Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-214/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 136/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında ” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ xx.xx.2018-ci il tarixli, **********1711603 saylı Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdehin səyyar vergi yoxlaması aktına əsasən MMC-də guya, ümumilikdə, 75.794.017,50 manat vergilərin azaldılması müəyyən olunmuş və 38.474.358.71 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Həmin aktda əlavə dəyər vergisinə dair göstərilənlərə əsasən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2018-ci il tarixli **********172603 saylı qərar əsassız və qanuna ziddir. Belə ki, yoxlama aktında 75.794.017,50 manat ƏDV üzrə vergilərin azaldılmasının əsası kimi "xxxx" MMC-nə məxsus metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlərinin (zavodun) 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 2(81)-701/2016 saylı Qətnaməsinə əsasən "xxxx" ASC-dən "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə verilmiş problemli kreditlər üzrə yaranmış 494.919.738.04 manat borc əvəzi olaraq "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının (bundan sonra "xxxx" QSC adlanır) mülkiyyət hüququnun tanınması göstərilmişdir. Verginin hesablanmasının hüquqi əsası kimi isə Vergi Məcəlləsinin 13.2.10-cu maddəsində girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun digər şəxsə keçməsi malların təqdim edilməsi hesab olunduğuna, həmçinin , Vergi Məcəlləsiin 159.1-ci maddəsinə əsasən onların təqdim edilməsinin ƏDV üzrə vergi tutma obyekti olduğuna istinad edilir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV vergitutma obyektidir Lakin, həmin Məcələnin 159.2-ci maddəsinə uyğun olaraq VM-nin “Fəsil Xİ. Əlavə dəyər vergisi” fəslinin müddəalarına əsasən vergidən azad edilən malların göndərilməsi, islərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlar sayılmır. Bu imperativ normadır və ƏDV məqsədləri üçün vergitutma obyekti baxımdan ümumi qaydadan mütləq istisnadır.Vergidən azad edilən əməliyyatların siyahısı isə Məcəllənin 164-cü maddəsi ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin: 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur, yəni bu hal VM-nin 159.2-ci maddəsində nəzərdə tutulan istisnanı təşkil edir. 13.2.14.1-ci maddəsinə əsasən kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması maliyyə xidməti sayılır.Göründüyü kimi, vergi qanunvericiliyi pul-kredit əməliyyatlarında hər hansı girov təminatının təqdim edilməsini, verilməsini və qaytarılmasını birmənalı olaraq maliyyə xidmətlərinə aid edir. Məcəllənin 13.2.14.1, 159.2 və 164.1.2-ci maddələri rəhbər tutulmaqla MMC-yə məxsus metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlərinin (zavodun) 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 2(81)-701/2016 saylı Qətnaməsinə əsasən "xxxx" QSC-yə verilməsindən ƏDV tutula bilməz, çünki həmin əmlak banka kreditin təminatı qismində girov qoyulmuşdur. Bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə MMC-nin əmlakına (zavoda) mülkiyyət hüququ ləğv edilmiş və metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlər (zavoda) "xxxx" QSC-nin mülkiyyəti kimi tanımışdır. Həmin qətnamə ilə MMC-nin metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlərə (zavoda) mülkiyyət hüqunun ləğvindən sonra, iddiaçı həmin əmlaka sahiblik, istifadə və sərəncam vermək hüquqlarından məhrum olmuş və onu təqdim etmək hüququna ümumiyyətlə malik olmamışdır. Belə ki, VM-nin 13.2.37-ci maddəsinə görə, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Əlavə dəyər vergisi isə VM-nin 155.1-ci maddəsinə əsasən yalnız sahibkarlıq fəaliyyəti zamanı tətbiq olunur. Göründüyü kimi, məhkəmə aktı əsasında məcburi qaydada əmlakın mülkiyyətçisinin dəyişməsi heç bir halda sahibkarlıq fəaliyyəti hesab edilə bilməz. Bu səbəbdən də, həmin əməliyyat təqdimetmə deyildir və əlavə dəyər vergisi üzrə vergitutma obyekti formalaşmır. "xxxx" QSC tərəfindən "xxxx" MMC-nin ƏDV depozit hesabına əsas məbləğə uyğun ƏDV məbləği ödənilməmiş və "xxxx" MMC-nin büdcə qarşısında ƏDV öhdəliyi yaranmamışdır. Yəni, təqdimetmə məhkəmə aktı əsasında həyata keçirildiyi üçün ƏDV-nin mahiyyətinə uyğun qanunvericiliyin tələbləri avtomatik olaraq pozulmuşdur. Bu hal isə, göstərilən əməliyyata ƏDV tətbiq edilməsinin qanunsuz olduğunu bir daha təsdiq edir. Həmçinin Vergi Məcəlləsinin 166-cı maddəsi ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtını tənzimləyir ki, göstərilən halda məcburi təqdimetmə olması səbəbindən elektron vergi hesab-fakturası təqdim edilməmiş, ödəmə həyata keçirilməmişdir. Qeyd olunanlarla yanaşı yoxlama aktında guya 2015-ci ilin iyul və avqust ayları üçün ƏDV üzrə 292062.52 manat vəsaitin büdcədən yayındırıldığını müəyyən edildiyi qeyd olunmuşdur. Yoxlayıcının bu iddiasının da hüquqi əsası yoxdur. Belə ki, VM-nin 56-cı, 83.3- cü və 85.4-cü maddələrinə uyğun olaraq vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 3 il keçdikdən sonra vergi, faiz və maliyyə sanksiyasını hesablamasına yol verilmir. Dolayısı ilə vergi orqanları qanunla müəyyən edilmiş müddətin keçməsi əsası ilə həmin dövr üzrə əlavə vergi məbləği hesablaya və maliyyə sanksiyası tətbiq edə bilməz...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015- ci ilin 15 iyul Fərmanından irəli gələn tələblərə uyğun olaraq Cəmiyyətin "xxxx" ASC-dən götürdüyü kreditlər xx.xx.2015-ci il tarixli 95 saylı Akt əsasında "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına (bundan sonra - QSC) keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2015-ci il tarixli 514 S saylı Sərəncamının 5-ci bəndi ilə QSC-yə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli 570 saylı Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Beynəlxalq Bankı ASC-nin Metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı verdiyi kreditlər üzrə vaxtı keçmiş borclarla əlaqədar alınan tələb hüquqlarını bu aktivlər üzrə girova yönəldərək aktivlərə mülkiyyət hüququnu əldə etməklə və həmin aktivlərin ARDNŞ ilə razılaşdırmaqla, beynəlxalq nüfuza malik qiymətləndirici tərəfindən müəyyən edilmiş qiymətlə satılmasına dair həmin Şirkətlə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilə bağlanılması tapşırılmışdır. "xxxx" QSC Cəmiyyətə qarşı “borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı” tələbi ilə 1 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinə müraciət etmişdir.1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən, Cəmiyyətin QSC-yə olan borcu Cəmiyyətə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 22-ci km, 24 ünvanda yerləşən əmlak kompleksinə və Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 25-ci km-də yerləşən qeyri-yaşayış binasına yönəldilmiş, həmin əmlaklar üzərində Cəmiyyətin mülkiyyət hüququ ləğv edilmiş, QSC-nin mülkiyyət hüququ tanınmışdır. Beləliklə də, məhkəmə qətnaməsinin könüllü icrası ilə əlaqədar olaraq 28 sentyabr 2016-cı il tarixdə Cəmiyyətlə QSC arasında təhvil-təslim Aktı imzalanmışdır. Səyyar vergi yoxlaması zamanı Azərbaycan Respublikası Prezidentinin 570 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 514 S saylı Sərəncamının 5-ci bəndinin icrası ilə əlaqədar olaraq 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 15 iyul 2016cı il tarixli Qətnaməsinə uyğun olaraq Cəmiyyətin borc qarşılığında mülkiyyət hüququnun ləğv olunaraq, həmin əmlak üzərində "xxxx" QSC-nin mülkiyyət hüququnun tanınması ƏDV- yə cəlb olunan əməliyyat kimi qəbul edilmiş, həmçinin yoxlama ilə 297786,28 manat əsassız əvəzləşmə verildiyi müəyyən edilimiş, vergi ödəyicisinə ümumilikdə 75794017,5 manat əlavə vergi hesablanmış və 37842019,33 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi girov əmlaklarına münasibətdə maliyyə xidməti həmin əmlakların verilməsi və qaytarılması ilə müşahidə edilir. Yəni hər iki hərəkət birlikdə icra edildikdə bu maliyyə xidmətinə daxil olur.Vergi Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. İddiaçının istinad etdiyi Səyyar vergi yoxlaması zamanı Azərbaycan Respublikası Prezidentinin 570 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 514 S saylı Sərəncamının 5-ci bəndinin icrası ilə əlaqədar olaraq 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli Qətnaməsinə uyğun olaraq Cəmiyyətin borc qarşılığında mülkiyyət hüququnun ləğv olunaraq, həmin əmlak üzərində "xxxx" QSC-nin mülkiyyət hüququnun tanınması ƏDV- yə cəlb olunan əməliyyat kimi qəbul edilmiş, həmçinin yoxlama ilə 297786,28 manat əsassız əvəzləşmə verildiyi müəyyən edilimiş, vergi ödəyicisinə ümumilikdə 75794017,5 manat əlavə vergi hesablanmış və 37842019,33 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir Vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********172603 nömrəli qərarında qeyd olunan dövrlər üzrə 293 352,65 manat əlavə vergi məbləği hesablanmış, lakin həmin əlavə hesablama ilə bağlı vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməmişdir. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox lmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. İddiaçıya verginin hesablanmasına əsas İddiaçı MMC-nin "xxxx" ASC-dən "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə verilmiş problemli kreditlər üzrə yaranmış 494919738,04 manat borcu əvəzində, ona məxsus metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlərin Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(81 )-701/2016 saylı Qətnaməsinə əsasən “Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə verilməsi olmuşdur. Başqa sözlə, "xxxx" MMC-nin aktivləri vaxtilə onun tərəfindən götürülmüş və ödənilməmiş 494919738,04 manat pul məbləği əvəzində (kredit) "Aqrarkredit” QSC-nin mülkiyyətinə verilmişdir. Səyyar vergi yoxlaması zamanı isə həmin məbləğ ƏDV daxil olan məbləğ kimi qəbul edilmiş və vergi aşağıdakı kimi hesablanmışdır: 494919738,04:1,18=419423506,8 (ƏDV-siz məbləğ) x 18%= 75496231,22. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi vergi ödəyicisinə hesablanmış vergi məbləği məhz vaxtilə ona təqdim edilmiş pul vəsaitinin tərkibinə daxil olmuşdur. Vergi ödəyicisində aparılmış kameral vergi yoxlamasının nəticələrinin ləğv edilməsinə səbəb 2016-cı ilin sentyabrında aparılmış əməliyyata görə 2017- ci ilin may ayı üçün “Əlavə dəyər vergisinin bəyannaməsi" üzrə kameral qaydada hesablama aparılması olmuşdur. İnzibati şikayətin təmin edilməsi haqqında qərarda birbaşa olaraq qeyd edilmişdir ki, şikayət üzrə materiallar araşdırılmaqla belə nəticəyə gəlinmişdir ki, inzibati şikayət təmin edilməli və eyni zamanda vergi ödəyicisinin vergi öhdəliyi yenidən əməliyyata uyqun bas yerdiyi tarixə hesablanması məqsədi ilə səyyar vergi yoxlaması keçirilməlidir. Cəmiyyət tərəfindən külli miqdarda əlavə dəyər vergisinin dövlət büdcəsinə yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə 30 iyul 2019-cu il tarixli qərarla cinayət işi başlamışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-136/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərarı əsassız hesab etmiş və apellyasiya şikayəti verərək ləğv edilməsini, iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, eyni zamanda aşağıdakılar qeyd olunmuşdur: “...Məhkəmə öz qərarında Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinə dair müəmmalı şərh vermişdir. Bu şərhə görə kredit təminatının təqdim edilməsi (verilməsi) və qaytarılması halının maliyyə xidməti olduğu göstərildiyindən İddiaçının girov predmeti kimi qoyduğu əmlaküzrəində mülkiyyət hüququnun təqdim edilməsi maliyyə xidmətisayılmır. Bu onunla əsaslandırılır ki, girov qoyulmuş əmlaka münasibətdə maliyyə xidməti həmin əmlakların verilməsi və qaytarılması ilə müşahidə edilir (yəni bu halda hər iki hərəkət icra edildikdə bu maliyyəxidmətinə daxil olur). Həmin Məcəllənin 13.2.14.1-ci maddəsinin bu şərhi tamamilə əsassızdır və iqtisadi cəhətdən əsaslandırılmır. Məhkəmənim məntiqinə görə maliyyə xidmətinə aid edilməsi üçün girov qoylmuş əmlak eyni zamanda təqdim edilməli, verilməli və sonra qaytarılmalıdır. Belə halda (yəni yekunda girov predmeti İddiaçıya qaytarıldıqda) hər hansı təqdim etmədən və/və ya kreditin təminat üsulundan (kredit borcunun girova yönləndirilməsindən) söz gedə bilməz. Buna əsasən eyni əməliyyat çərçivəsində: 1)girov predmeti girov saxlayana təqdim edilməli; 2)girov saxlayana verilməli; 3) girov qoyana qaytarılmalıdır. Qaytarmaq deyəndə hər hansı əşyanın onu verənə geri verilməsi nəzərdə tutulduğundan girov predmeti maliyyə xidmətinin 3) mərhələsində girov qoyana qaytarılmalıdır. Məhkəmənin qənaətinə görə maliyyə xidməti əməliyyatının yekununda girov predmeti olan zavod "xxxx" MMC-yə qaytarılmalıdır. Belə halda təqdim etmədən (mülkiyyət hüququnun başqasına keçməsindən) ümumiyyətlə söz gedə bilməz. Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsində girov predmetinə münasibətdə “verilməsi və qaytarılması” sözlərinin mövcudluğu onunla bağlıdır ki, VM-nin 13.2.14.1-cimaddəsində həmçinin lombard təminatları da nəzərdə tutulur (Mülki Məcəllənin 300.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş əşyanın lombardda girovu). Lombard əməliyyatlarındagirov predmetinin bilavasitə lombardın sahibliyinə verilməsi və kredit məbləği qaytarıldıqdan sonra həmin təminatın borc alana qaytarılması həyata keçirilir. Odur ki, VM-nin 13.2.14.1-ci maddəsində istifadə olunmuş verilməsi və qaytarılması sözləri həmin maddədə nəzərdə tutulmuş olan lombard təminatına aiddir. Göründüyü kimi, məhkəmənin Məcəllənin 13.2.14.1-ci maddəsinin şərhi düzgün deyil və həmin maddənin müddəasının İddiaçıya münasibətdə tətbiq edilməməsi qanuna ziddir. Bu məsələdə ən azından, ziddiyyət və qeyri-aydınlıq mövcuddur ki, belə halda VM-nin3.11.-ci maddəsi tətbiq olunmalıdır və vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin ("xxxx" MMC-nin) xeyrinə şərh edilməlidir. Bu halda ƏDV hesablanmalı olsaydı belə VM-nin “Fəsil Xİ. Əlavə dəyər vergisi”fəslinin müddəalarına uyğun olaraq həmin ƏDV "xxxx" QSC tərəfindən "xxxx" MMC-nə ödənilməli olardı. Qeyd olunanlarla yanaşı 2015-ci ilin iyul və avqust ayları üçün ƏDV üzrə 292062.52 manat vəsaitin büdəcədən yayındırıldığını müəyyən edilməsinin hüquqi əsası yoxdur. Belə ki, VM-nin 56-cı, 83.3-cü və 85.4-cü maddələrinə uyğun olaraq vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 3 il keçdikdən sonra vergi, faiz və maliyyə sanksiyasını hesablamasına yol verilmir. 2015-ci ilin iyul və avqust ayları üçün hesablanmış vergilərin vergi orqanı tərəfindən yenidən hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün müəyyən edilmiş müddət 2018-ci ilin 20 sentyabr tarixində qurtardığı səbəbdən həmin dövr üzrə əlavə vergi hesablana və maliyyə sanksiyası isə tətbiq edilə bilməz və yoxlama aktının müvafiq hissəsi qanunsuzdur...” Məhkəmə kollegiyasının əvvəlki iclasılarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyatorun dəlilləri ilə razılaşmamış, iddia ərizəsinə etirazında göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, cavabdehə qarşı mübahisələndirmə haqqında iddia qaldıraraq, cavabdehin səyyar vergi yoxlamasının nəticələrinə dair “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ xx.xx.2018-ci il tarixli, **********1711603 saylı qərarının ləğv edilməsini tələb etmişdir. Belə ki, həmin qərarla 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 2(81)-701/2016 saylı qətnaməsinə əsasən ödənilməmiş 494919738,04 manat pul məbləği əvəzində “Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə verilmiş, "xxxx" MMC-yə məxsus girov əmlakın (zavodun) təqdim edilməsinə görə iddiaçı vergi ödəyicisinə 75496231,22 manat və əsassız aparılmış əvəzləşməyə görə 297786,28 manat məbləğində, ümumilikdə, 75794017,5 manat məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50 faizi miqdarında - 37842019,33 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Konkret halda, cavabdeh vergi orqanının mübahisələndirilən xx.xx.2018-ci il tarixli qərarına, həmin qərarın qəbul edilməsinə əsas olan xx.xx.2018-ci il tarixli səyyar vergi yoxlaması aktına, iddia ərizəsinə dair etirazına və s. əsasən müəyyən olunur ki, iddiaçıya yoxlama ilə borc əvəzinə girov əmlakın təqdim olunmasına görə müəssisəyə 75.496.231,22 manat məbləğində əlavə vergi hesablanmasının qanuni əsası kimi, Vergi Məcəlləsinin 13.2.10, 159.1-ci maddələrinə istinad olunaraq həmin hesablamanın düzgün olduğu, iddiaçı vergi ödəyicisi isə iddia tələbinin qanuni əsası kimi, həmin Məcəllənin 13.2.14.1-ci və 159.2-ci və 164.1.2-ci maddələrinə istinadən onun vergi məsuliyyətinə cəlb olunmasını qanunsuz sayır. Vergi Məcəlləsinin qeyd olunan tələbləri isə aşağıdakılardan ibarətdir: Cavabdeh vergi orqanının istinad etdiyi normalar: 13.2.10. mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi - malların təqdim edilməsidir; 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi - vergitutma obyektidir. İddiaçı vergi ödəyicisinin istinad etdiyi normalar: 13.2.14.1. kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi – maliyyə xidmətləridir; 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi - vergi tutulan əməliyyatlara daxil edilmir. 164.1.2. maliyyə xidmətlərinin göstərilməsindən - ƏDV tutulmur. Vergi Məcəlləsinin vergi orqanının istinad etdiyi, 13.2.10 və 159.1-ci maddələrinin qeyd olunan tələblərindən göründüyü kimi, girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi malların təqdim edilməsidir və bu təqdim etmə vergitutma obyekti sayılır. Konkret halda da, məhz, iddiaçının bankdan götürdüyü kreditə görə banka girov qoyduğu əmlakı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən 494919738,04 manat məbləğində borcun əvəzi olaraq girov saxlayan banka təqdim etmişdir ki, bu da onun dövlət büdcəsi qarşısında ƏDV öhdəliyini yaratmış olur. Vergi Məcəlləsinin 73-cü maddəsi isə nəzərdə tutur ki, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxs, qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına məlumat verməlidir. İddiaçı vergi ödəyicisinin istinad etdiyi, Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinin təhlilinə gəldikdə isə - burada, kredit təminatlarının təqdim edilməsi və qaytarılması maliyyə xidməti sayılır. Bu isə o halda baş verir ki, kredit öhdəliyi yerinə yetirilir və girovdan (ipotekadan) azad olunma baş verir. Qeyd olunan bu hal maliyyə xidməti hesab olunmaya bilməz. Çünki, təqdim edənin əmlakı, görov təmin edildiyindən, onun özünə qayıdır. Yəni, iddiaçının kredit borcu əvəzinə, kreditin təminatı olan girov əmlakı təqdim etməsi onu həmin borcunu ödəmək vəzifəsindən azad edir ki, bu da dolayısı ilə əmlakını təqdim etməsindən olan qazancıdır. Beləliklə də qanunverici burada,çox incəliklə, kredit təminatları əməliyyatlarında halda, maliyyə xidməti baş verir ki, qoyulmuş girov (ipoteka) əmlak geri qayıdır, yəni, kredit alan öhdəliyini yerinə yetirir, kreditverən isə girovu ona qaytarır və qarşılıqlı münasibətlər sıfırlanır. Belə olan halda da, qeyd olunan əməliyyat, maliyyə xidməti kimi qiymətləndirilə və Vergi Məcəlləsinin 159.2 maddəsində nəzərdə tutulan istisna olunan hal kimi qəbul edilə və 164.2-ci maddəsinin nəzərdə tutduğu ƏDV-dən ada olunan hala aid edilə bilməz. Qeyd oluanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin iddiaçıya məxsus girov əmlakın borc əvəzi təqdim edilməsinin maliyyə xidməti olduğuna ona cavabdeh vergi orqanı tərəfindən həmin borcun 18 faizi miqdarında ƏDV hesablanmasını əsassız hesab edən dəlilləri ilə razılaşmır. Mübahisələndirilən qərarla iddiaçıya 297786,28 manat məbləğində əsassız əvəzləşdirməyə görə hesablanmış ƏDV ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, səyyar vergi yoxlması aktına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 175-ci maddələrinin tələblərin pozulması ilə təqdim olunan mallara görə cəmi, 297.786,28 manat məbləğində əvəzləşdirmələr aparıldığı müəyyən olunaraq ona həmin məbləğdə əlavə vergi hesablanmışdır. İddiaçı həmin əvəzləşdirmənin Vergi Məcəlləstnin 175-ci maddəsinin tələbinə uyğun əvəzləşdirilmədiyi mübahisələndirilmir, lakin iddia edir ki, vergi orqanı tərəfindən hesablanan həmin vergi, Məllənin 85.4-cü maddəsi ilə müəyyən olunan 3 illik hesablama müddətinin ötürülməsi ilə hesablanmışdır. Məhkəmə kollegiyası, iddiaçının qeyd olunan dəilləri ilə razılaşmır. Çünki, iddiaçının işə əlavə olunmuş şəxsi hesab vərəqsindən görünür ki, həmin əvəzləşmələr 2015-ci ilin sonu, 2016 və 2017-ci illərdə aparılmış, dəqiqəşmələr verilmiş, davam edən münasibətlər olmuşdur. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Qeyd olunanlardan isə göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh vergi orqanının apardığı səyar vergi yoxlaması nın nəticələrinə görə ona hesablanmış vergilərin səhv olduğu sübuta yetirilmir. Beləliklə də cavabdehin mübahisələndirilən qərarıının ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Əksinə, həmin qərarla iddiaçıya hesablanmış əlavə vergilərin vergi qanunvericiliyinin tələblərinə uyğun olduğu sübuta yetirilir. Belə olan halda, həmin qərar iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 70.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin inzibati akt qanuna zidd iddiaçının hüquqlarını pozmuş olsun. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini düzgün nəticə kimi qiymətləndirir. Bu mənada, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən vergi qanunvericiliyinin düzgün təfsir olunmadığını və əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-136/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-136/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-214/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-214/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver