Məhkəmə qərarları › İş №2-1(103)-2138/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2138/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2138/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2677/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-58/6 saylı xx.xx.2023-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2023-cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhərində anadan olmuş, milliyətcə bəluç, dini etiqadına görə müsəlmandır (sünni). 2005-ci ildə Qucranvalada “Public school” adlı məktəbdə 8 sinif natamam orta təhsil almış, 16 yaşında ailə həyatı qurduğuna görə təhsilini davam etdirməmiş, xüsusi peşəsi yoxdur, evində yeməklər bişirib müştərilərə çatdırmaqla məşğul olmuşdur. Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı evli olduğunu, valideynlərinin və qardaşlarından birinin vəfat etdiyini, 3 qardaş və 4 bacısının Pakistanda yaşadığını, ərinin və 4 uşağının onunla birlikdə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini və hazırda onunla birlikdə Azərbaycan Respublikasında yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı bildirmişdir ki, o, 2009-cu ildə 16 yaşında öz istəyi ilə Muhammad İrfanla ailə həyatı qurmuş, dini nikah bağlamışdır. Onların bu nikahından İddiaçı qardaşları narazı olmuş və onları təhdid etməyə başlamış, bir neçə dəfə onlara hücum etmiş, əri Muhammad İrfanı bərk döymüşlər. Təhdidin səbəbini izah edərkən İddiaçı bunu onun bəluç millətindən, ərinin isə pəncablı olması, onun sünni, ərinin isə vəhhabi olması ilə izah etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. İddiaçı hesab edir ki, DMX-nın qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. DMX-nin qərarında aşağıdakı fundamental səhvlərə yol verilib: DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib, DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusunun verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin müəyyən faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxsunun, real riskin olub-olmadığını yoxlanılmalıdır. İş üzrə mühüm fakt iddiaçının Pakistanda olarkən 2009-cu ildə 16 yaşında öz istəyi ilə Muhammad İrfanla ailə həyatı qurduğunu, dini nikah bağladığını bildirmişdir. Onların bu nikahından İddiaçı qardaşlarının narazı olduğunu və onları təhdid etməyə başladığını, bir neçə dəfə onlara hücum etdiyini, əri Muhammad İrfanı bərk döydüklərini, təhdidin səbəbini izah edərkən İddiaçı bunu özünün bəluç millətindən, ərinin isə pəncablı olması, özünün sünni, ərinin isə vəhhabi olması ilə izah etmişdir. Bu səbəbdən də əri və övladları ilə birlikdə xx.xx.2023-cü ildə Pakistanı tərk edərək Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. İş üzrə mühüm faktlara dair iddiaçının təqdim etdiyi sübut onun inzibati icraatda verdiyi izahatlardır. Hüquq tətbiq edən orqan iddiaçının izahatlarının mötəbərliliyini qiymətləndirdikdə güman edilən faktların ağlabatanlığı, iddiaçının izahatları üçün təqdim etdiyi təsdiqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlumatı ilə uyğunluğu kimi amilləri ümumilikdə nəzərə almalıdır. İş materialında olan müsahibədən görünür ki, iddiaçı işin mühüm faktları, yəni öz qardaşları tərəfindən ölkəsində təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar iddiaçının işin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, iddiaçının izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-2677/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddiası rədd edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.Həmin iddia ərizəsi vasitəsilə iddiaçının xx.xx.2023-cü il tarixli sığınacaq vəsatəti təmin edilməklə cavabdehin üzərinə ona qaçqın statusunun verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını və hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin xx.xx.2023-cü il tarixli, İQ-58/6 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın ləğv edilməsini tələb etmişdir. İddiaçı xx.xx.1992-ci il tarixdə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhərində anadan olmuşdur. Milliyətcə bəluç, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 2005-ci ildə Qucranvalada “Public school” adlı məktəbdə 8 sinif natamam orta təhsil aldığını, 16 yaşında ailə həyatı qurduğuna görə təhsilini davam etdirmədiyini, xüsusi peşəsi olmadığını,evində yeməklər bişirib müştərilərə çatdırmaqla məşğul olduğunu bildirmişdir. Qardaşlarından birinin vəfat etdiyini, 3 qardaş və 4 bacısının Pakistanda yaşadığını, ərinin və 4 uşağının onunla birlikdə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini və hazırda onunla birlikdə Azərbaycan Respublikasında yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı bildirmişdir ki, o, 2009-cu ildə 16 yaşında öz istəyi ilə Muhammad İrfanla ailə həyatı qurmuş, dini nikah bağlamışdır. Onların bu nikahından İddiaçı qardaşları narazı olmuş və onları təhdid etməyə başlamış, bir neçə dəfə onlara hücum etmiş, əri Muhammad İrfanı bərk döymüşlər. Təhdidin səbəbini izah edərkən İddiaçı bunu onun bəluç millətindən, ərinin isə pəncablı olması, onun sünni, ərinin isə vəhhabi olması ilə izah etmişdir. Bu təhdidləri əsas gətirən iddiaçı təqiblərdən qurtulmaq üçün əri və övladları ilə birlikdə Azərbaycana gəldiyini qeyd etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində Azərbaycana gəlib. İddiaçı sığınacaq vəsatəti ilə müraciət etmişdir. Cavabdeh onun vəsatətini müvafiq iş nömrəsi ilə qeydiyyata almış və ərizəçi ilə müsahibə aparılmışdır. İddiaçı bildirib ki, o, Pakistan İslam Respublikasının qanunlarından, hökmlərindən və cəmiyyətdən ciddi təhdidlərlə üzləşməsi səbəbindən öz ölkəsinə geri qayıtmaq istəmir. Cavabdeh xx.xx.2023-cü il tarixli, İQ-58/6 saylı saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd etmişdir. Cavabdeh qərarını onunla əsaslandırıb ki, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə qohumları tərəfindən təqibə məruz qalmamışdır. Lakin təqibə məruz qalma faktı ilə bağlı iddiaçının Pakistan İslam Respublikasında müvafiq hüquq mühafizə orqanlarına şikayət məktubu vardır. İddiaçı cavabdehin qərarını Bakı İnzibati Məhkəməsində mübahisləndirib. Bakı İnzibati Məhkəməsi iddiaçının iddiasını rədd edib. Məhkəmə öz qərarını cavabdehlə eyni əsaslarla istinad etməklə əsaslandırıb. Cavabdehin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. İş üzrə mühüm fakt iddiaçının özünün və ailə üzvlərinin ölkəsində qardaşları tərəfindən təqiblərə məruz qalması, dövlət tərəfindən müdafiəsinin effektiv müdafiə olunmamasıdır. İş üzrə mühüm faktlara dair ərizəçinin təqdim etdiyi sübut onun inzibati icraatda verdiyi izahatlardır. İş materialında olan müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, qaynının qohumları tərəfindən ölkəsində təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Ərizəçinin müraciəti inandırıcı olması səbəbindən rədd edilib, lakin cavabdeh tərəfindən müəyyən edilən hallar faktlara deyil, onların subyektiv fikrinə əsaslanıb. Birinci instansiya məhkəməsi cavabdehin yol verdiyi pozuntuları aradan qaldırmayıb və öz qərarını cavabdehlə eyni əsaslarla əsaslandırmayıb. Cavabdehin qərarı maddi-hüquqi və prosessual (formal-hüquqi) baxımdan qanuni deyil. Eləcə də həmin qərar əsassızdır. Cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olub. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-58/6 nömrəli 01 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-cı bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı və onun ailə üzvlərinə (əri-xx.xx.1988-ci il təvəllüdlü Muhammad İrfan, qızları - xx.xx.2010-cu il təvəllüdlü Hizza İrfan, xx.xx.2012-ci il təvəllüdlü Esha İrfan, xx.xx.2016-cı il təvəllüdlü Asima Noor və oğlu - 27.12.2.2017-ci il təvəllüdlü Muhammad İbrahim) qaçqın statusunun verilməsindən imtina edilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının vətəndaşı, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, döngə 6 ünvanında müvəqqəti yaşayan, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı (Pasport: № LR1981371) ailə üzvləri (ərixx.xx.1988-ci il təvəllüdlü Muhammad İrfan, qızları-xx.xx.2010-cu il təvəllüdlü Hizza İrfan, xx.xx.2012-ci il təvəllüdlü Esha İrfan, xx.xx.2016-cı il təvəllüdlü Asima Noor və oğluxx.xx.2017-ci il təvəllüdlü Muhammad İbrahim) ilə birlikdə 13 iyun 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, onun və ailə üzvlərinin adına 76-2023 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvü ilə müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizəanketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhərində anadan olduğunu, milliyyətcə bəluç, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 2005-ci ildə Qucranvalada “Public school” adlı məktəbdə 8 sinif natamam orta təhsil aldığını, 16 yaşında ailə həyatı qurduğuna görə təhsilini davam etdirmədiyini, xüsusi peşəsi olmadığını, evində yeməklər bişirib müştərilərə çatdırmaqla məşğul olduğunu bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verərək ərizəçi evli olduğunu, valideynlərinin və qardaşlarından birinin vəfat etdiyini, 3 qardaş və 4 bacısının Pakistanda yaşadığını, ərinin və 4 uşağının onunla birlikdə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini və hazırda onunla birlikdə Azərbaycan Respublikasında yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı bildirmişdir ki, o, 2009-cu ildə 16 yaşında öz istəyi ilə Muhammad İrfanla ailə qurmuş, dini nikah bağlamışdır. Onların bu nikahından İddiaçı qardaşları narazı olmuş və onları təhdid etməyə başlamışdır. Bir neçə dəfə onlara hücum etmiş, əri Muhammad İrfanı bərk döymüşlər. Təhdidin səbəbini izah edərkən İddiaçı bunu onun bəluç millətindən, ərinin isə pəncablı olması, onun sünni, ərinin isə vəhhabi olması ilə izah etmişdir. Ərizəanketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Lakin bununla belə ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərində müəyyən uyğunsuzluqlar müəyyən edilmişdir. Belə ki, Pakistanda ciddi təhdidlərlə üzləşdiyini qeyd etməsinə baxmayaraq, o və ailə üzvləri evlilikdən sonra 14 il ərzində (2009-2023) Pakistanda yaşamış və işləmişdir. Onlara edilən təhdidlərlə bağlı polisə şikayət etməmiş, hüquqlarının müdafiəsi üçün hüquqi yardımdan yararlanmamışlar. Bundan əlavə, ərizəçi qardaşlarının təhdidlərindən qaçmaq üçün 2015-ci ildə Qucranvala şəhərindən Feysalabad şəhərinə köçdüklərini və orada 2 ildən çox müddətdə təhdidsiz yaşadıqlarını, sonda iş tapmadıqları üçün normal dolanışıq şəraitinin olmadığına görə Qucranvala şəhərinə qayıtmalı olduqlarını söyləmişdir. Bundan əlavə, ərizəçinin müsahibəsi zamanı verdiyi məlumatlardan müəyyən edilmişdir ki, ərizəçinin əri Muhammad İrfan 2022-ci ilin dekabr ayında ilk dəfə Azərbaycanda olmuş, Pakistanda 2009-cu ildən başlayaraq nikah məsələsi ilə bağlı problemlərlə üzləşdiyinə baxmayaraq, o vaxt qaçqın statusu üçün müraciət etməmişdir. Milliyyəti ilə bağlı təhdidlərlə bağlı qeyd etmək lazımdır ki, ərizəçinin atası bəluç olsa da, anası pəncablıdır. Bundan əlavə Muhammad İrfanla nikaha daxil olmazdan əvvəl ərizəçinin milliyəti ilə bağlı heç bir təhdidlə üzləşmədiyi məlum olmuşdur. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, dininə, siyasi əqidəsinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbay¬can Respublikası Qanununun 1-cl maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 1 sentyabr 2023-cü il tarixli, 17 saylı protokolu). “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. 7-ci bəndinə əsasən "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. 8-ci bəndinə əsasən müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. 9-cu bəndinə əsasən “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 01 sentyabr 2023-cü il tarixli, İQ-58/6 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçına qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibə keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə təqib olunmasının təsdiq edilməsi üçün yetərli sayıla bilməz. Məhkəməyə təqdim edilmiş qanunsuz hesab edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı istinad etdiyi dəlillər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmur, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmir. Cavabdehin qaçqın statusunun verilməsindən imtina edilməsi barədə qənaəti əsaslı olmuşdur. Beləliklə, cavabdehin qəbul etdiyi imtina barədə qərar qanuni olmuşdur və ləğv edilməsi üçün əsas yoxdur. Mübahisələndirilən qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2677/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar