmış xx.xx.2020-d il tarixli 77AZ saylı alqı-satqı müqaviləsinə xx.xx.2021-d il tarixindən xitam verilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "xxxx" MMC məhsulu İddiaçı MMCdən satın alaraq ticari dövriyyənin digər subyektlərinə satışını həyata keçirərək, ikinci satıcı rolu oynadığını, 2021-ci ilin yanvar ayından sonra “PİT BULL” içkisinin İddiaçı MMC ilə alqısatqısını sübut edən hər hansı qaimə və s. olmadığı, İddiaçı MMC bu əməli ilə “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinin tələblərini, həmçinin Mülki Məcəlləsinin tələblərini pozaraq "xxxx" MMC-ni bilərəkdən yalandan distributor kimi göstərdiyini əsas gətirərək “Veysəloğlu" MMC-nin adından qanunsuz istifadə etməklə əldə etdiyi gəlirin 1 misli həcmində, yəni 141.230,07 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bildirmək istəyirlər ki, məhkəmə "xxxx" MMC ilə iddiaçı arasında olan müqavilənin 2021-ci ilin yanvar ayından ləğvini əsas gətirib Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 05 avqust 2021-ci il tarixli qərarının qanuni olduğunu və iddianın təmin edilməməsini qərara almışdır. Lakin məhkəmə araşdırma prinsipinin tələblərini pozaraq, mübahisəni hərtərəfli və tam araşdırmamışdır. Belə ki, 05 avqust 2021-ci ü tarixli qərarda göstərilir ki, Veysəloğlu” MMC ilə “NPG Azerbaijan" MMC arasında yanvar ayından müqavilə münasibətləri və hər hansı qaimə olmamışdır. Nəzərə çatdırmaq istəyirlər ki, "xxxx" MMC iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə göndərilmiş 995261 saylı elektron qaimə üzrə 05.032021-ci il tarixdə 12 729,60 manat məbləğində ödəniş etmişdir. Bu da onu göstərir ki, məhkəmə qərar çıxararkən yalnız cavabdeh tərəfindən verilən 05 avqust 2021-ci il tarixli qərarı əsas götürmüş, müqavilə üzrə elektronqaimələrin olub-olmaması faktını müəyyənləşdirməmişdir. Bundan başqa ən əsası "xxxx" MMC ilə iddiaçı arasındakı müqavilənin ləğv olunması ilə bağlı hallar nə 05 avqust 2021-ci il tarixli qərarda, nə də ki məhkəmənin qərarında düzgün qiymətləndirilməmişdir. Belə ki, Veysəloğlu MMC müqaviləyə xx.xx.2021-ci il tarixdən xitam verdiklərini və iddiaçı ilə əməkdaşlıq etmədiklərini bildirmişdir. Lakin müqavilənin ləğvi ilə bağlı məktub iddiaçıya xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixdən xitam verilmə ilə göndərilmişdir. Qeyd olunanlardan da görünür ki, cavabdeh tərəfindən iddia barədə tətbiq olunan maliyyə sanksiyası tamamilə qanunsuz və əsassızdır. Belə ki, maliyyə sanksiyasının tətbiq olunduğu 2021-ci ilin yanvar ayından avqust ayına kimi müddət ərzində "xxxx" MMC ilə iddiaçı arasında müqavilə münasibbətləri hələ də mövcud olmuş, adıçəkilən müqaviləyə xitam verilməmişdir. Buna baxmayaraq məhkəmə qərar qəbul edərkən qeyd olunan halları nəzərə almamış, cavabdehin qərarını qanuni hesab etmişdir. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti xx.xx.2021-ci il tarixli “Antiinhisar qanuvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” qərar qəbul etməklə iddiaçıya “Haqsız rəqabət haqqında” Qanunun 9-cu maddəsinin 2-ci abzasının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin 3-cü abzasının tələbinə əsasən qablaşdınlmasının üzərində “Energy” sözü yazılmış alkoqolsuz içkilərin satışından bu Qərarın 2-ci bəndində göstərilmiş gəlir çıxılmaqla əldə etdiyi 375.005,39 manat gəlirin 2 %-i miqdarında, yəni 7.500,11 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, İddiaçı MMC alkoqolsuz içkilərin qablaşdınlmasının üzərində “ENERGY” sözü yazmaqla həmin məhsulların keyfiyyəti və başqa xassələri barədə düzgün olmayan məlumatlar verməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozmuşdur. Cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd etmək istəyirlər ki, məhsulların üzərində “Energy” sözü energetik içki təəssüratı yaratmaq üçün qeyd edilməmişdir. “PİT BULL VİTAMİN C+ENERGY” ifadəsi “Pit Bull energy” Əmtəə nişanın adının tərkib hissəsidir. Bundan başqa məhsulun tərkibi ilə bağlı üzərində istehlakçı üçün bütün vacib məlumatlar göstərilmişdir. Lakin, məhsulun üzərində istehlakçı üçün bütün zəruri, məlumatların yazılmasını diqqətə almadan yalnız “Energy” sözünün istifadə edilməsini əsas götürmək əsassız və qanunsuzdur. Göründüyü kimi cavabdehin 05 avqust 2021-ci il tarixli qərarı tamamilə əsassızdır. Məhkəmə isə araşdırma vəzifəsini tam yerinə yetirmədən cavabdehin qanunsuz qərarını qüvvədə saxlamışdır. Bu səbəbdən hesab edirlər ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2180/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X7 izahat verərək bildirdi ki, əmtəə nişanlarının qeydiyyatı haqqında bütün dünya praktikasında belədir ki, əgər konkret olaraq, məhsulun adı əmtəə nişanının tərkibində mühafizə edilən element-fərqləndirici qabiliyyətli element kimi mövcuddursa, bu zaman həmin məhsula məhdudlaşdırıcı ad verilir. Burada “energy” sözü ümumişlək söz kimi nəzərdə tutulduğundan, bu söz bütün sahibkarlar tərəfindən işlədilə bilər və buna görə bu məhsullara hüquqi mühafizə obyektliyi verilməmişdir. Həmin məhsulun üzərində “energy” sözünün yazılması onun enerji içkisi olmasını sübuta yetirmir, sadəcə insanın fəaliyyət qabiliyyətinə hansısa bir şəkildə təsir edə bilən digər enerji mənbələri kimi qəbul edilməlidir. Tərəfin istehsal etdiyi məhsulda hər hansı bir pozuntuya yol verilib- verilməməsi barədə bizə heç bir məlumat və ya müraciət daxil olmamışdır. "xxxx" MMC adına qeydiyyata alınmış əmtəə nişanı aşkarlanmamışdır. "xxxx" adı qeydiyyatdan keçməmişdir. "xxxx" MMC-nin adına “energy” sözü qeydiyyatdan keçməmişdir. Burada iki məsələ vardır ki, söhbət "xxxx" əmtəə nişanından qanunsuz istifadədən söhbət gedir, yoxsa "xxxx" MMC firma adından qanunsuz istifadə olunmuşdur. Firma adları qeydiyyatsız olaraq qorunur. Azərbaycan Resqublikası qanunvericiliyi ilə “hüquqi şəxsin adı” termini mövcuddur, bizim qanunvericilikdə “firma adı” termini yoxdur. Lakin qeyd edim ki, elə hüquqi şəxslər vardır ki, onlar öz fəaliyyətləri ilə xüsusi şöhrət əldə etmişlər və onların adları firma adları kimi də qorunur. Üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt, yəni cavabdeh inzibati orqanın qəbul etdiyi hər iki qərar həm formal-hüquqi baxımdan, həm maddi-hüquqi baxımdan qanunvericiliyin tələblərinə uyğun olmaqla, həmin inzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlir, həmin qərar səlahiyyətli orqan tərəfindən qəbul edilərkən icraat və forma ilə bağlı bütün müddəalara riayət olunmuş, mübahisələndirilən qərarlar qüvvədə olan hüquqa uyğun olmuş, inzibati orqan tərəfindən əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtlərinə əməl olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) Qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti şöbəsi (bundan sonra - Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu barədə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir. Həmin Qaydaların: - 1.1-ci bəndinə görə Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. - 2.1-ci bəndinə görə Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. - 2.2-ci bəndinə görə Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. - 2.3-cü bəndinə görə Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. 2.4-cü bəndinə görə Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. 2.10-cu bəndinə əsasən Komissiyanın iclasında tərəflər, həmçinin Antiinhisar orqanının qərarı ilə işdə iştirak edən şəxslər dinlənilir. 2.12-ci bəndinə əsasən Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir. 2.16-cı bəndinə əsasən Komissiyanın qərarına əsasən “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstəriş verilir. Göstəriş on günün müddətinə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud imza almaqla qanun pozuntusuna yol vermiş şəxsə (onun etibarnaməsi olan şəxsinə) təqdim olunur. Göstəriş Antiinhisar orqanının rəisi və ya onun müavini tərəfindən imzalanır. Göstərişdə qanun pozuntusunun dayandırılması və (və ya) onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlərin edilməsi və müddət göstərilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli FA-22 nömrəli əmrilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyası “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beçinci abaslarının tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ 1029, ünvan 1anı AZ 1142, Bakı şəhəri, Xətai rayonu, X11, ev 9, mənzil 161 olan İddiaçı MMC barələrində qaldırılmış xx.xx.2021- ci il tarixli xx.xx.2021-ci il tarixli FA-22 nömrəli işə baxaraq qərara almışdır: 1) Hüquqi ünvanı AZ1142, Bakı şəhəri, Xətai rayonu, X11, ev 9, mənzil 161 olan İddiaçınə (VÖEN: **********) sifarişini və satışını həyata keçirdiyi alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində 'Veysəloğlu" MMC-nin adından qanunsuz istifadə etməklə və alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində “ENERGY” sözü yazmaqla həmin məhsulların keyfiyyəti və başqa xassələri barədə düzgün olmayan məlumatlar verilməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozması hallarını xx.xx.2021-ci il tarixinə kimi aradan qaldırması və nəticəsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilməsi haqqında göstəriş verilsin. 2.) Hüquqi ünvanı AZ1142, Bakı şəhəri, Xətai rayonu, X11, ev 9, mənzil 161 olan İddiaçı MMC-yə (VÖEN: **********) sifarişini və satışını həyata keçirdiyi alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində 'Veysəloğlu" MMC-nin adından qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən 'Veysəloğlu" MMC-nin adından qanunsuz istifadə etməklə əldə etdiyi 141.230,07 manat (bir yüz qırx bir min iki yüz otuz manat yeddi qəpik) gəlirin bir misli həcmində, yəni 141.230,07 manat maliyyə sanksiyası tətbiq edilsin 3) Hüquqi ünvanı AZ1142, Bakı şəhəri, Xətai rayonu, X11, ev 9, mənzil 161 olan İddiaçı MMC-yə (VöEN: **********) sifarişini və satışını həyata keçirdiyi alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində “ENERGY” sözü yazmaqla həmin məhsulların keyfiyyəti və başqa xassələri barədə düzgün olmayan məlumatlar verməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasına əsasən qablaşdırılmasının üzərində “ENERGY” sözü yazılmış alkoqolsuz içkilərin satışından bu Qərarın 2-ci bəndində göstərilmiş gəlir çıxılmaqla əldə etdiyi 375.005,39 manat (üç yüz yetmiş beş min beş manat otuz doqquz qəpik) gəlirin 2 faizi miqdarında, yəni 7.500,11 manat (yeddi min beş yüz manat on bir qəpik) maliyyə sanksiyası tətbiq edilsin. 4) “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış xx.xx.2021-ci il tarixli FA-22 nömrəli işin hüquqi ünvanı AZ1029, ünvan 3li Cəmiyyəti (VÖEN: **********) üzrə hissəsinin icraatına xitam verilsin. Mübahisələndirilən qərarın 1-ci bəndindən göründüyü kimi cavabdeh orqan iddiaçının “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozması halları kimi sifarişini və satışını həyata keçirdiyi alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində 'Veysəloğlu" MMC-nin adından qanunsuz istifadə etməklə və alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində “ENERGY” sözü yazmaqla həmin məhsulların keyfiyyəti və başqa xassələri barədə düzgün olmayan məlumatların verilməsi ilə əsaslandırmışdır. Halbuki, iş materiallarında olan İddiaçı MMC (direktor X8) (“Satıcı”) ilə 'Veysəloğlu" MMC (“Alıcı”) arasında 30 aprel 2020-ci il tarixdə bağlanmış alqı-satqı Müqaviləsindən 9.1ci bəndində göstərimişdir ki, müqavilə qüvvəyə minmə tarixində qüvvəyə minir və xx.xx.2020-ci il tarixinə qədər qüvvədə qalacaqdır. Tərəflərdən hər hansı biri müqavilənin müddətinin bitməsinə ən geci 15 (on beş) gün qalana kimi müqaviləni ləğv etmək barəsində müraciət etməzsə müqavilə hər dəfə 1(bir) il müddətinə uzadılmış hesab ediləcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd olunan alqı-satqı müqaviləsinin 9.2-ci bəndinə əsasən tərəflərdən biri digər tərəfə 60 gün əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə xitam verə bilər. Həmin bəndin tələbinə görə tərəflərdən biri müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda digər tərəf 10 gün əvvəlcədən məlumat verməklə müqaviləyə xitam verə bilər. "xxxx" MMC-nin nümayəndəsi izahatında aralarında bağlanmış müqavilənin xx.xx.2021-ci il tarixdən ləğv oldunduğunu bildirmiş və buna əsas kimi elektron poçt (email) vasitəsi ilə müqaviləyə xitam verilməsi ilə bağlı müraciəti göstərmişdir. Belə ki, "xxxx" MMC İddiaçı MMC-yə (direktor Ayaz Aşırov) xx.xx.2021-ci il tarixdə ünvanladığı məktubda göstərmişdir ki, şirkət rəhbərliyinin qərarı ilə 2021-ci ilin yanvar ayından etibarən məhsullarının pərakəndə satışı sahəsində onlarla əməkdaşlığı dayandırmaq məcburiyyətindədirlər. İşin topdan satış kanalı və ya şəbəkə vasitəsi ilə satışa davam etməsi mümkündür. Bu seçim daha da ətraflı müzakirə olunacaq. Ümid edirlər ki, qarşılıqlı öhdəlikləri yerinə yetirilməsi müsbət cəhətdən həll ediləcək. Xüsusən də bu gün yüz (bir yüz) min ədəd məhsul sataraq, 2020-ci ildə marketinq fəaliyyətinə görə borclarının ödənilməsi məsələsini həll etmişlər və 2020-ci ilin yekunlarına görə heç bir borcları yoxdur. Bundan əlavə, soyuducu və digər avadanlıqlarının köçürülməsi məsələsini qısa müddət ərzində həll edəcəklər. Məktubdan göründüyü kimi "xxxx" MMC tərəfindən müqavilənin 9.2-ci bəndinin tələbinə uyğun olaraq müqaviləyə xitam verilməsi ilə bağlı heç bir şərt qeyd edilməmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə elektron poçt vasitəsilə qeyd olunan müqaviləyə xitam verilməsi ilə bağlı Razılaşma təqdim edilmiş və həmin Razılaşmanın tarixi xx.xx.2021-ci il tarix göstərilmişdir. Lakin qeyd olunan Razılaşmanın iddiaçı tərəfindən təsdiqlənməsi və buna dair mövqe bildirməsi iş materialları ilə müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında müqavilə "xxxx" MMC-nin bildirdiyi kimi xx.xx.2021-ci il tarixli elektron poçt müraciəti ilə ləğv edildiyi halda yenidən xx.xx.2021-ci il tarixli məktubla müqaviləyə xitam verilməsinə zərurət də yox idi. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən müqaviləyə xitam verilməsi, bununla bağlı bildiriş iddiaçıya xx.xx.2021-ci il tarixdə daxil olduğundan 60 gün sonra mümkün olması nəzərə alındıqda, tərəflər arasında 2021-ci ilin yanvar ayından avqust ayına kimi müqavilə münasibətləri mövcud olduğu halda cavabdeh orqan tərəfindən iddiaçıya "xxxx" MMC-nin adından qanunsuz istifadə etdiyinə görə əldə etdiyi gəlirin 1 misli həcmində, yəni 141.230,07 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa mübahisələndirilən qərarın 3-cü bəndindən görünür ki, cavabdeh orqan İddiaçı MMC-yə sifarişini və satışını həyata keçirdiyi alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində “ENERGY” sözü yazmaqla həmin məhsulların keyfiyyəti və başqa xassələri barədə düzgün olmayan məlumatlar verməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasına əsasən qablaşdırılmasının üzərində “ENERGY” sözü yazılmış alkoqolsuz içkilərin satışından bu Qərarın 2-ci bəndində göstərilmiş gəlir çıxılmaqla əldə etdiyi 375.005,39 manat (üç yüz yetmiş beş min beş manat otuz doqquz qəpik) gəlirin 2 faizi miqdarında, yəni 7.500,11 manat (yeddi min beş yüz manat on bir qəpik) maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, İddiaçı MMC alkoqolsuz içkilərin qablaşdınlmasının üzərində “ENERGY” sözü yazmaqla həmin məhsulların keyfiyyəti və başqa xassələri barədə düzgün olmayan məlumatlar verməklə “Haqsa rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası cavabdeh orqanın bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Sənaye Mülkiyyət Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsinin xx.xx.2021-ci il qeydiyyat tarixli 1428 nömrəli Çıxarışdan görünür ki, “Pit Bull energy” Əmtəə nişanında 32-ci sinif: pivə; mineral və qazlı sular və digər alkoqolsuz içkilər; meyvəli içkilər və meyvə şirələri; siroplar və içkilərin hazırlanması üçün digər tərkiblərdən ibarətdir. Əmtəə nişanında “Pit bull s energy” söz birləşməsi elementlərinə ayrı-ayrılıqda müstəqil hüquqi mühafizə verilmədən bütövlüklə qorunur. Həmçinin məhkəmə araşdırması ilə müəyyən olunur ki, “PİT BULL VİTAMİN C+ENERGY” ifadəsi “Pit Bull energy” əmtəə nişanın adının tərkib hissəsidir. Bundan başqa məhsulun tərkibi ilə bağlı üzərində istehlakçı üçün bütün vacib məlumatlar göstərilmişdir. Lakin, cavabdeh orqan qərarında məhsulun üzərində istehlakçı üçün bütün zəruri, məlumatların yazılmasını diqqətə almadan yalnız “Energy” sözünün istifadə edilməsini əsas götürməklə düzgün olmayan nəticəyə gəlmiş və nəticədə iddiaçıya Qərarın 2-ci bəndində göstərilmiş gəlir çıxılmaqla əldə etdiyi 375.005,39 manat gəlirin 2 faizi miqdarında, yəni 7.500,11 manat maliyyə sanksiyası tətbiq etmişdir. İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından inzibati orqanının inzibati icraat zamanı işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-2180/2022 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” qərar ləğv edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2133/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2133/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver