Məhkəmə qərarları › İş №2-1(103)-214/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-214/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-214/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X7 üzrə Mərkəzi Filialına qarşı pensiya fərqinin ödənilməsi tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2468/2020 saylı qərarından cavabdehin nümayəndəsi M.Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2468/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya xx.xx.2018-ci il tarixindən təyin edilmiş pensiyanın xx.xx.2007-ci ildən tətbiq edilməklə, pensiya məbləğinin xx.xx.2007-ci il tarixindən xx.xx.2015-ci il tarixədək olan müddət üçün ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərar alınmışdır (hakim F.Mədətli). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi M.Həsənov tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X7 İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 2007- cı ildən ödənilməli olan keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Daxili işlər Nazirliyində işlədiyinə görə xx xxxxxxxx 2018-ci il tarixindən pensiya təyin olunmuşdur. Onun pensiyaya çıxmaq hüququ 2007-ci ildə yaranmışdır. Ona pensiya hüquq yaranan gündən ödənilməli idi. Lakin ona keçmiş müddətin cəmi üç ili üçün pensiya ödənilmişdir. O, DSMF-nun X7 İdarəsinə pensiya hüququ yaranan gündən pensiyanın ödənilməsi barədə müraciət etmişdir. X2 müraciət edilən tarixdən əvvəlki “ən çoxu üç il” üçün ödənildiyini bildirərək imtina etmişdir.O, bu imtinanı əsassız hesab edir.Belə ki, o, xx.xx.1965-ci ildə anadan olmuşdur və 42 yaşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra tamam olmuşdur. O, Daxili İşlər Nazirliyində polis nəfəri kimi 23 il 01 ay 11 gün işləmiş və onun 2007-cı ildə pensiya hüququ yaranmışdır.Cavabdehin gətirdiyi əsasları qüvvədə olan qanunvericiliyin tələblərinə tamamilə zidd hesab edir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən (xx xxxxxx 2006-cı ildən) tez olmayaraq ömürlük təyin edilir. Qanunun 32-ci maddəsinə xx xxxx 2017-ci il tarixli 543 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1 maddəsi əlavə edilmişdir. Həmin əlavənin müddəaları “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” ifadəsi ona münasibətdə tətbiq edilə bilməz. Çünki onun pensiyaya çıxmaq hüququ dəyişiklikdən əvvəl, 2006-cı ildə yaranmışdır. Ona görə də ona gecikmiş aylara görə ödənilməli olan pensiya məbləği gecikmiş ayların sayına bölünməklə müəyyən olunmuş pensiyaya əlavə olunmaqla ödənilməlidir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçının ərizəsində iddia etdiyi, 2007-ci il tarixdən pensiya fərqinin hesablanaraq ödənilməsi qeyd edilmişdir. X10 Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixdə göndərilən “məlumat vərəqi”nə əsasən, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. İddiaçının iddia etdiyi 2007-ci il tarixdən təyinatı aparılması qanunvericiliyin tələblərinə zidd olduğundan, tərəfimizdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə - həmin Qanunun 32.1-1 maddəsinə əsasən son 3 il nəzərə alınmaqla xx.xx.2015-ci il tarixdən ödənilməsinə qərar verilmişdir. Nümayəndə bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir”. Bu səbəbdən də tərəfimizdən son 3 ilin ödənişi həyata keçirilmiş və iddiaçıya ödənilmişdir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7 - ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iştirakçıların izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Belə ki, işdə olan cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********9 saylı imtina məktubundan görünür ki, iddiaçının keçmiş dövr üçün pensiya məbləğinin ödənilməsi haqqında ərizəsinə baxılaraq bildirilmişdir ki, o, xx xxxxxx 2018-ci il tarixdə İdarəyə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. İdarənin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin **********7 nömrəli məktubunda ona pensiyanın xx xxxxxx 2018-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş xx xxxxxx 2018-ci il tarixli 23 nömrəli məlumat vərəqəsinə əsasən yaşa görə xx xxxxxxxx 2018-ci il tarixdən pensiya təyin edilmiş və keçmiş 3 il üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 11464,22 manat məbləğində vəsait 2018-ci ilin sentyabr ayından etibarən hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİİ tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş 035159 saylı vəsiqədən görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən xx xxxx 2018-ci il tarixdən ömürlük əmək pensiyası təyin edilmişdir. Məhkəmə araşdırması dövründə İddiaçı pensiya işinin təsdiq edilmiş surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus pensiya işi məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən həmin pensiya işi tədqiq edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİİ-nin əmək pensiyası təyin edən komissiyanın xx xxxxxx 2018-ci il tarixli, 18/2725 saylı qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə xx xxxx 2018-ci il tarixdən ömürlük pensiya təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə DSMF-na göndərilmiş məlumat vərəqindən görünür ki, iddiaçı xx xxxx 2006-cı il tarixdə Bakı şəhəri BPİ İnzibati Həbs olunanların Saxlama Məntəqəsinin polis nəfəri vəzifəsindən 23 il 01 ay 26 gün güzəştli xidmətllər illəri ilə ehtiyata buraxılmışdır. Beləliklə işdə olan sənədlərdən göründüyü kimi iddiaçıya xx xxxx 2006-cı il tarixdə ehtiyata buraxılmış, Daxili İşlər Nazirliyi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə DSMF-na göndərilmiş məlumat vərəqi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X8 İş İdarəsi tərəfindən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən xx xxxxxxxx 2018-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. İddiaçı ona təyin olunmuş pensiya üzrə keçmiş müddət üçün hesablanmamış pensiya fərqinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün hesablanaraq ödənildiyi, buna görə də iddiaçıya əmək pensiyasının əvvəlki ən çox üç il üçün hesablanaraq hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla ödənildiyini bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasının əsassız olduğu nəticəsinə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya cavabdeh tərəfindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş xx xxxxxx 2018-ci il məlumat vərəqəsinə əsasən xx xxxxxxxx 2018ci il tarixdən təyin olunsa da, pensiya onun 23 il 01 ay 26 gün daxili işlər orqanlarında xidmət göstərərək, xx xxxx 2006-cı il tarixində ehtiyata buraxılması əsas götürülərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə Daxili İşlər Nazirliyi tərəfindən iddiaçı barəsində məlumat vərəqi xx xxxxxx 2018-ci il tarixdə verilsə də, onun hərbi qulluqçu olaraq yaşa görə pensiya hüququ xidmətdən xaric edildiyi xx xxxx 2006-cı il tarixindən yaranmışdır. İddiaçının xidmət etdiyi orqan tərəfindən onun barəsində məlumat vərəqi gec göndərildiyindən, ona xx xxxxxxxx 2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablaması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablaması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiya hüququnun xx xxxx 2006-cı il tarixindən yaranmasına baxmayaraq, onun barəsində məlumat vərəqinin qanunvericlikdə müəyyən edilmiş müddətdə tərtib edilərək, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi qulluq etdiyi orqanların vəzifəsi olmuşdur. İddiaçı onun barəsində təminat xərcliyi barədə məlumatları özündə əks etdirən məlumat vərəqi verilmədən birbaşa olaraq ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilməzdi və iddiaçının pensiya hüququ xx xxxx 2006-cı il tarixindən yarandığından ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin dövrdə qüvvədə olan müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşin halları ilə müəyyən edilir ki, X10 Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixdə göndərilən “məlumat vərəqi”nə, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. İnzibati orqan tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1 maddəsinə əsasən son 3 il nəzərə alınmaqla xx.xx.2015-ci il tarixdən ödənilməsinə qərar verilmişdir. xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. xx.xx.2019-cu il tarixdən qüvvədə olan həmin maddənin ikinci cümləsinə əsasən bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7 - ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan qanununvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya son 3 ilin ödənişini həyata keçirmiş, iddiaçının iddia etdiyi 2007-ci il tarixdən təyinatını aparmaqdan imtina edərək haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi M.Həsənov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2468/2020 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı pensiya fərqinin ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar