Məhkəmə qərarları › İş №2-1(103)-2134/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2134/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2134/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ikinci qat pul təminatının ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ikinci qat pul təminatının ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5288/2023 saylı 21 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli, 0384 saylı əmri ilə N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı həmin əmri məhkəmə qaydasında mübahisələndirmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2-1(81)-351/16 saylı qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiası qismən təmin edilmiş və iddiaçının hərbi xidmətdən tərxis olunması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzrə xx.xx.2015-ci il tarixli, 0384 saylı əmrinin ləğv edilməsi, iddiaçının hərbi xidmətə bərpa olunması, iddiaçının qanunsuz olaraq hərbi xidmətdən tərxis olunduğu bütün vaxt üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hərbi xidmətə bərpa olunduğu günə kimi olan orta aylıq əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinə və iddiaçıya ünvanlanan 02 iyul 2020-ci il tarixli 3108 nömrəli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli 187948/2019-xx-xx/2621 №-li məktubuna aşağıdakı məzmunda cavab verilmişdir ki, “Azərbaycan Ordusunun Hərbi X2 Haqqında Əsasnamə”nin "təsdiq edilməsi barədə Qərarın 32-ci maddəsinin 5-ci bəndində qeyd olunduğu kimi, pul təminatının ödənilməsinə əmsallar tətbiq olunan hərbi hissədən gedən hərbi qulluqçulara bu Əsasnamənin 32.6-cı bəndində göstərilən hallar və əmsallar tətbiq olunan hərbi hissələr istisna olmaqla bütün hallarda (məzuniyyət, ezamiyyət, müalicə təhsil, həbs və s.) pul təminatının əmsallarla ödənilməsi getdiyi gündən dayandırılır. Odur ki, yuxarıda göstərilənlərə əsasən bildirilir ki, icra sənədinin qeyd olunan hissəsi Azərbaycan Ordusunun hərbi X2 haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə qərarın tələblərinə zidd olduğu üçün tərəfimizdən təmin oluna bilməyəcəkdir”. Bakı İnzibati Məhkəməsinin 8-1(112)-44/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Səbail rayon icra və probasiya şöbəsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-351/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin icraya yönəldilməsi barədə ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin N aprel 2023cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Müdafiə Nazirinin 20 noyabr 2018-ci il tarixli müvafiq əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı məhkəmə qərarı ilə həqiqi hərbi xidmətə bərpa edildikdən sonra N nömrəli hərbi hissədə təyin edildiyi əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi vəzifəsi üzrə ona ödənilməyən ikinci qat pul təminatının sonuncu artımlar da nəzərə alınmaqla hesablanaraq ona ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbi təmin olunmamışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, həqiqi hərbi xidmətə bərpa edildikdən sonra N nömrəli hərbi hissədə təyin edildiyi əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi vəzifəsi üzrə ona ödənilməyən ikinci qat pul təminatının sonuncu artımlar da nəzərə alınmaqla hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, məhkəmə prosesinin getdiyi xx.xx.2015-xx.xx.2017 tarixləri əhatə edən “əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi” vəzifəsi üzrə ödənilməyən ikinci qat pul təminatının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin müvafiq qərardadı ilə tələb “xx.xx.2015-xx.xx.2017 tarixləri əhatə edən dövrlərdə iddiaçı İddiaçı “əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi” vəzifəsi üzrə ödənilməyən ikinci qat pul təminatının ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” kimi icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə AR Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli, 0384 nömrəli əmrini məhkəmə qaydasında mübahisələndirmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-(81)-351/2016 nömrəli qərarı ilə AR Müdafiə nazirinin qeyd olunan əmri ləğv edilərək hərbi xidmətə bərpa edilməsi və dəymiş maddi ziyanın ödənilməsi müəyyən edilmişdir. Həmin qərar üzrə verilmiş icra vərəqəsi əsasında Səbail rayon icra şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlanılmış və xx.xx.2020-ci il tarixli icra məmurunun qərarı ilə iş üzrə icraata xitam verilərək bu barədə tərəflərə və məhkəməyə məlumat göndərilmişdir. “Azərbaycan ordusunun hərbi X2 haqqında Əsasnamə”nin (Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli, 22 nömrəli qərarı) 32.1ci maddəsinin tələbinə görə döyüş şəraitində yerləşən hərbi hissələrdə döyüş əməliyyatlarında iştirak edən, habelə müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən, cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara xidmət dövrü üçün pul təminatının ödənilməsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasıının Qanunu ilə tənzimlənir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10.1-ci maddəsinin tələbinə əsasən döyüş şəraitində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara ödənilməli olan pul təminatı ikiqat hesablanır. İddiaçı qeyd edir ki, hərbi xidmətə bərpa edildikdən sonra xidmət etdiyi N saylı hərbi hissə Naxçıvan Muxtar Respublikası ərazisində döyüş bölgəsində yerləşir və həmin hərbi hissədə pul təminatının yalnız 1 (qatı) ödənilmişdir. İddiaçı həmçinin bildirir ki, həqiqi hərbi xidmətdən qanunsuz tərxis edildiyi və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğuna görə hərbi xidmətdən tərxis edildikdən sonra 1 il 6 ay müddət hərbi xidmət stajına əlavə edilmiş, həmçinin pul təminatının yalnız bir qatı ödənilmişdir. Yuxarıda istinad edilən Əsasnamənin 32-ci maddəsinin 5-ci bəndinin təsir dairəsi ona şamil edilməli deyil, çünki o, həmin dövrdə ezamiyyətdə, məzuniyyətdə, müalicədə, təhsildə və həbsdə olmamışdır. İddiaçı hərbi xidmətə bərpa edildikdən sonra ona ödənilməyən ikinci qat pul təminatının ödənilməsi barədə Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin təqdim edilən imtina məktubunda maddi təminatla bağlı müraciətinə uyğun cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-(81)- 351/2016 nömrəli qərarı ilə həqiqi hərbi xidmətə bərpa edildikdən sonra (xidmət etdiyi N nömrəli hərbi hissədə pul təminatının yalnız 1 (bir) qatı ödənilmiş, iddiaçıya dəymiş maddi ziyan (ikinci qat pul təminatı) ödənilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, o, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə xidmətə bərpa olunmuşdur. Xidmətə bərpa olunduqdan sonra, xidmət etdiyi N nömrəli hərbi hissə Naxçıvan Muxtar Respublikası ərazisində döyüş bölgəsində yerləşdiyindən ona ödənilməli olan pul təminatı iki qat hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Müdafiə Nazirliyi iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, “Azərbaycan Ordusunun hərbi X2 haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli Qərarının 32.1-ci maddəsinə əsasən "Döyüş şəraitində yerləşən hərbi hissələrdə döyüş əməliyyatlarında iştirak edən, habelə müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara xidmət dövrü üçün pul təminatının əmsallarla ödənilməsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Hərbi qulluqçuların statusu haqqında" Qanunun 10.1-ci maddəsinə əsasən döyüş şəraitində döyüş əməlliyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul iki qat hesablanır. N nömrəli hərbi hissə 2015-2016-cı illərdə hərbi hissələrin siyahısına daxil edilmiş və orada xidmət edən hərbi qulluqçular iki qat pul təminatı ilə təmin edilmişlər. İddiaçı məhkəmə qərarına əsasən hərbi xidmətə bərpa olunduğuna görə xidmətdə olmadığı dövr üçün bir qat pul təminatı hesablanaraq ödənilmiş, xidmətə başladığı gündən isə xidmət etdiyi hərbi hissənin təminatına uyğun olaraq ona iki qat təminatı ödənilmişdir. İddiaçı iddia ərizəsində xidmətdə olmadığı dövrdə ona iki qat pul təminatının ödənilməsini tələb edir. Yuxarıda qeyd olunan maddənin tələblərindən də görünür ki, müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən, cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların pul təminatına əmsallar tətbiq olunur. İddiaçı 2015-ci ildə ehtiyata buraxıldıqdan hərbi xidmətə bərpa olunduğu günədək hərbi xidmətdə əmsalların tətbiq edilməsi mümkün olmamış, hərbi xidmətə bərpa olunduqdan sonra xidmətdə olmadığı aylar üçün pul təminatı bir qat hesablanaraq ona ödənilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5288/2023 saylı 21 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, xx.xx.2015-xx.xx.2017 tarixləri əhatə edən dövrlərdə iddiaçı İddiaçı “əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi” vəzifəsi üzrə ödənilməyən ikinci qat pul təminatının ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçıya məhkəmə qərarına əsasən hərbi xidmətə bərpa olunduğuna görə xidmətdə olmadığı dövr üçün bir qat pul təminatı hesablanaraq ödənilmiş, xidmətə başladığı gündən isə xidmət etdiyi hərbi hissənin təminatına uyğun olaraq ona iki qat pul təminatı ödənilmişdir. Hərbi hissənin məlumatına əsasən iddiaçı döyüş əməliyyatlarının başlanaçağı an döyüş tapşırığını almamış və ona görə də ona iki qat pul təminatı ödənilməmişdir. İddiaçı iddia ərizəsində xidmətdə olmadığı dövr də ona iki qat pul təminatının ödənilməsini tələb edir. Yuxarıda qeyd olunan maddənin tələblərindən də görünür ki, müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən, cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların pul təminatına əmsallar tətbiq olunur. İddiaçı 2015-ci ildə ehtiyata buraxıldıqdan hərbi xidmətə bərpa olunduğu günədək hərbi xidmətdə əmsalların tətbiq edilməsi mümkün olmamış, hərbi xidmətə bərpa olunduqdan sonra xidmətdə olmadığı aylar üçün pul təminatı bir qat hesablanaraq ona ödənilmişdir. Müdafiə Nazirliyi Bakı İnzibati Məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, hesab edir ki, qərar maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qərarında göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qərar ləğv olunmalı, yeni qərar qəbul edilməli, iddiaçının iddia tələbləri rədd olunmalıdır. Məhkəmə iş materiallarına əlavə edilmiş arayışlara və məhkəmə iclasında tədbiq edilmiş sübutlara əsaslanaraq düzgün nəticəyə gəlməmişdir. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddiaçının müvafiq iddiası üzrə bütün mümkünlük şərtləri ödənildiyindən iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “xx.xx.2015-xx.xx.2017 tarixləri əhatə edən dövrlərdə ona “əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi” vəzifəsi üzrə ödənilməyən ikinci qat pul təminatının ödənilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının məzuniyyət, ezamiyyət, müalicə, təhsil, həbsdə olması ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməməsinə və əksinə, iddiaçının cavabdehin qanunsuz hesab edilmiş əmri əsasında ehtiyata buraxılmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun: 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. 10.2-ci maddəsinə əsasən Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Hazırki işdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli, 0384 saylı əmri ilə N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı həmin əmri məhkəmə qaydasında mübahisələndirmiş və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2-1(81)-351/16 saylı qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiası qismən təmin edilmiş və iddiaçının hərbi xidmətdən tərxis olunması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzrə xx.xx.2015-ci il tarixli, 0384 saylı əmrinin ləğv edilməsi, iddiaçının hərbi xidmətə bərpa olunması, iddiaçının qanunsuz olaraq hərbi xidmətdən tərxis olunduğu bütün vaxt üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hərbi xidmətə bərpa olunduğu günə kimi olan orta aylıq əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Məhkəmə qərarı icra olunaraq iddiaçı xx.xx.2015-ci il tarixdən xidmətə bərpa olunmuşdur. Bundan sonra iddiaçıya ikiqat pul təminatı ödənilsə də, onun qanunsuz tərxis olunduğu tarixdən məhkəmə qərarı ilə xidmətə bərpa olunduğu tarixədək olan dövr üzrə pul təminatı yalnız birqat verilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan dövr üzrə də ona ikiqat pul təminatı verilməlidir. Lakin cavabdeh qurum qeyd olunan dövr üzrə iddiaçının xidmətdə olmadığına əsaslanaraq ona ikiqat pul təminatının hesablanıb ödənilməsindən imtina edir. Məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçı 2015-ci ildə xidmətdən qanunsuz tərxis olunmuş, bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur ki, həmin məhkəmə qərarı ilə də iddiaçı xidmətə bərpa olunmuş, yəni hərbi hissəyə təyin edilməmişdir. Ona görə də iddiaçının qanunsuz olaraq hərbi xidmətdən tərxis edildiyi gündən bərpa edildiyi tarixədək xidmət keçməməsi onun iradəsi ilə bağlı olmamışdır. İddiaçının tələb etdiyi ikiqat pul təminatını almaması cavabdehin məhz təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qərarı ilə də həmin hallar təsdiq edilmişdir. Hazırki vəziyyətdə iddiaçının qanunsuz tərxis olunduğu qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsdiq olunduğu üçün ona xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə “əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi” vəzifəsi üzrə ödənilməyən ikinci qat pul təminatı ödənilməlidir. Lakin cavabdeh qurum həmin pul təminatını ödəməkdən imtina etmiş, bu zaman iddiaçının tələbinin təmin olunmasından imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmədiyi üçün iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassız olub, qanuni və əsaslı olan məhkəmə qarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5288/2023 saylı 21 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5288/2023 saylı 21 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X6 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar