Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2137/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “onun mənzil növbəsinə götürülməsi barədə sərəncamvermə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2065/2022 saylı 10 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinin 325 saylı xx.xx.2015-ci il tarixli arayışından görünür ki, 1980-cı il təvəllüdlü ehtiyyatda olan baş gizir İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir və Azərbaycan Respublikası AR MNBM-SQBQR 0203gm saylı xx.xx.2015-ci il tarixli əmrinə əsasən (xəstəliyə görə) istefaya buraxılmışdır. xx.xx.2015-ci il tarixdə Səfərbərik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu İdarəsində hərbi qeydiyyata alınmışdır. Bakı şəhəri Cavabdeh başçısının 21 saylı 18 yanvar 2016-cı il tarixli Sərəncamının surətindən görünür ki, İddiaçı ailə tərkibi 1 nəfər (özü) olmaqla “İstefada olan hərbi qulluqçu” kimi imtiyazlı əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuş, və İddiaçı mənzil növbəsi imtiyazlı əsaslarla olan siyahıya əlavə edilmişdir. Bakı şəhəri Cavabdeh başçısının 54 saylı 03 mart 2020-ci il tarixli Sərəncamının surətindən görünür ki, İddiaçı mənzil növbəsində ailə tərkibi dəyişdirilmiş və o, 3 nəfər (özü, oğlu və qızı) olmaqla mənzil növbəsinə dayanmış hesab edilmişdir. Bakı şəhəri Cavabdeh başçısının 81 saylı 01 mart 2021-ci il tarixli Sərəncamının surətindən görünür ki, İddiaçı mənzil növbəsi xx.xx.2021-ci il tarixdən ailə tərkibi 3 nəfər (özü, qızı və oğlu) olmaqla imtiyazlı əsaslarla olan (Qarabağ müharibəsi əlili) siyahıya əlavə edilmişdir. İddiaçı “Qarabağ müharibəsi əlilləri” siyahısında mənzil növbəsinə dayanma tarixində dəyişiklik edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin başçısının İ müavini tərəfindən İddiaçı ünvanlanmış 71-279-068 saylı 09 avqust 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmədiyindən vətəndaşları yaşayış yeri üzrə rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığı məsələyə yenidən baxılacaqdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı Cavabdehnə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun xx.xx.2016-cı il tarixdən 3 nəfər ailə tərkibi ilə birlikdə “Qarabağ müharibəsi əlili” kimi mənzil növbəsinə götürülməsi barədə sərəncamvermə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci Qarabağ müharibəsində iştirak etmiş, döyüşdə aldığı yara nəticəsində ona ikinci dərəcə əlillik təyin edilmişdir. O, xx.xx.2015-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək, hərbi qulluqçu kimi 1 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsini xahiş etmiş, İcra Hakimiyyəti Başçısının 21 saylı xx.xx.2016-cı il tarixli sərəncamı ilə onun ailə tərkibi 1 nəfər olmaqla istefada olan hərbi qulluqçu kimi imtiyazlı əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuşdur. Daha sonra xx.xx.2020-ci il tarixdə ərizə ilə Cavabdehnə müraciət edərək qızı Aysu və oğlu Ramalın onunla birgə yaşamalarını nəzərə alaraq mənzil növbəsindəki ailə tərkibinin dəyişdirilməsini xahiş etmişdir. 54 saylı xx.xx.2020-ci il tarixli sərəncamı ilə onun mənzil növbəsindəki ailə tərkibinin dəyişdirilməsi və 3 nəfər olmaqla mənzil növbəsinə dayanmış hesab edilməsi qərara alınmışdır. Yenidən xx.xx.2021-ci il tarixdə ərizə ilə Cavabdehnə müraciət edərək onun mənzil növbəsinin “Ehtiyata buraxılmış hərbi qulluqçuların” siyasından “Qarabağ müharibəsi əlillərinin” siyahısına keçirilməsi barədə sərəncam verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh Başçısının 81 saylı, xx.xx.2021-ci il tarixli sərancamı ilə onun mənzil növbəsi xx.xx.2021-ci il tarixdən ailə tərkibi 3 nəfər olmaqla, imtiyazlı əsaslarla olan “Qarabağ müharibəsi əlili” siyahısına əlavə edilməsi qərara alınmışdır. Hesab edir ki, onun Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə dayanması xx.xx.2016-cı il tarixdən hesablanmalıdır. Belə ki, o, ilk dəfə mənzil növbəsinə dayanarkən “İstefada olan hərbi qulluqçu” imtiyazlı əsaslarla xx.xx.2016-cı il tarixli sərəncama əsasən qəbul olunmuşdur. Odur ki, cavabdeh onun “Ehtiyata buraxılmış hərbi qulluqçu” kimi yaşayış yeri üzrə mənzil növbəsindən “Qarabağ müharibəsi əlili” siyahısına əlavə edərkən xx.xx.2021-ci il tarixdən deyil, daha öncədən, xx.xx.2016-cı il tarixdən siyahıya əlavə etməli idi. Sərəncama dəyişiklik edilməsi ilə bağlı ərizə ilə Cavabdehnə müraciət etməsinə baxmayaraq ona formal olaraq cavablarında Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edildiyi bildirilmiş, lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsinin dayandırılması və həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığı məsələyə baxılacağı qeyd olunmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2065/2022 saylı 10 mart 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan əsassız və qanunsuz olaraq iddia tələbinin təmin edilməməsi kimi səhv nəticəyə gəlmişdir. Mübahisə doğuran hal onun Qarabağ müharibəsi əlili kimi imtiyazlı əsaslarla mənzil növbəliliyinin xx.xx.2021-ci il tarixdən deyil, mənzil növbəsinə götürüldüyü 16 yanvar 2016cı il tarixdən hesab edilməsidir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh bu barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə Cavabdeh nümyaəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Beləliklə iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı Cavabdehnə qarşı tələbi, “onun xx.xx.2016-cı il tarixdən 3 nəfər ailə tərkibi ilə birlikdə “Qarabağ müharibəsi əlili” kimi mənzil növbəsinə götürülməsi barədə sərəncamvermə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, iş üzrə iddiaçının tələbinə münasibətdə inzibati orqan özünün 09 avqust 2021-ci il tarixli məktubunda mənzil növbəsinə qəbul edilmə işlərinin dayandırıldığını, müvafiq qaydalar müəyyən edildikdən sonra qaldırılan məsələyə yenidən baxılacağını bildirmişdir. Göründüyü kimi, həmin cavab məktubu iddiaçının tələbinin təmin olunmasından imtina kimi qəbul edilməlidir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırki işin faktiki halına görə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2015-ci il tarixdə ikinci dərəcə əlillik təyin olunan şəxsdir, müvafiq icra hakimiyyəti orqanının xx.xx.2016-cı il tarixli sərəncamına əsasən o, əvvəlcə “istefada olan hərbi qulluqçu” kimi, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən isə “Qarabağ müharibəsi əlili” kimi imtiyazlı əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuşdur. Hazırda iddiaçı onun xx.xx.2016-cı il tarixdən 3 nəfər ailə tərkibi ilə birlikdə “Qarabağ müharibəsi əlili” kimi mənzil növbəsinə götürülməsi barədə tələbinin cavabdeh orqan tərəfindən təmin olunmamasına istinad edərək məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh başçısının İ müavininin 28 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçıları aparatında sənədlərlə iş barədə" Təlimatın 127-ci maddəsinə əsasən İcra Hakimiyyəti başçısının aparatında olan sənədlər beş illik müddət başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə (onun yerli şöbə və ya filialına) təhvil verilir. Sorğuda qeyd edilən sərəncam Cavabdehndə mövcud deyildir. İddiaçı hansı dövr üzrə mənzil kirayə xərclərinin ödənilməsi ilə bağlı bildirilir ki, 2016-ci ilin 18 yanvarından etibarən 2019-cu ilin avqust ayına kimi 118,25 manat, 2019-cu ilin avqust ayından 2020-ci ilin mart ayına kimi 375 manat və həmin vaxtdan hazırki vaxtadək hər ay 300 manat məbləğində ödəniş edilir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya əlillik 04 noyabr 2016cı il tarixdən təyin edilsə də, onun ”Qarabağ müharibəsi əlili” kimi siyahıya əlavə edilməsi barədə 2021-ci il tarixdə müraciət etməsinə, 22 fevral 2021-ci il tarixdən də siyahıya əlavə edildiyinə, belə olan halda cavabdeh inzibati orqanın həmin mənzil növbəsinin tarixinin xx.xx.2016-cı il tarixdən hesablanmasından imtina etməkdə haqlı olduğuna istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Bu barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq Kollegiya qeyd etməyi zəruri hesab edir ki, əvvəla yuxarıda da göstərildiyi kimi, iddiaçıya ilk dəfə ikinci dərəcə əlillik məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq xx.xx.2015-ci il tarixdə bir il müddətinə təyin olunmuş, sonradan növbəti müayinəsi xx.xx.2016-cı il tarixdə aparılaraq bu dəfə ona elə həmin tarixdə 5 il müddətinə olmaqla ikinci dərəcə əlillik (əvvəlki əsasla) təyin edilmiş, xx.xx.2021-ci il tarixdə isə iddiaçıya yenidən 3-cü dəfə əlillik (İİ qrup) əvvəlki əsaslarla təkrar 5 il müddətinə verilmişdir. Odur ki, iddiaçının istər istefada olan hərbi qulluqçu kimi, istərsə də Qarabağ müharibəsi əlili kimi, qanunla müəyyən olunmuş kateqoriyaya aid şəxs qismində mənzil növbəsinə durmaq hüququ olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 48.3-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilmir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Qeyd olunan maddi hüquq normalarının işin faktiki hallarına tətbiqi zamanı müəyyən olunur ki, hazırki iş üzrə iddiaçının bir neçə əsasla mənzil növbəsinə durmaq hüququ var və özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə o, uçota alına bilər. İddiaçı da bu hüquqlarının olmasından istifadə edərək onun əvvəlcə “istefada olan hərbi qulluqçu” kimi mənzil növbəsinə durduğu xx.xx.2016-cı il tarixdən “Qarabağ müharibəsi əlili” kimi siyahıya alınmasını tələb edir. Nəzərə alınmalıdır ki, iddiaçıya ilk dəfə ikinci dərəcə əlillik məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq xx.xx.2015-ci il tarixdə təyin olunmuşdu. Belə olan halda yuxarıda adı çəkilən Qanunun 51.2-ci maddəsində göstərilən “vətəndaşın özünün mülahizəsinə görə” sözləri heç də onun əvvəlcədən qazanılmış hüququndan istifadə etmək üçün uçota alınma haqqında ərizə təqdim etdiyi tarixdən asılı olmamalıdır. Qanunun həmin müddəası sadəcə vətəndaşın mövcud hüquqlarının birindən və ya hamısından, yəni bütün əsaslarla hüququndan istifadə etmə imkanının onun mülahizəsinə görə (seçim hüququ) mümkünlüyünü nəzərdə tutur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş bütün əsaslarla istənilən vaxt ona məxsus hüquqlarından istifadə etməkdə haqlıdır və buna görə də onun hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən “Qarabağ müharibəsi əlili” kimi mənzil növbəsinə dayanmaq barədə müvafiq icra hakimiyyəti orqanından sərəncam qəbul olunmasını tələb etməkdə də haqlı olmuş və onun bu hüququndan istifadə imkanı inzibati orqana müraciət etmək tarixi ilə məhdudlaşdırıla bilməz. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına münasibətdə düzgün təfsir etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2065/2022 saylı 10 mart 2022-ci il tarixli qərarı ləğv edilməli, İddiaçı xx.xx.2016-cı il tarixdən 3 nəfər ailə tərkibi ilə birlikdə “Qarabağ müharibəsi əlili” kimi mənzil növbəsinə götürülməsi barədə sərəncamvermə öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2065/2022 saylı 10 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2016-cı il tarixdən 3 nəfər ailə tərkibi ilə birlikdə “Qarabağ müharibəsi əlili” kimi mənzil növbəsinə götürülməsi barədə sərəncamvermə öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2137/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2137/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver