Məhkəmə qərarları › İş №2-1(103)-2138/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2138/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2138/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, X1, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı “iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1977-xx.xx.1997-ci il dövrlərinin və xx.xx.2001-xx.xx.2003-cü il dövrlərinin əmək stajı kimi təsdiqlənməsi və bunun əsası kimi yaşa görə əmək pensiyasının 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1478/2023 saylı, 18 yanvar 2023-cü il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı iddia qadıraraq “iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1977-xx.xx.1997-ci il dövrlərinin və xx.xx.2001-xx.xx.2003-cü il dövrlərinin əmək stajı kimi təsdiqlənməsi və bunun əsası kimi ona yaşa görə əmək pensiyasının 65 yaşının tamam olduğu xx.xx.2021- ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə doğulmuşdur, xx.xx.1971-ci ildən xx.xx.1974-cü ilə qədər 12 №-li Bakı Peşə Liseyində (əvvəlki adı: X3 Gənclər İttifaqının “ÜLKGİ” 50 illiyi adına TPM) təhsil almışdır. xx.xx.1975-xx.xx.1977-ci illərdə Sovet Ordusunda hərbi xidmət etmişdir. xx.xx.1974-xx.xx.1975-ci illərdə “Azərbaycan Rabitə Sənayesi” zavodunda 1-ci dərəcəli dülgər işləmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1977- xx.xx.1997-ci illərdə “Azərçörək” İB Təmir-Mexaniki zavodunda dülgər sexində dülgər işində əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.2001xx.xx.2003-cü illərdə Dövlət Neft Şirkəti ”Maşınqayırma” Bakı Neft-Mədən Cihazları zavodunda dülgər işində işləmişdir Bakı Neft-Mədən Cihazları zavodu xx.xx.2001-ci ildən Bakı "xxxx" ASC-yə çevirilmişdir. xx.xx.2021-ci il tarixdən iddiaçıya yaşa görə sosial müavinət təyin edilmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etsə də, cavabdeh tərəfindən sonuncu olaraq xx.xx.2022-ci il tarixdə ona imtina cavabı verilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir, belə ki, onun 25 il sığorta stajı vardır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək iddia tələbinin əsassız olduğundan iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək təhsil illəri, hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti dövrləri üzrə xx.xx.2006-cı il tarixədək 20 il 6 ay 26 gün sığorta stajı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1977-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Azərçörək” İBnin Təmir Mexaniki zavodunun arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilməmişdir. Həmçinin, X4 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən "xxxx" ASC-də xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrü üzrə xx.xx.2002-ci il tarixədək əmək haqqı hesablanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(112)-1478/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə kollegiyasına yazılı vəsatət təqdim edərək hazırkı mübahisənin cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar həll edilərək, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarın qəbul edildiyini bildirmiş, bu səbəbdən qeyd olunan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı ona yaşa görə əmək pensiyası təyin edildiyindən iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı iddia qadıraraq “iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1977-xx.xx.1997-ci il dövrlərinin və xx.xx.2001-xx.xx.2003-cü il dövrlərinin əmək stajı kimi təsdiqlənməsi və bunun əsası kimi ona yaşa görə əmək pensiyasının 65 yaşının tamam olduğu xx.xx.2021- ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, cavabdeh inzibati orqan iddiaya etirazda göstərilən əsaslara görə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda cavabdeh inzibati orqan vəsatətlə məhkəməyə müraciət edərək hazırkı mübahisənin onun tərəfindən məhkəmədənkənar həll edilərək, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması bildirilmiş, bu səbəbdən qeyd olunan iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edildiyi təsdiqini tapdığı müəyyən edilmiş, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında göstərilən xx.xx.1977- xx.xx.1997-ci il dövrlərinin və xx.xx.2001-xx.xx.2003-cü il dövrlərinin əmək stajı kimi təsdiqlənməsi və bunun əsası kimi yaşa görə əmək pensiyasının 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən təyin edilməsi” tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar