Məhkəmə qərarları › İş №2-1(103)-2144/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2144/2025

20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2144/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5247/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X3 üzrə Baş İdarəsinə qarşı onun barəsində qəbul edilmiş 25 dekabr 2023- cü il tarixli **********743000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 2799,47 manat gəlir vergisi hissədə istisna olmaqla, qalan hissədə ləğv edilməsini xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2024-cü il tarixli 3- 21-2-3/2-24802/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi” barədə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 16 yanvar 2015-ci il tarixdən fərdi sahibkar kimi fəaliyyət göstərir. İddiaçının 2022-ci il üzrə əsas fəaliyyəti çətirlərin hazırlanıb təqdim edilməsindən ibarət olmuşdur. Belə ki, iddiaçı 2022-ci il üzrə ümumilikdə sahibkarlar üçün gördüyü işlərin dəyəri 83 984,00 manat məbləğində olmuşdur. Yəni 2022-ci il üzrə iddiaçı elektron qaimə-fakturalar ilə ümumilikdə 83 984,00 iş (mal) təqdim etmiş və həmin məbləğdə gəlir əldə etmişdir. Buna baxmayaraq, iddiaçı zəruri mal-materialların alınmasını Sədərək Ticarət Mərkəzindən və digər qeyri-rəsmi olan yerlərdən həyata keçirmiş və bu səbəbdən də alınmış malmateriallara dair hər hansı rəsmi təsdiqedici sənədləri mövcud olmamışdır. Beləliklə, iddiaçı 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim etmiş və ümumi gəlirdə 83 984,00 manat, gəlirdən çıxılan xərclərdə isə yalnız 5 139,34 manat (əmək haqqı, DSMF və bank xərcləri) göstərmişdir. Başqa sözlə desək, iddiaçı alınmış mal- materialları rəsmi sənəd əsasında deyil, bazardan aldığı və həmin mal-materiala dair rəsmi sənədlər (müqavilə, eqaimə və s.) mövcud olmadığı üçün həmin xərcləri bəyannamədə xərclər hissəsində qeyd etməmiş və demək olar ki, bütün dövriyyəsini mikro sahibkar kimi vergiyə cəlb etmişdir. Nəticə etibarı ilə iddiaçı Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin tələblərinə əsasən 75% güzəşti nəzərə alaraq ümumilikdə 3 942,23 manat gəlir vergisi bəyan etmişdir. Bundan sonra, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi iddiaçıda 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsini kameral qaydada yoxlamış və nəticəsi üzrə 2 iyun 2023-cü il tarixində qərar qəbul edərək əlavə 11 826,70 manat məbləğində gəlir vergisi hesablamışdır. Qərarın əsaslandırma hissədində isə göstərilmişdir ki, iddiaçı tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmiş və təqdim edilən bəyannamədə 75% güzəştin tətbiq edilməsi vergidən yayınma kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qərarın məzmunundan görünür ki, vergi orqanı iddiaçının alış sənədlərin rəsmi olmadığı üçün 75% güzəşti ləğv etmiş və yalnız əmək haqqı, DSMF və bank xərcləri nəzərə alaraq bütün dövriyyəsini 20% gəlir vergisinə cəlb edərək əlavə vergilər hesablamışdır. Bundan sonra, iddiaçı malmaterialın alınması ilə bağlı xərc sənədləri mövcud olmadığı üçün öz vergilərini Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə nəzərdə tutulmuş şərti rantabellik norması əsasında hesablayaraq cavabdeh vergi orqanına 2022-ci il üzrə dədqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim etmiş və eyni zamanda məktubla müraciət edərək həmin bəyannamənin qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh vergi orqanı iddiaçının şərti rentabellik norması əsasında yenidən hesablanmış vergiləri özündə əks etdirən bəyannaməni və məktubu nəzərə almamış, keçirilmiş kameral yoxlamasının nəticəsi üzrə yeni 1 avqust 2024-cü il tarixdə qərar qəbul edərək 12 969,46 manat gəlir vergisi hesablamışdır. Göründüyü kimi, cavabdeh yenə də iddiaçının bütün dövriyyəsinə yalnız əmək haqqı, DSMF və bank xərcləri nəzərə almaqla 20% gəlir vergisi tətbiq etmişdir. 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi üzrə keçirilmiş kameral vergi yoxlaması nəticəsində cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçının 2022-ci il üzrə təqdim etdiyi hesabatdan göründüyü kimi iddiaçının ümumi gəliri bəllidir və 83 984,00 manat təşkil edir. Lakin bəyannamənin xərc hissəsində isə yalnız əmək haqqı, DSMF və bank xərcləri qeyd edilmiş və 5 139,34 manat təşkil edir. İddiaçı əsas fəaliyyəti çətirlərin hazırlanması və satılması mövcud olduğu üçün həmin işləri görmək üçün kifayət qədər mal-material almışdır. Həmin mal- materiallar alınmadan belə mallar hazırlayıb təhvil vermək mümkün deyil. İddiaçı məktubda da qeyd etdiyi kimi, mal-materialları Sədərək və digər bu tipli yerlərdən almış və bu səbəbdən də həmin mal-materialın hər hansı rəsmi sənədləri mövcud deyil. Beləliklə, iddiaçının xərcləri ilkin sənədlərlə öz təsdiqini tapmamışdır ki, məhz belə olan halda da vergi qanunvericiliyinin müvafiq normaları düzgün tətbiq edilməlidir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. İddiaçının ümumi gəlirlərini müəyyən etmək mümkün olsa da, xərcləri (xəcrləri təsdiq edən sənədlər olmadığı üçün) müəyyən etmək mümkün olmamış, bu səbəbdən də iddiaçı təqdim etdiyi 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə əsasən şərti rentabellik norması tətbiq etməklə hesablama aparmış və həmin bəyannamənin nəzərə alınmasını cavabdeh vergi orqanından xahiş etmişdir. Göstərilən qanunvericilik normaları rəhbər tutaraq əlverişli olmasa da belə, iddiaçının xərcləri sənədlərlə öz təsdiqini tapmadığı və xərcləri müəyyən etmək mümkün olmadığı səbəbindən iddiaçı cavabdeh vergi orqanına şərti rentabellik norması əsasında yenidən hesablama apararaq 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsini təqdim etmiş və məktub göndərərək həmin bəyannamənin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, qeyd edir ki, bundan əvvəl xərc sənədləri mövcud olmadığı üçün vergi ödəyicisinin vergilərin şərti rentabellik norması əsasında yenidən hesablanması xahişi yuxarı vergi orqanları tərəfindən qəbul edilmiş və artıq bununla bağlı inzibati praktika formalaşmışdır. Belə ki, bu məsələ ilə eyni olan və müdafiə etdiyi iş üzrə AR VN Apellyasiya Şurasının 6 dekabr 2019-cu il tarixli Qərarın məhkəmənin diqqətinə çatdırır. Qərarın təvsir hissəsinin ilk cümləsində göstərilmişdir ki, "Vergi ödəyicisi şikayətində təsdiqini tapmayan digər xərclərlə bağlı sənədlərin mövcud olmadığını, bu səbəbdən də kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına uyğun olaraq yenidən baxılmasını, əlavə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir.” Qərarın nəticəvi hissəsində göstərilmişdir ki, "Hüquqi şəxs "Grandproıe” MMC-nin kameral vergi yoxlamasından narazılıq barədə şikayəti təmin edilsin. Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********541400 nömrəli Qərarı və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********540900 nömrəli Qərarı ləğv edilsin. Beləliklə, Qərarın məzmunundan da görünür ki, vergi orqanın yuxarı orqanı olan VN Apellyasiya Şurasına məlum idi ki, iddiaçı təsdiqini tapmayan digər xərclərə görə sənədləri mövcud olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarını tətbiq edərək vergi öhdəliklərini yenidən hesablanmasını istəmiş, sonuncu isə həmin şikayəti tam təmin etmiş və aşağı vergi orqanların qərarlarını tam ləğv etmişdir. Beləliklə, hesab edir ki, vergi orqanı tərəfindən 2022-ci il üzrə iddiaçıya gəlir vergisi hesablamaqla inzibati orqan olaraq özünün etimad hüququnu kobud surrətdə pozmuşdur. Qanunvericilik fiziki və hüquqi şəxslərin inzibati orqanlara göstərdikləri etimadın qanunla qorunmasını təsbit etmiş və inzibati orqanların məhz mövcud inzibati praktikaya uyğun hərəkət etməyi onların vəzifə borcu kimi müəyyən etmişdir. Başqa sözlə də, əgər eyni bir məsələ üzrə inzibati orqan öz mövqeyni bildirmişsə, daha sonra heç bir qanuni əsas olmadan o həmin məsələ üzrə öz mövqeyini dəyişə bilməzdir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Lakin vergi orqanı hazırkı yoxlama ilə inzibati orqanın etimad hüququnu pozaraq əvvəllər yuxarı orqanı olan Apellyasiya Şurasının qəbul etdiyi mövqeyindən fərqli mövqe irəli sürmüşdür. Bundan başqa, əvvəl hazırkı məsələ ilə eyni olan iş üzrə vahid məhkəmə təcrübəsini əks etdirən Ali Məhkəmənin 26 aprel 2023-cü il tarixli 2-1(102)- 586/2023 nömrəli Qərarın 8-ci bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, “qanunvericilik vergi ödəyicisinin gəlirini birbaşa müəyyən etmək mümkün olmadıqda mənfəətin hesablanması qaydasını müəyyən etmiş, lakin cavabdeh vergi orqanı iddiaçının xeyrinə olan bu qaydanı tətbiq etməkdən imtina edərək, iddiaçının gəlirinə nisbətdə kəskin fərqlənən xərcini nəzərə almaqla mənfəət vergisi hesablayaraq əlverişsiz inzibati akt qəbul etmişdir” Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır”. Ali Məhkəmə isə apellysasiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. Göründüyü kimi, artıq vergi ödəyicisinin xərc sənədləri olmadığı halda Nazirlər Kabinetinin qərarı ilə şərti rentabellik norması əsasında vergilərin hesablanması praktikası vahid məhkəmə təcrübəsində öz əksini tapmışdır.

5. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5247/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-24802/2024 nömrəli qərar ləğv edilmişdir.

6. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmetini təşkil edən qərar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi və bununla əlaqədar ona hesablanmış kameral vergi məbləği ilə bağlıdır. Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda, habelə riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinə münasibətdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz vergi güzəşti tətbiq olunmur. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 2.1.3-cü və 3.1.1-ci yarımbəndlərinə əsasən iddiaçı tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən 2022-ci il üzrə 40,9 min manat dəyərində “T tipli tent (8m*4m=32kv /m), çətir-yeni (4m*4m=16kv/m), sabit tentpəncərə (1,55m*0,90m) və.s” satışda qeyd olunduğu müəyyən edilsə də, vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların (işlərin, xidmətlərin) olmadığı müəyyən edilmişdir. Eyni zamanda iddiaçının qeydiyyatda olan təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndlərinə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab olunmuşdur. Bu barədə xx.xx.2022-ci il tarixli **********839500 saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Eyni zamanda iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2022-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisinin bəyannaməsinin Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9- cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər (1230-cu), "Nəqliyyat xərcləri" (1233-cü), “Digər xərclər (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 64847.33 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturalann (rislki e-qaimə-fakturalann məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (0.00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (0.00 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0 manat) çıxılması nəticəsində yaranan (0.00 manat) məbləğin müqayisəsi nəticəsində 64847.33 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********749600 nömrəli, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş və məktublarda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinə 12969,46 manat əlavə vergi məbləği (riskli vergi ödəyicisi olduğundan mikrosahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə aid edilən 75 faiz həcmində güzəşt nəzərə alınmadan) hesablanmış və bu barədə xx.xx.2024- cü il tarixli 3-21-2-3/2-24802/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, hazırkı iş üzrə vergi ödəyicisi ümumi dövriyyəsini formalaşdıran malların alışını qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirməmiş, 2022-ci il üzrə gəlirdən çıxan xərclərin uçotunu aparmamışdır. Lakin eyni zamanda o hal da müəyyən olunur ki, vergi ödəyicisinin əldə etdiklərindən e-qaimə faktura ilə malları (işlərin, xidmətlərin) təqdim etdiyi mübahisələndirilmir. Başqa sözlə, vergi orqanı vergi ödəyicisinin 2022-ci il hesabat dövrü üzrə alış sənədləri olmayan malların satışını qəbul edir. Məhkəmə işin bu halında iddiaçının xərc sənədləri olmadığından vergi ödəyicisinin öz təşəbbüsü ilə şərti renatabellik normasını tətbiq edərək mənfəət vergisi hesablamaq hüququnun olduğunu və yaxud cavabdeh orqanın xərc sənədi olmadığı halda şərti rentabellik norması tətbiq etməklə vergi hesablamaq kimi bilavasitə vəzifəsinin olduğunu qəbul etməsə də eyni zamanda vergi orqanının mübahisələndirilən dövr üzrə qüvvədə olan qanunvericiliyə əsasən birbaşa ümumi gəlirə 20% mənfəət vergisi dərəcəsi tətbiq etməklə vergi hesablanması kimi bir metodunun olduğunu da qəbul etmir. Məhkəmənin bu dəlilinə münasibətdə qeyd edir ki, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Göründüyü kimi qanunverilcilik vergi ödəyicilərindən yalnız gəlirllərinin deyil, eyni zamanda xərclərinin də vaxtlı-vaxtında dəqiq uçotunu aparmağı tələb edir. Lakin hazırki halda iddiaçı tərəfindən satış zamanı elektron qaimə-fakturalar təqdim edilməklə, gəlirlərin uçotunun aparılmasına baxmayaraq, xərclərə münasibətdə qanunvericiliyin yuxarıda qeyd olunan normasına riayət olunmamışdır. Bundan əlavə məhkəmə öz qərarında iddiaçının xərc sənədləri olmadığından vergi ödəyicisinin öz təşəbbüsü ilə şərti renatabellik normasını tətbiq edərək mənfəət vergisi hesablamaq hüququnun olduğunu qəbul etmədiyini bildirir. Göründüyü kimi, ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vergi orqanına aiddir. xx.xx.2023-cü il tarixli 3-21-2-3/2-24802/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunduğu vaxt qüvvədə olan Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır; Vergi Məcəlləsinin 83.9-ci maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilmədikdə və yaxud mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda, cavabdeh tərəfindən vergilərin əlaqəli məlumatlardan istifadə edilməklə hesablamaq hüququ nəzərdə tutulmuşdur. İlk olaraq belə əlaqəli məlumatlar kimi iddiaçıya aid olan məlumatlardan istifadə edilməsi müəyyən edilmişdir. Mənfəət (gəlir) vergisinin hesablanmasının xüsusi qaydası isə ondan ibarətdir ki, əgər həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkündürsə, bu halda mənfəət vergisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Vergi Məcəlləsinin “Vergi orqanları tərəfindən vergilərin hesablanması” adlı 83-cü maddəsi vergi ödəyiciləri tərəfindən deyil, vergi orqanı tərəfindən vergilərin hesablanması əsaslarını müəyyən edir. Belə olan halda, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 83.9-cu maddəsi ilə, yəni Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı Qərarı ilə təsdiqlənmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” tətbiq edilməklə, verginin hesablanması qanunvericiliklə nəzərdə tutulmayıb və bu səlahiyyət birbaşa olaraq vergi orqanına verilmişdir. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı Qərarı ilə təsdiqlənmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) qeyd edilmiş şərti üsullardan biri ilə müəyyən edir. Göründüyü kimi, həmin vaxt qüvvədə olan qanunvericilik əsasında yalnız vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) yuxarıda qeyd olunan üsullardan biri ilə müəyyən edə bilər. Belə olan halda, vergi ödəyicisinin bu üsulları tətbiq etməklə vergiləri hesablaması mümkün deyildir. Vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa təşviq edilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş müvafiq dəyişikliklərə baxmayaraq, məhkəmələr yenidən Məcəllənin əvvəlki redaksiyasına müraciət edərək, vergi ödəyicilərinin belə bir hüququ, vergi orqanının isə belə bir vəzifəsi olmadığı halda vergi ödəyiciləri tərəfindən Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı Qərarı əsasında vergilərin hesablanması ilə əlaqəli iddiaları təmin etməklə vergidən yayınma mexanizmlərinin geniş vüsət almasına şərait yaratmış olurlar. Həmçinin nəzərə çatdırır ki, Vergi Məcəlləsinə “3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu” ilə 67.17-ci maddə əlavə edilmiş, bu maddədə qeyd edilmişdir ki, bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Müvafiq qanun bu Qanunun 2.1-2.6-cı maddələri nəzərə alınmaqla 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərar isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Onu da əlavə edirik ki, səyyar vergi yoxlaması ilə müqayisədə kameral vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanın əlavə inzibati araşdırma aparmaq, sübutlar toplamaq imkanları (Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq) məhduddur. Odur ki, vergi orqanı tərəfindən həmin yoxlama növlərinin həyata keçirilməsi imkanları (kameral və səyyar) və araşdırmanın həcmi həmin imkanlara uyğun şəkildə və vergi ödəyicisinin yoxlama zamanı təqdim etdiyi sənədlərin yetərliliyinə vergi orqanı tərəfindən həmin qısa müddətdə (kameral yoxlama dövründə) dəyərləndirməsinin qanuniliyi (yararlılıq, zərurilik və proporsionallıq meyarları üzrə) və bu zaman vergi ödəyicisinin davranışları nəzərdən keçirilməlidir. Bununla əlaqədar, vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********749600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmişdir. Tərəflərin izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddiaçının ərizəsinin təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, təmin edilməyərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

İŞİN HALLARİ:

10. İş materiallarından müəyyən olur ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********839500 nömrəli qərara əsasən vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

11. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********743000 nömrəli qərarı ilə 2022-ci il gəlir vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 0,00 manat, vergi orqanı tərəfindən əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 15.768,93 manat müəyyən edilmişdir.

12. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-24802/2024 nömrəli qərarı ilə 2022-ci il gəlir vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 2.799,47 manat, vergi orqanı tərəfindən əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 15.768,93, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 12.969,46 manat müəyyən edilmişdir.

13. İşin hallarından görünür ki, iddiaçı 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində ümumi gəliri 83.984,00 manat olmuş, vergi ödəyicisi 2022-ci ilin gəlir vergisi üzrə cəmi gəlirdən çıxılan xərc kimi 5.139,34 manat məbləğini qeyd etmiş, eyni zamanda vergiyə cəlb olunan gəliri Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsaslanaraq 2.799,47 manat gəlir vergisi bəyan etmişdir.

14. Cavabdeh orqan vergi ödəyicisi tərəfindən gəlirdə 64847,33 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərcləri müəyyən etmiş, nəticədə iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 15768,93 maat vergi hesablamış, əlavə olaraq 12969,46 vergi məbləği hesablamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək 24.1. Vergi orqanları borcludur: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9cu maddəsinə əsasən hesablanır. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 83.9. Vvergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir). 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: -94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Vergi Məcəlləsinə yeni əlavə olunmuş 67.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) xx.xx.2024-cü il tarixindən etibarən 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

21. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

23. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir.

24. Belə ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.

25. İşin müəyyən edilən hallarından görünür ki, cavabdeh vergi orqanı tərəfindən keçirilmiş kameral yoxlamasının nəticəsi üzrə 25 dekabr 2023-cü il tarixdə yeni qərar qəbul edərək 15 768,93 manat gəlir vergisi, əlavə olaraq 12969,46 vergi məbləği hesablanmışdır.

26. İş materiallarından müəyyən olur ki, iddiaçı 2022-ci il üzrə e-qaimə fakturalar ilə ümumilikdə 83 984,00 manat məbləğində mal təqdim etmişdir. Alınmış mal-materialın bir hissəsinə dair hər hansı rəsmi təsdiqedici sənədlər mövcud olmamış, yalnız əmək haqqı, DSMF və bank xərcləri qeyd edilmiş və 5 139,34 manat müəyyən edilmişdir.

27. İnzibati orqan çəkilən xərcləri sənədlərlə təsdiq olunmadığına görə qəbul etməmişdir. Cavabdeh xərcləri təsdiq edən sənədlərin olmadığına istinadən, xərcləri nəzərə almadan qərarla iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 15 768,93 manat gəlir vergisi, əlavə olaraq 12969,46 vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozmuşdur.

28. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər.

29. Hazırki işdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Lakin kollegiya hesab edir ki, hesablamanın bu qaydada tətbiqi yolverilməzdir.

30. Kollegiya onu da bildirir ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Yəni, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz.

31. Cavabdeh iddiaçıya vergi hesablanarkən Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad olunduğunu qeyd etsə də, onun tərəfindən verginin həmin maddənin tələbləri qaydasında hesablandığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh gəlirin əldə edilməsi ilə bağlı rəsmi sənədlərlə təsdiqini tapan xərcləri qəbul etməklə kifayətlənmiş, Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir

32. Kollegiya bildirir ki, vergi orqanı bəyannamə göstəriciləri ilə razı olmadığı halda VMnin 37.2-ci maddəsinə uyğun olaraq 30 iş günü ərzində araşdırma aparıb yenidən kameral qaydada hesablama həyata keçirə bilər.

33. Lakin hazırki işdə cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və bunun üzərindən mənfəətini (gəlirini) müəyyən etməmiş, həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır.

34. Qeyd edilməldir ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir.

35. Məhkəmələr inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

36. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

37. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir.

38. Hazırki iş üzrə qeyd etmək lazımdır ki, vergi ödəyicisi ümumi dövriyyəsini formalaşdıran malların alışını qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirməmiş, 2022-ci il üzrə gəlirdən çıxan xərclərin uçotunu aparmamışdır. Lakin eyni zamanda o hal da müəyyən olunur ki, vergi ödəyicisinin əldə etdiklərindən e-qaimə faktura ilə malları (işlərin, xidmətlərin) təqdim etdiyi mübahisələndirilmir. Başqa sözlə, vergi orqanı vergi ödəyicisinin 2022-ci il hesabat dövrü üzrə alış sənədləri olmayan malların satışını qəbul edir.

39. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanının mübahisələndirilən dövr üzrə qüvvədə olan qanunvericiliyə əsasən birbaşa ümumi gəlirə 20% mənfəət vergisi dərəcəsi tətbiq etməklə vergi hesablanması kimi istifadə etdiyi metod əsassızdır.

40. Eyni zamanda, VM-nin 83.9-cu maddəsi mənfəətin birbaşa müəyyən etmək mümkün olmadığı halda, mənfəətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanmasını nəzərdə tutmuşdur. Başqa sözlə, qanunvericilik vergi orqanına: 1.vergi ödəyicisinin mənfəətini müəyyən etmək; 2. mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda şərti rentabellik norması əsasında vergi hesablanması səlahiyyətini həvalə etmişdir.

41. Dolayısı ilə, vergi qanunvericiliyi vergi orqanına uçotunu aparmayan, alış sənədləri olmasa da lakin satışı olan vergi ödəyicisinə münasibətdə VM-nin 67-ci maddəsində sadalanan metodlardan istifadə etmədən birbaşa vergi hesablaması qaydasını müəyyən etməmişdir.

42. 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minən Vergi Məcəlləsindəki dəyişikliklərə əsasən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilmiş, Vergi Məcəlləsinin 83.9cu maddəsi ləğv edildiyinə görə, bu maddə əsasında hazırlanmış Nazirlər Kabinetinin 55 saylı qərarı da öz qüvvəsini itirmişdir. Vergi Məcəlləsinə yeni əlavə olunmuş 67.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) xx.xx.2024-cü il tarixindən etibarən 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır.

43. Belə ki, vergiyə cəlb edilən mənfəət (gəlir) müəyyən edilərkən sənədlərlə rəsmiləşdirilən faktiki mənfəət (gəlir) 2025-ci ilin yanvar ayının 1-dək rentabellik səviyyəsi 50 faizdən çox olmayaraq müəyyən edilir. Bu müddətdən sonra vergi tutulan mənfəət (gəlir) sənədlərlə rəsmiləşdirilən faktiki gəlirlər və xərclər əsasında müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bu isə o deməkdir ki, vergi ödəyicisinin gəlirləri müəyyən olunub, lakin xərcləri qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməmişdirsə, gəlir tam olaraq vergiyə cəlb oluna bilər.

44. Vergi qanunvericiliyinə tətbiq edilmiş bu dəyişiklik onu ifadə edir ki, bu qayda 2024-cü il yanvarın 1-dən sonra baş verən yoxlamalar və aşkarlanan hallarla bağlı hesablamalara aiddir. Əvvəlki dövrlərə aid olan vergi yoxlamaları zamanı vergi ödəyicisi tərəfindən sənədlərin təqdim edilməməsi, mühasibat uçotunun aparılmaması və digər səbəblərdən vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadıqda vergi orqanları ödənilməli olan verginin məbləğini VM-nin 67.1, 67.14, 83.9-cu maddələri əsasında hesablaya bilər.

45. Göründüyü kimi, cavabdeh iddiaçının alış sənədləri olmadığı lakin satışının olduğu və qüvvədə olan vergi qanunvericiliyi ilə vergi hesablanmasının metodları nəzərdə tutulduğu halda müvafiq metodu seçmədən birbaşa ümumi gəlirə vergi dərəcəsi tətbiq etməklə vergi hesablamaqda haqlı olmamış, bu əsasdan mübahisələndirilən qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilən qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir.

47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

48. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

49. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

50. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5247/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar