Məhkəmə qərarları › İş №2-1(103)-214/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-214/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-214/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomunun tanınması tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2344/2019 saylı qərarından cavabdehin nümayəndəsi R.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2344/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya V.N.Karazina adına Xarkov Milli Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli B16 seriyalı 242448 saylı alı təhsil haqqında diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim Z.Tağıyev). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi R.Hüseynov tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli B16 seriyalı 242448 saylı diplomun Azərbaycan Respublikasının ərazsində tanınması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2016-cı il tarixli B16 seriyalı 242448 saylı alı təhsil haqqında diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublıikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2016-ci il tarixdə Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən “V.N.Karazin adına Xarkov Milli Universitetinin” hüquqşünaslıq fakültəsini bitirmişdir. Bununla bağlı iddiaçı B16 seriyalı 242448 saylı Bakalavr dərəcəsi diplomu verilmişdir. X4 və Elm Nazirliyi tərəfindən A- 45105-16 nömrəsi ilə təsdiq edilmişdir. 2012-ci il tarixdən “V.N.Karazina adına Xarkov Milli Universitetinin” hüquqşünaslıq fakültəsinə daxil olduqdan sonra təhsillə bağlı oxuduğu müddət ərzində heç bir qaydanı pozmamış, verilmiş proqramları yerinə yetirmiş, təhsil aldığı müddətdə, universitetin tələbə yataqxanasında yaşamış, ixtisasına müəyyən qədər yiyələnmişdir. Qiymətlər cədvəlindən çıxarışdan görünür ki, iddiaçı 2012-ci ildən 2016-ci ilədək “V.N.Karazin adına Xarkov Milli Universitetinin» ali təhsil müəssisəsində təhsil aldığı müddətdə Hüquqşünaslıq ixtisası üzrə 63 fəndən zaçot, imtahan və kurs işləri vermişdir. xx xxxx 2012-ci il tarixli PC tipli P4820352 saylı Pasportdan görünür ki, iddiaçı 2016-ci il iyul ayınadək Ukrayna Respublikasında olmuşdur. Bununla bağlı Diplomunun Azərbaycan Respublikasında tanınması (nostrifikasiya olunması) ilə bağlı Təhsil Nazirliyinə xx.xx.2019-cu il tarixdə M-248 ərizə ilə müraciət etmişdir. Bununla bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin isə xx xxxxx 2019-cı il tarixli M-248/03-ANİ saylı məktubundan görünür ki, cavabdeh aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin səviyyəsinin kifayət qədər qənaətbəxş olmamasını əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Halbuki, cavabdeh tərəfindən iddiaçının tədris dilinin səviyyəsinin hansı meyarlarla yoxlanmasına, bu zaman müvafiq ixtisas üzrə mütəxəssislərin cəlb olunmasına, aparılmış sual-cavabların sənədləşdirilməsinə və bu sənədlə tanış olmaq imkanının yaradılmasına dair hər hansı bir şərait yaradılmamışdır. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə kollegiyasının ilkin iclasında izahat vermiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iş materiallarəndan göründüyü kimi, iddiaçı 2012-2016-cı illərdə Xarkov Milli Universitetində “hüquqşünaslıq” ixtisası üzrə 4 il əyani şöbəsində təhsil almışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, diplom üzrə ixtisasın tanınması (nostrifikasiya) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Nazirliyə ərizə ilə müraciət etmiş və müraciətə Nazirlikdə baxılaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina edilmişdir. Nümayəndə hesab etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Nazirlik tərəfindən yaradılan ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsənilməsini şübhə altına salır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi X2 ilkin məhkəmə iclasında apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Cavabdehin Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli, M- 248/03- ANİ saylı imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının xx.xx.2017-ci il tarixli elektron müraciətinin nəticəsi barədə ona xx.xx.2019-cu il tarixdə müafiq elektron xidmət vasitəsilə əlavə qeyd olunmuş məlumat verilmişdir. Həmin elektron müraciətdə iddiaçın ixtisası ölkə ərazisində tanınması mümkün hesab edilmir. İşdə olan V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli B16 seriyalı 242448 saylı diplomun surətinə əsasən İddiaçı hüquqşunaslıq ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Həmin Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Sözügedən Qaydaların 2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin -Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Həmin bəndin İİİ hissəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmçinin Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Höküməti ilə Ukrayna Nazirlər Kabieti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in: 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir; 5-ci maddəsinə əsasən tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisəslərinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və magistr ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. 6-cı maddəyə əsasən bu Sazişin ali təhsilə aid olan müddəaları Azəraycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş bütün ali təhsil müəssisələrini əhatə edir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli B16 seriyalı 242448 saylı diplomun surətinə əsasən İddiaçı hüquq ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunmamış, bu səbəbdən cavabdehin iddiaçının diplomunu tanımaqdan imtina etməsi ilə bağlı hərəkərtləri qanunvericiliyə, o cümlədən Sazişin 5-ci maddəsinə və Qaydların 16-cı bəndinə (hansı ki, beynəlxalq müqavilələrdə ekvivalentlik müəyyən edildiyi halda ekvivalentlik haqqında şəhadətnamənn ekspertiza keçirilmədən verilməsini təsbit etmişdir) zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur. Eyni zamanda qeyd edilmişdir ki, cavabdehin (iddiaçının ixtisas üzrə biliklərinin Azərbayan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab verməməsi) dəlili imtina əsası kimi Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil. Çünki, iddiaçının tədris olunan fənləri hansı səviyyədə mənimsəməsi məsləsinə qiymət verilməsi cavabdehin deyil, iddiaçının təhsil alığı ölkədəki müvafiq təhsil məssisəsinin (orada fəaliyyət göstərmiş dövlət imtahan komissiyasının səlahiyyətlərinə aiddir və o, bu mərhələni artıq həmin ölkədə başa vurmuşdur. Həmçinin, qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahələsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”nın 3.6-cı bəndində ekvivalentlik haqqında Şəhadətnamənin verilmə əsaslarından biri də Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərinə uyğunluğudur. Qeyd olunanlardan da göründüyü kimi iddiaçının bakalavr dərəcəsi üzrə aldığı Beynəlxalq iqtisadi münasibətlər ixtisası Azərbaycan Respublikasına təhsilin müvafiq strukturuna qoyulan tələblərə uyğundur. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının x xxxx 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmuşdur. Birinci instansiya məhkəmə belə nəticəyə gəlmişdir ki, xx.xx.2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Höküməti ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” təsdiq edildiyindən, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirilməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın İV.7-ci maddəsinə əsasən razılığa gələn tərəflərə belə bir diskresion səlahiyyət verilmişdir ki, ali təhsil üzrə ixtisasın tanınması - ərizəçinin kifayətedici həcmdə təhsil aldığı dili və ya dilləri bilmə qabiliyyətinə malik olması barədə sübutlarından asılılıq altına qoyula bilər. İddiaçı Ukraynanın V.N.Karazin adına Xarkov Milli Unversitetində təhsil alsa da, Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na, «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»nın müddəalarına uyğunluğu yoxlanılarkən, onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2344/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi R.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2344/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçıya V.N.Karazina adına Xarkov Milli Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli B16 seriyalı 242448 saylı alı təhsil haqqında diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar