Məhkəmə qərarları › İş №2-1(103)-2141/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2141/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2141/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Əkbərovun sədrliyi və məruzəsi ilə, Səadət Rəşid qızı Səlimova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7124/2024 saylı, 22 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti X2 və İstismarı Birliyi ilə arasında bağlanmış 36678 saylı xx.xx.2005-ci il tarixli Müqavilə ilə Bakı şəhər İcra Hakimiyyətinin 344 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən ona verilmiş Bakı şəhəri, Novxanı bağ massivində yerləşən 1200 kv.metr sahəsi olan 987g saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (dəqiqləşdirilmiş iddia tələbi) İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti X2 və İstismarı Birliyi ilə onun arasında bağlanmış 36678 saylı xx.xx.2005-ci il tarixli müqavilə ilə Bakı şəhər İcra Hakimiyyətinin 344 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən 0,12 ha torpaq sahəsi olan 987g saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Həmin bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət olunmuşdur. Cavabdeh tərəfindən verilmiş cavab məktubunda elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmadığı bildirilmişdir. Bu imtina mülkiyyətçi kimi onun hüquqlarını kobud şəkildə pozmuşdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmışdır və qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7124/2024 saylı, 22 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı istifadəsində olan Bakı şəhəri, Novxanı bağ massivində yerləşən 1200 kv.metr sahəsi olan 987g saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7124/2024 saylı, 22 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhər bağlar İdarəsinin sahə mühəndisi X7, sahə mühəndisi X4, 984 saylı bağın sahibi Mirzoyev Əzizağa, 987 saylı bağın sahibi X10, 989 saylı bağın sahibi Hüseynov Hidayət tərəfindən xx.xx.2005-ci il tarixdə tərtib edilmiş Aktdan görünür ki, Novxanı kənd sakini Nuriyev X1 olan 987g saylı bağdan uzun müddətdir istifadə edir. - İddiaçı Bakı şəhər Bağlar İdarəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizəsindən görünür ki, o, ərizə ilə müraciət edərək, Novxanıda 987g saylı bağından uzun müddət istifadə etdiyindən həmin bağın onun adına sənədləşdirilməsini xahiş etmişdir. - xx.xx.2005-ci il tarixli Novxanıdakı 987g saylı bağ barədə arayışdan görünür ki, İddiaçı xahiş edir ki, uzun müddət istifadə etdikləri bu bağ sahəsini onun adına təhkim etsinlər. 987g saylı bağdan istifadə olunur. İddiaçıun bu bağdan uzun müddət istifadə etməsini bağ qonşuları və Bağlar Birliyinin sahə mühəndisləri tərtib etdikləri aktda təsdiq edirlər. 0,12 ha torpaq sahəsi olan Novxanı ərazisindəki 987g saylı bağın İddiaçı adına təhkim edilməsindən ötrü sənədlər Bakı şəhər İcra Hakimiyyəti aparatının komissiyasında baxılmasına göndərilir. -“Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X2 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 106 nömrəli protokolundan görünür ki, Bakı şəhər İcra hakimiyyətinin 17.03.97-ci il tarixli 233 nömrəli Sərəncamına əsəsən vətəndaşların rəsminotariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilmişdir: 1.91. Novxanıdakı 987g nömrəli bağ – İddiaçı. - X2 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 344 nömrəli sərəncamından çıxarışdan görünür ki, “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X2 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 106 nömrəli protokolu təsdiq edilmişdir. - X2 və istismarı birliyi ilə İddiaçı arasında bağlanmış 36678 saylı, 26 dekabr 2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 344 nömrəli Sərəncamı əsasında Binəqədi rayonunun Novxanı qəsəbəsində sahəsi 0,12 ha olan 987g saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Müqavilənin müddəti xx.xx.2015-ci ilədək müəyyən edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 987g saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Belə ki, Bakı şəhər icra Hakimiyyəti tərəfindən iddiaçıya bağ sahəsinin ayrılması barədə protokol və sərəncamdan çıxarışı, cavabdeh isə icarə müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 1-ci hissəsində qeyd olunmuşdur ki, icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar X2 və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə tədqim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokolda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırkı Əsasnamə ilə həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya idarəyə, ya da bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Qeyd edilən Əsasnamənin 4-cü hissəsinə əsasən rəsmi sənədi olmadan 10 ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşların sənədlərinə Bakı şəhər İcra Hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq sərəncam qəbul edilir. Sərəncama əsasən ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda həmin bağ sahəsi (yaxud artıq olduqda 0, 12 hektarlıq hissəsi) aidiyyəti vətəndaşın adına təhkim edilir. Bunun üçün Bağlar Təsərrüfat birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: - Bağ sahəsini abadlaşdıran vətəndaşın ərizəsi; - Yaşayış yerindən 2№-li forma arayışı; - İş yerindən arayış, - Üç bağ qonşusunun təsdiq olunmuş qaydada ərizəsi; - Bağlar təsərrüfatı birliyinin mühəndisləri tərəfindən tərtib edilmiş yoxlama aktı; - Bağ sahəsinin planı Göründüyü kimi, 1997-ci ildən qüvvəyə minmiş qanunvericiliyə əsasən bağ sahəsinin rəsmi sənədi olmadan 10 ildən artıq müddət ərzində istifadə edən şəxsin ərizəsi və bağ qonşularının ərizəsi əsasında həmin şəxsin adına rəsmiləşdirilməsi mümkün olmuş və bu rəsmiləşmənin sərəncam vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, 987g saylı bağ sahəsi iddiaçının ərizəsi, üç bağ qonşusu və Bağlar təsərrüfatı birliyinin mühəndislərinin aktı və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçının adına rəsmiləşdirilmişdir və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlili olan mübahisəli bağın nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmamasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sərhədləri şərtidir. Tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Bundan əlavə digər fiziki şəxsin müraciəti aşkarlanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmaması iddiaçının hüquqlarının qeydə alınmaması üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, hamıya bəlli olan haldır ki, cavabdehin istinad etdiyi sxematik xəritə iddiaçıya bağ sahəsi ayrılan vaxtdan xeyli əvvəl tərtib edilmiş, həmin dövrlərdə bağ sahələrinin 0,25 ha ayrılması nəzərdə tutulmuş, sonradan həmin sahələr bölünərək digər vətəndaşlara verilmiş, bu zaman yeni verilmiş bağları fərqləndirmək üçün bağ sahələrinin nömrələrinə müvafiq hərflər əlavə edilmişdir. Sonradan bölünmüş, yaxud yeni nömrə əsasında digər bir vətəndaşa verilmiş həmin bağların sxematik xəritəsini tərtib etmək, yaxud mövcud sxematik xəritəni həmin vəziyyətə uyğunlaşdırmaq isə iddiaçının deyil, müvafiq səlahiyyətli dövlət orqanlarının məsuliyyətində olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin halların mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmir. Bu baxımdan daşınmaz əmlaka iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayılmamış və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7124/2024 saylı, 22 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar