Məhkəmə qərarları › İş №2-1(103)-2144/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2144/2022

27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2144/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxs X3 (X1 hüquqi varisi) iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X4) «bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı şəhəri ərazi idarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 945 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddianın əsaslarına görə iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 289 saylı sərəncamına müvafiq olaraq Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə bağladığı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində ona ayrılmış 945 nömrəli bağ sahəsinə dair hüquqlarının qeydiyyata alınması üçün cavabdeh idarəyə müraciət etmiş, cavabdeh isə müxtəlif tarixlərdə ona verdiyi cavab məktublarında (sonuncu: xx.xx.2016) ərizəsinin icrasından imtina etmiş, buna əsas kimi sözügedən bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluğun müəyyən edildiyini göstərmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, bağ sahəsində hasarlanma və mərçəkmə işləri aparılmamış, bağ sahəsi sxematik xəritəyə əsasən 1042, 1043 və 1044 saylı bağ sahələrinin ərazisinə düşür, bağ sahəsi öz həqiqi yerindən 40 metr aralı məsafədə yerləşir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 945 saylı bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, sözügedən bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq var. Belə ki, bağ sahəsi öz həqiqi yerindən 40 m aralı məsafədə yerləşir və göstərilən ərazi sxematik xəritəyə əsasən 1042, 1043 və 1044 saylı bağ sahələrinin ərazilərinin bir hissəsidir. Məhkəmə tərəfindən iş dəqiq və düzgün araşdırılmamış, müvafiq ünvanda ekspertiza keçirməmiş, qeyd olunan hallar əsassız olaraq nəzərə alınmamış qanunsuz olaraq iddianı təmin etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisəli bağ sahəsinin naturada yerləşmə yerinə görə sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyindən, iddiaçıya imtina cavabı verildiyini bildirərək şikayəti müdafiə etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs , onun iddiaçı ilə aralarında heç bir mübahisənin olmadığını və onun istifadə etdiyi 1044 nömrəli bağ sahəsi iddiaçıya məxsus 945 nömrəli bağ sahəsinə dəxli olmadığını, ayrı-ayrı bağ sahələri olaraq hər kəsin özündə olduğunu qeyd edərək, iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarı ilə razı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 945 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına çıxarışın verilməsi barədə müraciəti cavabdeh tərəifndən imtina ilə qarşılanmış, həmin imtinadan narazı qalan iddiaçı məhkəmədə qaldırdığı öhdəliyin icrası haqqında hazırkı iddia tələbi məhkəmə tərəfindən təmin olunmuşdur. Cavabdehin həmin qərardan verdiyi apellyasiya şikayətinin, iddiaçıya ünvanladığı imtina məktubu və iddia ərizəsinə etirazınının üst-üstə düşən dəlillərindən göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, iddiaçıya məxsus sahəsi 0,12 ha olan 945 saylı bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq olduğunu, o cümlədən, bağ sahəsinin öz həqiqi yerindən 40 m aralı məsafədə yerləşdiyini və göstərilən ərazi sxematik xəritəyə əsasən 1042, 1043 və 1044 saylı bağ sahələrinin ərazilərinin bir hissəsi olduğunu əsas gətirərək, iddiaçının həmin bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını mümkünsüz hesab edir. Cavabdehin qeyd olunan dəillərindən, habelə, iddiaçının nümayəndəsinin və üçüncü şəxsin izahatlarından aydın görünür ki, əslində, mübahisəli 945 saylı bağ sahəsinin qanuni sahibi olan iddiaçı ilə, sözügedən 1042, 1043 və 1044 saylı bağ sahələrinin qanuni sahibləri arasında heç bir mübahisə mövcud deyildir, onların hər biri naturada öz bağ sahələrində yerləşir, burada sadəcə olaraq, iddiaçıya məxsus bağ sahəsinin naturada yerləşdiyi yer sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, yəni, sözügedən bağ sahələrinin ərazisinə uyğun gəlir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri formal xaraktekterli dəlillər kimi qimətləndirir və iddiaçı mübahisələndirilən bağ sahələrinin sərhədlərini naturada pozmadığı, habelə aralarında heç bir mübahisə mövcud olmadığı halda, hər hansı ekspertizanın təyin edilməsinə zərurəti də yoxdur və bu yalnız işin uzadılmasına gətirib çıxarmış olur. Ən azından, məhkəmə praktiksında, Ləhiş bağ massivində yerləşən bağların naturada yerləşmə yerlərinin sxematik xəritəyə uyğunsuzluq təşkil etməsi hallarına rast gəlinir və bu birinci hal deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin: 1.3-cü bəndinə əsasən DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq...; 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. Göründüyü kimi, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqları aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh orqanın qeyd olunan Nizamnamə ilə üzərinə düşən öhdəliyidir. Bu baxımdan konkret halda, iddiaçıya məxsus bağ sahəsinin yerlədiyi yerin sxematik xəritəyə münasibətdə uyğunsuzluğunu aradan qaldırmaq və həmin bağ sahəsinin iddiaçının mülkiyyəti ki rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanın vəzifəsidir. İddiaçının mübahisəli bağ sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədələrin mövcud olmasına gəldikdə, qeydiyyat orqanı tərəfindən həmin bağ sahəsinin dövlət qeydiyyatına alınması üçün qanunda qeydiyyat üçün əsasverci sənədləri mövcuddur. Belə ki, iş materiallarında olan, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 289 saylı sərəncamına müvafiq olaraq 14 noyabr 2005-ci il tarixdə Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə iddiaçı arasında bağlanmış 36390 saylı müqaviləyə əsasən: Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində 945 nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qeyd edilənlərdən də görünür ki, iddiaçı ilə səlahiyyətli dövlət orqanı arasında mübahisəli bağ sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisəli bağ sahəsinin iddiaçının adına qeydiyyata alınıb ona çıxarış verilməsindən imtina olunması qanunsuz və əsassız olmuş, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar