Məhkəmə qərarları › İş №2-1(103)-2145/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2145/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2145/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X2 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “kolxozda işlədiyi və təhsil aldığı dövrlər sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8565/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları : İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialına müraciət edərək ona 25 il iş stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********5 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, təqdim edilən AT № 000861 saylı təhsil haqqında diplomun surətinə əsasən iddiaçının sığorta stajı xx.xx.2006cı il tarixə kimi 2 il 5 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2020-ci il tarixli 105 saylı arxiv arayışını təsdiq edən məhkəmə qərarı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialına təqdim edildikdən sonra onun pensiya hüququna yenidən baxıla bilər. Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1975-1976 və 1979-2001-ci illərdə Goranboy rayonu, İ.Qayıbov, Babək adına kolxozlarda və Babək adına kolxozun X5 Komissiyasında kolxozçu, zəhmət hesabdarı və baş mühasib vəzifələrində işlədiyi, həmçinin 1976-cı ilin sentyabr ayından 1979-cu ilin fevral ayının 28-nə kimi Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Kirov adına X1 Texnikumunda təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi və pensiyasının hesablanıb verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək, iddia tələbinin “İddiaçı 1975- 1976 və 1979-2001-ci illərdə Goranboy rayonu, İ.Qayıbov, Babək adın kolxozlarda və Babək adına kolxozların X5 Komissiyasında kolxozçu, zəhmət hesabdarı və baş mühasib vəzifələrində işlədiyi, həmçinin 1976-cı ilin sentyabr ayından 1979-cu ilin fevral ayının 28nə kimi Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Kirov adına X1 Texnikumunda təhsil aldığı dövrün sığorta stajına daxil edilməklə 61,5 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8565/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Goranboy rayonunun İ.Qayıbov adına və Babək adına kolxozlarında və Babək adına kolxozun X5 Komissiyasında kolxozçu, zəhmət hesabdarı və baş mühasib vəzifələrində işlədiyi, həmçinin Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Kirov adına X1 Texnikumunda təhsil aldığı dövr sığorta stajına daxil edilməklə ona 61,5 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh tərəf apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq şöbəyə verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək qazanılmış sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qeyd edilənlərə əsasən sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışı aid edilmədiyindən qərarın ləğv olunması və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri. İddiaçı tərəfindən apelyasiya şikayətinə etiraz məktubu xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, apelyasiya şikayəti formal olaraq verilmiş, sadəcə əmək kitabçasının olmamasını və arxiv arayışının hüquqi əsasının olmadığı qeyd edilərək qərarın qanunsuz olduğu bildirilmişdir. Apelyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları : Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi, vəzifəsi, işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının iddia etdiyi 1975-1976 və 1979-2001-ci illərdə Goranboy rayonu, İ.Qayıbov, Babək adına kolxozlarda və Babək adına kolxozun X5 Komissiyasında kolxozçu, kimi işlədiyi barədə qeydlər əmək kitabçasında əks edilməlidir. Lakin iddiaçının əmək kitabçası yoxdur. Göstərilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsi və qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, əmək kitabçası olmasa da, kolxoz tərəfindən işlədiyinə dair arayışın verildiyini, apelyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialına müraciət edərək ona 25 il iş stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh tərəfindən sonra iddiaçının müraciətindən imtina edildikdən sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddianın təmin edilməsilə, yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.2-ci yarımbəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: 1 iyul 2019 – 30 iyun 2020–ci il - 61 yaş 6 ay. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2019 – 30 iyun 2020-ci il üzrə qadınlara yaşa görə əmək pensiyasının təyin edilməsi üçün birinci şərt 61,5 yaşın tamam olmasıdır. İşdə olan AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, xx.xx.2020-ci il tarixdə 61,5 yaşı tamam olmuş, yəni yaşa görə əmək pensiyası hüququ qazanmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ikinci şərt isə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. İşdə olan AT № 000861 saylı diplomun surətindən görünür ki, iddiaçı 1976-cı ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi S.M.Kirov adına X1 Texnikumunda aqronomluq şöbəsinə daxil olmuş və xx.xx.1979-cu ildə aqronomluq ixtisası üzrə tam kursu bitirmişdir. X4 Kollecinin 01/689 nömrəli, xx.xx.2020-ci il tarixli Arxiv Arayışından görünür ki, iddiaçı həqiqətən xx.xx.1976-cı il tarixli, 134 saylı əmrə əsasən X1 texnikumunun “Aqronom” ixtisasının əyani şöbəsinə qəbul olmuş, xx.xx.1979-cu il tarixli 31 saylı əmrə əsasən həmin ixtisas üzrə əyani şöbənin tam kursunu bitirərək ona “Aqronom” ixtisası, 2207 qeydiyyat nömrəsi olan AT № 000861 saylı fərqlənmə diplomu verilmişdir. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı vaxtda qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 JN№-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi). Beləliklə qeyd edilənlərə əsasən iddiaçının təhsil aldığı dövr (xx.xx.1976- xx.xx.1979) 2 il 5 ay 5 gün olmaqla onun iş stajına daxil edilməlidir. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 105 nömrəli, xx.xx.2021-ci il tarixli 64/1 nömrəli və xx.xx.2021-ci il tarixli 80/1 nömrəli arxiv arayışlarından görünür ki, iddiaçı İsmət Qayıbov adına kolxozda 1975, 1976 və 1979-cu illərdə kolxozçu, 1980-1989cu illərdə zəhmət hesabdarı vəzifələrində, Babək adına kolxozda 1990-1996-cı illərdə baş mühasib vəzifəsində, Babək adına X3 Komissiyasında 1997-2001-ci illərdə baş mühasib vəzifəsində işləmiş və müvafiq əmək haqqı almışdır. Həmin arayışlarından görünür ki, iddiaçı İsmət Qayıbov adına kolxozda 1973-cü ildə 122, 1974-cü ildə 112, 1975-ci ildə 46, 1976-cı ildə 174, 1979-cu ildə 132, 1980-1982-ci illərdə 365, 1983-cü ildə 360, 1984-cü ildə 365, 1985-ci ildə 345, 1986-cı ildə 340, 1987-ci ildə 341, 1988-ci ildə 340, 1989-cu ildə 324 adam günü işləmişdir. İsmət Qayıbov adına kolxozda 1975-1984-cü illərdə minimum adamgün norması 180, 1985-1986-cı illərdə 160, 1987-ci ildə 210, 1988-1989-cu illərdə isə yenə 180 adamgün olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının 1980-1989-cü illərdə minimum adamgün normasından çox işlədiyi dövrləri tam olaraq (1980-1989-cu il dövlər – 10 il ) və digər illəri (1973, 1974,1975,1976, 1979) üzrə isə 3 il 2 ay 5 gün (122+112+46+174+132)÷180=3.25) hesablayaraq iş stajına daxil etməklə düzgün nəticəyə gəlmişdir. Həmin arxiv arayışlarından görünür ki, iddiaçı Babək adına kolxozda 1990-cı ildə 312, 1991-ci ildə 308, 1992-ci ildə 398, 1993-cü ildə 314, 1994-cü ildə 318, 1995-ci ildə 365 və 1996-cı ildə 333 adam günü işləmişdir. Həmin adına kolxozda minimum adamgün norması 1990-cı ildə 160, 1991-1996-cı illərdə isə 120 adamgün olmuşdur. İddiaçı Babək adına kolxozda işlədiyi 1990-1996-cı illərdə minimum adamgün normasından artıq işlədiyindən, həmin illər tam olaraq iddiaçının sığorta stajına daxil edilməklə 7 il iş stajı olmuşdur. Qeyd edilən arxiv arayışların görünür ki, daha sonra iddiaçı Babək adına kolxozun X3 Komissiyasında 1997-2001-ci il dövrlədə işləmişdir. xx.xx.1995-ci il tarixdə qəbul edilmiş “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X5 komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən X5 komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. İşdən görünür ki, iddiaçı Babək adına kolxozda fəaliyyət göstərmiş, daha sonra isə islahatların keçirilməsi məqsədilə onun tərkibində yaradılan X5 komissiyasına üzv təyin edilmiş və əmək haqqı almaqla xx.xx.1997-ci ildən, xx.xx.2001-ci il tarixədək 4 il 6 ay işləmişdir. 1997-ci ildə 321, 1998-ci ildə 304, 1999-cu ildə 303, 2000-ci ildə 310 və 2001-ci ildə 154 gün işləmişdir ( 4 il 5 ay 29 gün ). Beləliklə, iddiaçının kolxozlarda işlədiyi dövr ilə təhsil müddəti birlikdə hesablandıqda iddiaçının 61.5 yaşına kimi (2 il 5 ay 5 gün + 10 + 3 il 2 ay 5 gün + 7 il + 4 il 5 ay 29 gün) 27 il 1 ay 9 gün sosial sığorta stajına malik olduğu aydın olur. Lakin, iş materiallarında olan etiraz məktubundan və apelyasiya şikayətindən görünür ki, cavabdeh inzibati orqan iddiaçının kolxozda işlədiyi dövrlərin əmək kitabçasında qeyd edilməməsi səbəbindən iddiaçının sığorta stajının 25 ildən az olduğu qənaətindədir. Belə ki, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, iddiaçının əmək kitabçası olmasa da, arxiv arayışı, əmək haqqı cədvəlləri mövcud olduğundan iddiaçının kolxozda işlədiyi illər, o cümlədən təhsil aldığı dövr onun ümumi iş stajına daxil edilməlidir. Həmçinin Kollegiya bildirir ki, iddiaçıya münasibətdə zəruri olan yaş şərti (61.5 yaş) və 25 il iş stajı şərti ödəndiyindən, qanunvericiliyin tələblərinə əsasən, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ona yaşa görə əmək pensiyasının təyin edilməsində nəzərə alınmır. Yuxarıda sadalanan hallardan da göründüyü kimi, cavabdehin orqanın imtinası qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, caabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-8565/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar