Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2134/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cavabdeh və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı «artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1518/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdeh X3rşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 20.348,36 manat pensiya məbləğinin Mərkəzi Filialın hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın “Ümumi peşələr” (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsi nəzərdə tutulmuşdur. Vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə 12 avqust 1978-ci il tarixdən 16 dekabr 1998-ci il tarixədək olan dövr ərzində “11 saylı X1”ndə rəngsaz peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi rəngsaz peşəsi yuxarıda qeyd olunan təhlükəlililiyi 3cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Araşdırma zamanı yuxarıda göstərilənlərə əsasən cavabdehə 15 noyabr 2010-cu il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən cavabdehə 30 noyabr 2020-ci il tarixədək olan dövr ərzində ümumilikdə 20.348,36 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililına tapşırılmışdır. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə 5 mart 2021ci il tarixli **********7 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin ötən dövr ərzində cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala təqdim olunmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında iddianı qəbul etməmiş, hesab etmişdir ki, iddia tələbi sübutlara və heç bir əsasa söykənmədiyindən, rədd edilməlidir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1518/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq qeyd etmişdir ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə 12 avqust 1978-ci il tarixdən 16 dekabr 1998-ci il tarixədək olan dövr ərzində “11 saylı X1”ndə rəngsaz peşəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi rəngsaz peşəsi Siyahıda nəzərədə tutulan təhlükəlililiyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Ona 15 noyabr 2010-cu il tarixdən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən 30 noyabr 2020-ci il tarixədək olan dövr ərzində cavabdehə ümumilikdə 20.348,36 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin pul vəsaitinin büdcəyə qaytarılması Fond tərəfindən Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar pensiya ödənişi dayandırılmış və cavabdehdən həmin pulun Filialın hesabına ödənilməsi tələb olunmuşdur. Məhkəmə kollegiyasında iştirak edən Cavabdeh və onun nümayəndəsi D.Yəhyayeva iddiaçı tərəfindən ona göndərilən məktubu və hazırkı iddia tələbi ilə razılaşmamış, qanunsuz olduğunu bildirmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mükün hesab etmişdir ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxəsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Birincisi, iş materiallarından görünür ki, DSMF-nin Nizami rayon şöbəsinin cavabdehə xx.xx.2010-cu il tarixdən pensiya təyin edilməsi barədə 834 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ləğv olunmamış, qüvvəsindədir. Digər tərəfdən, iddiaçı tərəfindən cavabdehin əmək pensiyası üzrə araşdırma aparılarkən və 30 noyabr 2020-ci il tarixədək olan dövr ərzində ona 20.348,36 manat məbləğində pensiyanın əsassız ödənildiyi aşkar olunarkən, həmin prosedurlarda onun iştirakı təmin olunmamış, 2020-ci ilin dekabr ayından ona verilən pensiya ödənişi dayandırdıqdan sonra yalnız, ondan artıq ödənilmiş pul vəsaiti kimi həmin pulun qaytarılması tələb edilmişdir. Bu zaman iddiaçı nəzərə almamışdır ki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2ci maddəsinin tələbinə görə inzibati orqan, qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Qeyd olunanlardan isə göründüyü kimi, iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunmamışdır. Cavabdehdən artıq ödənilmiş pul vəsaiti adı altında, 20.348,36 manat vəsaitin DSMF-yə qaytarılmasına gəldikdə isə iddiaçının bu hərəkətləri də qanunvericiliyə uyğun hesab oluna bilməz. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinin tələbindən görünür ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında 2010-2020-ci illər üzrə ona ödənilmiş pensiya məbləğlərini xərclədiyi, hazırda aşkar ahıl dövrünü yaşadığı halda, iddia olunan pul vəsaitini qaytarmaq iqtidarında olmadığı vəziyyətində iddiaçı tərəfindən ondan həmin vəsaitin qaytarılmasının tələb olunması Qanunun qeyd olunan tələbləri baxımından tamamilə qanunsuzdur. Ən azından, sözügedən Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçının iddia ərizəsində, apellyasiya şikayətində və iş üzrə digər sənədlərinə əsasən cavabdeh tərəfindən Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməsi barədə heç bir əsaslandırma mövcud deyildir. Ümumiyyətlə, Qanunun 67.6-cı maddəsində göstərilən hallara yol verilməsinin mübahisələndirildiyi müəyyən olunmur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «… etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)...» Beləliklə də, iddiaçının cavabdehdən ona mübahisələndirilən dövr üzrə ödənilmiş pensiya vəsaitinin tutulmasını tələb olunmasının qanunsuz və əsassız olduğu sübuta yetirilir. İPM-in 34.1-ci maddəsinin mənası da ondan ibarətdir ki, iddiaçı o halda öhdəliyin icrası haqqında iddia vasitəsi ilə cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər ki, bu qanunla üzərinə düşən öhdəliyindən irəli gəlmiş olsun. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin iddiaçı tərəfindən ona ödənilən pulları qaytarmaq öhdəliyini təsdiq edən faktiki şərtləri mövcudluğu öz təsdiqini tapmır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1518/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1518/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-2134/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2134/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver