Məhkəmə qərarları › İş №2-1(103)-2136/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2136/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2136/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Aysu Əli qızı Orucovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2025/2021 saylı 26 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin 40 saylı 15.01.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 07.05.1979-cu il tarixdən 04.05.1981-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Arayışın verilməsi üçün əsas NZ seriyalı ******* saylı hərbi bilet olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 10.11.1985-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 21.01.1982-ci ildən 04.07.1988-ci ilə qədər "Qafqazenerjı quraşdırma" X1 İdarəsində 2-ci, 3-cü dərəcəli quraşdırıcı çilingər, 05.07.1988-ci ildən 19.02.1990-cı ilə qədər "Qafqazenerjı quraşdırma" trestinin Həştərxan vilayətində çilingər, 27.02.1990-cu ildən 28.04.2006-cı ilə qədər "Qafqazenerjı quraşdırma" tresti Mingəçevir Quraşdırma İdarəsində 5-ci, 6-cı dərəcəli quraşdırıcı çilingər, 03.07.2006-cı ildən 29.10.2010-cu ilə qədər "xxxx" MMC-də quraşdırıcı çilingər, 01.11.2010-cu ildən 02.11.2015-ci ilədək "xxxx" ASC-də çilingər və 6-cı dərəcəli quraşdırıcı çilingər vəzifəsində işləmişdir. "xxxx" ATSC tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə ünvanlanmış 02 saylı 07.02.2020-ci il tarixli məktubundan görünür ki, Qurbanov X4 “Enerjiquraşdırma" ATSC-də quraşdırıcı-çilingər işləmiş, əmək haqqları və əmrləri arxivdə saxlanılmır. Arxivdə yalnız vətəndaşlar tərəfindən götürülməmiş əmək kitabçaları və T-2 şəxsi vərəqələr saxlanılır. Əlavə olaraq qeyd edilmişdir ki, müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqqı dövlət büdcəsinə ödənilmişdir. “Qafqazenerjiquraşdırma” X1 İdarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə "xxxx" X8 Cəmiyyəti olmuşdur. "xxxx" ATSC-nin 03 saylı 16.01.2018-ci il tarixli və 05 saylı 17.03.2021-ci il tarixli güzəştli arayışlarından görünür ki, İddiaçı həqiqətən "Qafqazenerjı quraşdırma" X1 İdarəsində 21.01.1982-ci il tarixdə (əmr 16k, 21.01.1982-cı il) 3-cü dərəcəli quraşdırıcı çilingər kimi işə qəbul olmuş, 04.07.1988-ci il tarixdə köçürmə yolu ilə işdən azad olunmuşdur (əmr 132k, 05.07.1988-ci il), 02.02.1990-cı il tarixdə 5-ci dərəcəli quraşdırıcı çilingər kimi işə qəbul olmuş və 28.04.2006-cı il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağı legirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş və xüsusi qeyimlə təmin olunmuşdur. "Qafqazenerjiquraşdırma" tresti əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması, əl ilə qazla metalların kəsilməsində və doğramasında, metal boruların və konstruksiyalarında quraşdırılması və təmiri və sair işləri aparmışdır. İddiaçı tam iş gunü ərzində icra etdiyi əl ilə qazla kəsici, metal konstruksiyaların və boru kəmərlərinin quraşdırılması üzrə boru-çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar, 12 nömrəlı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququnu verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin Siyahısının 29. Bina qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində və boruların quraşdırılması üzrə əli ilə qazla kəsici quraşdırıcılar kimi nəzərdə tutulmuşdur. Trest "Qafqazenerjiquraşdırma" Mingəçevir Quraşdırma İdarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 450 saylı sərəncamına əsasən 29 yul 1999-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Guzəştli arayış "Mingəçevir Enerjiquraşdırma ATSC-nin arxivində saxlanılan T-2 kartlarına və əmək kitabçasına əsasən tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət X3 tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə ünvanlanmış **********3 saylı 07.02.2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" ATSC-nin arxiv sənədləri filiala mühafizə edilmək üçün təhvil verilməmişdir. "xxxx" ATSC-nin 14 saylı 29.12.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş T-2 şəxsi vərəqəsinin surətindən görünür ki, Mingəçevir “Enerjiruraşdırma” ATSC-də arxiv sənədləri saxlanılmır. Yalnız vətəndaşlar tərəfindən götürülməmiş əmək kitabçaları və T-2 şəxsi vərəqələr saxlanılır. İddiaçı aid T-2 şəxsi vərəqədə onun 21.01.1982-ci ildən 28.04.2006-cı ilə qədər əmək fəaliyyəti ilə bağlı qeydlər aparılmışdır. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunnmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı 06.03.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi İT-İ seriyalı ******* saylı 10.11.1985-ci il tarixli əmək kitabçasında 27.02.1990- 28.04.2006-cı il tarixləri arasındakı dövr ərzində “Mingəçevir Enerjiquraşdırma" ATSC-də işlədiyi qeyd olunan əmək stajı, əmək haqları və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsinin dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən aidiyyəti üzrə sorğu verilmişdir. Cavab olaraq adıçəkilən müəssisənin sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi üçün yuxarıda qeyd olunan dövrü dəqiqləşdirməyin mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən həmin dövrü əmək stajına daxil etmək mümkün olmadığından ümumi iş stajı 01.01.2006-cı ilədək 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Qeyd edilən imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 28.04.2006-cı il tarixədək Mingəçevir quraşdırma idarəsində V dərəcəli quraşdırıcı çilingər işləmişdir. Göstərdiyi bu dövrdə Qafqazenerjiquraşdırma trestinin Həştərxan idarəsində həmin dövrdə eyni fəaliyyəti davam etdirmişdir. İşlədiyi müddətdə bütün iş günü ərzində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin rezervarlarının, aşağı legerli polad boruların, buxar qazanlarının daxilində legerini polad boruların quraşdırılmasında bilavasitə işləmiş, eyni zamanda işlədiyi müddətdə iş qrafikinə uyğun olaraq, növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, həmin müəssisələrdən südlə və ya xüsusi geyimlə təmin olunmuşdur. 2006-cı ildən "xxxx" MMC-də 6-cı dərəcəli quraşdırıcı çilingər, 2010-cu ildə "xxxx" ASC-də 6-cı dərəcəli quraşdırıcı çilingər, 2012-2015-ci ilədək isə Mingəçevir Regional Tikinti Quraşdırma sahəsinin dəmir-beton məmulatları istehsalı sexində 6-cı dərəcəli çilingər işləmiş və 02.11.2015-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda onun 60 yasına çatmağa 2 ayı qalmış və onun ümumi iş stajı 36 il təşkil edir. Həmin 36 ilin 33 ilini zərərli istehsalat sahəsində işləmişdir. Pensiya kapitalı da hər ildə yığılmışdır. Lakin cavabdeh ona güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında rədd cavabı vermişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2025/2021 saylı 26 may 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 30.08.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda, ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən olub- olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına, məsələn, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular verə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda, ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Bununla bağlı olaraq, həmçinin nəzərə alınmalıdır ki, lazımi məlumatların əldə edilməsini təmin etmək üçün verilən belə sorğular mütləq zəruri fərqləndirici və eyniləşdirici məlumatları aydın və dürüst şəkildə özündə əks etdirməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10.11.1985-ci il tarixində açılmış İT-İ ******* nömrəli əmək kitabçasında 27.02.1990- 28.04.2006-cı il tarixləri arasındakı dövr ərzində “Mingəçevir Enerjiquraşdırma" ATSC-də işlədiyi qeyd olunan əmək stajını, əmək haqlarını və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən aidiyyəti üzrə sorğu verilmişdir. Cavab olaraq adıçəkilən müəssisənin sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi üçün yuxarıda qeyd olunan dövrü dəqiqləşdirməyin mümkün olmadığını bildirmişdir. Bu səbəbdən həmin dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 01.01.2006-cı ilədək 25 ildən az təşkil edir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 01.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 06.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 06.03.2020-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə 01.06.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 30.08.2017-ci tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olmasına istinad edərək tələbin təmin edilməsindən imtina etmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla 01.01.2006-cı il tarixinə qədər onun ümumi iş stajının 26 il 3 ay 9 gün, xüsusi iş stajının isə 22 il 3 ay 17 gün olmasına, xüsusi stajla bağlı verilmiş iş yerinin güzəştli arayışlarına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi xidmətdə olması barədə arayışı, əmək kitabçasını, arxiv arayışlarını və güzəştli iş stajına dair arayışı təqdim etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin 15.01.2020-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı 07.05.1979-cu il tarixdən 04.05.1981-ci il tarixə kimi (2 il 4 ay 9 gün) müddətli həqiqi hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının ümumi stajının kifayət qədər olmaması (25 ildən az olması) təşkil edir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, o, 21.01.1982-ci ildən 04.07.1988-ci ilə qədər "Qafqazenerjı quraşdırma" X1 İdarəsində 2-ci, 3-cü dərəcəli quraşdırıcı çilingər (6 il 05 ay 14 gün), 05.07.1988-ci ildən 19.02.1990-cı ilə qədər "Qafqazenerjı quraşdırma" trestinin Həştərxan vilayətində çilingər (1 il 7 ay 15 gün), 27.02.1990-cu ildən 28.04.2006-cı ilə qədər "Qafqazenerjı quraşdırma" tresti Mingəçevir Quraşdırma İdarəsində 5-ci, 6-cı dərəcəli quraşdırıcı çilingər (16 il 2 ay 2 gün), 03.07.2006-cı ildən 29.10.2010-cu ilə qədər "xxxx" MMC-də quraşdırıcı çilingər (04 il 3 ay 27 gün), 01.11.2010-cu ildən 02.11.2015-ci ilədək "xxxx" ASC-də çilingər və 6-cı dərəcəli quraşdırıcı çilingər (5 il 0 ay 02 gün) vəzifəsində işləmişdir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixə ümumi stajı hərbi xidmət dövrü (2 il 4 ay 9 gün) və əmək kitabçasına əsasən işlədiyi müddətlər (23 il 1 ay 4 gün) də nəzərə alınmaqla ümumilikdə 25 il 5 ay 13 gün təşkil edir. Lakin iddiaçının tələb olunan ümumi iş stajının 25 il olmasını cavabdeh inzibati orqan mübahisələndirdiyi üçün apellyasiya baxışı zamanı bu barədə zəruri araşdırma aparılaraq müvafiq sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq 25.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət X3 tərəfindən məktubla bildirilmişdir ki, “Qafqazenerjiquraşdırma” X1 İdarəsinin arxiv sənədləri filiala təhvil verilmədiyi üçün İddiaçı işləməsini təsdiq etmək mümkün olmamışdır. Lakin "xxxx" ASC tərəfindən verilmiş İddiaçı aid şəxsi kartoçkanın (T2 vərəqə) surətindən görünür ki, iddiaçı həqiqətən də 21.01.1982-04.07.1988, 05.07.1988- 19.02.1990, 27.02.1990-28.04.2006-cı illər arası müəssisədə işləmişdir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Belə olan halda hazırki işdə iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının hərbi xidmət dövrü də nəzərə alınmaqla 25 ildən artıq təşkil etdiyi müəyyən olunur ki, bu da ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisinin ödənilməsi anlamına gəlir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, xüsusi stajla bağlı məsələ cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Lakin buna baxmayaraq Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. Həmçinin iddiaçının işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Bununla bağlı məhkəmə tərəfindən İddiaçı 21.01.1982-ci il tarixdən 04.07.1988-ci il tarixədək və 27.02.1990-cı il tarixdən 28.04.2006-cı il tarixədək quraşdırıcı çilingər işlədiyi "xxxx" X8 Cəmiyyətinə müvafiq sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq "xxxx" ATSC məhkəməyə 25.10.2021-ci il tarixdə daxil olmuş 22 saylı 20.10.2021-ci il tarixli məktubla cavab verərək bldirmişdir ki, İddiaçı 03K saylı 28.04.2006-cı il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. Məktubda arxivdə yalnız vətəndaşlar tərəfindən götürülməmiş əmək kitabçaları və T-2 şəxsi vərəqələrin saxlanıldığı qeyd edilmişdir. Həmçinin sorğuya cavab məktubuna əlavə olunmuş "xxxx" ATSC-nin 21 saylı 19.10.2021-ci il tarixli “güzəştli arayış”ından görünür ki, İddiaçı həqiqətən "Qafqazenerjı quraşdırma" X1 İdarəsində 21.01.1982-ci il tarixdə (əmr 16k, 21.01.1982-cı il) 3-cü dərəcəli quraşdırıcı çilingər kimi işə qəbul olmuş, 04.07.1988-ci il tarixdə köçürmə yolu ilə işdən azad olunmuş (əmr 132k, 05.07.1988-ci il), 02.02.1990-cı il tarixdə 5-ci dərəcəli quraşdırıcı çilingər kimi işə qəbul olmuş və 28.04.2006-cı il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş və xüsusi qeyimlə təmin olunmuşdur. "Qafqazenerjiquraşdırma" tresti əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması, əl ilə qazla metalların kəsilməsində və doğramasında, metal boruların və konstruksiyalarında quraşdırılması və təmiri və sair işləri aparmışdır. İddiaçı tam iş gunü ərzində icra etdiyi əl ilə qazla kəsici, metal konstruksiyaların və boru kəmərlərinin quraşdırılması üzrə boru-çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il və 12 saylı 23.01.2007-ci il Qərarlarına uyğun (kodlar 1030400a-1753a-təmirçi çilingər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçılar, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, 2290000a- 14612- polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar, 1030300a-11618-isti halda yaymada ucların kəsilməsi ilə məşğul olan qaz kəsiciləri uyğun olmaqla) Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququnu verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin Siyahısının 29. Bina qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində və boruların quraşdırılması üzrə əli ilə qazla kəsici quraşdırıcılar kimi nəzərdə tutulmuşdur. Trest "Qafqazenerjiquraşdırma" Mingəçevir Quraşdırma İdarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının yuxarıda adı çəkilən müəssisədə işlədiyi “quraşdırıcı çilingər” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ bölməsinin bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 2290000a—14612 şifrəsinə (polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar) uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 12 ildən artıq təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün Qanunda nəzərdə tutulan ikinci şərtin də ödənilməsi- 12 il 6 ay xüsusi stajın tamamlanması iş materialları ilə öz təsdiqini tapır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 30.08.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2025/2021 saylı 26 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar