Məhkəmə qərarları › İş №2-1(103)-2143/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2143/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2143/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1326/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 528 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Abşeron rayonu, S.Əliyev adına Südlük-maldarlıq üzrə X14 X1 xx.xx.2000-ci il tarixli 06 saylı əmri ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 528 kv.m torpaq sahəsi üzərində mərhum atası Tanrıverdiyev Vəkil İsmayıl oğlunun adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, S.Əliyev adına südlükmaldarlıq üzrə X14 X1 rəhbərinin xx.xx.2000-ci il tarixli əmrinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 528 kv.m torpaq sahəsi iddiaçının mərhum atası Tanrıverdivev Vəkil İsmayıl oğluna ayrılmış və istifadəsində olmuşdur. Atası 2008-ci ildə rəhmətə getdiyindən torpaq sahəsi hazırda iddiaçının istifadəsindədir. İddiaçı cavabdehə müraciət edərək torpaq sahəsi üzərində atasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müraciəti xx.xx.2022-ci il tarixli imtina məktubu ilə təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan nömrə ilə digər fiziki şəxsə (X7) fərqli ərazidə yerləşən torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü" sənədi verilmişdir. Bundan əlavə, torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X14 X2 rəhbərinin əmrinin əsli təqdim olunmamışdır. Qeyd olunanlarla yanaşı Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X14 X5 rəhbərinin əmrində ayrılması nəzərdə tutulan torpaq sahəsi 1000 kv.m qeyd olunsa da, ərizəyə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən sahə və faktiki istifadəsində olan torpaq sahəsi 528 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********76 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu ünvanlanmışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı olsa da, təqdim edilən sənədlər Tanrıverdiyev Vəkil İsmayıl oğlunun adınadır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1326/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassız olmuş və birinci instansiya məhkəməsi iş üzrə torpaq sahəsinin iddiaçının mərhum atasına ayrıldığı iddia olunsa da, torpaq sahəsinin təhkim aktının olması müəyyən edilməməsi əsası ilə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir, belə ki, iş üzrə alınmış ekspert və mütəxəssis rəyinə görə vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir, göstərilən sahə S.Əliyev adına Südçülük-Madarlıq sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Tanrıverdiyev Vəkil İsmayıl oğlu və X3 torpaq sahələrinə dair ilkin yerləşmə cizgiləri təqdim edilmədiyindən sahənin cizgiyə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd edir ki, iddia tələbinin təmin olunmamasının əsasını təşkil edən cizgi mövcud olsaydı, iddiaçı məhkəməyə müraciət etmədən də torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən arayışı əldə edə bilərdi, lakin məhkəmə araşdırması başlandığı vaxtdan cizgi tələb edilməsi, cizgi təqdim olunmadığı halda məhkəmənin ekspertiza təyin edərək əsassız olaraq ekspert xərcini də nəticədə iddiaçıdan tutması məhkəmənin iddiaya formal yanaşmasını, heç bir araşdırma aparmamasını sübut edir. Tərəflərin izahatları: İcraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 17 fevral 2000-ci il tarixli, 6 №-li əmrdən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin atasına məxsus olmasına dair məxsusluq arayışının verilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı dəqiqləşdirilmiş iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verdiyindən ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İnzibati işdən müəyyən olunur ki, Abşeron rayonu, S.Əliyev adına südçülük maldarlıq üzrə X14 X1 rəhbərinin xx.xx.2000-ci il tarixli əmrinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 528 kv.m torpaq sahəsi iddiaçının mərhum atası Tanrıverdivev Vəkil İsmayıl oğluna ayrılmış və istifadəsində olmuşdur. Tanrıverdivev Vəkil İsmayıl oğlu vəfat etdikdən sonra ondan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 30 saylı notariat ofisinə müraciət olunmuşdur, Bakı şəhəri 30 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli b04 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 84b , mənzil 48-da qeydiyyatda olmuş xx.xx.2008-ci ildə vəfat etmiş Tanrıverdiyev Vəkil İsmayıl oğlundan miras qalmış əmlaka dair vərəsəsi İddiaçıdur. Hazırda iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 5 sot (500 kv.m) torpaq sahəsi üzərinə vərəsəsi olduğu şəxs Tanrıverdivev Vəkil İsmayıl oğlunun hüquqlarının olmasına dair ölmüş adamın adına arayışın verilməsini tələb edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: -3-cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. -9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarında olan: -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 30 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli b04 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 84b , mənzil 48-da qeydiyyatda olmuş xx.xx.2008-ci ildə vəfat etmiş Tanrıverdiyev Vəkil İsmayıl oğlundan miras qalmış əmlaka dair vərəsəsi İddiaçıdur. - Abşeron rayon Dövlət Arxivinin F-129 saylı xx.xx.2022-ci il tarixli arxiv çıxarışından görünür ki, Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X14 X1 06 saylı 17 fevral 2000-ci il tarixli əmri ilə Tanrıverdiyev Vəkil İsmayıl oğluna fərdi ev tikmək üçün 0,1 ha torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A № 039466 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə X15 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000- ci il tarixli 6 nömrəli əmri ilə Tanrıverdiyev Vəkil İsmayıl oğluna 528 kv.m fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X14 X1 06 saylı 17 fevral 2000-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Tanrıverdiyev Vəkil İsmayıl oğluna fərdi ev tikmək üçün 0,1 ha torpaq sahəsi ayrılmışdır, sonrdan əmrdən çıxarışda diyircəkli qələmlə düzəliş edilmiş, torpağın sahəsi “0,05” hektar göstərilmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 1921 saylı xx.xx.2008-ci il tarixli rəyində bildirilmişdir ki, Abşeron rayonu S.Əliyev adına südlük-maldarlıq üzrə X14 X1 xx.xx.1995-cı il tarixli 25 saylı əmrinə əsasən Tanrıverdiyev Vəkil İsmayıl oğluna 0.0528 hektar olmaqla ayrılmış torpaq sahəsi qanunamüvafıqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin atasına məxsus olmasına dair arayışın verilməsi üçün hüquqmüəyyənedici sənədlərin təqdim olunmasına baxmayaraq, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdehin inzibati orqan imtinanın əsaslarından biri kimi torpaq sahəsinin ayrılmasına dair əmrin əslinin təqdim edilməməsinə istinad etmişdir. İş materiallarından görünür ki, Abşeron rayon Dövlət Arxivinin F-129 saylı xx.xx.2022-ci il tarixli arxiv çıxarışına əsasən Abşeron rayon S.Əliyev adına südlükmaldarlıq üzrə X14 X1 06 saylı 17 fevral 2000-ci il tarixli əmri ilə Tanrıverdiyev Vəkil İsmayıl oğluna fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması müəyyən edilmiş, həmin əmr əsasında torpaq sahəsinə dair planı və ölçü sənədi tərtib edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus hüquqmüəyyənedici sənədlərin mötəbərliyini təkzib edən hər hansı sübut təqdim edilmədiyindən, sözügedən sənədlərin mötəbərliyi məhkəmə üçün şübhə doğurmur. Belə ki, “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Odur ki, əmrin əslinin təqdim edilməməsi imtina üçün əsas ola bilməz. Cavabdeh inzibati orqan həmçinin imtina əsaslarından biri kimi iddiaçı tərəfindən təqdim edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan nömrə ilə digər fiziki şəxsə (X7) fərqli ərazidə yerləşən torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsinə istinad etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, eyni nömrələrlə fərqli şəxslərə cavabdehin özünün də qeyd etdiyi kimi fərqli ərazilərdə yerləşən torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Həmçinin, apellyasiya icraatı zamanı işin obyektiv araşdırılması məqsədi ilə Tanrıverdiyev Vəkil İsmayıl oğluna X12 kitabında xx.xx.2008-ci il tarixdə, 6181 nömrəsi ilə qeydə alınmış torpaq sahəsinin plan-ölçüsünün və X6 X12 kitabında xx.xx.2007-ci il tarixdə, 1354 nömrəsi ilə qeydə alınmış torpaq sahəsinin plan-ölçüsünün verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi ilə bağlı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış sənədlərdən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 avqust 2003-cü il tarixli sərəncamı ilə Ramana qəsəbəsi, Yeni yaşayış massivində 1 otaqlı, tikinti sahəsi 73, kv.m, ümumi sahəsi 56,6 kv.m, yaşayış sahəsi 22,08 kv.m, təsərrüfat otağının sahəsi 18,24 kv.m, açıq eyvan sahəsi 7,83 kv.m olan 1200,0 kv.m torpaq sahəsində tikilmiş 28 saylı evə vətəndaş X4 adına texniki pasport və qeydiyyat vəsiqəsinin alınmasına icazə verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində və digər fiziki şəxsə (X7) məxsus torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan nömrələr eynilik təşkil etsə belə, həmin torpaq sahələri fərqli ərazilərdə yerləşir. Belə olan halda, Abşeron rayonu, S.Əliyev adına südçülük maldarlıq üzrə X14 X1 rəhbərinin xx.xx.2000-ci il tarixli əmrinə əsasən iddiaçının mərhum atası Tanrıverdivev Vəkil İsmayıl oğluna ayrılmış torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin nömrəsinin digər fiziki şəxsə (X7) verilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin nömrəsi ilə eynilik təşkil etməsi iddiaçının iradəsindən asılı olan hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır. Həmçinin cavabdeh imtina əsaslarından biri kimi Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X14 X5 rəhbərinin əmrində ayrılması nəzərdə tutulan torpaq sahəsinin 1000 kv.m qeyd olunmasına, ərizəyə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən sahə və faktiki istifadəsində olan torpaq sahəsinin isə 528 kv.m təşkil etməsinə istinad etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarında olan Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X14 X1 06 saylı 17 fevral 2000-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Tanrıverdiyev Vəkil İsmayıl oğluna fərdi ev tikmək üçün 0,1 ha torpaq sahəsi ayrılmışdır, sonrdan əmrdən çıxarışda diyircəkli qələmlə düzəliş edilmiş, torpağın sahəsi “0,05” hektar göstərilmişdir. Bununla bağlı apellyasiya icraatı zamanı iddiaçı verdiyi izahatında qeyd etmişdir ki, əvvəl torpaq sahəsi 10 sot olsa da, daha sonra həmin torpaq sahəsinə bitişik yolun genişləndirilməsi ilə əlaqədar həmin torpaq sahəsindən istifadə edilməsinə tərəflərindən icazə verilmiş, torpağın faktiki sahəsi bununla əlaqədar azalmışdır. Həmçinin apellyasiya icraatı zamanı iddiaçı tələbini o şəkildə dəqiqləşdirirərək yalnız 0,05 ha torpağa münasibətdə məxsusluq arayışının verilməsini xahiş etmiş, dəqiqləşdirmə barədə ərizə icraata qəbul edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum Tanrıverdivev Vəkil İsmayıl oğluna məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətin təmin edilməli, qərar ləğv edilməli, iddia tələbi təmin edilməli, Abşeron rayonu, S.Əliyev adına südçülük maldarlıq üzrə X14 X1 rəhbərinin xx.xx.2000-ci il tarixli əmrinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum Tanrıverdivev Vəkil İsmayıl oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1326/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Abşeron rayonu, S.Əliyev adına südçülük maldarlıq üzrə X14 X1 rəhbərinin xx.xx.2000-ci il tarixli əmrinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum Tanrıverdivev Vəkil İsmayıl oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar