Məhkəmə qərarları › İş №2-1(103)-2144/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2144/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2144/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “işlədiyi müddətin sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və Səadət Rəşid qızı Səlimovadan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4220/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 9.08.1956-cı il təvəllüdlüdür.

2. İddiaçının xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığı dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 50067,36 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və xx.xx.2021-ci il tarixindən 479,99 manat müəyyən olunmuşdur.

3. Əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 496,31 manata, xx.xx.2023-cü il tarixindən 512,97 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 588,49 manata çatdırılmışdır.

4. İddiaçıya pensiya təyin edilərkən onun xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək "xxxx" Müştərək Müəssisəsində və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də olan dövrü sığorta stajına daxil edilməmişdir.

5. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək "xxxx" Müştərək Müəssisəsində və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də olan dövrü sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixədək (işdənçıxma tarixi bazar gününə təsadüf edir) və xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək (işə daxilolma və işdənçıxma qeydləri eyni xətlə və eyni qələmlə yazıldığından) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb”.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" MM-də və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi müddətin sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiyasına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək kitabçasında xx.xx.1973-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək (9 il 2 ay) və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək (3 il 6 ay) işlədiyi müddəti ümumi iş stajına daxil etməyib.

9. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Həmçinin bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. X5 və araşdırma şöbəsinin müvafiq xidməti məruzəsinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" müştərək müəssisəsinin və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-nin hüquqi və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün sözügedən dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4220/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək "xxxx" Müştərək Müəssisəsində və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi müddət sığorta stajına daxil edilməklə, yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin İddiaçı aylıq pensiyasına əlavə edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaya qarşı yazılı etirazında tamam başqa əsaslara, ümumiyyətlə həmin müəssisələrə dair arxiv sənədlərinin olmamasına istinad etmişdir ki, bu hal məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə daxil olmuş məktublarla təkzib edilmişdir.

12. Məhkəmə qeyd edir ki, işçiyə əmək haqqının ödənilməsinin qeydə alınmaması işçinin təqsiri deyil.

13. Məhkəmə həmçinin qeyd edir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

14. Göründüyü kimi qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan cavabdeh apellyasiya şikayəti, daha sonra apellyasiya şikayətinə əlavə verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4220/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti və şikayətə əlavə onunla əsaslandırılmışdır ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. X5 və araşdırma şöbəsinin müvafiq xidməti məruzəsinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “Baklıd" müştərək müəssisəsinin və xx.xx.2002-cı il tarixdən xx.xx.2006-cı il tarixədək “Standart-M" MMC-nin hüquqi və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün sözügedən dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən 01.01,2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödşnilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, “əmək kitabçasında olan məlumatların həqiqiiiyi prezumpsiyası qüvvədədir. Bunun əksini iddia edən tərəf (hazırkı işdə cavabdeh) əmək kitabçasının mötəbərliliyini şübhə altına alacaq dəlilləri sübut etməlidir Cavabdeh isə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh iddiaçının əmək kitabçasına əsasən işlədiyi müəyyən dövrləri mübahisələndirsə də, məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi müəssisə hüquqi şəxs olmaqla statistik vahidlərin Dövlət reyestrində qeydə alınmışdır, Birinci instansiya məhkəməsinin mövqeyi ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 18 dekabr 2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Baklid" müştərək müəssisəsi 13 iyun 1996cı il tarixində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Adıçəkilən müəssisənin direktoru reyestrdə X1 qeyd edilmişdir. Göründüyü kimi müəssisə xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmış, lakin həmin müəssisə ilə bağlı iddiaçının əmək kitabçasındakı qeydlər xx.xx.1993-cü il tarixə aiddir. Hesab edirlər ki, bu hal əmək kitabçasıdakı qeydlərin mötəbərliyini şübhə altına almağa kifayət edir. Lakin birinci instansiya məhkəməsi 'qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün gösterilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı münasibət daxil olmuş və bildirilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən cavabdeh araşdırma apararkən ən azından əmək kitabçasındakı 10 nömrəli xx.xx.1993-cü il tarixli qeydi də nəzərə almalı idi.Belə ki, "xxxx" müştərək müəssisəsinə keçirmə yolu ilə iddiaçının işdən azad olunmasına diqqət yetirilməyib.Çünki, “Keşlə Maşınqayırma” zavodu "xxxx" BM-nin əsas təsisçisi olaraq o dövrdə ölkənin ən iri dövlət müəssisələrindən biri olub.

e) Proses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası işə baxılmasını İPM-in 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

21. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Qərardan cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin aktı bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qərarı tam hissədə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş, həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

27. Məhkəmə kollegiyası daha sonra işin faktiki hallarına tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.

28. Belə ki, Kollegiya qeyd edir ki, işin hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilib.

29. Həmçinin iddiaçıya pensiya təyin edilərkən onun xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək "xxxx" Müştərək Müəssisəsində və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də olan dövrü nəzərə alınmayıb.

30. Cavabdeh bunu iddiaçıya məxsus əmək kitabçasının xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixədək (işdənçıxma tarixi bazar gününə təsadüf edir) və xx.xx.2002ci il tarixindən xx.xx.2006-cı il tarixinədək (işə daxilolma və işdənçıxma qeydləri eyni xətlə və eyni qələmlə yazıldığından) olan dövrlərin doldurulma qaydasının pozulması ilə əsaslandırmışdır.

31. Məhkəmə Kollegiyası Bu qərarın 22-ci bəndində istinad edilən hüquq normalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır.

32. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.

33. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

34. Göründüyü kimi, mövcud Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir.

35. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1- ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

37. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

38. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. (Qanunun 67-ci maddəsinin 1-2, 8-ci hissəsi)

39. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.(Qanunun 69-cu maddəsi).

40. Məhkəmə Kollegiyası cavabdehin etirazının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları əsaslı saymaraq qeyd edir ki, iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək "xxxx" Müştərək Müəssisəsində və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işləməsi əmək kitabçasına əsasən təsdiq olunur. Əmək kitabçasında işə qəbul və işdən azad edilmə tarixləri və əmrləri göstərilmişdir.

41. Həmçinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 18 dekabr 2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC (direktor: İddiaçı) 21 may 2002-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. "xxxx" müştərək müəssisəsi 13 iyun 1996-cı il tarixində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Adıçəkilən müəssisənin direktoru reyestrdə X1 qeyd edilmişdir.

42. İstinad edilən qanunvericilik normalarına əsasən işçinin xx.xx.2006-cı ilədək iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

43. Məhkəmə qeyd edir ki, əmək kitabçasında olan məlumatların həqiqiliyi prezumpsiyası qüvvədədir. Bunun əksini iddia edən tərəf (hazırkı işdə cavabdeh) əmək kitabçasının mötəbərliliyini şubhə altına alacaq dəlilləri sübut etməlidir. Cavabdeh isə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.

44. Cavabdeh iddiaçının əmək kitabçasına əsasən işlədiyi müəyyən dövrləri mübahisələndirsə də, məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

45. Məhkəmə qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

46. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi müəssisə hüquqi şəxs olmaqla statistik vahidlərin Dövlət reyestrində qeydə alınmışdır.

47. Ona görə, iddiaçının işdən çıxma əmrinin bazar gününə təsadüf etməsi barədə cavabdehin imtinası əsassızdır. Hüquqi şəxs tərəfindən iddiaçının bazar günü işdən çıxma əmrinin verilməsinə dair qadağanın olması ilə bağlı cavabdeh hər hanslı bir dəlil irəli sürməmiş, formal mülahizələrə əsaslanaraq iddiaçının qeyd edilən dövrlərini sığorta stajına daxil etməmişdir.

48. İddiaçının digər müəsisədə əmək fəaliyyəti ilə bağlı işə qəbul və işdən çıxma əmrlərinin eyni xətt olmasına dair məhkəmə qeyd edir ki, qeyd edilən hal da formal mülahizə hesab edilməlidir.

49. Belə ki, ilk növbədə həmin qeydlərin eyni xətt olması barədə cavabdehin bildirdikləri vizul baxışdan öz təsdiqini tapmır.

50. Digər tərəfdən, bu qəbul edilsə belə, 2002-ci ildən, 2006-cı ilədək (4 il) ərzində iddiaçının işlədiyi müəssisə üzrə əmək kitabçasının qeydlərini aparan şəxsin eyni şəxs olmasının mümkünsüzlüyü əsaslandırılmamış, bu halın hansı səbəbə görə həmin illərin sığorta stajına qeyd edilməməsinə dair cavabdehin imtinası aydın deyildir.

51. Cavabdeh iddiaya qarşı yazılı etirazında tamam başqa əsaslara, ümumiyyətlə həmin müəssisələrə dair arxiv sənədlərinin olmamasına istinad etmişdir ki, bu hal məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə daxil olmuş məktublarla təkzib edilmişdir.

52. Məhkəmə qeyd edir ki, işçiyə əmək haqqının ödənilməsinin qeydə alınmaması işçinin təqsiri deyil.

53. Məhkəmə həmçinin qeyd edir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

54. Göründüyü kimi qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir.

55. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə yuxarıda göstərilənlərdən əlavə qeyd edir ki, iddiaçının əmək kitabçasındakı 10 nömrəli xx.xx.1993-cü il tarixli qeydə əsasən (i/v-13) "xxxx" müştərək müəssisəsinə keçirmə yolu ilə iddiaçı işdən azad olunmuşdur və bu qeyd “Keşlə Maşınqayırma” zavodunun möhürü ilə təsdiq edilmişdir, “Keşlə Maşınqayırma” zavodu isə o dövrdə ölkənin ən iri dövlət müəssisələrindən biri olub.

56. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyinin möhürü ilə təsdiq olunmuş "xxxx" Azərbaycan-İsveçrə birgə müəssisəsinin qeydiyyatına dair Şəhadətnaməsinin əslini məhkəməyə təqdim etmişdir.Həmin Şəhadətnamənin qeydiyyat nömrəsi 2208, verilmə tarixi xx.xx.1992-ci il qeyd olunmuşdur.

57. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

58. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək əsaslı olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək "xxxx" Müştərək Müəssisəsində və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMCdə işlədiyi müddət sığorta stajına daxil edilməklə, yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin İddiaçı aylıq pensiyasına əlavə edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

59. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.

60. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsassızdır və odur ki, təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4220/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4220/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar