Məhkəmə qərarları › İş №2-1(103)-2135/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2135/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2135/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “50 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş hesablama qaydasında pensiyanın yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və X3 barət tərkibdə, X5-Yusiflinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun 2 saylı Texniki Peşə məktəbində oxuduğu illərin və Salyan rayon 28 saylı X1 fəhlə işlədiyi illərin onun əmək stajı kimi qəbul edilməklə hüququ yarandığı vaxtdan, yəni 25.11.2003-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-2252/2021 saylı 20 may 2021-ci il tarixli qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 3756 №li Attestatın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı təhsil müddəti bir il olan Azərbaycan SSR Bakı şəhər 2 saylı Texniki Peşə məktəbini çilingər-avtomobil təmirçisi sənəti üzrə 1970-ci ildə bitirmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan Filialı tərəfindən verilmiş 07 avqust 2018-ci il tarixli arxiv arayışına əsasən İddiaçı həqiqətən 1970-ci ildən 1971-ci il tarixədək Salyan rayon 28 №li X1 fəhlə işləmişdir. HZ seriyalı ******* saylı 25.05.1973-cü il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı 23 may 1973-cü il tarixdən 29 mart 1975-ci ilədək hərbi xidmətdə olmuşdur. Rusiya Federasiyası Karaçayeva-Çerkesk Respublikasının “Rostoprom” X8 Assosiasiyası tərəfindən verilmiş 15 saylı 05 yanvar 2012-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də 25 avqust 1975-ci il tarixdən 26 avqust 1992-ci il tarixinə kimi Karaçayevsk şaxta İdarəsində (Stavropol şaxta idarəsi) tam iş həftəsi üzrə tam iş günü daimi mədən fəhləsi işləmişdir. Karaçayevsk şəhər Administrasiyası Başçısının 396 saylı 30.08.1992-ci il tarixli qərarı əsasında Stavropol şaxta idarəsinin adı dəyişdirilərək Karaçayevsk Şaxta İdarəsi olmuşdur. İddiaçıya məxsus pensiya işinin materiallarından görünür ki, İddiaçı 25.11.2010-cu ildən 57 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya məxsus AT-Vİİ seriyalı ******* saylı 29.08.1975-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 25.08.1975-ci il tarixdə yer altında tam iş günü 14 saylı şaxtaya 2-ci dərəcəli yeraltı mədən fəhləsi kimi işə qəbul edilmiş, 29.11.1977-ci il tarixdə yer altında tam iş günü 15 saylı şaxtaya 3-cü dərəcəli dayaq vuran fəhlə keçirilmiş, 28.09.1979-cu il tarixdə 4-cü dərəcəli dayaq vuran fəhlə dərəcəsi verilmiş, 30.08.1980-ci ildə 6-cı dərəcəli dayaq vuran fəhlə dərəcəsi verilmiş, 26.08.1981- ci ildə yer altında tam iş günü 15 saylı şaxtaya 6-ci dərəcəli qazmaçı keçirilmiş, 26.08.1992-ci ildə RSFSR ƏHQMnin 31-ci maddəsinə əsasən öz istəyi ilə işdən azad edilmişdir. İddiaçı onun 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya sonuncu dəfə ünvanlanmış **********2saylı 11 sentyabr 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilikdə təhsil müddəti əmək stajına daxil edilmir. Qeyd olunanlar nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının ərizədə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun 2 saylı Texniki Peşə məktəbində oxuduğu illərin və Salyan rayon 28 saylı X1 fəhlə işlədiyi illərin onun əmək stajı kimi qəbul edilməklə hüququ yarandığı vaxtdan, yəni 25.11.2003-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 25 noyabr 2010-cu ildən etibarən güzəştli şərtlərlə əmək pensiyası alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stafı olan şəxslərə pensiyalar yaşa və stala görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı Haqqında ” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çılaşına işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il stajı olduqda və bu müddətin azı 10 ilini ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən onun 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yarandığı üçün cavabdeh təşkilata müraciət etsə də, ona ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli məktubda ümumi iş stajı 20 ildən az təşkil etdiyi üçün ona 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyinatı qeyri-mümkün hesab edilmişdir. Göründüyü kimi, cavabdeh orqan onun peşə təhsili aldığı müddəti və Salyan rayon 28 nömrəli X1 fəhlə işlədiyi müddəti iş stajı kimi qəbul etməmişdir. Halbuki peşə təhsili almağı ona təqdim edilmiş Attestatla, Salyan rayon 28 nömrəli X1 fəhlə işləməyi isə arxiv arayışı ilə təsdiq edilir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2252/2021 saylı 20 may 2021-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilərək, İddiaçı Bakı 2 saylı Texniki Peşə məktəbində oxuduğu illərin və Salyan rayon 28 nömrəli X1 fəhlə işlədiyi illərin əmək stajı kimi qəbul edilməklə, yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 50 yaşdan, yəni 25.11.2003-cü il tarixdən təyin edilməsinin, eləcə də, iddiaçıya yaranmış pensiya fərqinin onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təhsil müddətinin iş stajına daxil edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını, buna görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 11.09.2020-ci ildir. İddiaçı isə iddia ilə məhkəməyə 21.10.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “onun 2 saylı Texniki Peşə məktəbində oxuduğu illərin və Salyan rayon 28 saylı X1 fəhlə işlədiyi illərin onun əmək stajı kimi qəbul edilməklə hüququ yarandığı vaxtdan, yəni 25.11.2003-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun təhsil müddətinin əmək stajına daxil edilməməsinə istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddiaçının iddiasının qismən təmin edilməsi qənaətinə gəlmişdir. Qeyd olunmalıdır ki, hazırki işdə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Belə ki, iddianın təmin edilmədiyi hissədə məhkəmə qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajının tamam olmasına və güzəştli şərtlərlə 50 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil sənədini, əmək kitabçasını və güzəştli iş stajını təsdiq edən arayışları təqdim etmişdir. İddiaçıya məxsus atestat və hərbi biletin surətindən aydın olur ki, o, 01.09.1969-cu il tarixdən 1970-ci ilədək (10 ay 17 gün) Azərbaycan SSR Bakı şəhər 2 saylı Texniki Peşə məktəbində çilingər-avtomobil təmirçisi sənəti üzrə təhsil almış, 23 may 1973-cü il tarixdən 29 mart 1975-ci ilədək (2 il 11 gün) hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Belə olan halda iddiaçı 01.01.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə təhsil müəssisəsindəki təhsil müddəti və hərbi xidmət dövrü də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin və hərbi xidmət dövrünün yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan Filialı tərəfindən verilmiş 07 avqust 2018-ci il tarixli arxiv arayışına əsasən İddiaçı həqiqətən 1970-ci ildən 1971-ci il tarixədək Salyan rayon 28 №-li X1 fəhlə işləmişdir. İddiaçıya məxsus əmək kitabçasından isə müəyyən olunur ki, o, 25.08.1975- 26.08.1992-ci illərdə (17 il) mədən fəhləsi işləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Belə olan halda iddiaçının ümumi iş stajı təhsil müddəti, hərbi xidmət dövrü, arxiv arayışına əsasən 1970-ci ildən 1971-ci il tarixədək Salyan rayon 28 №-li X1 fəhlə işlədiyi müddət və əmək kitabçasındakı məlumatlara görə 25.08.1975-26.08.1992-ci illər də nəzərə alınmaqla 20 ildən çox təşkil edir. İşdən görünür ki, cavabdeh inzibati orqan iddiaçının yalnız təhsil müddətinin ümumi iş stajına daxil edilməsi məsələsinə narazılığını bildirmiş, yəni xüsusi iş stajı ilə bağlı məsələni mübahisələndirməmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası iddiaçının 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını tələb etdiyini nəzərə alaraq hesab edir ki, bu növdə pensiyaya çıxmaq üçün qanunla tələb olunan bütün şərtlərin ödənilib-ödənilmədiyi yoxlanılmalıdır. Odur ki, Kollegiya tərəfindən bu yöndə aparılan məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçının xüsusi stajı 01.01.2006-cı il tarixədək 10 ildən çoxdur. Belə ki, işdə olan Rusiya Federasiyası Karaçayeva-Çerkesk Respublikasının “Rostoprom” X8 Assosiasiyası tərəfindən verilmiş 15 saylı 05 yanvar 2012-ci il tarixli və 16 saylı 15.01.2012-ci il tarixli arayışlardan görünür ki, İddiaçı həqiqətən də 25.08.1975-ci il tarixdən 26 avqust 1992-ci il tarixinə kimi Karaçayevsk şaxta İdarəsində tam iş həftəsi üzrə tam iş günü daimi mədən fəhləsi işləmiş və onun işlədiyi peşə ona güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının ümumi iş stajı təhsil müddəti, hərbi xidmət dövrü, arxiv arayışına əsasən 1970-ci ildən 1971-ci il tarixədək işlədiyi dövr və əmək kitabçasındakı məlumatlar nəzərə alınmaqla 20 ildən, xüsusi iş stajı isə 10 ildən artıqdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təhsil müddətinin sosial sığorta stajına daxil edilməsinin qanunvericilikdə nəzərdə tutulmaması” barədə dəlilini bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı qəbul etmir və hesab edir ki, iddiaçıya 25.11.2003-cü il tarixdən, yəni 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya 50 yaşdan, yəni 25.11.2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyindən onun inzibati orqana müraciətinin 10 iyul 2020-ci il (bu barədə işdə imtina məktubu vardır) tarixdə edildiyi nəzərə alınmaqla birinci instansiya məhkəməsi yığılmış pensiya məbləğinin əvvəlki üç il üçün ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla düzgün nəticəyə gəlmişdir. Bu barədə qərarın nəticə hissəsində həmin üç illik müddət dəqiq olaraq göstərilməsə də, bu hal kobud pozuntu kimi qiymətləndirilmir və Kollegiya qeyd edir ki, həmin müddət iddiaçının inzibati orqana 10 iyul 2020-ci il tarixdə müraciət etməsi nəzərə alınmaqla həmin tarixdən üç il əvvəlki, yəni 10.07.2017-10.07.2020-ci il tarixlər olan dövrü əhatə edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2252/2021 saylı 20 may 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə, o cümlədən iddiaçıya yığılmış pensiya məbləğinin əvvəlki üç il üçün, yəni 10.07.2017-10.07.2020-ci illər üzrə ödənilməsi nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2252/2021 saylı 20 may 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə, o cümlədən iddiaçıya yığılmış pensiya məbləğinin əvvəlki üç il üçün, yəni 10.07.2017-10.07.2020-ci illər üzrə ödənilməsi nəzərə alınmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar