Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2140/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinə qarşı “Şəhidlik statusu ilə bağlı arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5279/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, oğlu X3 torpaqların azad edilməsində göstərdiyi şücaətə və qəhrəmanlığa görə ölümündən sonra “şəhidlik statusunun” və bununla bağlı müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 onun oğludur. O, 1997-ci ildə Bakı şəhərində anadan olmuş, ailəlidir və bir övladı vardır. 2016-cı ilin aprel döyüşləri zamanı hərbi xidmətdə olmuş və hərbi xidmətini başa vuraraq evinə qayıtmışdır. 2020-ci ilin sentyabrın ayının 29-da Qarabağda başlayan 44 günlük müharibə zamanı hərbi xidmətə könüllü olaraq yollanmışdır. Müharibə zamanı Yunis Füzulinin, Hadrutun, Xocavəndin, Cəbrayılın və Laçının azad edilməsində düşmənlə qəhrəmancasına vuruşmuş və igidlik göstərmişdir. İİ Qarabağ müharibəsi 10 noyabr 2020ci il tarixində bitdikdən sonra, dekabr ayının ortalarında Yunis böyrəyində yaranan ağrılarla əlaqədar müalicə alınmasından ötrü Füzuli rayonunda yerləşən hərbi hospitala göndərilmiş, lakin hospitalda qeydiyyata alınsa da onun müayinəsi həyata keçirilməmişdir. Səbəb kimi hospitalda onu qəbul etmək üçün kifayət qədər yerin olmamasıdır. Bu səbəblə o, bir müddət hospital ətrafı bölgədə kirayə ev tutaraq qalmışdır. Uzun müddət hospitala alınmadığını görən Yunis 2020-ci ilin dekabr ayının 28-də “Yeni il” qabağı övladını görməkdən ötrü evə gəlir. 2021-ci il yanvar ayının 7də oğlu Yunis yaşadığı evdə intihar etmişdir. Yunis evə gəldiyi gündən psixoloji problemlərdən əziyyət çəkirdi və gəldiyi gündən ancaq müharibədə baş verənləri sayıqlayıb dururdu. Müharibə dövründə analar övladlarını vətən yolunda qurban versələr də görünən odur ki, müharibənin verdiyi fəsadlar müharibədən sonra da onların qurban getməsinə səbəb olmuşdur. Yunis Mənsurov vəfat etdikdən sonra nə dövlət səviyyəsində, nə Müdafi Nazirliyi səviyyəsində, nə də ki xidmət etdiyi hərbi hissə səviyyəsində bir nümayəndə onun halı ilə belə maraqlanmamışdır. Hətta onun özünə qəsd etdiyi gün xidmət etdiyi hərbi hissə ilə əlaqə saxlanılmış, lakin hərbi hissə tərəfindən narahat olunması üçün əsas olmadığı bildirilmişdir. Qarabağ uğrunda ilk döyüşlər başladığı zaman ərazi müdafiə dəstələrinin, sonralar isə ordunun formalaşması əsasən könüllü döyüşçülərdən ibarət olub, o halda bu insanların xidmətlərini danmaq olmaz. Buna görə də o, müharibə ərəfəsində düşmən gülləsinə tuş gəlməsə də 44 gün ərzində bütün ağrılı, acılı günlərə baxmayaraq Füzulinin, Hadrutun, Xocavəndin, Cəbrayılın və Laçının azad edilməsində şücaət və qəhrəmanlıq göstərmişdir. Həmin ərəfələrdə əzalarını itirməsə də amma böyük sarsıntılar keçirərək sonradan canından olmuşdur. X3 ölümündən sonra 24 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların "Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Lakin bu günə qədər ona aid olan “Laçının azad olunmasma görə" medalı nə təqdim edilməmiş, nə də ki, aidiyyat dövlət orqanı tərəfındən zəng olunaraq hər hansı bir məlumat verilməmişdir. Yalnız Müdafiə Nazirliyinin rəsmi saytında bununla bağlı məlumat qeyd olunmuşdur. Qeyd olunan “özünə qəsd” hadisəsi ilə bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılmışdır. Binəqədi Rayon Prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X6 tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 339 saylı rəyində qeyd olunmuşdur ki, X3 intellektual imkanları, əqli və psixi inkişafı normaya uyğun olmuş, kifayət qədər ictimai şəxs olmaqla ünsiyyətçilik, zəhmetkeşlik, pozitiviik, aktivlik kimi xarakterik xüsusiyyətlərə malik olması, müharibə zamanı keçirdiyi stress və psixoloji travma nəticəsində xüsusiyyətlərində həssaslıq, qıcığa qarşı tez reaksiya vermək, əhvalruhiyyəsinin kəskin dəyişməsi, bəzən ünsiyyətdən yayınması, bəzən isə çox danışması kimi xüsusiyyətlərinin yaranması, X4 ölümündən əvvəlki dövrdə aldığı stress və psixoloji travma nəticəsində psixi vəzivyətində dəyişikliklərin əmələ gəlməsi, intihar edərkən psixi-emosional vəziyyətin, stress pozuntusunun və psixoloji travmanın təsirindən yarandığı qeyd olunmuşdur. Göründüyü kimi oğlunun intihar etməsinə tək səbəb müharibənin verdiyi psixoloji sarsıntılardır. Buna görə də o müharibə ərəfəsində şəhid olmasa da ölümündən sonra “Şəhid” adına layiq görülməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5279/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, “özünə qəsd” hadisəsi ilə bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılmışdır. Binəqədi Rayon Prokurorunun böyük köməkçisi. İİ dərəcəli hüquqşünas X6 tərəfindən "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda, məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 339 saylı rəyində qeyd olunmuşdur ki, X3 intellektual imkanları, əqli və psixi inkişafı normaya uyğun olmuş, kifayət qədər ictimai şəxs olmaqla ünsiyyətçilik, zəhmətkeşlik, pozitivlik, aktivlik kimi xarakterik xüsusiyyətlərə malik olması, müharibə zamanı keçirdiyi stress nəticəsində fərdi-psixi xüsusiyyətlərində həssaslıq, qıcığa qarşı tez reaksiya vermək, əhval-ruhiyyəsinin kəskin dəyişməsi, bəzən ünsiyyətdən yayınması, bəzən isə çox danışması kimi xüsusiyyətlərinin yaranması. X4 ölümündən əvvəlki dövrdə aldığı stress və psixoloji travma nəticəsində psixi vəziyyətində dəyişikliklərin (qorxu, həyəcan, psixi-emosional gərginlik, əhvalruhiyyənin kəskin dəyişməsi, tez reaksiya vermək, yuxuda sayıqlama, özünə qapanma və s.) əmələ gəlməsi, intihar edərkən psixi-emosional vəziyyətin, stress pozuntusunun və psixoloji travmanın təsirindən yarandığı qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan intihar hadisəsi ilə bağlı məhkəmə psixiatrik ekspertizası tərəfindən rəy verilmişdir və həmin rəydə də X3 ölümündə əsas səbəb kimi müharibədə alınan psixoloji travma önə çəkilmişdir. Məhkəmə tərəfindən Binəqədi Rayon Prokurorluğuna sorğu edilərək həmin rəy istənilə bilərdi. Yəni, məhkəmə tərəfindən məhkəmə ekspertizasının X3 “özünə qəsd” etməsində məhz psixoloji travma ilə bağlılığı araşdırıla bilərdi. Lakin, görünən odur ki, məhkəmə qeyd edilən məsələyə səthi yanaşmışdır. Məhkəməyə iddiaçı tərəfindən X5 məxsus SX № ******* seriya nömrəli hərbi bilet təqdim edilmişdir. Oğlu 2021-ci il yanvar ayının 7-də yaşadığımız evdə intihar etmişdir. Hadisə, axşam saatlarına doğru (20:30 radələrində) baş vermişdir. Oğlu intihar edərkən təxris əmri verilməmişdi, yəni hələdə xidmət etdiyi hərbi hissədə qeydiyyatda idi. Lakin, qeyd etdiyi hərbi biletin 6-cı səhifəsinə diqqət etdikdə təxris tarixində düzəliş olunduğu açıq aşkar görünür. Belə ki, oğlum Yunis əslində xx.xx.2021-ci il tarixində təxris olunacaqdı, lakin, özünəqəsd hadisəsi baş verdiyindən tarix üzərində düzəliş edilərək yanvar ayının 13-nü 07-nə dəyişdirmişlər. Hətta qeyd olunan məsələ ilə bağlı məhkəmə iclasında da öz fikrini bildirmişdir. Lakin, məhkəmə tərəfindən bu məsələ araşdırılmamış və həmin dəyişikliyə hüquqi qiymət verilməmişdir. Bundan başqa, Yunis 2020-ci ilin dekabr ayının 28-də “Yeni il" qabağı övladını görməkdən ötrü evə gəlir. Yunis evə gəldikdən sonrada hospital tərəfindən bir dəfədə olsun maraqlanılmamışdır ki, niyə o hospitalda deyil? Yaranmış bucür diqqətsizlik Yunisə çox təsir etmiş və onda pisixi-emosinal vəziyyətin yaranmasına səbəb olmuşdur. Məhkəmə bu məsələyə də obyektiv yanaşmamışdır. Belə ki, məhkəmə tərəfindən həmin hərbi hospitala sorğu edilərək oğlunun hansı səbəblərdən Fizuli rayonunda yerləşən hərbi hospitala alınmadığı araşdırıla bilərdi. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçının oğlu X7 xx.xx.2020-ci ildə N №-li hərbi hissəyə daxil olmuş və İİ Qarabağ müharibəsində iştirak etmiş, xx.xx.2021-ci il tarixdə yaşadığı evin həyətyani sahəsində özünü asaraq intihar etmişdir. Hazırda İddiaçı oğlu Yunis Mansurova şəhidlik statusunun verilməsi üçün müvafiq arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın: - 1.1-ci bəndinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərdir. - 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. - 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci yarımbəndinə əsasən həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarına görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Apellyasiya şikayətinin dəlillərində iddiaçı mərhum oğlunun müharibə zamanı keçirdiyi stress və psixoloji travma nəticəsində intihar etdiyini bildirsə də, Məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 176728 №-li, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2021-ci ildə asfiksiya səbəbi ilə ölmüşdür. Bakı şəhəri, Nəsimi rayon SHXÇDX tərəfindən verilmiş SX ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.2020-ci ildə N №-li hərbi hissəyə daxil olmuş, xx.xx.2021-ci il tarixdə hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı asfiksiya nəticəsində X7 vəfat etdiyinə görə şəxsi heyətin siyahısından çıxarılmışdır. Göründüyü kimi, iddiaçının mərhum oğlunun ölümü asfiksiya, yəni kəskin tənəffüs çatışmazlığı ilə əlaqədar olmuşdur ki, bu hal qanunvericiliklə ona “şəhid” statusunun verilməsi üçün nəzərdə tutulmuş hallara aid edilə bilməz. Apellyasiya şikayətinin digər dəlili olan hərbi biletin 6-cı səhifəsində oğlunun təxris tarixində düzəliş olunması ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, bu hal iddiaçının mərhum oğluna “şəhid adının” qazanması hüququnu vermir. Bundan başqa apellyasiya şikayətinin növbəti dəlilinə münasibətdə Məhkəmə kollegiyası bildirir ki, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular və atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin yerinə yetirilməsi zamanı həlak olmuş şəxslər şəhid hesab olunurlar. İddiaçının oğlunun müharibədə iştirak etdikdən sonra yaranmış psixoloji travma nəticəsində intihar etməsi ona “şəhid adının” verilməsinə dəlalət etmir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5279/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2140/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2140/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver