Məhkəmə qərarları › İş №2-1(103)-2141/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2141/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2141/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı şirkətinin Cavabdeh Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı “qərarın və sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı şirkətinin cavabdeh Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı “qərarın və sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4431/2023 saylı 01 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı şirkəti cavabdeh Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi qəsəbə bələdiyyəsinin X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 879/1 saylı 11 may 2004-cü il tarixli ilkin qərarın etibarsızlığının və həmin torpaq sahəsinin X5 istifadəsinə verilməsi haqqında 2032 saylı 19 dekabr 2006-cı il tarixli sərəncamının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə bələdiyyəsinin 879/1 saylı, 11 may 2004-cü il tarixli qərarı ilə X1 istifadəsinə Dövlətin müstəsna istifadəsində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilərək, Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, 2 saylı mədənin 1-ci sahəsi daxilində ayrılmış 200 kv.m torpaq sahəsi, sonradan həmin bələdiyyənin 2032 saylı, 19 dekabr 2006-cı il tarixli sərəncamı ilə X5 adına keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4431/2023 saylı 01 mart 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şirkəti tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadında mülki prosessual qanunvericiliyin tamamilə yalnış və hazırki iddiaya aidiyyəti olmayan normasına istinad etmişdir ki, həmin qanunvericilik normasının tətbiqi isə Şirkətin müəyyənetmə və tanınma növündə olan iddiasının mümkünsüz hesab olunmasına əsas vermir. Məhkəmə qərardadında Şirkətin iddia tələbinin mahiyyətinin inzibati aktın ləğvi ilə bağlı olduğunu bildirsə də, iddianın mahiyyətindən də görünür ki, iddia Şirkət tərəfindən tanınma haqqında iddia növündə qaldırılmışdır, lakin birinci instansiya məhkəməsi yalnış olaraq Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş müddəasına istinad edərək iddianı mümkün hesab etməmişdir. Yəni, məhkəmə işə baxarkən kobud pozuntuya yol verməklə İPM-nin qüvvədə olan müddəalarına yox, MPM-nin qüvvədən düşmüş maddəsinə əsaslanmışdır. Yəni, birinci instansiya məhkəməsi hazırki iş üzrə qüvvədə olan prosessual hüquq normalarına (yəni İnzibati Prosessual Məcəllənin müddəalarına) istinad etməli olduğu halda, Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş maddəsinin tələbinə əsaslanaraq qərardad qəbul etmişdir. Lakin, əslində isə iddianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmə hazırda qüvvədə olan İPM-nin və “İnzibati İcraat haqqında Qanun”un tələbinə istinad etməli idi. İnzibati Qanunvericiliyin tələbinə görə isə müəyyənetmə və tanınma növündə olan iddia tələblərinə prosessual müddətlər şamil edilmir. Göründüyü kimi, məhkəmə qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla, qanunsuz qərardad qəbul etmişdir. Buradan da belə qənaətə gəlmək olar ki, birinci instansiya məhkəməsi nə MPM-nin qüvvədən düşmüş müvafiq maddəsinə, nə də ki, İPM- nin müddətlə bağlı qüvvədə olan müvafiq müddəasına istinad edə bilməzdi. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, iddia tələbi tanınma və müəyyənetmə barədə iddia növündə olduğuna görə, nə MPMnin, nə də ki, İPM-nin prosessual müddətlərlə bağlı müddəaları Şirkətin hazırki iddia tələbinə tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi həmçinin Bələdiyyə tərəfindən Qanunvericiliyin tələblərinin kobud surətdə pozularaq cavabdehin özbaşınalıq etməsinə, səlahiyyət hədlərini aşaraq, özünə aid olmayan, Şirkətin Saziş ərazisinin hüdudları daxilində (Sazişdən öncə ARDNŞ-nin və hazırda Şirkətin istifadəsində olan) müvafiq qərarlarla iş üzrə şəxslərin istifadəsinə torpaq sahəsini ayırmasına göz yummuş, Şirkətin iddiasına mahiyyəti üzrə baxmamış, əksinə olaraq, iddiaya prosessual müddət tətbiq etməklə iddia tələbinin mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir. Hesab edilir ki, qərardad qanunsuzdur və kobud prosessual pozuntulara yol verilməklə qəbul edilmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X8 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «ünvan tam deyil» səbəbindən geri qaytarıldığı üçün 3-cü şəxs X10 məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs X5 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı şirkətinin cavabdeh Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı tələbi “Binəqədi qəsəbə bələdiyyəsinin X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 879/1 saylı 11 may 2004-cü il tarixli ilkin qərarın və həmin torpaq sahəsinin X5 istifadəsinə verilməsi haqqında 2032 saylı 19 dekabr 2006-cı il tarixli sərəncamının etibarsız hesab edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətinin ötürülməsinə istinad edərək, iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müracət etmə müddətində hazırki tələbi barədə məhkəmədə iddia qaldırmamışdır, ona görə də onun iddiası mümkün sayılmamışdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 18 il və 16 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkətlərii 2004-və 2006-cı illərdə baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarına görə iddiaçı tələbində inzibati aktın etibarsızlığını mübahisələndirsə də, əslində iddia mübahisələndirmə haqqında iddia növü olduğuna görə iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır. Eynilə iddiaçı hazırkı iddiasında inzibati aktın qanunsuzluğunun tanınmasını tələb etsə də, əslində tələbin mahiyyəti inzibati aktın mübahisələndirilməsi ilə bağlıdır. İddiaçının mübahisə açdığı qərar 2004-cü ildə, sərəncam isə 2006-cı ildə qəbul edilmişdir. İddiaçı cavabdehin qəbul etdiyi qərar və sərəncamı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Kollegiya həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021). Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi də qərarlarında belə əsaslandırılmışdır (2-1(102)-484/2023 saylı xx.xx.2023-cü il tarixli qərar). Məhkəmə kollegiyası hazırki işdə yuxarıda göstərilənlərlə bağlı iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlir və hesab edir ki, birinci instansiya məhkəməsi bu əsasla iddianın qeyri-mümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4431/2023 saylı 01 mart 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4431/2023 saylı 01 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar