Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2141/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin artırılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4034/2021 saylı, 24 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4034/2021 saylı, 24 may 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-724/2016 saylı, 14 mart 2016-cı il tarixli qərarına əsasən 04 sentyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh kimi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bundan sonra ona normal həcmdə əmək pensiyası ödənilmiş, sonra isə məlum olmayan səbəbdən pensiya məbləği azladılmış və hazırda ona 233.20 manat ödənilir. Məhkəmə kollegiyasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasında iştirak edən cavabdehin nümayədəsi apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını izahatını dinləyərək, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmiş və imtina onunla əsaslandırılmışdır ki, iddiaçıya 4 sentyabr 2013-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən əmək pensiyası təyin edilərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 01.01.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə və həmin dövrdə baza hissəsi götürülməklə hesablanmışdır. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunanlara əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 21 il 5 ay 12 gün təşkil edir. 04.09.2013-cü il tarixindən əmək pensiyasının 01.01.2006-cı il tarixinədək sığorta hissəsi 45,25+100 (baza hissəsi) =145,25 manat müəyyənləşdirilmişdir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tepminə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezdenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası 01.01.2021 -ci il tarixindən etibarən 259,78 manat müəyyən edilmişdir. Əmək pensiyası qanunvericiliyə uyğun qaydada hesablanaraq 259,78 manat olmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildiririk ki, əmək haqqına əsasən pensiya hesablanması qaydası 2010-cu il yanvar ayının 1-dək qüvvədə olmuşdur. İddiaçıya ilkin pensiya 04.09.2013-cü ildən təyin edilmişdir. Bu səbəbdən vətəndaşa münasibətdə əmək haqqı ilə pensiya hesablanması mümkün hesab olunmur. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin artırılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etməsi hər bir halda 01.01. 2010-cu il tarixdən sonrakı dövrə -04.09.2013-cü il tarixə təsadüf edir və iddiaçı isə qanuna müvafiq dəyişikliyin edildiyi 01.01.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etmədiyindən, 01.01.2010-cu il tarixdən sonra yaranmış pensiyanın məbləği isə həmin tarixdən qüvvədə olan qanunvericiliyə uyğun olaraq hesablanmışdır. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. İş materiallarından görünür ki, “X3” ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə ünvanlanmış 07.07.2014-cü il tarixli, 05/2072 saylı məktuba əsasən İddiaçı Həmdulla qızı həqiqətən də 11.06.1980-ci il tarixdə "xxxx" zavodunun 2 №-li sexinə içlik vuran şagirdi peşəsinə işə qəbul edilmişdir. (11.06.1980-cı il tarixli, 57/K №-li Əmr). 01.02.1981-ci il tarixdə həmin peşə üzrə 2 №-li İri ölçülü Qəlibləmə və içlik vurma sexinə keçirilmişdir (06.02.1981-ci il tarixli, 24/K№-li Əmr). 01.03.1982-ci il tarixdə Texniki Nəzarət şöbəsinə nişan vuran keçirilmişdir (04.03.1982-ci il tarixl, 43/K №-li Əmr). 24.10.1983-cü il tarixdə Texniki Nəzarət şöbəsinə 2-ci dərəcəli nəzarətçi keçirilmişdir (24.10.1983-cü il tarixli, 137/K №-li Əmr). 03.05.1989-cu il tarixdə Keyfiyyətin idarə olunması sisteminin poladtökmələrin texniki keyfiyyət qrupuna mühəndismetroloq vəzifəsinə keçirilmişdir (04.05.1989-cu il tarixli, 42/K №-li Əmr). 10.08.1992-ci il tarixdə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz arzusu ilə işdən azad edilmişdir (10.08.1992-ci il tarixli, 64/K №-li Əmr). İddiaçı Həmdulla qızı içlik vuran və nəzarətçi kimi bütün iş vaxtını zərərli iş şəraitində keçirmişdir. Göstərilən bu peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci Metal emalı bölməsində qeyd edilən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 saylı qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququnu verən 2-saylı siyahının 14-cü Metal emalı bölməsinin 1 - ci Tökmə istehsalatı yarımbölməsinin (2150100a—18984) “içlik, qəlib və qəlib materiallarının quruducuları” və (2150100a—12036) “metalların əridilməsi, doldurulması (tökülməsi), töküntünün vurulub çıxarılması və doğranması sahələrində məşğul olan tökmə istehsalatının nəzarətçiləri şifrlərinə aiddir. 20.04.1999-cu il tarixdən “Bakı Poladtökməzavodu Dövlət Əmlak Komitəsinin 232 saylı sərəncamına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. "xxxx" ASC-nin Səhmdarlarının 30.09.2013-cü il tarixli X2 əsasən 01.10.2013cü il tarixdən "xxxx" ASC adlandırılmışdır. Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş 27.01.2021-ci il tarixli, 022-327 saylı arxiv arayışının surətindən görünür ki, İddiaçı Həmdulla qızı həqiqətən də 189-U(p) saylı, 20.09.1984-cü il tarixli əmrə əsasən Ç.İldırım adına Azərbaycan Texniki Universitetinin axşam şöbəsinə qəbul olmuşdur (qr.№1454a1) və 239- T(s) saylı 13.07.1990-cı il tarixli əmrə əsasən İddiaçı Həmdulla qızı Ç.İldırım adına Azərbaycan Texniki Universitetinin “Metallurgiya fakültəsinin Tökmə istehsalının maşınları və texnologiyası” ixtisası üzrə tam kursu (axşam şöbəsi) bitirərək, ona УВ-İ № 107453 saylı mühəndis-mexanik diplomu verilmişdir (qeydiyyat nömrəsi 1492). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il tarixli qərarına əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu Azərbaycan Texniki Universiteti olaraq adlandırılmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 14 mart 2016-cı il tarixli, 2- 1(103)-724/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4466/2015 nömrəli iş üzrə 29 dekabr 2015-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək İddiaçı 04 sentyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qərarın icrası qaydasında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi (hazırki eyni adlı xidmət nümayəndəliyi) tərəfindən İddiaçı 3 iyul 2016-cı il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və əmək pensiyası hüquqununun yarandığı 04 sentyabr 2013-cü il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası 01.01.2020-ci il tarixindən etibarən 233,20 manat müəyyən edilmişdir. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 233,20 manat məbləğində olmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. İddiaçının mübahisələndirdiyi məsələ pensiyanın orta aylıq əmək haqqına uyğun olaraq yenidən hesablanmasından ibarətdir. 01 yanvar 2010-cu il tarixədək qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir. PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun (01.01.2010-cu ıl tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27ci maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə və 27-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01.01.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə 01.01.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmışdır. İş üzrə müəyyən edilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etməsi hər bir halda 01.01. 2010-cu il tarixdən sonrakı dövrə -04.09.2013-cü il tarixə təsadüf edir və iddiaçı isə qanuna müvafiq dəyişikliyin edildiyi 01.01.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etmədiyindən, 01.01.2010-cu il tarixdən sonra yaranmış pensiyanın məbləği isə həmin tarixdən qüvvədə olan qanunvericiliyə uyğun olaraq hesablanmadığından, iddiaçının tələbi əsassızdır Belə olan halda cavabdeh inzibati orqanın mübahisələndirilən imtinası əsaslı və qanuni olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apelyasiya şikayətinin dəliləri formal mülahizələrdən ibarət olduğundan, onun təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır, bu səbədən də apelyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4034/2021 saylı, 24 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Aida Hüseyn Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-2141/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2141/2021
10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver