Məhkəmə qərarları › İş №2-1(103)-214/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-214/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-214/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Firmasının cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndələri X1 iştirakları ilə, İddiaçı "xxxx" Firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2-1(112)-303/2024 saylı qərarından cavabdeh tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2-1(112)-303/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı "xxxx" Firması cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********86700 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********195378 nömrəli, xx.xx.2020-ci il tarixli **********597700 nömrəli və xx.xx.2021-ci il tarixli 2**********86700 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

3. Daha sonra iddiaçı yenidən iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********195378 nömrəli və xx.xx.2020-ci il tarixli **********597700 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayon icra şöbəsi "xxxx" firmasının (“iddiaçı”) 85218,69 manat məbləğində vergi borcunun ödənilməsi haqda xx.xx.2022-ci il tarixli 126121/2021-34-19-011 saylı xəbərdarlıq (surəti əlavə olunur) göndərmişdir. Əsas kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin (“cavabdeh”) 2**********86700 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı (surəti əlavə olunur) çıxış edir. İcra sənədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********195378 nömrəli və xx.xx.2020- ci il tarixli **********59770 nömrəli qərarlarına istinad edir. Halbuki, iddiaçı həmin qərarlardan xəbərsizdir və onlar indiyədək iddiaçıya təqdim olunmayıb. İddiaçı həmişə intizamlı vergi ödəyicisi olub və vergi partnyorluğu sazişi də bağlayıb. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh orqan məhkəməyə yazlılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh iddia tələbinə münasibətdə etiraz və əlavə etiraz təqdim edərək bildirmişdir ki, Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli **********932600 nömrəli məktubuna və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 5(001)-897/2018 nömrəli qəranna əsasən "xxxx" Firmasında (VÖEN: **********) Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********172784 nömrəli qərarı ilə xx.xx.2013- xx.xx.2018-ci il dövrü üzrə (xx.xx.2013- 31.12..2016-cı il dövrü yenidən yoxlanılmaqla) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamaya xx.xx.2018-ci il tarixdə başlanılmış, xx.xx.2019-cu il tarixdə başa çatdırılmış və yoxlamanın nəticəsi xx.xx.2019-cu İl tarixli **********176987 nömrəli “Səyyar vergi yoxlaması aktı" ilə rəsmiləşdirilmişdir.Yoxlama nəticəsində vergi ödəyicisi əlavə hesablanmış məbləğləri, tətbiq edilməsi təklif edilən maliyyə sanksiyaları ilə razılaşmamış və aktı imzalamaqdan imtina etmişdir. Qeyd edilən aktla bağlı vergi ödəyicisi tərəfindən vergi orqanına hər hansı etiraz (şikayət) məktubu daxil olmamışdır. Eyni zamanda yoxlamanın nəticəsinin müzakirəsində iştirak üçün vergi ödəyicisinin xx.xx.2019cu il tarixdə saat 11:00-da vergi orqanına dəvət edlməsinə baxmayaraq, vergi ödəyicisi və ya səlahiyyətli nümayəndəsi vergi orqanına gəlməmişdir. Vergi orqanının rəhbəri tərəfindən yoxlama materiallarına baxıllmış və xx.xx.2019-cu il tarixli **********195378 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar çıxarılmışdır. Yoxlama Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq aprılmışdır.Yoxlama zamanı prosedur qaydalarına əməl edilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi faktiki olaraq dekorativ və tikinti daşlarının hasilatı ilə məşğul olmuşdur. Yoxlama zamanı müəssisə tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri sənədlər təqdim yoxlamaya təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən mühasibat uçotunun aparılmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 36.2. maddəsinə əsasən vergi yoxlamaları keçirilərkən vergi orqanı və onların vəzifəli şəxsləri tərəfindən düzgün qərarların qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan bütün hallar araşdırılmalıdır. Bu səbəbdən də yoxlama zamanı müəssisənin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Karvansaray yatağı ünvanında yerləşən daş karxanasında hasil edilmiş mişar daşının həcminin müəyyən edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********174008 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında" Qərar çıxarılaraq, yoxlamaya Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssisi cəlb edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən mühasibat uçotu aparılmadığından Vergi Məcəlləsinin 14.6.3.1-ci və 14.6.3.2-ci maddələrini tətbiq etmək mümkün olmadığına görə, bu Məcəllənin 14.6.3.3-cü maddəsin əsasən bazar qiymətləri ekspert tərəfindən müəyyənləşdirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən müəssisənin istehsal etdiyi mişar daşının bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********173980 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında" Qərar çıxarılmış, yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmişdir. Mütəxəssis tərəfindən hesablamalar istehsalda istinad edilmiş elektrik enerjisi sərfiyyatına görə aparılmışdır. Mütəxəssis və ekspert tərəfinən təqdim edilmiş rəylərə əsasən müvafiq hesablamalr aparılmış və həmin hesablamara əsasən müvafiq vergilər yenidən hesablanmışdır. Aparılmış hesablamalar əsasən vergi ödəyicisində xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrdə vergiyə cəlb olunan dövriyyə 200018,5 manat təşkil etdiyindən (200000 manatdan artıq) Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdən məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınma öhdəliyi yaranmışdır. Qeyd edilən dövr aralığında müəssisə sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Yoxlama zamanı sadələşdirilmiş verginin 2017-ci ildə 5588,13 manat azaldılması və 2018-ci ildə 1162,20 manat artıq hesablanması müəyyən edilmişdir. Həmçinin mütəxəssis və ekspert rəylərinə əsasən müəssisə tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ƏDV-nin (qeydiyyatsız) 18626,7 manat, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarına uyğun olaraq şərti rentabellik norması 20% götürülərək, mənfəət vergisinin 2017- ci il üzrə 502,28 manat azaldılması müəyyən edilmişdir.Yoxlama zamanı mütəxəssis tərəfindən təqdim edilmiş rəyə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə istehsal həcmi 22084,09 kub metr təşkil etdiyini və qeyd olunan dövr üzrə vergi ödəyicisi tərəfindən 10114,00 manat mədən vergisi hesablandığı nəzərə alınmaqla mədən vergisinin 34054,18 manat azaldılması aşkar edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən sadələşdirilmiş vergi bəyannamələrin tərkibində olan muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər 77,84 manat azaldılaraq, ƏDV (qeydiyyatsız) bəyannamələrində əks etdirilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci ilin üçüncü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində və 2018-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər bəyannaməsind iyul və avqust ayları üzrə hər ay üçün hesablanmış 8.68 manat (ümumilikdə 17.36 manat) vergi məbləği ƏDV(qeydiyyatsız) bəyannamələrində əks etdirilmişdir. Bu səbəbdən vergi ödəyicisi tərəfindən ƏDV (qeydiyyatsız) bəyannamələrinin muzdlu işlə əlaqdar ödəmə mənbəyində tutulan vergilər hissəsində 95.20 manat kənarlaşma aşkar edilmişdir. Yoxlama nəticəsində vergilərin ümumulikdə 58866,50 manat azaldılması və 1240,04 manat artıq hesablanması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış vergi məbləğlərinə 29385.66 manat və Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən vergi hesabatları və ya Vergi Məcəlləsinin 16.2 maddəsində nəzərdə tutulmuş arayışları əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim edilmədiyinə görə 360.00 manat, ümumilikdə 29745.66 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd etmək lazımdır ki, müəssisənin rəhbərliyi tərəfindən dəfələrlə vergi orqanına müraciət edilərək, cari növbədənkənar yoxlama ilə təkrar yoxlanılan dövrün qeyri-qanuni əhatə edildiyi bildirilmişdir. Vergi ödəyicisində əvvəlki yoxlamalarla əhatə edilmiş xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014cü il tarixdən xx.xx.2015-ci il tarixədək və 2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan fəaliyyət dövrlərinin yenidən yoxlanılması zamanı kənarlaşma aşkar edilməmişdir. Odur ki, Vergi Məcəlləsinin 49.1.4-cü maddəsin əsasən xx.xx.2013-cü il tarixli **********687513 nömrəli, xx.xx.2014-cü il tarixli **********778615 nömrəli, xx.xx.2016-cı il tarixli **********015573 nömrəli və xx.xx.2017-ci il tarixli **********106432 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarlar qüvvədə saxlanılmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2-1(112)-303/2024 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195378 saylı Qərarı – mənfəət, mədən, sadələşdirilmiş və ƏDV vergisi, o cümlədən həmin vergilərə münasibətdə tətbiq olunmuş maliyyə sanksiyaları hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

7. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti yazılı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Qəniyev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

11. İş materiallarına əsasən: 26 dekabr 2018-ci il tarixli **********172784 №-li Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar ilə "xxxx" Firması üzrə Vergi Məcəlləsinin 38.3.6-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2013 – avqust 2018, o cümlədən yenidən yoxlama ilə əhatə olunan yanvar 2013 – dekabr 2016 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

12. Səyyar vergi yoxlamasının aktından görünür ki, iddiaçıya 2017-ci il üzrə 502,28 manat mənfəət vergisi, 2017-2018-ci illər üzrə 34.054,18 manat mədən vergisi, 2017-ci il üzrə 5.588,13 manat sadələşdirilmiş vergisi, ümumilikdə 40.144,59 manat vergi borcu hesablanmış və ona münasibətdə 20432,3 manat maliyyə sanksiyası tətbiq olunmuş; 2017-2018-ci illər üzrə 18626,71 manat ƏDV vergisi, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 95,2 manat, ümumilikdə 18721,91 manat vergi hesablanmış və 9.313,36 manat maliyyə sanksiyası tətbiq olunmuş; eyni zamanda müəyyən edilmiş müddətdə arayışlar təqdim edilmədiyinə görə 360 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir.

13. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195378 saylı qərarı ilə iddiaçıya 2017-ci il üzrə 502,28 manat mənfəət vergisi, 2017-2018-ci illər üzrə 34054,18 manat mədən vergisi, 2017-ci il üzrə 5588,13 manat sadələşdirilmiş vergisi, ümumilikdə 40144,59 manat vergi borcu hesablanmış və ona münasibətdə 20432,3 manat maliyyə sanksiyası tətbiq olunmuş; 2017-2018-ci illər üzrə 18.626,71 manat ƏDV vergisi, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 95,2 manat, ümumilikdə 18721,91 manat vergi hesablanmış və 9313,36 manat maliyyə sanksiyası tətbiq olunmuş; eyni zamanda müəyyən edilmiş müddətdə arayışlar təqdim edilmədiyinə görə 360 manat maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır.

14. “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi” barədə xx.xx.2020-ci il tarixli **********597700 nömrəli qərar ilə "xxxx" firması tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

15. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

16. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi müddət ötürülmədən verilmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən verilmiş xəbərdarlıq məktubuna əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2**********86700 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" Firmasından 85218,69 manat məbləğində maliyyə sanksiyası və dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməlidir. Bundan sonra "xxxx" Firmasının xx.xx.2022-ci il tarixli Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə ünvanladığı məktuba əsasən, icra sənədində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********195378 saylı və xx.xx.2020-ci il tarixli **********597700 saylı qərarlarına istinad edildiyi, lakin iddiaçının həmin qərarlardan xəbərsiz olması və həmin qərarların "xxxx" Firmasına təqdim olunmaması bildirilmişdir. Həmçinin qeyd edilənləri nəzərə alaraq icra hərəkətlərini dayandırılmasını xahiş etmişdir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh tərəf (cavabdehin nümayəndəsi) inzibati aktın vaxtında iddiaçıya təqdim edilməsi və iddiaçının müddəti ötürməklə iddia tələbi ilə məhkəməyə müraciət etməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinn qərarı dəyişdirilmədən saxlanılmalıdır. 18.Məhkəmə iddiaçının tələbinin iki hissədən ibarət olduğunu bildirir:

1. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195378 saylı qərarın ləğv edilməsi;

2. “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi” barədə xx.xx.2020-ci il tarixli **********597700 nömrəli qərarının ləğv edilməsi. 19.Məhkəmə xx.xx.2019-cu il tarixli **********195378 saylı qərara münasibət bildirir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərar əsasında iddiaçıya mənfəət, mədən, sadələşdirilmiş, ƏDV və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə əlavə vergi məbləğləri hesablamış və maliyyə sanksiyası tətbiq etmiş, eyni zamanda arayışları vaxtinda təqdim etmədiyinə görə əlavə maliyyə sanksiyasına cəlb etmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin səbəbləri – yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığıdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən iddiaçıya münasibətdə vergilərin hesablanması sonuncunun sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə bağlı aparılmış səyyar vergi yoxlaması nəticəsində həyata keçirilmişdir.

20. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin səyyar vergi yoxlamasının başlanması, o cümlədən səyyar vergi yoxlamasının aktından göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə zidd olaraq təqvim günləri ilə deyil, iş günləri ilə aparılmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2). 21.Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur.

22. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyri-iş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayından asılı olaraq, məsələn, 21-22 iş günü və s. təşkil edə bilər. 23.Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. 24.Həmçinin, qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və 01 yanvar 2022-ci il tarixdən qüvvəyə minən dəyişikərdən biri də, məhz səyyar vergi yoxlamalarının 30 təqvim günü ilə deyil, iş günləri ilə aparılması olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni 01 yanvar 2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə səyyar vergi yoxlamaların yalnız təqvim günləri ilə aparılmalı olmasını təsdiq etmişdir. Nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixdən də göründüyü kimi cavabdeh yoxlamanın 30 iş günü müddətində aparılmalı olduğu qənaətinə gəlmişdir ki, bu daha cavabdehin həmin dövrdə qanunvericiliyin qüvvədə olan redaksiyasına riayət etmədiyini, yoxlamanın təqvim günləri ilə deyil də məhz iş günü ilə aparıldığının göstəricisidir, bu isə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. 25.Məhkəmə, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195378 saylı qərarın mahiyyəti ilə bağlı bildirir ki, cavabdeh sözügedən səyyar vergi yoxlaması zamanı iddiaçının mütəxəssis rəyi ilə elektrik enerjisinin sərfiyyatına uyğun müəyyən edilmiş mişardaşının istehsalının həcminə əsasən ona əlavə vergi məbləği hesablayaraq mübahisələndirilən qərarı qəbul etmişdir. 26.Məhkəmə bununla bağlı bildirir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz. Belə ki, bu, hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır. 27.Digər tərəfdən, qeyd edilməlidir ki, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa, o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, əlavə verginin istifadə olunan elektrik sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır. 28.Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 29.İstinad olunan qanunvericilik normaları ilə birmənalı, konkret olaraq müəyyən edilir ki, 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Lakin elektrik enerjisinin sərfiyyatına görə verginin hesablanması qeyd olunan maddənin bəndlərində nəzərdə tutulmamışdır. Həmin maddədən görünür ki, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilərdi. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada hesablanmamaqla yanaşı, mənfəət vergisinə münasibətdə həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinə istinad edilməklə hesablanma aparılmışdır. 30.Mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 67.14-cü maddəsinə (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 05 dekabr 2023-cü il tarixli Qanunu ilə ləğv edilmişdir) görə bu Məcəllənin 67.1ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 31.83.9. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 05 dekabr 2023-cü il tarixli Qanunu ilə ləğv edilmişdir) Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 32.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarının 6.1.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında müəyyən edir: M1= (G1 / (100 + R)) x R burada: M1 - vergi ödəyicinin mənfəəti(gəliri); G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - şərti rentabellik normasıdır. 33.Qərarın 6.1.3-cü bəndinə müvafiq olaraq vergi ödəyicisinin mənfəəti (gəliri) şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 34.Göründüyü kimi, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, mübahisələndirilən qərarla cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə iddiaçıya əlavə vergi hesablanmışdır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni mənfəət vergisinin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. 35.Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.

36. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan 2-1(102)- 669/2022 nömrəli inzibati iş üzrə qərarında qeyd edilmişdir: “Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.” 37.Məhkəmə kollegiyası vahid məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz. Belə ki, bu, hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır. Digər tərəfdən, qeyd edilməlidir ki, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa, o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, əlavə verginin istifadə olunan elektrik sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır. Həmçinin qeyd olunmalıdır ki, həmin qaydanın tətbiqi nəticəsində əldə edilmiş məlumatlar Vergi Məcəlləsinin 67.1.3-cü maddəsi anlamında əlaqəli məlumatlar kimi qiymətləndirilə və vergi ödəyicisinə əlavə verginin hesablanması zamanı yeganə əsas qismində çıxış edə bilməz. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 67.1.3-cü maddəsində vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların, işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatları ehtiva edən əlaqəli məlumatlardan istifadə etməklə cavabdehin vergi məbləğini hesablamaq hüququ təsbit edilmişdir. Həm də nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 67.4-cü maddəsinə görə, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.” 38.Məhkəmə hesab edir ki, cavabdehin yalnız elektrik enerjisi sərfiyyat göstəricilərinə əsaslanaraq iddiaçının dövriyyəsini müəyyən etməkdə haqlı olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərar ilə iddiaçıya münasibətdə əlavə hesablanmış sadələşdirilmiş vergi əsassız olmuşdur. 39.Xüsusi ilə nəzərə alınmalıdır ki, iddiaçı eyni qərar ilə iddiaçıya münasibətdə mədən vergisidə hesablamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarından məlum olduğu kimi, Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur. Mədən vergisinin dərəcələri mədən vergisinə cəlb olunan faydalı qazıntılardan asılı olmuşdur. Cavabdeh iddiaçının istehsal etdiyi mişar daşlarının həcminə münasibətdə hesablamışdır. Halbuki yuxarıda qeyd olunduğu kimi istehsal olunan mişar daşının həcminin yalnız elektrik enerji sərfiyyatına görə müəyyən edilməsi düzgün hesab olunmur. Bu səbəbdən də Məhkəmə kollegiyası hesab edir ki, mənfəət və sadələşdirilmiş vergiyə münasibətdə olduğu kimi mədən vergisi ilə bağlı da enerji sərfiyyatı əsasında hesablamaların aparılması düzgün olmadığından, qərar mədən vergisi hissəsində də ləğv olunmalıdır. 40.Məhkəmə hesablanmış mənfəət və ƏDV məbləğləri ilə bağlı da qərarı əsassız hesab edir. Belə ki, yoxlama dövründə iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. 41.Vergi Məcəlləsinin XVİİ fəsil sadələşdirilmiş vergi anlayışını ehtiva edir. 42.Belə ki, həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. 218.2. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Bu Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini bu Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər. 219.5. Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. 43.Göründüyü kimi sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxs ƏDV-nin və mənfəət vergisinin ödəyicisi hesab olunmur. Lakin cavabdeh iddiaçının yoxlama zamanı dövriyyəsini elektrik enerji sərfiyyatı ilə istehsal olunan mişar daşının həcmindən asılı edərək, onun dövriyyəsinin artıq olduğu qənaətinə gələrək, ona münasibətdə əlavə mənfəət və ƏDV vergisi hesablamışdır. Halbuki, cavabdehin bu üsul ilə vergi ödəyicisinin dövriyyəsinin müəyyən edilməsi ətraflı şəkildə yuxarıda sadalanmış qanunvericiliyin müddəaları ilə təsvir edilərək əsassız olduğu göstərilmişdir. Başqa sözlə desək iddiaçının dövriyyəsinin ardıcıl 12 aylıq dövrdə 200.000 manatdan artıq olduğu müəyyən olunmadığından, o sadələşdirilmiş vergi ödəyicisi kimi əlavə olaraq mənfəət və ƏDV vergisinə cəlb edilə bilməz. Odur ki, iddiaçıya hesablanmış mənfəət və ƏDV vergisi əsassız olmuşdur .

44. Məhkəmə mənfəət, sadələşdirilmiş, mədən və ƏDV vergiləri üzrə əsas borca münasibətdə hesablanmış maliyyə sanksiyasına münasibətdə bildirir ki, qərar həmin hissədə də əsassızdır. 45.Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 54.0.2-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmadığı halda, o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. 46.Beləliklə, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, şübhə yoxdur ki, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası vergi ödəyiciləri barəsində tətbiq edilən məsuliyyət tədbirlərindən biri kimi çıxış edir. Vergi hüquq pozuntusuna yol verildiyi müəyyən edildikdə tətbiq edilən bu tədbir öz mahiyyətinə görə vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən digər məsuliyyət tədbirləri ilə eyni hüquqi təbiətə malikdir. 47.Vergi Məcəlləsində qəbul edilmiş hüquqi dövlət prinsipinin tələblərindən irəli gələn əsas yanaşma isə ondan ibarətdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi vergi qanunvericiliyinin pozuntusunda şəxsin təqsirli hesab edə bilmək üçün iki haldan biri mövcud olmalıdır – 1) şəxs və ya Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmiş olmalıdır və ya 2) şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vergi pozuntusu törətməkdə təqsirli bilinməlidir.Bu hallardan hər hansı birinin olmaması isə vergi ödəyiciyisinin təqsirziliyi prezumpsiyası üçün əsas verir. 48.Hazırki işin faktiki hallarından da göründüyü kimi mübahisələndirilən qərar mənfəət, mədən, sadələşdirilmiş və ƏDV hissələrində əsassız olduğundan, həmin vergilərə münasibətdə maliyyə sanksiyasının tətbiqindən də söhbət gedə bilməz. Odur ki, qərar həmin vergilərə münasibətdə hesablanmış maliyyə sanksiyası hissəsində də ləğv edilməlidir. 49.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı apellyasiya instansiya məhkəməsinin icraatı baxışında yalnız mübahisələndirilən hissədə, yəni apellyasiya şikayətinə münasibətdə yoxlandığından, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunmayan hissəsinə münasibət bildirmir (mübahisələndirilən inzibati aktın (qərarın) arayışların müəyyən olunmuş müddətdə təqdim edilməməsinə görə hesablanmış maliyyə sanksiyası və s.). 50.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 51.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 53.Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. 54.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 55.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2-1(112)-303/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar