Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2134/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-675/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X8 1969-cu ildə anadan olmuş, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı tarixədək Füzuli Hərbi Polis Şöbəsində həqiqi xidmət keçmişdir. Xidməti vəzifələrinin icrası zamanı aldığı yaralar səbəbindən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur (diaqnoz: budun aşağı 1/3ni deşib keçən, bud sümüyünün qəlpəli sınığı ilə müşayiət olunan güllə yarası). Azərbaycan Respublikası SQ BQR-nin xx.xx.1995-ci il tarixli 3/5-7273 nömrəli Sərəncamına əsasən hərbi xidmətə yararsız olduğuna görə Silahlı Qüvvələrdən tərxis edilmişdir. 1997-ci ildə mərhum atasına əlilliyi təsdiq edən vəsiqə verilmişdir. Atası xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı 2023-cü ilin oktyabr ayında birdəfəlik ödəmənin verilməsi ilə bağlı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Cavabdehin 22 noyabr 2023-cü il tarixli məktubu ilə birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Məktubda qeyd edilir ki, M.Yusifovun əlillik vəziyyəti barədə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsistemində məlumat aşkar edilməmişdir. X3 aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmadığı üçün sözügedən Fərmanın müddəaları ona şamil edilmir. Bakı İnzibati Məhkəməsinin (hakim Emin Abdullayev) 2-1(112)-675/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halla bağlı birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı birdəfəlik ödəmənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli qərarı məhkəmənin işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmaması nəticəsində qəbul edildiyindən, qanuni və əsaslı deyildir. Buna görə də həmin qərar ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. İşin faktiki halarına əsasən, iddiaçı daha əvvəl eyni tələblə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. İddiaçının mərhum atası X3 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarətlə bağlı məlumatları xidmət keçdiyi qurum tərəfindən Nazirliyə təqdim edilsə də, onun əlilliyinə dair MEİS-də məlumat mövcud deyil, həmçinin M.Yusifovun əlilliyinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış müraciət əsasında təqdim edilməyib. Həmçinin mərhum M.Yusifovun əlillik vəziyyəti barədə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsistemində məlumat aşkar edilməmişdir. Eləcə də mərhum M.Yusifovun aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmadığı üçün sözügedən Fərmanın müddəaları ona şamil edilmir və birdəfəlik ödəmə təyinatı aparılmamışdır. Bakı İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli qərarında bildirmişdir ki, cavabdeh iddiaçıya birdəfəlik ödənişin verilməsini istisna edən konkret hallara əsaslanmış, yəni iddiaçının mərhum atası M.Yusifova əlillik dərəcəsinin təyin edilməsini şübhə altına almışdır. Lakin cavabdeh istinad etdiyi həmin halları sübuta yetirə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “əlillik” alt sistemi X5 əlillik təyin edildiyi dövrdə mövcud olmadığından, təyin edilmiş əlilliyin sistemə daxil edilməməsinin texniki səhv nəticəsində baş verməsi də inkar edilmir. Belə ki, məhkəmə mərhum M.Yusifova məxsus əlillik vəsiqəsini əsaslı sübut kimi qəbul etdiyi halda, cavabdeh tərəfindən sözügedən vəsiqənin həqiqətən alınmış xəsarət nəticəsində alınıb-alınmaması, hərbi xidmət vəzifəsini icra edərkən alınmış xəsarətdirsə, bu zaman hansı tibbi ekspertiza və ya həkim komissiyasının rəyi əsasında vəsiqəni əldə etdiyini müəyyən edə bilmədiyindən cavabdehin mövqeyi əsaslıdır. Belə ki, əgər iddiaçının mərhum atasına əlillik dərəcəsi təyin edilmiş və əlillik vəsiqəsi təqdim edilmişdirsə, bu zaman o əliliyin təyin olunması üçün onun ilkin tibbi müayinə və yoxlamalardan keçməsi, aparılmış müayinələrin nəticəsi olaraq müvafiq həkim-ekspertiza komissiyasının rəylərinin təqdim olunması vacib şərtdir. Lakin iddiaçı tərəfindən mərhum atasının əlillik dərəcəsini müəyyən edən vəsiqənin verilməsi məhkəmə tərəfindən əsaslı sübut hesab edilmişdir. Bu mənada, məhkəmənin iş üçün cavabdehə öncədən məlum olmuş, doğruluğuna şübhə yaradan sənədin yeganə sübut olaraq qəbul olunması, araşdırmanın natamam aparılmaqla qərar çıxarılmasına dəlalət verdiyi müəyyən olunur. Həmçinin məhkəmə cavabdeh tərəfindən irəli sürülən arqumentlərə münasibətdə tutarlı sübutların təqdim olunmadığını bildirmişdir. Lakin hazırki məsələyə münasibətdə cavabdeh tərəfindən hansı sübutun təqdim olunmalı olduğu məlum olmur. Belə ki, cavabdehin sübutları qismində iddiaçının mərhum atasına məxsus əlillik vəsiqəsinin həqiqiliyini müəyyən edən zəruri sənədlərin, o cümlədən iş üçün zəruri olan sənədlərin (tibbi sosial ekspertiza müayinəsinin və ya həkim-ekspertiza komissiyasının müayinə aktlarının) təqdim olunmadığı müəyyən olunur. Cavabdeh tərəfindən mərhum M.Yusifovun əlilliyini təsdiq edən digər sənədlərin müəyyənləşdirilməsi mümkün olmamışdır. Belə olan halda, müvafiq əlillik vəsiqəsinin hansı yollarla alınması sual yaradır. Lakin bu hal belə məhkəmə tərəfindən araşdırılmamış, eləcə də iddiaçı tərəfindən onun mövqeyini tutarlı edəcək hər hansı digər sübutlar təqdim olunmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, M.Yusifovun əlillik vəziyyəti barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat aşkar edilməmişdir. X3 aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmadığı üçün sözügedən Fərmanın müddəaları ona şamil edilmir. İş materiallarında olan AZ-İİ seriyalı, 290510 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1997-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 434300 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Nurlanə Müşviq qızının atası hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş X8 barəsində xx.xx.1995-ci il tarixli 430 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən başqa heç bir sənəd və məlumat yoxdur. Həmin qərarın verilməsinə əsas olmuş sənədlər Müdafiə Nazirliyinin Tibbi Sənədlər arxivində saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, M.Yusifovun əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində və Agentliyin arxiv şöbəsinin tibbi-sosial ekspertiza sənədləri arasında məlumat və müvafiq sənədlər aşkarlanmadı. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz. d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli, 1513 nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur: 1.1. İ dərəcə əlilliyə görə - 8 800 manat; 1.2. İİ dərəcə əlilliyə görə - 6 600 manat; 1.3. İİİ dərəcə əlilliyə görə - 4 400 manat; 1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1-1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının atası X8 xx.xx.1997-ci ildə ölmüşdür. İddiaçı atasına Azərbaycan Respublikasının müdafiəsi ilə bağlı əlillik təyin edilməsinə əsaslanaraq ona qanunvericiliklə müəyyən edilmiş birdəfəlik ödənişin verilməsini xahiş edir. Cavabdeh X3 aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmadığından sözügedən Fərmanın müddəalarının ona şamil edilmədiyinə əsaslanmaqla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, M.Yusifovun əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində və Agentliyin arxiv şöbəsinin tibbi-sosial ekspertiza sənədləri arasında məlumat aşkarlanmadı. Göründüyü kimi, həm əlillik altsistemində, həm də ümumiyyətlə Agentliyin arxiv sənədləri arasında iddiaçının atasına əlilliyi təyinatı ilə bağlı məlumat və sənədlər mövcud deyildir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş vəsiqənin surəti ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin sənəddən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının tələblərinə uyğun olaraq iddiaçının atasının “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçu olması müəyyən edilmir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-675/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2134/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2134/2025
05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver