Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2145/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Bakı şəhəri Cavabdeh Mənzil Kommunal Təsərrüfatı Birliyinin 43 saylı Mənzil Kommunal İstismar Sahəsi) “kompensasiyanın verilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsinə dair ərizənin rədd edilməsinə dair Bakı İnzibati Məhkəməsinin 07.06.2021ci il tarixli, 2-1(81)-3204/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)3204/2019 saylı 04 oktyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə və 3-cü şəxslər Bakı şəhəri Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 43 saylı Mənzil Kommunal İstismar Sahəsinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiyanın verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2781/2019 saylı 10 dekabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3204/2019 saylı iş üzrə 04 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-946/20 saylı, 17 mart 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 dekabr 2019-cu il tarixli 2-1(103)-2781/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı (ərizəçi) İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı (ərizəçi) İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdehnə, üçüncü şəxslər Bakı şəhəri Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 43 saylı Mənzil Kommunal istismar sahəsi, Maliyyə Nazirliyinə qarşı kompensasiyanın verilməsi tələbinə dair iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2019-cu il tarixli, 2-1(81)- 3204/2019 nömrəli qərarına əsasən təmin edilməmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Hər üç instansiya məhkəməsində mübahisə predmeti olan sahəsi 5 kv.metrdən ibarət yaşayış sahəsinin onun istifadəsində olmasına dair mötəbər sübut təqdim olunmasına məhkəmələr tərəfindən şərait yaradılmamışdır. Belə ki, 15.02.2021-ci il tarixli Bakı şəhər Yasamal Rayonu İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən ona göndərilən məktubda 43 saylı MKİS-nin 01.02.2021-ci il tarixli arayışında göstərilmişdir ki, o, sözügedən ünvandakı sahəsi 6 kv.m-dən ibarət yaşayış sahəsində söküntüyə qədər yaşamışdır. Faktla bağlı qonşuların 25.06.2019-cu il tarixdə tərtib etdiyi aktı 43 saylı MKİS ona göndərdiyi arayışda faktı təsdiqləmişdir. Bundan əlavə, sözügedən ünvanda yerləşən sahəsi 6 kv.m-dən ibarət yaşayış sahəsinin onun istifadəsində olması faktı Yasamal Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2(004)- 2074/2021 saylı qərardadının təsviri hissəsində təsdiq olunaraq qeyd edilmişdir. Göstərilənlərə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2019-cu il tarixli, 2-1(81)-3204/2019 nömrəli iş üzrə icraatın təzələnməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2-1(81)-3204/2019 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Qərardaddan narazı qalan ərizəçi apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və inzibati iş üzrə icraatın təzələnməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizənin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı şikayətə uyğun izahat verərək bildirmişdir ki, məhkəmənin bildirişi iclasın təyin olunduğu vaxtdan sonra ona çatdırılmışdır. Məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2-1(81)-3204/2019 saylı qərardadının ləğv olunması, ərizənin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək bildirmişdir ki, iddiaçı həmin mənzildə mülkiyyətçi olmamışdır. İddiaçının qardaşı həmin mənzildə mülkiyyətçi olmuşdur. Şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2-1(81)-3204/2019 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2-1(81)-3204/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı (ərizəçi) İddiaçı kompensasiya ödənilməsini tələb etdiyi ev paylı mülkiyyət hüququ əsasında (1/4 hissəsi) qardaşı X3 və 3 nəfər digər şəxslərə məxsus olmuşdur, qardaşı ərizəçinin razılıq ərizəsi əsasında özünə məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya qarşılığında alqı-satqı müqaviləsi bağlayaraq evi satmış, alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən mənzildə daimi qeydiyyatda olan iddiaçı (ərizəçi) İddiaçı tərəfindən əmlakın satılmasına dair notarial qaydada razılıq verilmiş, mübahisələndirilən zirzəmi də daxil olmaqla bütövlükdə evə görə (evin ¼ hissəsinə) mülkiyyətçisi X1 ödənilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə və 3-cü şəxslər Bakı şəhəri Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 43 saylı Mənzil Kommunal İstismar Sahəsinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiyanın verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə araşdırmasının əhatə etdiyi hallar inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən yeni açılmış hallar məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra aşkar olunmuş və ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmayan yeni sübutlar və ya hallardır. Ərizədə qeyd olunan hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03.07.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apellyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 15.02.2021-ci il tarixli, Bakı şəhər Cavabdeh Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən iddiaçıya göndərilmiş məktub qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə əsas olan sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2-1(81)-3204/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2145/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2145/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver