Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2143/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçılar İddiaçı5 və qeyrilərinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və piket keçirilməsinə icazə verilməsi” iddiasına dair iş üzrə 2-1(112)-5075/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Rəhimov İddiaçı7 və İddiaçı6 (bundan sonra – iddiaçılar) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 47ci, 49-cu maddəsində nəzərdə tutulmuş fikir və söz azadlığını, sərbəst toplaşmaq azadlığını pozan, 27 dekabr 2021-ci il tarixdə, saat 11:00-da AR Milli Məclisinin Parlament prospekti tərəfində, insanların hərəkət etmədiyi hissədə, yəni pilləkənların üstündə, tibbi maskadan istifadə etməklə və sosial məsafəni qorumaqla, 7 nəfərdən ibarət tərkibdə Mətbuata və Mediaya Azadlıq!, İfadə azadlığını boğan qanuna etiraz edirik! və sair şüarlarla 30 (otuz) dəqiqəlik piket keçirməyə icazə verilməməsinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə qərar qüvvəyə mindikdən sonra 10 (on) gün ərzində iddiaçılara AR Milli Məclisinin Parlament prospekti tərəfində, insanların hərəkət etmədiyi hissədə, yəni pilləkanların üstündə, tibbi maskadan istifadə etməklə və sosial məsafəni qorumaqla, 7 nəfərdən ibarət tərkibdə Mətbuata və Mediaya Azadlıq!, İfadə azadlığını boğan qanuna etiraz edirik! və sair şüarlarla 30 (otuz) dəqiqəlik piket keçirməyə icazə verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı5, İddiaçı1 və İddiaçı6 ölkədə insan hüquqlarını müdafiə edən vəkillərdir. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və Rəhimov İddiaçı7 müstəqil jurnalistlərdir. 2021-ci ildə media nümayəndələri, media ekspertləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə heç bir məsləhətləşmə edilmədən yeni “Media haqqında” Qanun layihəsi birdən birə Milli Məclisin komitəsində müzakirə edilərək, Milli Məclisin iclasına çıxarılmış, 14 dekabr 2021- ci il tarixdə Milli Məclisin birinci oxunuşundan keçmiş, 20 dekabr 2021-ci il tarixdə ikinci oxunuşdan qəbul edilmişdir. Həmin qanun ölkədə böyük ictimai narazılıq doğurmuş, media nümayəndələri, media ekspertləri, vətəndaş cəmiyyətinin nümayəndələrinin kəskin etirazına səbəb olmuş, bununla bağlı bəyanatlar yayılmışdır. Həmin qanun medianın fəaliyyətini məhdudlaşdırmağı nəzərdə tutduğundan və ifadə azadlığı hüququna açıqaşkar zidd olduğundan həmin qanunun qəbul edilməsi ölkədə media və ifadə azadlığı üçün təhlükədir. İddiaçılar bu təhlükənin qarşısını almaq, həmin qanunun qəbulunu əngəlləmək, bununla bağlı qanunverici orqanın, ölkə ictimaiyyətinin həmin qanunun gələcəkdə media, jurnalistlər və insanlar üçün təhlükəli olacağına diqqətini çəkmək üçün 27 dekabr 2021-ci il tarixdə, saat 11:00-da AR Milli Məclisinin Parlament prospekti tərəfində, insanların hərəkət etmədiyi hissədə, yəni pilləkənlərin üstündə, tibbi maskadan istifadə etməklə və sosial məsafəni qorumaqla Mətbuata və Mediaya Azadlıq!, İfadə azadlığını boğan qanuna etiraz edirik! və ssair şüarlarla 30 (otuz) dəqiqəlik piket keçirmək barədə Bakı Şəhəri İcra Hakimiyyətinə 23 dekabr 2021-ci il tarixdə ərizə göndərmişlər. Lakin Bakı Şəhəri İcra Hakimiyyəti 25 dekabr 2021-ci il tarixli, İ-900-003 saylı məktubu ilə piketə icazə verməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5075/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5075/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərardadının ləğv edilməsini və işə yenidən baxılması və mahiyyəti üzrə qərar çıxarılması məqsədilə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin Covid 19-a görə kütləvi tədbirlərin keçirilməsinin qadağan olunması nəticəsinə gəlməsi işin hallarına uyğun gəlməmışdir. Belə ki, AR Nazirlər Kabinetinin 12 sentyabr 202-ci il tarixli qərarında açıq havada 10 nəfərdən artıq şəxsin toplanması qadağan edilmişdir ki, idiaçılarda cəmi 7 nəfər olmuşlar. Eyni zamanda açıq havada maskadan istifadə qadağan olunduğu halda iddiaçılar tibbi maskadan istifadəni və sosial məsafəni qorumağı da öhdələrinə götürmüşdülər. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və iddiaçının izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi iddiaçılar piket keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıların bu müraciətini xx.xx.2021-ci il tarixli, İ-900-003 nömrəli məktubla cavablandırmışdır. Həmin məktubda cavabdeh göstərmişdir ki, “koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi tətbiq edilib və bu müddət 1 mart 2022-ci il tarixinədək uzadılmışdır. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 336 nömrəli, 12 sentyabr 2020-ci il tarixli Qərarına əsasən respublika ərazisində xüsusi karantin rejimi müddətində bütün kütləvi tədbirlərin keçirilməsi dayandırılıb. Toplantı keçirilməsi haqqında müraciətə cavab olaraq “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İ hissəsinin tələblərinə cavab verilmədiyi bildirilmişdir. Göstərilənləri, həmçinin, mövcud epidemioloji vəziyyətlə əlaqədar, respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasının qarşısında planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab edilməmişdir.” Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, aidiyyəti səlahiyyətli qurum (AR Nazirlər Kabineti) tərəfindən müvafiq qadağaların tətbiq edilməsi barədə qərar qəbul olunduğundan, iddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın “toplantı keçirilməsinin məqsədəmüvafiq hesab edilməməsi”ndən ibarət hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola bilməz. Buna görə də məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. AR İPM-in 35.1-ci maddəsinə görə, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişlər. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1ci maddəsinə əsasən həmin Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. İş materiallarından görünür ki, iddiaçılar piket keçirmək üçün xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmiş və piketin 3 gün sonra, xx.xx.2021-ci il tarixdə keçiriləcəyini bildirmiş, piketin keçiriləcəyi gündən 5 iş günündən az müddətə təqdim edilmənin nə ilə bağlı olduğunu əsaslandırmamışlar. Cavabdeh də buna uyğun olaraq iddiaçıların müraciətinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olmadığını bildirmişdir. Digər tərəfdən, cavabdehin məktubundan aydın olur ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq müvafiq inzibati icraat aparılmadan, yəni toplantının yeri, vaxtı, məqsədi və sair xüsusatlar qiymətləndirilmədən qaldırılan məsələnin müsbət həlli məqsədəuyğun sayılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, dünyada yayılmış koronovirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronovirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edilmiş, xüsusi karantin rejimi dövründə məhdudiyyətlərin 2022-ci il 1 mart saat 06:00-dək tətbiq edilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aidiyyəti səlahiyyətli qurum (AR Nazirlər Kabineti) tərəfindən müvafiq qadağaların tətbiq edilməsi barədə qərar qəbul olunduğundan, iddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın “toplantı keçirilməsinin məqsədəmüvafiq hesab edilməməsi”ndən ibarət hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola bilməmiş və bu səbəbdən cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadəğından iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərarı əsaslı olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5075/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5075/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2143/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2143/2022
13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver