Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2137/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1585/2023 nömrəli 26 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 09 fevral 2022-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və sonuncu təminat xərcliyinə görə yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müraciət etdiyi tarixdən ona təyin edilmiş pensiyanın sonuncu təminat xərcliyinə görə hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-1585/2023 nömrəli 26 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının barəsində məlumat vərəqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunaraq cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən isə əmək pensiyası xx.xx.2022-ci il tarixli qərara əsasən hesablanmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli, 530-VİQD nömrəli Qanunun keçid müddəalarının 2.1-ci bəndinə görə iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Birinci instasiya məhkəməsinin gəldiyi bu nəticəni həm qanunsuz və həm də ədalətsiz hesab edir. Belə ki, məhkəmə göstərilən qərarını çoxsaylı maddi hüquq normalarının pozulması ilə qəbul edib və göstərdiyi səbəblərə görə həmin qərar ləğv edilməli və iddia tələbi isə təmin edilməlidir. İddiaçı 10 iyun 1990-ci ildən 09 fevral 2022-ci ilə kimi X1 xidmət etmişdir. İlk dəfə 8 iyun 2014-cü ildə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. Lakin 20 fevral 2015-ci il il tarixində isə X1 yenidən xidmətə bərpa olunmağı ilə əlaqədar olaraq 28 fevral 2015-ci il tarixindən pensiyası dayandırılıb və iddiaçı işləyən əmək pensiyaçısı hesab olunmur. Cavabdeh inzibati orqan 2022-ci ilin fevralında yaşa görə əmək pensiyasına çıxarkən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə istinad edərək pensiyamın sonuncu təminat xərcliyinə görə hesablamaqdan imtna edərək 28 fevral 2015-ci il tarixindən dayandırılmış pensiyasını qanunsuz olaraq barpa etmişdir. 01 iyul 2017-ci ildən 13 may 2022-ci ilə kimi qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun 9.6-cı maddəsinə görə hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. "Əmək pensiyaları haqqında" Qanunun 9.6-ci maddəsi təminat xəcliyi ilə pensiyaya çıxan, lakin hərbi xidmətini davam etdirən şəxslərin pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Bu normanın məzmunundan göründüyü kimi həmin normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub - 1. şəxsə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilməli; 2. şəxs əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirsin (işləyən hərbi əmək pensiyaçısı). Göründüyü kimi, bu norma əmək pensiyası təyin olunduqdan sonra həm pensiya alan (işləyən əmək pensiyaçısı), həm də hərbi xidməti davam etdirən hərbi qulluqçulara aiddir. Həmin normada nəzərdə tutulan təminat xərcliyi ilə bağlı məhdudiyyət iddiaçıya tətbiq edilə bilməz. Çünki, yenidən xidmətə cəlb olunduğuna görə 8 iyun 2014-cü ildə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası 28 fevral 2015-ci il tarixindən dayandırılmışdır. Göstərilən tarixdən iddiaçıya təyin edilən əmək pensiyası dayandırıldığına görə iddiaçı hərbi xidmətini davam etdirən əmək pensiyaçıları kateqoriyasına daxil olmur. 8 iyun 2014-cü ildə iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə təyin olunan əmək pensiyası 20 fevral 2015-ci il il tarixində X1 yenidən xidmətə bərpa olunmağı ilə əlaqədar olaraq 28 fevral 2015-ci il tarixindən dayandırıldığına görə iddiaçı pensiyaya çıxdıqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçısı hesab olunmur. Bu səbəbdən də "Əmək pensiyaları haqqında" Qanunun 9.6-cı maddəsində təminat xərcliyinin hesablanmasında nəzərdə tutulan məhdudiyyət iddiaçıya tətbiq edilə bilməz. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd edilir: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 13 noyabr 2014-cü il tarixli 3 nömrəli məlumat vərəqəsinə əsasən Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti (hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) tərəfindən İddiaçı 8 iyun 2014-cü il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Filiala daxil olmuş 7 noyabr 2015-ci il tarixli 027- 4193-1215 nömrəli məktubda iddiaçının yenidən xidmətə cəlb olunduğu bildirilmişdir. Bununla əlaqədar olaraq pensiya ödənişi 28 fevral 2015-ci il tarixdən dayandırılmışdır. İddiaçı pensiya ödənişi cari ilin aprel ayında tam məbləğdə (736,13 manat) bərpa olunmuş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. İddiaçı əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 26444,88 manat pensiya məbləği cari ilin aprel ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 734,58 manat) pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 9-cu hissəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Dövlət Sosial Müdafiə Fonduna ona dair yenilənmiş məlumat vərəqi göndərilmir. Lakin pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların təminat xərcliyindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ümumi qaydaya uyğun olaraq davam etdirildiyindən, qanunvericilik həmin şəxslərin əmək pensiyasının yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına əsasən yenidən hesablanmalı olduğunu müəyyən etmişdir. Qeyd olunanlara əsasən İddiaçı yenidən xidmətdən ehtiyata buraxılması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Filiala daxil olmuş 25 fevral 2022-ci il tarixli 3534 nömrəli yeni məlumat vərəqəsi əsasında əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi hazırda qüvvədə olan qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi həcmində -73,61 manat maddi yardım ödənilir. İddiaçı yeni məlumat vərəqəsi əsasında əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə uyqun hesab edilmir. İnzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-1585/2023 nömrəli qərarı qanuni və əsaslı olmuş, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 07 iyun 2022-ci il tarixli, **********1 nömrəli imtina məktubunda qeyd edilir: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 13 noyabr 2014-cü il tarixli 3 nömrəli məlumat vərəqəsinə əsasən Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti (hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) tərəfindən Sizə 8 iyun 2014-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Filiala daxil olmuş 7 noyabr 2015-ci il tarixli 027-4193-1215 nömrəli məktubda Sizin yenidən xidmətə cəlb olunduğu bildirilmişdir. Bununla əlaqədar olaraq Sizə pensiya ödənişi 28 fevral 2015-ci il tarixindən dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Sözügedən Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin “qeyd” hissəsində 2017-ci ilin iyulun 1-dək Qanunun 20-ci maddəsinə uyğun oiaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin ediimiş, Qanunun 20.1 11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq pensiya ödənişiniz cari ilin aprel ayında tam məbləğdə (736,13 manat) bərpa olunmuş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 26444,88 manat pensiya məbləği cari ilin aprel ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 734,58 manat) pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu səbəbdən də yenidən xidmətdən ehtiyata buraxılmağınızla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Filiala daxil olmuş 25 fevral 2022-ci il tarixli 3534 nömrəli yeni məlumat vərəqəsi əsasında əmək pensiyasının yenidən hesablanaraq ödənilməsini hazırda qüvvədə olan qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əlavə olaraq, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla Sizə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi-73,61 manat maddi yardım ödənilir. İş materiallarında olan İT-İ seriyalı, ******* nömrəli iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1990-cı ildə Azərbaycan Respublikasının X1 xidmətə başlamış, xidmət müddəti təqvimi 26 il, 00 ay, 11 gün, imtiyazlı 32 il, 07 ay, 15 gün olmaqla xx.xx.2014-cü il tarixədək xidmətdə olmuşdur. xx.xx.2015-ci il tarixdə yenidən X1 xidmətə başlamış, xidmət müddəti - 06 il, 11 ay, 15 gün, imtiyazlı hesablama ilə 40 il, 08 ay, 25 gün olmaqla xx.xx.2022-ci il tarixədək X1 xidmət etmişdir. İş materiallarında olan iddiaçıya məxsus pensiya işindəki sənədlərdə olan Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİD-in 14/3422-029069 nömrəli pensiyaçının uçot vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2014-cü ildən xidmət illərinə görə pensiya təyin edilmişdir. Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixli məlumat vərəqi təqdim edilmişdir. Həmin sənədlərdə olan Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin xx.xx.2015-ci il tarixli cavabdehə ümvanlanmış məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin xətti ilə xx.xx.2014-cü il tarixdən pensiya alan İddiaçı DİN-in xx.xx.2015-ci il tarixli Ə 405ş/h-001- 15 saylı əmrinə əsasən xx.xx.2015-ci il tarixindən X1 xidmətə yenidən qəbul edilməsi ilə əlaqədar olaraq pensiya ödənişinin dayandırılmasına göstəriş verilməsi xahiş olunmuşdur. Həmin sənədlərdə olan Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli əmrinə əsasən İddiaçı Ağayəddin oğlu 20 fevral 2015-ci il tarixdən X1 xidmətə yenidən qəbul edilərək DİN-in NBPİ-nin Dəmir yolu nəqliyyatında polis idarəsinin Sabunçu stansiyasında xətt polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilmiş və müvafiq olaraq “polis mayoru” xüsusi rütbəsi bərpa olunmaqla DİN-in kadrları tərkibinə daxil edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2014-cü ildə təyin edilmiş pensiya yenidən ehtiyata buraxılması ilə əlaqədar yenidən hesablanmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin 13 may 2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 9-cu bəndinə əsasən «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Fonda ona dair yenilənmiş məlumat vərəqi göndərilmir (xx.xx.2022-ci ilədək olan redaksiyası). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 fevral 2022-ci il tarixli qərarına əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. Həmin qərarda həmçinin qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6cı maddəsinin məzmununa əsasən, əmək pensiyası təyin edilmiş hərbi qulluqçu hərbi xidmətini davam etdirdiyi təqdirdə onun əmək pensiyası yenidən son təminat xərcliyi nəzərə alınmaqla hesablanmayacaq. Bu isə ondan irəli gəlir ki, pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçunun əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən son təminat xərcliyinə görə hesablanması, təminat xərcliyinin əvvəlkindən aşağı olduğu halda pensiyaçının pensiya məbləğinin azalmasına səbəb ola bilər. Lakin pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların təminat xərcliyindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ümumi qaydaya uyğun olaraq davam etdirildiyindən, qanunverici həmin şəxslərin əmək pensiyasının yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına əsasən yenidən hesablanmalı olduğunu müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1990-cı ildən xx.xx.2014-cü ilədək daxil işlər orqanlarında xidmət etmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 13 noyabr 2014-cü il tarixli 3 nömrəli məlumat vərəqəsinə əsasən Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti (hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) tərəfindən ona xx.xx.2014-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilmişdir. İddiaçı X1 xidmətə yenidən qəbul edilmiş, bununla əlaqədar olaraq pensiya ödənişi xx.xx.2015-ci ildə dayandırılmışdır, iddiaçı xx.xx.2015-ci ildən xx.xx.2022ci ilədək X1 xidmət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4 və 37.3.5-ci maddələrinin tələblərinə əsasən iddiaçının pensiya ödənişi xx.xx.2022-ci ildə tam məbləğdə bərpa olunmuş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. İddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış pensiya məbləği 2022-ci ilin aprel ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla ödənilir. Hazırda iddiaçı müraciət etdiyi tarixdən ona təyin edilmiş pensiyanın sonuncu təminat xərcliyinə görə hesablanmasını tələb edir. Lakin «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin tələblərindən də göründüyü kimi, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır, bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Göründüyü kimi, iddiaçı cavabdehə müraciət edən zaman qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının sonuncu təminat xərcliyinə görə hesablanması istisna edilmişdir. Bu səbəbdən də cavabdehin iddiaçının müraciətindən imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1585/2023 nömrəli 26 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2137/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2137/2023
26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver